Buzu ona görə yeyirdim ki...

Buzu ona görə yeyirdim ki...
1 iyun 2016
# 13:20

Çinarə Barış

Kənddəki evimizin damından sallanan buzları sındırıb yeyirdim. Xəstələnmək istəyirdim. Xəstələnmək yox e, diqqət, qayğı istəyirdim.

Əzizlənməkdən ötrü ürəyim gedirdi.

Hə, bir də dərslərə girməmək üçün. Məktəb çox sıxıcı gəlirdi, çoox! Xüsusilə qabaq partada oturmaq məni yorurdu.

Bir də...

Vallah, xoşum gəlirdi buz yeməkdən. Buz çox qəşəng, dadlı olur. Özü də novçasız damın buzu. İsti, şirin. Yedikcə adamın mədəsi isinir, sonra dişləri, dili, ağzı...

Həm də...

Buzu dondurmaya oxşadırdım. Birinci dəfə dondurmanı qonşumuzun qızında görmüşdüm. Ordan ağlımda qalmışdı. Demişdi, buz kimidi. Elə bilirdim soyuq, donan nə varsa hamısının adı dondurmadı. Əşi, nəəm mən!

Bir də...

Allah haqqı, darıxırdım. Anamdan ötrü. Qədrimi bilmirdi. Odeey sinif yoldaşım soyuqdəymədən qəfil keçindi. Anası deyirdi, doyunca qucaqlamadım qızımı, oxşamadım. Məktəb paltarlarını boynuna, saç lentini biləyinə bağlamışdı.

Görəsən, mən də ölsəm, anam da paltarlarımı qoxlayardı? Darıxardımı, ağlayardımı? Üzümə əməllicə baxmırdı, quculamırdı məni anam, ona görə buz yeyirdim.

Bir də...

Atamın canı üçün, atamçün də darıxırdım.

Düşünmürdü məni, məndən ötrücənə darıxmırdı.

Darıxsa gələrdi. Özünü qatarın pəncərəsindən atıb gələrdi.

Təyyarəylə gedib-gəlirdi, halbuki.

Atamı qatarda təsəvvür etmək adətim idi. Dəmir yolları kədərli olur axı. Uzuun, upuzuun, döngəlii, döngəsi dumanlıı, döngəsi çiskinlii, döngəsi ayıraan!

Hamısı təklikdən idi. Tək bilirdim özümü.

Hə, bir də...

Mən xəstələnəndə dədəm (atamın atası) bakuş alıb gətirirdi. İki dolu iri cib. Elə həvəslə gülürdüü, güləndə ağzındakı bircə dişi ona elə yaraşırdıı, laap axırda tək və kobud öskürəyi onu necə də kədərli göstərirdi, İlahi!

Bakuşları dədəmin cibindən götürəndə həmişə görürdüm, cibinin bir böörü cırıqdı.

Deyirdim, dədəə, nənəm cibini niyə tikmiir?

Hər dəfəsində soruşurdum, hər dəfəsində də əlini cibinə atıb deyirdi, daa sevmir də məni.

Deyib uğunurdu. Axırda yenə öskürürdü. Mənə elə gəlirdi, dədəm gülməyinin sonunda iki ağız öskürürsə, demək gülmür, qəhərini ört-bastır edir.

Nənəm də qədrini bilmirdi babamın.

Qədrini bilirdisə bəs niyə dədəm güləndən sonra öskürmüşdü?

Odeey bütün gülümsəmələrin də, uğunmaqların da, hələ almadığı bakuşlarını da, demədiyi nazlamalarını da o yırtıq cibinə yığıb bir anın içində getdi dədəm.

Yoo, qatarla yox, piyada getdi.

Nənəm üzün cırmışdı. Hə, noolsun?!

Heç yazığım da gəlməmişdi.

Heç ürəyim xarab olmamışdı da!

Heç gözlərim dolmamışdı da!

Bircə dədəmçün dolmuşdu gözüm!

Təkcə dədəmə yazığım gəlmişdi.

Həm də, elə pis darıxırdıım.

İndi də darıxıram dədəmçün.

Daa xəstələnmirəm.

Çünki…

Daa dədəm də yoxdu.

Bakuşları da.

Həm də...

Daa bakuş yemirəm mən.

Böyük qız olmuşam mən.

Daa atamın qatarı da yoxdu.

Daa atamın dəmir yolları da qayıdıb, noolsun, mən ki döndüm həmin döngədən.

Anamın qucağı da çoox uzaqdı daha.

Daa əvvəlki qucaq deyil.

Elə bilirdim mən böyüdükcə, o da böyüyəcək. Sən demə balacalaşacaqmış anamın qucağı.

Sən demə o qucaq heç özünə də bəs etməyəcəkmiş anamın.

Daa sığmıram da, yekələnmişəm.

Amaa..

Amma ataa...

Maa

Dammızın buzlarından ötəri elə darıxmışaam, elə darıxmışam...

# 3739 dəfə oxunub

Oxşar xəbərlər

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Satiralarına görə teatra senzura tətbiq edilən ingilis yazıçı kim idi?

Satiralarına görə teatra senzura tətbiq edilən ingilis yazıçı kim idi?

12:30 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər