Tolstoya kim ölüm arzulamışdı? – ARAŞDIRMA

Tolstoya kim ölüm arzulamışdı? – <span style="color:red;">ARAŞDIRMA
2 mart 2016
# 12:15

1910-cu ilin 10 noyabr günü səhər saat 5-də bir qoca gizlicə evindən qaçdı. Masasının üzərində açıq qalmış “Karamazov qardaşları” kitabı və arvadına ünvanladığı vida məktubu dururdu. Taleyinə yolda ölmək yazılmışdı. Qocanın adı Lev Tolstoy idi.

Onun bu addımı “Rus yaşamaqdan çox ölməyi bacarır” aformizmini ən ideal şəkildə ifadə edirdi.

Həqiqətən Tolstoyun evdən getməyi və ölməyi o qədər gözlənilməz, sirrlərlə dolu idi ki, onun yaratdığı effekt yazıçının həyat və yaradıcılığını demək olar kölgədə qoydu. Hər halda həmin vaxt Rusiya və dünyanın gündəmini yalnız bu hadisə zəbt etmişdi. Belə demək olar ki, dünya həmin vaxt Tolstoyun ölümü ilə yaşayırdı. Onun haqqında bütün söhbətlər bu məcraya yönəlirdi: O, niyə qaçdı? Hara gedirdi? Nə istəyirdi?… Bir sürü cavabsız suallar.

Daha dəqiq desək cavablar çoxdu. Hal-hazırda isə ictimai fikirdə ən çox qəbul olunmuş cavab budur: “Kilsənin Tolstoydan üz döndərməyi ona çox pis təsir etmişdi, buna görə də ölümqabağı tövbə etmək üçün Optina monastrına gedirdi. Amma arzusuna çatmadı, yolda öldü.”

Tövbəsiz ölüm

Lev Nikolayeviç və onu müşyiət edən şəxslərin sonuncu hərəkət istiqaməti polis protokollarında qeyd olunub. Həmin sənədlərə əsasən Tolstoy həqiqətən Optina monastrında olubmuş. Sonra Şamordino kəndində yaşayan bacısına dəyib. Daha sonra Kozelsk, Belyov şəhərlərinə yollanıb, ordan da Novoçerkasskda yaşayan qardaşı (bacısı) qızına dəyməyə gedirmiş. Orda isə xarici pasport əldə edib Bolqarıstana yollanmağı planlaşdırırmış. Alınmasa Qafqaza. Deməli, Optina monastrı heç cür Tolstoyun son məqsədi ola bilməzdi. O, monastrı da Yasnaya Polyana kimi tərk elədi.

Tolstoy tövbə etmək istəmirdi. Bunu onun ayağına sonradan yazıblar. Tula yepiskopu Parfeniy Tolstoyun ölümündən bir qədər əvvəl müsahibələrində bildirmişdi: yazıçı şübhəsiz ki, Kilsə ilə yaxınlıq qurmaq istəyir. Halbuki hadisələrin real axarı bunun əksini deyir. Nazirlər Sovetinin sədri Stolıpin bu məsələnin nəhayət həll olunması üçün Sinoda rəsmi şəkildə müraciət etmişdi. Çünki Tolstoyun xəstəliyi haqqında son məlumatlar yüksək dairələrdə çaxnaşma yaratmışdı.

Sinod dərhal yeparxiya idarəsinə teleqraf açaraq əmr verir ki, Tolstoyla əlaqə yaradıb onu Kilsə qarşısında tövbə etməyəgətirsin. Başqa sözlə tövbə məsələsində Tolstoy yox, Kilsəvə dövlət maraqlı idi.

Məsələnin mahiyyətinə varanda “Tolstoy tövbə edəcəkmi, ya yox?” sualı dövlət təhlükəsizliyi sferasına aid idi. Bu qətiyyən şişirtmə deyil, o hadisələrin şahidi olan ədəbiyyatşünas Aleksey Suvorin belə yazırdı: “Bizim iki çarımız var: II Nikolay və Lev Tolstoy. Onlardan hansı güclüdür? Tolstoy sözsüz ki, Nikolay və onun xanədanını taxtından salar. Qoy kimsə Tolstoya toxunmağa cəhd etsin. Bütün dünya bağıracaq, o zaman bizim hökümət quyruğunu qısacaq.”

