news-inner
clock16:01 calendar-gray 06 Dekabr 2020 view-gray1264 dəfə oxunub
view-gray1264 dəfə oxunub

Azərbaycan ədəbiyyatının şedevr hekayəsi - Mətn

Kulis.az yazıçı Ənvər MəmmədxanlınınAzərbaycan ədəbiyyatının şedevrlərindən sayılan "Buz heykəl” hekayəsinitəqdim edir.

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatıldayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.

Və indi ağappaq bir zülmət içində günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir.

O gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır.

Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük torpağa tərəf gedir.

Qarşıda sahilləri meçəlik böyük bir çay var, cəbhə xətləri o çay yaxasından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.

Və ana tələsir, hava işıqlanmamış o özünü cənhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına – azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istsi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.

Ana nəfəsini dərmədən gedir, yıxılır, qar içində batıb qalır, çırpınır, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.

Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılınc kimi kəsir və anaya elə gəlir ki, bu qılınc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacalanmış gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.

Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır, ana o ağaclara doğru gedir, qucağındakı körpəsi ilə o ağaclara söykənib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyəsə istinad etmək üçün bu sonsuz qarlı çöllərdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur...

Şaxta isə buzlu bir alov kimi anaın üz-gözünü qarsır və ana ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sinəsi üstünə buz bağlamış bir dünyanın ağırlığı çökəcək...

Lakin ana ürəyində ağlayan qorxuya üsyan eləyir – qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə də ana ürəyinin hərarəti sönməyəcək və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!

Və ana kəskin bir hərəkətlə əynindən yun jaketini çıxardır və bərk-bərk körpəsini büküb bürgələyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca iliklərinə işləyən soyuqdan vücudu tir-tir əsib titrədikcə anaya yenə elə gəlir ki, bu donan, bu titrəyən körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.

İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa gümanı yoxdur və istinadı yalnız budur ki, söykəndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əlilə əynindən nəsə qopardır və bir əlilə əynindən nə qopardırsa hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtür – qorxma tifilim, qorxma, ufacığım, son nəfəsimin istisi də sənindir.

Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür ana şaxtanın buz zəncirilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır. Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur...

***

Ovxarlanmış bir qılınc tiyəsi kimi kəskin işığı ilə göz qamaşdıran şaxtalı bir səhər açılmışdır.

Və iki ağ sütun kimi göyə ucalan qoşa ağcaqayın ağacları qarşısında çiyinləri ağxalatlı üç nəfər dayanmışdır.

Onlar gecə kəşfiyyatından qayıdan üç nəfər gənc döyüşçüdür, indi hər üçü başlarını açıb yerlərindən qımıldanmadan, gördükləri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıqları bu mənzərəni unutmayacaqlar...

Bu donmuş gənc bir qadının buzdan tökülmüş bu heykəlidir.

Və onlar, üç nəfər gənc döyüşçü müqəddəs bir mehrab qarşısında dayanmış kimi nəfəslərini udublar. Nə vaxtdan bəri gəlib burda dayanıb durduqlarını unudublar və daş kimi ürəklərindən asılan hissin ifadəsi söz xaricində qaldığı üçün susublar!

Nəhayət onlardan biri yerindən tərpənir, nə isə bilinməz bir qüvvə çəkib onu irəli aparır, yaxınlaşır, donmuş qadının buz heykəli qarşısında dayanır və bir an tərəddüddən sonra hansı bir sövq-təbii hissin və daha artıq dəlicəsinə bir ümidin təlqini ilə ananın qolları arasındakı üstü buz bağlamış düyünçəni yoxlayır, həyəcandan titrəyən barmaqları ilə qarı çırpır, dırnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qopardır və ürək döyüntüsü ilə buz altındakı örtükləri çözür, açır, dağıdır və birdən... Ordan, düyünçənin dərinindən kiçik bir varlığın baxışları gözlərinə zillənirkən, bütün gözlədiklərinə və gözləmədiklərinə rəğmən bu ansızın körpə baxışlarına səksənir, döşündən itələnmiş kimi bir addım geri sıçrayır və sonra dönür təlaş içində ona baxan yoldaşlarına, susub durmuş bu sonsuz qarlı çöllərin səssizliyinə və donmuş, buz bağlamış bütün bu dünyaya üz tutub qıy vurur:

- Körpə sağdır, uşaqlar, eşidin, körpə sağdır və qoy bütün dünya eşitsin, körpə sağdır!..

