news-inner
clock11:45 calendar-gray 26 Aprel 2016 view-gray279 dəfə oxunub
view-gray279 dəfə oxunub

Bir adam sönürdü – Adil Şirindən rekviyem

Kulis.Az şair Adil Şirinin torpaqlarımızın işğalına həsr etdiyi “Rekviyem” simfonik poemasını təqdim edir.

Ağrılardan yata bilmir bu torpaq...

Uyuya bilmir ağrılardan

bu torpaqda basdırılan ölülər,

uyuya bilmir bu yaralı torpaqda

basdırılan körpələr.

O körpələrin səsini,

harayını

eşitməməkçün gərək

gecələr kar olsun sinəmdə ürək...

***

Aman, Allah!

Aman, Allah!

Ağrılardan yata bilmir bu torpaq –

Göylərindən getməyib hələ barıt qoxusu...

... Bir səhər çin olacaq

bu torpağın yuxusu...

Hələ ki, ayrılıqlardan yata bilmir bu torpaq.

Oğulların gözlərində

güllələnib yuxusu...

Oğulları güllələnən torpaqların

Gözlərinə yuxu getməz.

Oğulları güllələnən yaralı torpaqların

oğulları ölər...

ümidi ölməz...

***

Qaçqınlar...

Qaçqınlar...

Qaç-qın-lar...

Hara, hara sürüyürlər, Allahım,

bu zavallı qaçqınları,

tər içində, qan içində,

ilğım kimi duman içində?...

Bir balaca,

arıq qadın

yorğunluqdan, susuzluqdan,

qızdırmadan,

aclıqdan,

dərddən-qəmdən,

acıqdan,

addım-addım

yaxınlaşan ac ölüm qorxusundan,

adamı heyrətə salacaq qədər

böyümüş gözlərilə

güclə sürüyür

dəyirman daşı kimi ağır ayaqlarını...

Güclə sürür ayaqlarını –

Bir addım dala qalır,

bir addım da,

bir addım da...

Tutur qulaqlarını...

Kalaşnikovun qundağı

dəyir başına –

isti qan gicgahından

axıb süzülür

alın tərinə,

axıb süzülür üzü aşağı –

Qarışır göz yaşına.

Kimisə çağırırmış kimi

qaldırır əllərini,

nədənsə yapışmaq istəyir –

heç nə gəlmir əlinə...

Süngü od basır belinə...

Qatil cin gözüylə baxır

tozlu yol üstündə ölən gəlinə...

Baxdı, baxdı...

Çürük dişləri arasından

tüpürüb yüyürdü,

tər içində yüyürüb çatdı

uzaqlaşan dəstəyə.

Bir siqaret istədi

başqa qatil əsgərdən...

Çəkən deyildi,

amma çəkirdi hərdən...

***

İlahi, bu nə sirdi –

kölgə kimi bir qarı

Ayı arxasınca çəkib gedirdi...

Ölülər, ölülər, ölülər, ölülər...

Gözləri oyulmuşlar,

əlləri kəsilmişlər, qolları kəsilmişlər,

boğazları üzülmüşlər,

qurşuna düzülmüşlər...

Kürəyindən vurulanlar,

ayağından,

gicgahından,

ürəyindən vurulanlar...

Qızıl dişlər

kəlbətinlə çıxarılıb,

barmaqlar kəsilib,

atılıb çantalar –

nişan üzükləriylə birgə...

Göyərçin tək boğulmuş körpələr,

süngüylə qarınları cırılmış

hamilə qadınlar...

İlahi, bu nə sirdi,

kölgə kimi bir qarı

dağları arxasınca çəkib gedirdi...

***

Bir adam sönürdü...

Adamı heyrətə salacaq qədər

böyümüş gözləriylə

heç nə görmədən baxırdı,

baxırdı göyə.

Gözləri görmürdü,

eşitmirdi qulaqları,

yalnız od tutub yanırdı

sinəsi,

dodaqları.

Birdən-birə xəyal kimi, röya kimi

bir ağac göründü gözlərinə -

ağacdan yuxarıda

qırmızı buludlar axırdı,

Qırmızı buludların içindən

qırmızı Ay baxırdı...

Od tutub yanırdı,

yanırdı sinəsi, dodaqları.

Könlündən bir yağmur keçirdi,

bir yağış...

Bir yağış yağaydı barı.

Ya da ölüm tez gələydi,

unutduraydı hər şeyi...

Kölgə kimi bir qarı

ölümünü arxasınca çəkib gedirdi.

Birdən dayandı qarı,

ölüm də qarıya baxıb dayandı...

Göy üzündə hələ indiyəcən

heç kəsin görmədiyi

bir qırmızı ulduz yandı...

Əlləri əsə-əsə

qarı boylandı səsə -

Ay əyilib işıqlandırdı yaralarının üzünü...

Qarı əyilib baxdı

yaralının üzünə,

qarı əyilib baxdı

yaralının gözünə -

Yaralı heç nə görmədən

qırmızı ağaca baxırdı.

Qırmızı ağacdan yuxarıda

qırmızı buludlar axırdı.

Ay bir də əyilib işıqlandırdı

yaralının üzünü.

Qarı bir də baxanda

bir cüt qırmızı bəxt ulduzu gördü

yaralının bəbəyində.

Nəsə isti bir şey

tərpənən kimi oldu

qarının ürəyində...

Köks ötürdü yaralı:

İlahi, yağış yağır,

yağış yağır, ay Allah!

Yağış yağmırdı ancaq –

kölgə kimi bir qarı

səssizcə ağlayırdı.

Göy üzündə qırmızı Ay

qırmızı sirr saxlayırdı...

***

Hələ uyuyur körpə

taxta beşiyində,

Günəşin içində.

Bir gün dünyaya doğulan körpə

qundaqda boğulmasa,

xəstəlikdən,

aclıqdan ölməsə,

sabah

bir insan doğulacaq həyata.

Bu gün

namərd güllələri açılır bu torpaqda,

güllələr açılır ta-ta-tata-ta...

Uyu körpəm, uyu hələ,

sən hələ yat beşikdə,

hardasa səngərlərdə ölümün lap yanında

dayanıblar keşikdə.

Körpələr doğulur bu torpaqda

ataları döyüşdə öləndən sonra...

Anaları körpələrə

şəhid atalarının adlarını qoyarlar.

Analar

şəhid ərlərinin

namusunu, qeyrətini yaşadarlar,

qoruyarlar.

Yaxşı ki, xatirələr var,

yaxşı ki, adamı tək qoymur xatirələr,

yaxşı ki, xatirələri ölmür adam öləndə...

***

Bu sərhəd dirəkləri

başdaşını xatırladır.

hər sərhəd dirəyinin altında

Bir naməlum əsgər yatır...

Uyu körpəm, uyu hələ

Sən hələ yat beşikdə -

Bəlkə sabah yerin səngər olacaq,

bu gün doğulan körpə

sabah əsgər olacaq...

***

Sabaha ümid var,

Oğul doğur analar.

news-inner-user

20025 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Vərəmə yoluxdu, amerikalı ilə evləndi, Hollivudda güllələndi - Azərbaycanlı müğənninin faciəsi
16:36 25 Sentyabr 2021
İngilis müğənni "Gəl, ey səhər"i oxudu - Video
15:17 25 Sentyabr 2021
Oğlundan imtina edən, işə pijamada gedən, iki dəfə dəfn olunan azərbaycanlı alim
13:59 25 Sentyabr 2021
Yazıçı "Qanun" nəşriyyatını qanunsuzluqda ittiham etdi: "Bu hadisə Şahbaz Xuduoğlunun adına ləkə salır"
13:12 25 Sentyabr 2021
“Traviata” operası nümayiş olundu
12:09 25 Sentyabr 2021
Azərbaycan beynəlxalq kitab yarmarkasında iştirak edir
10:55 25 Sentyabr 2021
Sevginin intihara apardığı qadın
09:00 25 Sentyabr 2021
“Yusif Vəzir Çəmənzəminli və Şumer qaynaqları” kitabı çapdan çıxıb
18:07 24 Sentyabr 2021
Teatr və kinoteatrlar açılır - Qərar
17:53 24 Sentyabr 2021
Yağış düşdü sahildəki daşlara - Musa Yaqubdan seçmə şeirlər
17:30 24 Sentyabr 2021
Fərid Hüseynin yeni kitabı çap olundu
16:49 24 Sentyabr 2021
“Səs Azərbaycan” başlayır: Münsiflər kim olacaq? - Foto
16:05 24 Sentyabr 2021
Akademikin yeni kitabı təqdim olundu
15:20 24 Sentyabr 2021
Dükanlara borclu qalan Xalq artistimiz: O, yerişini də itirmək üzrədir...
14:30 24 Sentyabr 2021
Yazıçımızın kitabı Sankt-Peterburqda çıxdı
13:45 24 Sentyabr 2021
Qızları güldürməkçün sənin kimi xaç çəkərdik - Azərbaycanlı şair Roma Papasına şeir yazdı
13:01 24 Sentyabr 2021
Rusdilli olmaq başqa, rus dilini bilmək başqa: Özünə hörmət etməyən kimlərdir?
12:15 24 Sentyabr 2021
Ana dilini bilməyən nankorlara - Günün şeiri
11:38 24 Sentyabr 2021
Musa Yaqub xanımının məzarı üstündə şeir oxuyur - Video
11:01 24 Sentyabr 2021
Qızı ilə rusca danışan Elgiz
10:30 24 Sentyabr 2021