news-inner
clock17:00 calendar-gray 04 İyul 2016 view-gray142 dəfə oxunub
view-gray142 dəfə oxunub

Mən sənin tarlanam... – Sara Selcanın şeirləri

Kulis.Az Sara Selcanın şeirlərini təqdim edir.

Mənim Tanrılarım

- Mən sənin Tanrın, sən mənimTarlamsan! - deyib

ərim istədiyi vaxt şumladı

başdan-ayağa,

Sevib oxşayaraq deyil,

kobud və təhqirlə

Bətnimə toxumlar səpdi

söyüşlə.

Öz tanrılığı azmış kimi alçaldaraq

Diz çökdürdü

qarşılarında

Qayın Tanrıların,

Baldız Tanrıların,

Onların uşaqları tanrıçaların.

Qayın Tanrılarım kötəkləməklə,

zəncirləməklə hədələdi həmişə

Doyunca yal da vermədən,

Ölüsündən də qorxuram onların.

Baldız Tanrım tikanlarını

Dilinin altından atdı mənə -

Zəncirlənmiş yiyəsiz köpəyə.

Getməyə yerim də yox:

Ata Tanrım

Məni çoxdan rədd edib -

Ağ gəlinlik donunu geyən günümdən.

- Ağ Kəfənlə çıxa bilərsən ancaq –

deyir - səni yola saldığım yerdən.

Mən izah edə bilmirəm ki

bu cəhənnəm qarasında

kəfənim də ağ olmayacaq...

Ana Tanrım

Camaat nə deyər sindromunu tanrılaşdırıb,

Məni ucuzlaşdırıb.

Öz ayağımla gəldiyim bu yuvada

ilk hərəkət - ayağım altına qoyulan

boşqabı sındırmaq oldu

iki həmləyə.

Bu boşqabı sındırmaqla arzularımı

sındırırmışam, sən demə.

Çilik-çilik olan arzularımın

İndi

hər parçası batır ürəyimə.

Əzablarımı gizli anlatdıqlarım

- Barış, bu, səni qismətin dedilər.

Ey Tanrım,

sən də Yerdəki Tanrılar kimi itaət etdirməyi,

diz çökdürməyi sevirsən, bilirəm.

Sənin də itaətkar bəndənəm.

Hanı ədalətin?

Söyüşlə səpilmiş toxumlardan yetişən

göz yaşıyla bəslədiyim

İki balam

ikisi də xəstə.

Hanı sənin ədalətin, ey Tanrı?

İçimdəki saflıq odasına

qıymadın bir parça günəşi.

Boğuluram

Cismimin zəncirləndiyi

Yaşaya bilmədiyim

qaranlıq və zülmətdə.

Aran düzündə ərəblər göyərçinləri alıb öz şahinlərinə yedirdirlər

Ah, Göyərçin, Göyərçin.

Ərəb işğalı altındadır

mənim çöllərim,

Bitir

Meşəsiz, bulaqsız,

Yovşan qoxulu,

düzənlik azadlığı...

Sənə kasıb uşaqlarının

barmaqları ucunda toxunur ölüm,

Uzun əbalı ərəbin həzziylə.

Bu gün bir kasıba siqaret,

Birinə çörəkpulu olacaq

Zavallı canın.

Evlərimizin damı

sənə yuva olmadı,

tor oldu,

Düzənlik də sənə dar oldu.

Mənim çöllərim qətl yerin,

Ah, göyərçin, göyərçin.

Gündə beş rükət namazlı ərəb

öz şahinini

Səninlə məzələndirir,

Necə ləzzətlidir

Al qanında çırpınmağının

Eyforiyası.

Daha kasıb olmayacaq aramızda,

Yaxşı pul gətirir göyərçin bazarı.

Neçə yuva boşalır hər gün,

Hər səhər

Neçə nəğmə azalır:

Ətin şahinlərin, qanadın çöllərin

Ah, göyərçin, göyərçin...

***

Pərdə o pərdədir, sim sarı deyil,

Uzatdığın əllər sim sarı deyil,

Gözlər o gözlərin simsarı deyil,

Can tək öz canına bağlaya məni.

Bitib yazılar, oxunub dualar,

Doymaz eşqidən candan doyanlar,

Quş olsam canıma elə qıyarlar,

Göylər öz yadında saxlayar məni.

Köksüm altda eşq - röyası təmiz,

Duyduğum duyğular dünyası təmiz,

Sara o Saradır sevdası təmiz,

Arpaçay suyunda ağlayar məni.

***

Duyduğum bu kədərin
Qəribə qoxusu var,
Kim deyirsə yalandır
Quşun da yuxusu var.

Qağayının yuxusu
Dənizdəki ləpədir.
Göyərçinin yuxusu
Körpədən də körpədir.

Qaranquşun yuxusu
Saman çöpündə itir.
Sığırçının yuxusu
Gömgöy yemlikdə bitir.

Uyğusu sığal çəkir
Çöllərə küləklərin,
Yuxusundan tanıdım
Ən gözəl mələkləri.

***

Gedişini xatırladım

Uçuşunda quşların,

Süfrəmdə ayrılıq dadır

Xiffətin göz yaşları.

Ovucdakı sirr kimisən,

Yumulur, açmaq olmur.

Payızdan qaçan durnaya

Qoşulub qaçmaq olmur.

Saatları itirmişəm,

Vaxt da heçliyə döndü.

Üç zamanın üçü də sən:

Əvvəl, Sonra və İndi.

news-inner-user

16044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020