Və o vaxt ki, hər üçü baş-başa verib ana qucağındakı körpənin üstünə əyilir, baxırlar, gözlərinə inanmırlar, boğazlarında düyünlənən qəhərdən heç biri heç bir söz deyə bilmir, səhər işığından gözləri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə onlara baxır və gülümsəyir – dəfələrlə od-alov içindən keçmiş üç gənc döyüşçünün gözlərində yaş durmur və hər üçü əllərinin tərsilə gözlərini silirlər.

Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar və yerə kimi səcdə edərək, son dəfə ananın buz heykəli qarşısında baş əyirlər.

Vaxtdır - geri dönməlidirlər və hər üçü bir-birin arxasınca sıraya düzülüb geri dönürlər – və körpəni növbə ilə bir-birindən alıb sinələri üstündə aparırlar və hər dəfə körpə kimin qucağında gedirsə digər ikisindən biri öndə, biri arxada körpənin keşiyində mövqe tutub addımlayır.

Və indi gənc ananın buz heykəli artıq onlar üçün tuncdan tökülmüş əbədi bir heykəldir ki, ana ürəyinin ölməz şücaətini təcəssüm etdirən ən möhtəşəm bir abidə kimi həmişə onların xəyalında həkk olub qalacaqdır...

Bakı, 1944.

C.Məmmədquluzadə"Poçt qutusu"

Y.Səmədoğlu"Bayatı-Şiraz"

Ə.Əylisli"Ürək yaman şeydir"

C.Məmmədquluzadə"Usta Zeynal"

Y.Səmədoğlu"Astana"

Ə.Haqverdiyev"Bomba"

Anar"Gürcü familiyası"

A.Məsud"Sərçələr"

M.F.Axundov"Aldanmış kəvakib"

S.S.Axundov"Qaraca qız"

Ə.Haqverdiyev"Mirzə Səfər"

Ə.Əylisli"Nənəmin tütün kisəsi"

V.Nəsib"Omaroğlunun qayıtması"

Şahmar"Köynək"

Qan Turalı"Şaxtababanın qətli"

Anar"Asılqanda işləyən qadının söhbəti"

A. Məsud"Dovşanın ölümü"

C. Məmmədquluzadə"Qurbanəli bəy"

Ş. Ağayar"Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

news-inner-user

18092 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tağıyevin gənc arvadının soyadını götürdü, Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?
15:02 04 Mart 2021
Cavanşir Məmmədovun çırtması, pampersli quzu
13:10 04 Mart 2021
"Neftlix"dən yenilik - Smartfonlar üçün əlavə
12:17 04 Mart 2021
Məşhur verilişin dəhşətli yalanı: Müxbirimiz aparıcı qıza necə vuruldu? – Studiyadan Reportaj
11:33 04 Mart 2021
"Şair ağacın altında durub..." - İmtahan mərkəzinə bizdən sual
10:49 04 Mart 2021
Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı – Sabahdan Kulisdə
10:18 04 Mart 2021
Ssenari müsabiqəsinin siyahısı açıqlandı
09:45 04 Mart 2021
Aristotelin ayaqqabısını geyinən İsa - Aqşin Yenisey yazır...
09:01 04 Mart 2021
Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
21:03 03 Mart 2021
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
18:40 03 Mart 2021
“Azərbaycan” jurnalının yeni sayı çap olundu
18:01 03 Mart 2021
Amerikalıları heyrətləndirən şuşalı qadın - Vilayət Quliyev yazır...
17:14 03 Mart 2021
Zibillik oyuncağı – Hekayə
16:15 03 Mart 2021
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
15:24 03 Mart 2021
Bakı bulvarını tikdirdi, bolşeviklərə qoşularaq cümhuriyyətə xəyanət etdi, həbsxanada özünü mələfə ilə asdı - Nazirimizin dəhşətli həyatı
14:30 03 Mart 2021
Azərbaycanlı yazıçı və oğlu koronavirusa yoluxdu
14:00 03 Mart 2021
Sultan Səlimin həyatı film olur
13:44 03 Mart 2021
Şeron Stoun makiyaj fırçası ilə rəsm çəkdi - Foto
12:59 03 Mart 2021
Onlar bu əsərləri ilə tanındılar - Siyahı
12:04 03 Mart 2021
“İlin Press Fotosu” müsabiqəsi keçirilir – Azərbaycanda ilk dəfə
11:56 03 Mart 2021