news-inner
clock08:30 calendar-gray 30 İyun 2016 view-gray431 dəfə oxunub
view-gray431 dəfə oxunub

İndi tutunduğum o əlləri də; Saxla mənim üçün, mən olmayanda - ŞEİRLƏR

Kulis.Az gənc şair Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

İkimiz bir bədəndə


Gedək asaq özümüzü
mən ağacdan, sən də məndən.
İkimiz də yorulmuşuq,
çıxıb gedək bu bədəndən.

Dimdikləsin qara quşlar
burnumuzu, gözümüzü.
Bu bədəndən gülə-gülə
yola salaq özümüzü.

Sonra başqa bədən tapaq
daha rahat, daha isti.
İki bədən nəyə lazım?
İkimizə biri bəsdi.

Bir gözündən sən baxarsan,
bir gözündən mən baxaram.
Sənə düşən əl payını,
əlimdə möhkəm sıxaram.

Bir ayaqda sən gəzərsən,
bir ayaqda mən gəzərəm.
Saçların sən tərəfinə
ara-sıra gül düzərəm.

Bu sevincdən, səadətdən
bir ömür cavan qalarıq.
Bir ev kimi bir bədəndə,
mən ölüm, xoşbəxt olarıq.

Qonşu döyür qapımı

Qonşu döyür qapımı,
deyir ki,
- bəsdir, daha!
Səsdən yata bilmirik,
lap az qalıb sabaha!

Sevirəm bu kişini
zəhləm getdiyi qədər.
Məni söyür, danlayır,
çıxıb gedir birtəhər.

Həm qayğıma qalandı,
həm də mənə qənimdi.
Adam dolu şəhərdə
tək qapı döyənimdi.

Yenə eyni tənhalıq,
yenə eyni mənzərə...
Tüstü hopur tavana,
pivə dağılır yerə.

Qonşu da hardan bilsin
mənim necə acım var!?
Heç nə vecimə deyil,
rəqsə ehtiyacım var!

Açıram musiqini,
dərin gəlir nəfəsim.
Divarları titrədir
mahnının yüksək səsi.

Rəqs edirəm durmadan,
soyunuram əynimi.
Əlim saçımı döyür,
saçım da ki, çiynimi.

Gözlərim qapıdadır,
gözləyirəm bayaqdan.
Qonşunun ayaq səsi
eşidilir uzaqdan.

Qonşu döyür qapımı
həm də hirslidi xeyli.
Mən evimdə tufeyli,
o, səsimdən gileyli...

Gəldim

Hərcayı ömürdən vaxt tapa bildim,
Üstümdən buludlar addadıb, gəldim.
Necə ki, aldadıb getmişdim səni,
İndi də özümü aldadıb, gəldim.

Gəldim əllərini bir az tutam mən,
Gəldim qollarında bir az yatam mən,
Gəldim, əlini aç, soruş tanrıdan,
Hansı günahına mükafatam mən?

Tapdı adamlardan daş adam səni...
Qarışqa yükümdün daşıdım səni.
Kəpənək ömrümdə zaman dayandı,
Sən də bir ömürdün, yaşadım səni.

Quşlar dimdikləyib barmaqlarımı,
Pişik cırmaqlayıb ayaqlarımı.
Qorxma, öpməmişəm hələ heç kəsi,
Tüstülər çatladıb dodaqlarımı.

Elə əvvəlkitək qərib gəlmişəm.
Beş-altı tozlu gül dərib, gəlmişəm.
Yol boyu darıxan adamlar görüb,
Gülü də onlara verib, gəlmişəm.

Gəlmişəm, əlimdə sığallar dolu,
Dilimdə şipşirin nağıllar dolu.
Bir ömür sürünüb gəlib dalımca,
Fitnələr, kələklər, cığallar dolu.

Eh... axı neyləyim? Belə adamam!
Təkliyim natamam, sevgim natamam...
Hər şey olub keçib, qalıqlarıq biz,
İndi ha bağışla, ha bağışlama....

Mən olmayanda

Gülümsə üzümə məni görəndə,
Ağla mənim üçün, mən olmayanda.
İndi tutunduğum o əlləri də,
Saxla mənim üçün, mən olmayanda.

İtməsin saçından sığal izlərim,
Düşməsin dilindən şeir sözlərim,
Qalsa şəkillərdə açıq gözlərim,
Bağla mənim üçün, mən olmayanda.

Tut o şəkillərdə əlimi hərdən,
Qucaqla boynumu, belimi hərdən.
Sevdiyim sırğayı gülümü hərdən,
Qoxla mənim üçün, mən olmayanda.

Sənin həyatına gəldiyim yeri,
Özümü ən xoşbəxt bildiyim yeri,
Mənim doğulduğum, ölüdüyüm yeri,
Yoxla mənim üçün, mən olmayanda.

Zəng elə

Demirəm dərdləşməyə,
danışmağa zəng elə,
demirəm ki, halımı
soruşmağa zəng elə.

Deyirəm ki, darıxıb,
tənha qalsan, zəng elə,
deyirəm ki, xətrinə
dəyən olsa, zəng elə.

Sevənlərinə de ki,
tərk etməsinlər səni.
De ki, mən tapşırmışam,
incitməsinlər səni.

Həmişə gül, gülümsə,
bircə ağlama əsla!
Sənə arzum sevincdir,
işim yoxdur qisasla!

Qəfil qapını döysə
hansısa şər, zəng elə.
Mən onsuz da yatmıram,
axşam-səhər zəng elə.

Gəlmə

Gəlmə, soyuq adam, mən çox istiyəm,
Qorxuram qoynumda buxarlanasan!
Baxsan gözlərimə oda düşərsən,
Tutsan əllərimdən, qorx ki, yanasan!

Gəlmə, sakit adam, mən dəlisovam,
İtib-batacaqsan məndə, bilirəm.
Qanıma yeriyən bu dəliliyə
Gəlib yoluxarsan sən də, bilirəm.

Gəlmə, zəif adam, mən xeyli sərtəm,
Ovcumda əriyən şama dönərsən.
Saçımı oxşasan əlin ağrıyar,
Sinəmə toxunsan çiliklənərsən.

Gəlmə, işıq adam, mən qaranlığam.
Yarasa kimiyəm, gecə dəlisi...
Qorxuram ömrümə işıq salasan,
Görünə ömrümün düzü, əyrisi.

Gəlmə, azad adam, mən mənə məhkum...
Nə qədər uzaqsan azad qalarsan!
Mənə bircə addım yaxına gəlsən,
Məndə bir ömürlük məhkum olarsan!

Gəlmə, uzaq adam, yaxına gəlmə!
Sən özünü məndən qoru, ay adam!
Bütün gələnlərə mən yük olmuşam,
Məni bu yük olmaq yorur, ay adam!

Sən gedəli

Sən gedəli içirəm,
gecə-gündüz sərxoşam.
Sən gedəli təklikdən
içkiyə qurşanmışam.

Elə hala düşmüşəm,
görənlər dəli olur.
Sən gedəli həmişə
gözlərimə su dolur.

Ögeyləşib, yadlaşıb
könlümə dost-tanışlar.
Sən gedəli hər tərəf
mənə səndən danışar.

Bu necə ayrılıqdır,
həm uzaqsan, həm yaxın...
Sən gedəli əllərim,
ayaqlarım darıxır.

Ağrıyır kirpiklərim,
ağrıyır qaşlarım da.
Sən gedəli bir ilan
dolanıb saçlarıma.

İşim-peşəm darıxmaq,
günüm-gecəm qəhərdi.
Soruş, gör, sən gedəli
sevgilin nə təhərdi?

news-inner-user

17134 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020