Ağ və qara poeziya

Ağ və qara poeziya
17 mart 2016
# 15:07


Ədəbiyyat tarixini həm də ədəbi cərəyanların mübarizəsi tarixi kimi simvolizə etmək olar. Tarixən realizmlə romantizm, pozitivizmlə sentimentalizm, klassizmlə modernizm, modernizmlə postmodernizm qarşı cəbhələrdə döyüşüb. Bu savaş ədəbi düşüncənin özü qədər qədimdi.


Bu gün Azərbaycan ədəbi mühitində cəbhələrarası, nəsillərarası savaş əsasən, simvolist-sentimentallar və naturalist-realistlər arasında baş verir.
(Tarixi ənənə də var: Vaqif-Vidadi, Zakir-Natəvan, Sabir-Hadi, Cabbarlı-Cavid, S.Vurğun-R.Rza və s.)

Klassik dövrdən fərqli olaraq, müasir Azərbaycan ədəbiyyatında simvolizm köklü epoxa kimi yaşanmasa da, müasir şeirimizdə hələ də simvolika havası dəbdədi.


Ən yeni dövr şairləri yaradıcılıqlarında vizual olaraq, sərbəst üsluba üstünlük verirlər. Amma bu sərbəstlik, yalnız vəzn və forma quruluşu ilə məhdudlaşır, mahiyyət və məzmunda isə özünü ifadə edə bilmir. Yəni, bu gün sərbəst şeirimizdəki göz yaşı mahiyyətcə, Füzulinin qəzəlindəki göz yaşından fərqli deyil. Dindirəndə, klassik poeziyanı bəyənməyən modern şairlərimiz, köhnənin qarşısına yeni poetik kəşflər qoymaq əvəzinə, kortəbii şəkildə orta əsr əsr nəzm elementlərindən istifadə edirlər.

Nə üçün kortəbii?

Məsələn; “qanayan yaralarını sarıyanı gözləyən” modern şair, bu misranı yazıb, tələsik başqa problemə, tutalım, payızda quşların köç etməsi məsələsinə hoppanır.

Şeirdəki qanayan yara harda qaldı, şair nə üçün yaralanmışdı, sarıyan gəlib çıxdımı, kimi suallar da beləcə havadan asılı qalır.

Müəllif bunlara cavab verə bilmir, çünki, yara qanaması, göz yaşı, dərd kimi hazır ibarələri şeirə gəlişigözəllik xətrinə yapışdırıb.

Sual oluna bilər, bəs klassik şeirimizdəki “qanayan yara” problemi necə həll olunur?

Çox rahat.

Misal üçün, şərq poeziyasının nəhəngi Füzuli “Yarəb, bəlayi-eşq ilə qıl aşina məni” derkən, hansı ideoloji xətdə yürüdüyünü, tanrıdan hansı məqsədlə bəla dilədiyini yaxşı bilir. O, bu misraları havadan, qeyri-adi görünmək eşqi ilə yazmır. Şairin tanrıdan bəla istəməyinin konkret izahı var.

Füzulinin poetik düşüncəsinin kökündə sufizm nəzəriyyəsi durur və şairin qulluq etdiyi həmin ideoloji konsepsiyanın qayda-qanunu, mahiyyəti, əsərdə bu dünyagörüşünün təsvirinə şərait yaradır. (Yaradandan bəla istəmək sufi dünyagörüşündə sınaqlara dözmək anlamındadı.)

Bu günümüzün ədəbi mənzərəsi isə başqadı. Xüsusən, gənc şairlərin yaradıcılığında fəlsəfi boşluq, ideya çatışmazlığı böhranını aydın görmək olar. Poeziyamızda “göy üzü daş saxlamaz”, “görsən, üşüyürsən, yandır özünü”, “Kəsib tullayasan qollarını da” frazaları ilə dolu, heç bir ədəbi dəyəri və mənası olmayan nümunələr aşıb-daşır.

Mətnin semiotik məzmununu aydınlaşdırmaqdan ötrü, müəllifin yazıya sözlə səpdiyi gizli işarələrin real təzahürü mütləq olmalıdır.

Görəsən, üşüyən adama özünü yandırmağı məsləhət görmək hansı əqli, ruhi situasiyanın məhsulu ola bilər? Bu mesaj oxucuya nə deyir, hansı ideyanı aşılayır?

Bu cür mətnlərin nə simvolik-semiotik, nə də obyektiv realist mənası var. Belə şikəst düşüncələri analiz etməyə çalışsaq, ortalığa uzağı ekzistensial absurda yaxın xaotik sayıqlama, yaxud müəllifin heç arzulamadığı bulanıq sadomazoxizm çıxacaq.

Romantik gənc şairlərimizin yaradıcılığında naməlum kədərli mühitdə, mücərrəd sevgilinin həsrətindən çürüyüb ölmək kimi kütləvi epidemiya yayılıb. Mazoxist qəhrəman səbəbi bilinməyən bir manyaklıqla, ona əzab verən sevgisini içində gizli saxlamaqda israrlıdı.

Bilmirəm, poeziyada sevginin bu növünün daha cazibədar və qiymətli olduğuna onları kim inandırıb, amma burası dəqiqdi ki, həmin şairlərin heç biri, bu düşüncələrində səmimi deyillər.

Monika Belluçinin dərdindən əriyib çöpə dönmək real həyatda onların heç ağlının ucundan da keçmir. Qollarını kəsib tullamaqdansa heç danışmayaq, onu yazan şairi öldürsən də barmağına iynə batırmağa razı olmaz.

Deyə bilərsiniz ki, ədəbiyyata (xüsusilə, şeirə!) model, forma, məntiq tələblərini şərt kimi qoymaq düzgün deyil, ədəbiyyat (xüsusən də şeir!) sərbəst, azad, və amorfdu.

Bəli, ədəbiyyat (xüsusilə də şeir!) gerçəkdən sərbəst, azad ola bilər, olmalıdır da, amma bu, amorfluq və molekulvari nizamsızlıq kimi anlaşılmamalıdı.

Ədəbiyyatın sınaqdan çıxmış dünyəvi ölçüləri təxminən, belədi:
Rüşeymində düşünülmüş ideya durmayan mətn, ciddi ədəbiyyat sayılmır.
Formalardan imtinanın özü də bir formadı.


Ədəbi düşüncədə sərhədsizlik, sistemsizlik kimi başa düşülməməlidi.
Ədəbiyyat azadlıqda mövcuddu, xaosda deyil.


Ədəbiyyat çox zaman idealist olmaq məcburiyyətində qalsa da, metafizik olmağa məhkum deyil.

Bir dəfə Murad Köhnəqaladan soruşdum ki, Rəsul Rza və Əli Kərim istisna olmaqla, müasir poeziyamızda aydın fikirli, real duyğu və düşüncəni yaza bilən imzalardan kimlərin adını çəkə bilərsən?


Rasim Qaraca, Həmid Herisçi, Əjdər Ol, Azad Yaşar, Nərmin Kamal və Sevinc Elsevərin adlarını vurğuladı.

Ədəbiyyatımızın bu anderqraund dalğası ilə tanış idim və adları sadalanan müəlliflərin ədəbi estetikası, yaradıcılığı haqqında məlumatım vardı. Ancaq həmin sırada Əjdər Ol adının çəkilməsi mənə xeyli maraqlı göründü. Çünki bu imzanı şeirləri ilə deyil, portret yazıları ilə tanıyırdım.


Realist şair adlandırılan Əjdər Olun “Yaşa” adlı şeirlər kitabını bu yaxınlarda oxudum.


Təəssüratlarımı sizinlə də bölüşmək istəyirəm.


Deyim ki, süni melanxoliya və bayağı pessimizmdən uzaq, səmimi hislərin təsvir olunduğu gerçəkçi poeziya ilə qarşılaşdım.

Əjdər Ol deyir:

“Könlümü qırırlar,
yerli-yersiz
ağzımın üstündən vururlar:
- Qeyrətin var
get Qarabağı al!
Mat qalmışam,
axı, mən
nə əsgərəm, nə zabit,
nə də səfərbərlik çağırışı almışam.
Belə bir əmr verməyib
Ali Baş Komandan.
Amma xalxda nə günah?!
Məncə qeyrətimizin çeşidi azdır.
Bir-iki növ qeyrətimiz var
nə bilim kişilik-filan
onlar da köhnəlib
cındırı çıxmış palazdır.
Bəlkə bundan sonra
belə deyək bir-birimizə:
İclasda reqlament qeyrətin olsun,
Səndən sonra danışana
bircə dəqiqə vaxt saxla!
Vaxtında işə gəl,
vaxtında işdən dön
vaxtı güdən
qaranquş,
sərçə,
məzmək qeyrətin olsun,
qanuna dözmək qeyrətin olsun!

Lazım deyil
Gözə kül üfürüb çirkli pula
beş-on qaçqın,
yetim-yesir saxlamaq
Nə “Şuşa”, “Laçın” deyib zarıyırsan,
keçmir ağlamaq.
Qeyrətin var alçalma,
hər düdüyə əl çalma!
Qeyrətin var
səlahiyyətini aşma,
forslanma, coşma!
Qoyma Əlinin papağını
Vəlinin başına,
Vəlinin papağını
Əlinin başına
Qoy Əli də, Vəli də
Özü öz başına qoysun papağını
İşə sürmə lopağını
Günəşin bir şüası qədər
risk, kəşf qeyrətin olsun!
Qeyrətsiz görəndə
heyrətin olsun!
Olsa bu qeyrətlərimiz
bitsə qeybətlərimiz
əlacı görsək dirilərdə
Qarabağ da qayıdacaq
elə o birilər də”.


Şeirdə ictimai yükü olmayan bircə ifadəyə də rast gəlinmir.
Adi danışıq təhkiyəsində yazılıb, əsəbi çıxış təsiri bağışlasa da, şeir-müraciətdə cəmiyyətə faydalı çağırışlar var.

Bu şeirində Əjdər Ol maarifçi patriotdu.

Ümumiyyətlə, kitabı vərəqlədikcə hiss edirsən ki, şair özünü ifadə etməkdə olduqca rahatdı, yazacağı hər misranı sığallayıb rəndələmək kimi bir dərdi yoxdu.


Qısası, müəllifin beynində “şeir məhz belə olmalıdır” kimi stereotiplər mövcud deyil. Bu ovqat isə müəlliflə oxucu arasında səmimiyyət körpüsü yaradır. Müəllifin oxucuya təfsirsiz, vasitəçisiz, birbaşa çıxışını təmin edir.

Realist şeirdə sentimental detalların işlənmə metoduna baxaq:

“Ovulub sökülür qala divarı,
deyəsən onunla heç kəs danışmır.
Yanında bir ağac – yarpağı sarı,
deyəsən, onunla heç kəs danışmır.
Ağacın altında düşkün bir qarı,
deyəsən, onunla heç kəs danışmır”.


Bu bir rəsm tablosudu və burada hüznün adı yox, rəsmi çəkilib. Ruhunda yapon haykusunun izləri olan parçada qələm fırçanı əvəz edib.

Bu şeirdə Əjdər Ol rəssamdı.

“Yağış” adlı şeirində müəllif bir naturalist kimi orijinal və dəqiqdi:

“Yağan
yağış
dama – dama
damır dama
damdan damır

Damır
damır
damır
damır

Uful – damır

sızıl – damır
damır

Qımıl – danır:
- Dam,
dım,

dam
dum,

damdım!


Yağışın simfoniyasıdır bu...
Şeiri oxuduqca sözlərin yağışında islanırsan.
Və hələ də qulaqlarında damcıların səsi...
Bu şeirdə Əjdər Ol bəstəkardı.

“Mən gedərgəlməzdən qayıda bilsəm,
dur çıx yol üstünə, gedən gələr də...

Mən gedərgəlməzdən dönməyib, ölsəm,
üzülmə birdənəm, adam ölər də...”


Bu şeirdə isə ölüm-itim kimi əbədi problemin gətirdiyi ağırlıqdan çıxış yolu göstərilir.


Belə pozitiv enerjili ədəbiyyat nümunələri həyatı yüngülləşdirməyə, insanın yaşam sevdasını yüksəltməyə xidmət edir.


Bu şeirdə Əjdər Ol istənilən çətinliyə rəğmən, yaşamaq tərəfdarı olan optimistdir.


Adətən, müəlliflər kitaba sevimli əsərinin adını verir, bu maraqla vərəqləyib, ilk olaraq, şairin “Yaşa” şeirini tapdım. İki misradı cəmi:


“- Ölərəm səninçün!
- Yaşa mənimçün!”

Təkcə bu sətirlər üstümüzə qara qüvvə biçimində gələn ölümlü, qanlı, vahiməli poeziyanın qarşısını talisman kimi kəsmək gücündədir.
Sözsüz, bir kitablıq təəssüratı bir yazı ilə tam əhatə etmək mümkün deyil, ona görə də kitabın özünü oxumaq məsləhətdi.


Son olaraq deyim ki, bu gün Azərbaycan oxucusunun bihuş, qarmaqarışıq, çıxılmazlıqda ilişən qara poeziyaya yox, ayıq və məqsədli, ağ ədəbiyyata ehtiyacı var.


Əjdər Ol bu ehtiyacı ödəyə bilən şairlərdəndi.

# 2453 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #