Avropadan gələn inəkdən bəhs edən Azərbaycan filmi

Avropadan gələn inəkdən bəhs edən Azərbaycan filmi
20 aprel 2016
# 12:55

“Holly cow”, yəni, “Müqəddəs inək” rejisor İmaməddin Həsənovun “Post prodakşn” işlərini yenicə tamamlayıb, festivallara göndərdiyi filmidir. Bu film bir neçə cəhətinə görə milli kinematoqrafiyamız üçün yenidir. Ki, bu cəhətləri aşağıda kursivlə qeyd etməyə çalışacam.

Yarısənədli, yarıbədii “Müqəddəs inək” filminin (filmdəki hadisələr də, qəhrəmanlar da gerçəkdir, sadəcə bəzi hadisələrin gedişi tənzimlənib) qəhrəmanı Avropa inəyi almaq istəyən bir kəndlidir. İnək saxlamaq üçün onun kəndində hər şərait var, amma bu ideya-arzunu asanlıqla gerçəkləşdirə bilmir. İnəyi almaq üçün pulun çatmamasından başqa yaşadığı kənddə, hətta ailəsinin içində onun ideyasını bəyənməyənlər, ona qarşı çıxanlar var. Amma heç nə bu qəhrəmanı ruhdan salmır. O almaq istədiyi inəyin şəklini evinin divarına vurub onun xəyalları ilə yaşayır.

İmam qəhrəmanını az qala Tanrıyla danışan, vəhy alan peyğəmbərlər kimi dağa çıxarır və telefonunun dalğası yalnız dağda tutan lahıclı inək məsələsini dağın təpəsində çözür.

Film bir insanın yeni ideyasını reallaşdırmaq uğrunda yaşadığı çətinliklərə, maneələrə rəğmən mübarizə əzmindən bəhs edir. Sadə, sıradan bir adamın arzusu, həm də ənənəvi olmayan arzusu reallaşa bilərmi?

“Müqəddəs inək” tammetrajlı filmdir və onun dramaturgiyası hadisələrlə elə də zəngin deyil. Rejissorun dediyinə görə, filmin ideyası yerli xəbərlərdən birindən götürülüb. Avropadan cins inəklərin gətirilməsi ilə bağlı dövlət proqramı haqqında xəbər oxuyan rejissorun ağlına belə bir ideya gəlib və mövzuyla bağlı kənddə ağsaqqallarla danışanda onlar deyiblər ki, bizə Avropadan inək-filan lazım deyil. Öz filminə buradan konflikt tapan rejissor bu filminə uyacaq qəhrəman axtarıb və tapıb.

Filmin qəhrəmanı Avropa inəyi almaq istəyir, evdə həyat yoldaşı bu yeni fikri alqışlamır, hətta alandan sonra belə inəyi qısqanır. Kənd ağsaqqalları “Avropadan arvad ala bilərsən, amma inək gətirə bilməzsən”, deyə ona qarşı çıxırlar. Hamının üz döndərdiyi qəhrəmansa nəinki inəyi alır, hətta ondan bala götürüb o kənddə satır da.

“Holly cow” filmi tələsmədən bütün bu gözləntini, maneələri, ümidləri izləyir-filmi də bu səbəbdən uzadırlar, yəni, tam metrajda təqdim edirlər. Tamaşaçı “bu film bitməyəcək” deyə narahatlıq keçirəndə, İmadəddin isə qəhrəmanı inəyin balasını satanda –yəni yeni ideya ayaq açıb yeriməyə başlayanda filmi bitirir.

Bu film qəribə bir şəkildə müəlliflərin həyatı ilə paralelləşir.

Filmin istehsalat dövrünü, dəstək verən fondları qeyd eləsəm (layihə müxtəlif müsabiqələrdən keçərək bir neçə qurum tərəfindən maliyyələşdirib), üstəlik İmamın əzmlə prodüser tapmaq, layihəni təqdim etmək, ta ki, festivallara aparmaq, yad şəhərdə az qala hər küçəyə afişalarını asmağı da hələ özünün dediyinə görə, yaranan maneələri üstünə gəlsək bu film də müqəddəs inəkdi, yəni, İmadəddin bu filmlə öz qəhrəmanı ilə eyniləşib.

Filmin yaradıcılarına maneələr yaradanlar çox olub. Amma onlar xeyir-duasız da filmi çəkib bitirib. Və qalanı təfərrüatdı-bunu İmam özü deyir.

Demək ki, bir kəndli üçün inək nədirsə, bir rejissor üçün film odur.

“Müqəddəs inək” filmi müqəddəs qanunlar kimi, təbiət qanunları kimi sadədir. Bu sadəlik ideyadan çəkiliş, montaj metoduna kimi hiss olunur və düşünülmüş sadəlikdir.

Sadəlik demişkən, filmdə musiqidən istifadə olunmayıb. Musiqi film bitəndən sonra səslənir. Sanki rejissor qəhrəmanının arzusunun yerinə yetməsini görəndə özünü onunla eyniləşdirir və artıq hisslərini saxlaya bilmir və musiqi ilə ifadə edir.

“Müqədəs inək” arzunun qutsal olması, insanın öz niyyətinə bağlılığı, sədaqəti haqqındadır… “Müqəddəs inək” azadlıq haqqındadır. ..

# 2880 dəfə oxunub

Oxşar xəbərlər

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

15:30 24 fevral 2026
Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

14:30 21 fevral 2026
Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

12:00 20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

12:00 19 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər