news-inner
clock08:30 calendar-gray 17 İyun 2016 view-gray210 dəfə oxunub
view-gray210 dəfə oxunub

Qubada Survivor kimi gəzinti - FOTOLENT

Siz evinizdə kofe içə-içə ayağınızı ayağınızın üstünə aşırıb oturanda, rahat-rahat siqaret çəkəndə, kömpüter qarşısında vaxt öldürəndə biz təbiətin qoynuna gəzməyə getdik. Qubanınİspik meşəsinə.

Yazının bu yerdə istədiyiniz mahnını qoşub qulaq asa bilərsiniz, biz də avtobusun pəncərə şüşəsindən yavaş-yavaş bozluqdan çıxıb yaşıllaşan mənzərələrə baxaq.

Turistə bənzəyənlər

Deyir, yol özü də bir vətəndir. Yolda durmaq sıxıcı olur, gərək yeriyəsən, yeni yerlər kəşf edəsən. Qubanın İspik kəndinə girəndə kənd camaatı bizi maraqla qarşıladı.

- Deyəsən, xaricdən gəliblər.

- Turistdirlər yəqin.

Bir evin qabağında iki buzov dayanmışdı, bir-birinə bağlamışdılar. Qapının ağzında da başı bağlı arvadlar əlləri qoynunda bizə tamaşa edirdilər. Onlarla hal-əhval tutanda elə bil özlərinə gəldilər, gülüşməyə başladılar. Aralarından biri qonaq da dəvət elədi.

Ancaq çölçünün işi getməkdir, dayanmaq olmaz.

Keçən dəfə meşədə azdığımdan bu dəfə bizə iki atlı da qoşulacaqmış. Çölçü klubunun rəhbəri Eltən bəy azmaq əhvalatımı gülə-gülə danışdı. Bilənlər yadlarına saldı, bilməyənlər bilənlərdən öyrənib gülüşdülər.

Palçıqlı yol...

Yol uzundur, göyün üzü tutulub. İki atlıya baxanda öz-özümə dedim, kefdədirlər, bizim kimi öz ayaqlarının deyil, at ayaqlarının ümidindədirlər.

Əziz oxucu, burda siz diqqətli olsanız ayaq səslərinə, arada-bərədə cikkildəyən quşların nəğməsinə, çayın şırıltısına qonaq ola bilərsiniz.

Siz indi evdə rahat-rahat oturarkən biz qəfil palçığa düşdük. Özü də elə-belə deyil, əməlli-başlı palçığa. Elə bil ayaqlarımızı torpaq əli ilə bərk-bərk tutub saxlayırdı. Yerimək müşkülə dönmüşdü. Özümü tərifləmək kimi çıxmasın, əsgərlikdə bu ağır şəraitə rast gəldiyimdən rahat idim və bir neçə adama da kömək edirdim. Qadınlar üçün daha çətin idi. Elə bil çoxu yıxılmağa meylli idi. Hətta aralarında biri vardı, yıxılmadığı bir addımlıq məsafə olmadı. Kompüterinizin qabağında, qarşınıza bir stəkan çay bu yeri oxuyanda gülə bilərsiniz. Amma görüm, o yerdə siz özünüz olsanız nə edərdiniz. Palçıqda yerimək sizə asan gəlməsin. Ordan baxıb gülməyə nə var?

Hər dəfə aşdığımız palçıqlı yoldan sonra daha çətini gəlirdi. Sakitlik yaradın bir dəqiqə, kompüterinizin səsini alın: palçıqda gəzişən adamların ayaq səsi təbiətin bəstəsidir. Bu bəstəyə azacıq əsən küləyi, aşağıda axan çayı, yarpaqların titrəməsini də əlavə edəndə gözəl bir kompozisiya eşidəcəksiniz.

Aydınlanma yolu

Yolun çətinliyi bizi bir-birimizə daha da yaxınlaşdırırdı. Bayaq yad olanlar indi doğmalar kimi deyib gülür və bir-birinə kömək əli uzadırdılar. Mən isə yanımda yeriyən və gəlməyinə peşman olan xanıma buddizmdən danışırdım. Xahiş edirəm, gülməyin, çox ciddi məsələdir. Uzun illər yol gedən Buddanı gözünüzün qabağına gətirin. Hələ qar-boranı, yağışı, seli də bura əlavə eləsək bizimki onun yanında toya getməlidir. Dedim, xanım, bir anlıq düşünün ki, biz də sarayını, evini, ailəsini atıb gəzərgi dərviş olan Buddaya qoşulub aydınlanmaq üçün yol gedirik, nirvanaya az qalıb.

Buddizm söhbəti elədiyimiz vaxt qəfil yağış başladı, nə başladı. Yağış onsuz da palçıq olan yerləri bir az da bərbad günə qoydu. Əsas yol indi başlayır e. Yayın ortasında yağışa düşmək də varmış. Özü də bu yay son vaxtlar özünü yaxşı aparmır. İyun ayında payız havası var.