Belə çıxır ki, bu şəraitdə hökumət yalnız özünü günahkar saya bilərdi. Tolstoyun Kilsədən uzaqlaşdırılması məsələsi hələ çoxdan qaldırılmışdı. Yepiskop Nikanor hələ 1888-ci ildə filosof Nikolay Qrota məktubunda yazırdı: “Biz təntənəli surətdə Tolstoyun anafemasına (xristianlıqdan çıxarılma, kafir elan edilmə) hazırlaşırıq.” Amma son qərar əlbəttə çardan gəlməli idi. Çar III Aleksandr da sanki gələcəyi görürmüş kimi bildirmişdi ki, bu miqyasda yazıçının anafema olunması ancaq zərər verə bilər: “Mən onun başına əzabkeş tacı qoymaq istəmirəm.” Onun oğlu II Nikolay isə atasının xəbərdarlığını diqqətə almadı. Tolstoyun Kilsədən qovulması 1901-ci ildə baş tutdu. Nəticədə Tolstoyun məşhurluğu birə min artdı. Belə çıxır ki, “yazıçı-dövlət” qarşıdurmasında uduzan dövlət oldu.

Qarşıdurma isə olduqca ciddi idi. Bu hadisə xüsusilə Tolstoyun nəşriyyat işlərinə təsir etdi. Onun xalq üçün kitablar buraxan “Posrednik” adlı firması həmişə senzuranın sərt hücumlarına məruz qalırdı. 1885-1889-cu illər arasında bütün kitablarının ümumi tirajı 12 milyonu keçməmişdi. Halbuki daha çox ola bilərdi. Amma olmadı. Çap məsələləri üzrə Baş İdarənin rəisi Yevqeniy Feoktistov bu haqda fikirlərini bildirməkdən belə çəkinmirdi: “”Posrednik”dən iyrənc heç nə yoxdur və ola da bilməz.”

Daha böyük təhqirlər

Hansı “iyrənc”likdən söhbət gedir? Özünüz qiymət verin. Dostoyevskinin “Karamazov qardaşları” romanının parçalarının xalq arasında yayılmasına imkan verilmirdi. Daha dəqiq desək “Ağsaqqal Zosima” bölməsi “pravoslav inancı ilə üst-üstə düşmədiyi” üçün qadağan olunurdu. “Gündəlik istifadə üçün atalar sözləri”ndə “müqəddəslərin siyahısı və çarlıq xanədanının cədvəli” olmadığı üçün kitab qadağan edilmişdi. Ən çox da “Tanrı gücdə yox, həqiqətdədir” deyiminin çıxarılması tələb olunurdu.

Güman etmək olar ki, Tolstoy belə şeylərə görə qaçmışdı. Doğrusu bu da kifayət etmir. Amma o,nə təzyiqlərə, nə də təhqirlərə fikir verirdi. Hətta İoann Kronştadtskinin onun ölümü üçün mətbuatda dua etməsi də vecinə deyildi: “İlahi, bu zalım və islahedilməz Lev Tolstoyu al apar Yer üzündən!” (“Novosti dnya” qəzeti, Moskva, 14 iyul 1908-ci il). O, qarğışını gündəliklərində daha bədii ifadə eləmişdi: “İlahi, özünün təşəxxüsü ilə dünyanı alçaldan bu üfunətli meyidi al apar.” Oxşar həngamə Tolstyoun kafir elan olunmasından həmən sonra başladı və düz on il davam elədi. Məsələ getdikcə mənasızlaşmış, hətta anekdot halını almışdı. Moskva Ayıqlar Cəmiyyəti Tolstoyu öz sıralarından ona görə xairc eləmişdi ki, qraf,“Cəmiyyətin fəxri üzvü və dahi rus içki içməyəni” daha provaslav sayılmırdı.

Tolstoy isə rahat idi. İşləyir, düşünür, torpaq becərirdi. Və birdən üz çevirib qaçmaq. Plansız və səbəbsiz. Özü də məlum olduğu kimi ölümə qənşər. Bəlkə ölüm də yox, nəsə başqa bir şeyin görüşünə tələsirmiş?

Tolstoy sadəcə evində tapmağa ümidini kəsdiyi ali həqiqəti axtarmağa yollanmışdı. Bəlkə də tapmışdı./sim-sim.az

# 1235 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #