news-inner
clock12:55 calendar-gray 11 May 2016 view-gray285 dəfə oxunub
view-gray285 dəfə oxunub

Peyğəmbərlik hərəkatına uvertüra – Rahid Ulusel yazır...

Kulis.Az Rahid Uluselin “Peyğəmbərlik hərəkatına uvertüra” essesini təqdim edir.

Bəşəriyyətin Yerüzündəki tarixi inkişafı bütün məntiqlə onun bütövlükdə peyğəmbərləşməsinə doğru aparmalı idi. Əvəzində kütləviləşməyə doğru bir-birimizi itələyə-itələyə gedirik. Amma Günəşin al-qırmızı şəfəqləri, Ayın pıçıltıları, Marsın ruhumuza sancılan işıq seli, çevrəmizdə yallı gedən Süd Yolu ulduzlarının sayrışları Yerüzünə bu həqiqəti dilim-dilim dalğalandırır: Kainatın Taleyi, Kainatın Sahibi, Kainatın Sabahı – peyğəmbərləşmiş bəşəriyyətdir. Budur bizim Kainatın Övladı olmaq missiyamız!

Yüz iyirmi dörd min peyğəmbərin zühuru bəyan edilir – qalaktikaları aydınladan ulduzlar tək. Lakin nə üçün bir Soyun genealogiyası kimi, yalnız kişi qütbünün parlayışı kimi?! “Ayaqları altında cənnət salınan”, gerçəkdə isə saçlarından cəhənnəmə sürüklənən, erkək oxunun eros nişangahı kimi hərəmxanalarda, hücrələrdə çürüdülən qadını dünyanın kişi səltənəti nəinki peyğəmbərliyə yüksəltməyib, az qala tarixdən qovub. Bu patriarxik cəhalət bəşəriyyətin qadın yarısını əsrlər boyu iflic eləyib. İnsanlığın həm də qadın ruhunda peyğəmbərləşmə ilə mələkləşmə qanadları – onu uçura biləcək qoşa qanadları qırılıb. Ona görə də yeni zamanın qadın emansipasiyası həm də azadlığın əks ifratına çevrilərək, qanadsız qadınlığın erkəkləşmiş, hərcayı sifətlərini meydana gətirib...

Əgər peyğəmbərlik bitibsə, deməli, tarix sona çatıb. Peyğəmbər doğmayan tarix – Nadanlıq əkir, Hərb doğur. Təbii skepsisini gərək küfr saymasın insan: necə olur ki, tarixin hələ erkən çağlarında, planet əhalisinin bir və ya neçə milyon olduğu dönəmlərdə bu qədər peyğəmbər zühur edib, sonrakı zamanlarda isə yüz milyonlar, milyardlar Peyğəmbər doğmayıb, qısır qalıb...

Peyğəmbərliyin Məhəmməd Rəsulüllahla bitən tarixi – dünya cahiliyyəsinə son qoymayıb. Mən bunu Ondan soruşardım: Nə üçün?

Nə üçün dinlər inkişaf etdikcə, cəhalət bu qədər dərinləşib, qartıyıb? Bu gün də min il bundan qabaq olduğu kimi, bir din içrə yüz təriqət bir-birini didir, özünü doğru, qalanlarını yanlış sayır... Bir insanlıq içrə yüz siyasət bir-birini gəmirir, sümüklərini çıxarıb aşıq-aşıq oynayır... Peyğəmbərlik – insan tarixinin monologiyasını deyil, dialogiyasını yaratmalıdır. Peyğəmbərlik – yalnız Seçilmişlərin deyil, bütün İnsanlığın ana südü kimi qismətidir.

Peyğəmbərlik əxlaqı – müstəsnalaşmaq, üstünləşmək yox, Tanrının bir zərrəsi kimi İnsanın özünütəsdiqidir. Əlini və ətəyini öpdürənlərdən, kitabına sitayiş etdirənlərdən, şəxsiyyətini və seçimini bütləşdirənlərdən, tutuquşu kimi adını zikr etdirənlərdən Peyğəmbər olmaz. Peyğəmbər nə Liderdir, nə Liderin ardınca gedən. Peyğəmbərlik ümumiyyətlə liderliyi inkar edir. Tanrının İnsana bəxş etdiyi Ruh-Nurda, o Ruh-Nurun aramsız olaraq böyüyüb qüvvətlənmək imkanındadır Peyğəmbərlik – Böyüyən Uşaq kimi. O, hamının içərisindədir – Meyvənin Çəyirdəyi kimi.

Peyğəmbərlik – kiminsə hətta ən böyük fədakarlıqla qazandığı, sonra ondan bəhrələnib, bütün nəslinə ötürdüyü ali status deyil, yaşadığımız İlahi Səltənətdə – Yer planetində İnsanın dünyayaradıcı borcudur.

Hər İnsanla Peyğəmbərlik yenidən doğula bilər.

Peyğəmbər – Özünü, Tanrını, Təbiəti, Ailəni, Cəmiyyəti, İnsanlığı ümumdünya vəhdətində dərk edən və həyatyaradıcı fəaliyyətini bu yöndə quran, zəka və əməlinin nuru içi qədər çevrəsini işıqlandıran, yanlışlıqlardan sıyrılıb Doğru Yola (ənənəvi anlamda – Həqq, Loqos, Dao, Dharma) tuşlanan və tuşlandıran İnsandır. Peyğəmbər – özünü dünya ağacları, dünya ağaclarını özü tək becərib bəsləyən əliqabarlı Bağbandır.

Peyğəmbərlik hərəkatı – daim gəlişmədədir. O, ətrafında zaman-zaman hörülən kor mistika ilə çarpışa-çarpışa irəliləyir, cilalanır, durulub-duruldur, kəsərlənir, yenilməzləşir.

Peyğəmbərlik hərəkatı sübut etməlidir ki, Yerüzü – müharibələr laboratoriyası deyil, İdeya Məbədidir. Burada təkcə Doğmaq üçün yox, Yaratmaq üçün doğulursan...

Kişi bilməlidir ki, yatdığı qadın – peyğəmbərdir. Qadın bilməlidir ki, doğduğu körpə – peyğəmbərdir. Müəllim bilməlidir ki, öyrətdiyi uşaq – peyğəmbərdir. Peyğəmbərləşməyən bəşəriyyət – cahilləşməyə məhkum.

Peyğəmbərsizlik tarixinin səhrasında gürzələrin başda, həşəratların ayaq altında olduğu batqın cəmiyyətlər və onların yırtıq təfəkkürü DNK strukturu eyni olan bəşəriyyəti “doğmalar” və “yadlar”a bölüb. Dürlü diskriminasiya modern dünyanın da altşüurunda qaysaqlanıb...

Mən isə ... bir-birinə “Qardaş” – deyən insanların arasında bir-birindən 600 il aralıda doğulmuş 3 qardaşı hər zaman axtarıram: Buddanı, İsanı, Məhəmmədi...

“Hər kəs potensiyasında Buddadır, İsadır, Məhəmməddir” – budur bütün zamanların böyük Həqiqəti! – Gələcəyin arxitekturasında peyğəmbər-insanın Kainatın Övladı olmaq missiyası!

Bəşəriyyətin yarım əsrlik kosmik erasını onun bütün tarixi hazırlayıb. Fəqət Kosmosa işğalçı kimi daxil olmaq – olmaz. Kosmonavt-Cığırdaş Peyğəmbər olmasa, Kosmosu yalnız fiziki cəhətdən fəth edəcək. Bu fatehlik Yürüzündəki imperializmdən fərqlənməz. Yalnız elmi konstruksiyalarla kosmosun fəthi – optimal planetlərdə insan koloniyalarının yerləşdirilməsi, təbii ehtiyatların istismarı istiqamətində baş verəcək. “Ulduz müharibələri” layihələri ilə silahlanan insan – bizim planetimizin intriqalarını, hikkələrini, iddialarını, hərbi-sənaye komplekslərini (əslində, “çatışmazlıq komplekslərini”), ərazi bölgüçülüyünü (hətta, mən təsəvvür edirəm, kapital dağarcığı bankları, genetik modifikasiyaları həyata keçirən laboratoriyaları!) Kosmosa daşıyacaq. İndiki qafası ilə insan kosmosu ancaq zibilləyə bilər.

Kosmonavt-Peyğəmbərin missiyası isə Kainatın Mənəviyyat Quruculuğuna başlanğıc verməkdir. Homosivilizasiyanın Kosmosivilizasiya fazasına keçilisinin yaradıcısı – Fateh-Kosmonavt yox, Peyğəmbər-Kosmonavt olmalıdır.

“Dünyanın əşrəfi” idealında təkan-təkan təkamül edən İnsan – gerçək substansiyasında Torpağından Yarpağınacan, Yarpızından Ulduzunacan yaradılışın hər zərrəsi kimi müqəddəsdir. Yerüzü – Kəbədir. Kəbə – dəniz dalğalarının sahil-beşiyində yırğaladığı, Günəşin qızdırıb parıldatdığı narın qum dənəsi kimi müqəddəsdir. Kəbə tək qum dənəsinə, çən giləsinə, şeh damlasına, şam alovuna, quş yuvasına səcdəyə gələn – Peyğəmbərdir.

Müqəddəs insanların sırasında, peyğəmbərlik hərəkatının baş yolunda din yaradan peyğəmbərlərin ilahiləşdirilməsinə o peyğəmbərlərin heç ehtiyacı yoxdur. Peyğəmbər – Firon deyil. İlahiləşdirilmiş fironların, fironlaşdırılmış xəlifələrin, düdəmə-şahzadəsini padşah yapan sülalələrin yaratdığı ağalar-qullar ayrıntısının zəhəri tuluq-tuluq çağımızın dünya düzəninə, siyasət yarğanlarına axır... Günümüzün peyğəmbərliyi tapdayıb təpəsinə çıxmış fironları körpə-peyğəmbərləri beşikdəcə boğmaq pusqusunda və təşnəsində...

Fəqət Peyğəmbərlik – insanlığın boğulmayan Səsi, Tanrının Yer Nəfəsi, Musanın Ər Əsasıdır. İlahi Vəhdətin ən yüksək qatı – Peyğəmbərlikdir. Bu qata yüksəlmədən necə Dünya Vətəndaşı olmaq olar?!

Yerüzünün Kainat içrə Nur yollarını açan Nuh-Peyğəmbərləri onun bütün həyatqaynağı planetlərində tanrısal mənəviyyatın ocaqlarını yandırıb, panteonunu ucaldacaqlar...

Mən görürəm: Kainat Tarixinin gələcəyində Yerüzündən saçılmış Ulu Peyğəmbərlik bərq vurur. Sən isə, qardaşım, bacım, çevrəmizi sarmış zər qiyafəli şərin hörümçək toruna, cah-cəlallı cəhalətin buz qəhqəhəsinə baxıb da üşənir, üşənib də qapanır, kilidlənirsən. Sıyrıl qaranlıqlardan. Dön, en içindəki Peyğəmbərliyə. Onun, heç olmasa, bir zərrəsini işığa çıxar. O kövrək-titrək nöqtədən başla Dünyanı qurmağa kərpic-kərpic... Görürsən, hamı Səninlədir: Budda da, İsa da, Məhəmməd də... Bağban da, Əkinçi də... Səndən əvvəl, yüz illərlə arxanca gələn Əcdadın da, Səndən bir addım öndə gedən ürkək yerişli, totuq biləkli, qıvrım saçlı, Peyğəmbər üzlü Körpən də!..

news-inner-user

19069 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021
Van Dammı bezdirən azərbaycanlı qohumları
11:34 18 İyun 2021
Nobel mükafatçısı intim konsert verəcək – İlk dəfə
11:09 18 İyun 2021
Seymur Baycandan yeni kitab
10:42 18 İyun 2021
Nura Surinin oğlu qəzaya düşdü - Foto
10:09 18 İyun 2021
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı rusca çap olundu
09:42 18 İyun 2021
O gündən Bəşər dayı qızını evə qıfılladı – Bircə yazır...
09:00 18 İyun 2021
Nazirlik ədəbiyyat müsabiqəsinin qaliblərini mükafatlandırdı
01:24 18 İyun 2021
Qadınlar sevmək üçündür, başa düşmək üçün yox - Sevgi haqqında qəribə aforizmlər
21:02 17 İyun 2021