Romantika

Yağış bizi bir az da yaxınlaşdırdı. Özü ilə çətir gətirən yanımdakı gələcəyin teatr rejissoru olacaq xanımla beləcə yol gedirdik. Birdən yağış elə bil içimi doldurdu, başladım şeirlər oxumağa.

“Yağışı kəsmiş göy üzünə yaz adımı”, “Sən yağışın o üzündə qaldın”, “Sağol aşkım saol kırık kolum, kesik bileğim, kırık yüzüm, kesik geleceğim, kırık sonsuzluğum. Her şeye rağmen yağmura bulanmış, güzel bir yazdı”, “Dünya dağılmadı biz ayrılanda, göylər bir az yağış çilədi ancaq...”

Oxucu, siz bu yerdə təbiətdən uzaq düşürülmüş və internet əsirinə çevrilmiş insanlar haqqında düşünün, düşünərkən də Şopendən, Bethovendən bir musiqi qoşun, öz aramızdı, yağışda yaxşı gedir. Hələ yağışın içində siqaret çəkmək, saçı islanmış gözəl qızlara baxmaq da var.

- Romantikanın yeridir? – kimsə zarafatla sözümü kəsir.

Doğurdan, bəlkə də belə palçıqlı, ayaqlarımızın top kimi ağır olduğu bir halda bu romantika yersizdir. Ancaq zarımaq, “kaş gəlməyəydim” demək də olmur. Arada Çölçü klubunun rəhbəri də bizim əsəbi halımıza baxıb deyirdi: “Bir anlıq evə çatacağınızı, duş qəbul edəcəyinizi xəyal edin”. Bəli, ağrını hiss etməmək üçün gərək bu haqda düşünməyəsən.

Adamın iki atlıya acığı tutur e, oxucu. Təsəvvür elə, biz palçıqda belimizdə tısbağanın çanağına bənzər çantalar çağa kimi zar-zor yeriyə-yeriyə hər dəfə bataqlıq kimi qorxunc görünən yolları keçək, onlar da atın üstündə kef eləsinlər.

Ağır yola davam

İspik meşəsinə, son dayanacağımıza çatacağımıza heç kimin ümidi yox idi elə bil. Ancaq sizə deyim ki, bundan belə hamının üzü gülürdü. Nazim Hikmət demiş, gözəl günlər görəcəyik, uşaqlar. Buraxın bu nəm-nümləri, geri qayıtmaq fikirlərini. Biz nə yollar görmüşük. Şair demiş, elə islaq-islaq baxmayın adama, hər yolun bir sonu var, ancaq yol bitməz, heç vaxt bitməz. Dayanmaq olmaz, geriyə dönmək daha çətindir, yalnız irəli və irəli.

Çətinliyə düşən adamlar yol boyu hekayələrini danışırdılar. Bir az keçəndən sonra kimin nə işlə məşğul olduğu, nə etdiyi, nə ilə maraqlandığını öyrəndik. Çantalarımızdan bir-birimizə bulka, peçenye, su verdik. Arxada qalana əlimizi uzatdıq, yorulan və getmək istəməyənləri ürəkləndirdik. Yağışdan çıxıb günəşə, gün işığına çatacağımıza ümidləndik. Yolda islanmaq da, palçığa batmaq da, üst-başının pis günə düşməsi də olmalıdır, təki paylaşacaq bir şeylərimiz olsun, yeni insanlar və hekayələr tanıyaq.

Siz öz rahat kreslonuzda oturub kofe içərkən biz əməlli-başlı yaşam mübarizəsi aparırdıq. Ancaq çox gözəl tərəfi də var bunun: heç tanımadığın biri ilə birdən-birə yaxın olmaq. Bəzən ən yaxınına paylaşmadığın, danışa bilmədiyin şeyləri o insana danışmaq istəyirsən. Bəli, palçığa dəyən addımların, quşların, çayın səsinə bir də bu öz hekayələrimiz qarışıb gözəl bir təbiət bəstəsini ortaya qoyurdu. Eyni zamanda bu yürüyüşü hansısa qorxu filminə də bənzədə bilərsiniz. Olur axı, on-on beş adam meşəyə gedirlər, qəfil bir əcaib məxluq onların qarşısını kəsir və sonda bir, ya iki sağ adam qalır. Amma qorxmayın, bizdə itib eləyən yoxdur, hamı sağ-salamatdır. Filmlərə də çox inanmayın, həyat daha maraqlı və rəngarəngdir.

“Survivor”dan daha çətin

Yəqin siz də “beton çəngəllik”də oturub yazını oxuya-oxuya deyirsiniz ki, ay da görən bunların başına nə gəldi, çata bildilərmi. Sözlərimə inanın: “Survivor” bunun yanında yalan olardı. Onlara nə var, düşürlər bir adaya, yaşayırlar özləri üçün. Biz isə elə hey gedirik, üstümüz-başımız daha da bulaşa-bulaşa, ayaqlarımızdan daş asıla-asıla.

Son dayanacağa gəlib çatanda hələ də inana bilmirdik. Yağışdan çıxmışdıq, üşüyürdük. Tonqal qalandı, ətrafına toplaşdıq. Samovar çayı qaynadı, çay içdik. Bu yorğunluğun getməsinə görə gitarada mahnı qonaqlığı verildi. Hamının qırışığı açıldı, ta o ana qədər ki, Çölçü klubunun rəhbəri Eltən bəy eyni yolla qayıdacağımızı açıqladı.

Hələ bunun qayıtmağı var

O boyda əngəllərdən çıxa-çıxa gəl bura, indi də deyələr, o yolu təzədən qayıt. Amma əldən nə gələr? Qayıt deyir, qayıtmalısan.

Sizə deyim, bu dəfə palçıq bizi elə də əldən salmadı. Hamı artıq öyrəşmişdi. Hətta zarafatla deyirdilər ki, yaxşısı palçıq yoldur, düz yol nədir.

At ayaqlarının tappıltısı ilə qaranlıq yavaş-yavaş çölün üzərinə yeriyirdi. Çox irəli getmişdim, geriyə baxanda gördüm ki, beş-altı adamıq, bir də iki atlı. Biri yaşlı kişiydi atın belindəki, o birisi bığ yeri təzəcə tərləmiş oğlan. Təsərrüfatla birtəhər dolandıqlarını dedi yaşlı kişi. Sonra atı necə almağından danışdı. At da elə bil onun səsini eşidib qulaqlarını şəklədi, sonra başını aşağı salıb otlara cumdu, nə cumdu. O bir yeniyetmə oğlan təklif elədi ki, çay yolu ilə getsək daha asan olar. İslanmışın yağışdan nə qorxusu, razılaşdıq. İndi yağış kəsmişdi, yağışın qoxusu asılmışdı havadan. Burda bir qədim türk mahnısı lap yerinə düşər.

Sən demə, çay yolu çox rahat imiş. Palçığımız da çayda yuyuldu, hələ üstəlik avtobusun olduğu yerə çox tez çatdıq. Ayaqlarımızın içində bir ara balıq üzdüyünü düşünüb gülüşdük. Tez çatdığımıza görə həm sevincli idik, həm də kədərli. Çünki çoxluq hələ arxadaydı və onlar bayaqkı dəhşətli yolla qayıdırdılar. Gecənin rəngi daha da tündləşirdi.

Avtobus şoferi bizi görən kimi siqaretini kənara tullayıb dedi:

- Ay qardaş, sizin işiniz-gücünüz yoxdu? Belə havada nə düşmüsünüz çöllərə?

Oğlanlardan biri yorğun-yorğun səsləndi:

- Yeni fikirlər kəşf edirik.

- Ala, nə fikir? Gör nə gündəsən e...

Ola bilər, bu yeri oxuyanda sizi də gülmək tutsun, avtobus şoferi ilə razı olub başınızı tərpədəsiniz, ancaq bizim üçün nə qədər yorucu bir yürüş olsa da beynimizin içi sakit, içimiz rahat idi. Hansısa çətin bir döyüşdən sağ çıxmış əsgərlər kimi özümüzü xoşbəxt hiss edirdik.

Son

Avtobusa girib söhbətləşməyə başladıq. Məni bir ara yuxu tutdu, gözümü açanda iki-üç nəfərin səsi çıxırdı. Təzədən başımı atdım, qalxanda iki qızın “off, harda qaldılar” dediyini eşitdim. Gözüm təzədən qapandı, içərini yuxulu bir səssizlik bürüdü. Bir səs bizi oyatdı: “Gəlirlər”. Hələ bəlkə də heç bir xəbərə bu qədər sevinməmişdik. Ancaq yorğunluqdan normal reaksiya göstərə bilmirdik.

Avtobus İspik kəndindən uzaqlaşanda pəncərə şüşəsindən bayıra baxdım: işıq düşən ağaclar mənə qorxunc və vahiməli gəldi. Özümü hansısa qorxulu filmin içində hiss elədim. Ancaq bu filmdə komediya da var idi, romantika da. Çöl bizi özümüzə qaytarmışdı, getdikcə robota çevrilən vücudumuz ilkin şəklini almışdı. Təbiət bizə sığal çəkmişdi sanki.

Siz ayağınızı-ayağınızın üstünə aşırıb deyə bilərsiniz ki, əşşi, nə lazım idi, oturardın evdə, yanında da pürrəngi çay. Nə var çöldə? İndi bu yazını bədənimdə ağrı ola-ola yazan mən cavab verərdim: “Çöl, bu yolçuluq sözün həqiqi mənasında bizi aydınlatdı və biz içimizə səyahət etdik”.

news-inner-user
Ayxan Ayvaz

442 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ziyalılar Operativ Qərargaha müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020