news-inner
clock10:16 calendar-gray 31 Mart 2016 view-gray200 dəfə oxunub
view-gray200 dəfə oxunub

Əllərdə və çiyinlərdəki ölüm – Zərdüşt Şəfinin şeirləri

Kulis mərhum şair Zərdüşt Şəfinin şeirlərini təqdim edir.

I

Bu gecə də çiçəklər açmadı,

Quşlar

Bu sabah da susacaq...

Evlər -

Yolların sonunda dayanıb...

Evlər yolların sonudu...

Sürahilərin altından

Uşaqlar baxır...

Uşaqlar baxır

Taxtaların arasından...

Taxta sürahilər

Boyasını töküb

Və susur...

Böyüklər

Pəncərələrin önündə dayanıb

Baxırlar yolların

ən uzununa -

birini gətirməyən yol ən uzun yoldu indi...

Bu gecə də çiçəklər açmadı,

quşlar

bu sabah da susacaq....

II

Sənin olacaq ulduzu gözlə,

Bir gün göz edəcək sənə,

Gözlə,

Gözlə ki, sevinəcək bir gün

Gözlərin...

Bilirsən,

Bu gün

dua etmək üçün ən gözəl gündü -

Ümid yoxkən...

Sabah o ulduzu göründümü -

Artıq gec olacaq

Sənin olacaq ulduz

Asılmamış göy üzündən

İntihar etmiş adamın

İşıq saçan başı kimi -

Dua oxu

Duan -

Ulduzu gətirməyəcək...

Sadəcə göstər,

Göstər inamlı olduğunu...

Vəssalam...

III

Sənin evin -

Bir yolun sonunda,

Bir təpənin üstündə,

Soyuq və qaranlıq bir gecədə

Dayanıb

Səni gözləyir...

Çox balacadı -

Sənindi amma...

Çox soyuqdu -

Sonundu amma...

Gir evə -

toxunmadan hörümçək torlarına...

Onlar sənin yoxluğunun rəmzidi

Başının üstündə -

Toxunma onlara...

Hörümçəklər

Səni sevən dostlarındı...

Onlar

Səni düşünürlər

Yoxluğunu

Hər yeni ilmək atanda...

Sənin evin

Bir yolun sonunda

Bir təpənin üstündə

Soyuq və qaranlıq bir gecədə

Dayanıb

Səni gözləyir...

Gecikmə,

evə gecikməzlər...

IV

Sakitlik çökəcək bir gün şəhərə,

Kəndə sakitlik çökəcək...

Səni unutmuş olacaq zaman,

Məkan,

İnsan...

Hər şey yox olacaq bir gün -

əllərindəki ölümün adı

sənsən....

əllərdə və çiyinlərdəki ölüm

sənsən...

sən

ölüm göstəricisi

yer üzündə...

sübutusan -

qəbirlərin insanlara aid

olmadığının.

V

Bir otaq var:

balaca,

Mavi divarları və zəif işıqlı çırağı...

Hörümçək torları

Alnının yazısı kimidi...

Bilməzsən,

Bu həndəsə düşüncəli qız

Nə yazır hər gün

Yorulmadan

Evin alnına...

Və bütün milçəklərin

Onu oxumaqçün

Canlarını belə verməyə hazırdılar...

Bütün milçəklərin

İntiharçıdılar...

Oxu boşluğa yazılan sözləri

Ya da sus...

Bu otaq sənindi

Bu hörümçək sənin

Sənsə -

Milçəklər qədər olmadın....

VI

Şeytan

Cəmi altı hərfdi

Bir hərifdi

girib sənin canına,

Sən osan,

O səndi...

düşün ki, tək deyilsən

düşün ki, bir şeytan var içində

bir gün onu

əlləri və ayaqları bağlı

təhvil verəcəksən...

ya da o səni uzadacaq

qurbanlıq qoyun kimi

məbədin önünə...

Əllərini aç və

dua elə,

Bilinsin ki inanırsan...

Və onun buynuzları

Dərhal düşəcək

əllərinə...

əllərin günahkar qalacaq bircə...

VII

Gözlərin ovuc içi kimi açıq-

yolunu gözləyir

kiminsə uzanan əlinin...

Ovcunu dolduracaq ümid yoxdu deyəsən...

Qapına gələn adamlar səni sevənlər deyil-

sevgi evinin qapısı olmur...

Dua et

yağışqabağı,

Fevral yağış ayı deyil axı...

Yuxarıdan baxanda

bu anda

səndən gözəli yoxdu...

Yumma gözünü dua edəndə,

inamını göstər sadəcə

sadəcə özünə...

bağla əllərini

ancaq gözlərini yumma-

gözlərin ovuc içi kimi açıq...

VIII

Artıq yoxam göydə,

yer udub məni,

bircə başım gəzir göydə,

bilirəm...

Hara baxıramsa gözüm kor kimi

çoxdan tərk edilmiş bir ev görürəm....

Artıq yoxsan yerdə,

göy udub səni,

bircə ayaqların yerlə sürünür...

Hara baxırsansa gözün kor kimi-

gözünə ümidsiz adam görünür....

Artıq o ev yoxdu...

Artıq sən yoxsan...

Deyəsən mənim də sonumdu axı...

O evdə yaşayan,

bu göyü görən

bircə yaşayan da ölümdü axı...

Artıq heç kim yoxdu...

Artıq heç nə yox...

Fevral-mart 2011

news-inner-user

18108 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Oğuruq əşyalar Luvr muzeyinə qaytarıldı
15:02 06 Mart 2021
Qocalar evində yaşayan aktrisa vəfat etdi
13:45 06 Mart 2021
Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar
12:30 06 Mart 2021
Berlin Film Festivalının qalibləri açıqlandı
11:13 06 Mart 2021
Xalq rəssamı haqqında tədbir keçirilib
10:12 06 Mart 2021
Kişilərə qarşı terror törədən feministlər – Sevda Sultanova yazır...
09:01 06 Mart 2021
“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021
Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
12:30 05 Mart 2021
Nənəsi şal örtən, qızı şort geyinən dostum – Şərif Ağayar yazır...
11:44 05 Mart 2021
Lal deyil, amma ömrü boyu danışmır...
11:01 05 Mart 2021
Berlin Film Festivalında Azərbaycan düzəlişi
10:14 05 Mart 2021
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
09:00 05 Mart 2021
Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021