news-inner
clock12:03 calendar-gray 22 Fevral 2016 view-gray414 dəfə oxunub
view-gray414 dəfə oxunub

Anam intihar etdi, siz etməyin! Ayxanın yazısı

Ayxan Ayvaz

Anam intihar etdiyi gün qar yağmışdı. Pəncərədən yerə ələnən qara tamaşa edirdim. Atamın dostu bunu görüb dedi ki, mənim də anam öləndə qar yağmışdı. Qardaşım o tərəfdən dilləndi: “Mən qarı çox sevirəm”.

Həmin günü xatırlamaq istəmirəm. Elə bil çovğunda, qarlı-tarlı bir havada küçədə qalmısan, evə getməlisən, ancaq heç cür bacara bilmirsən. Mən ağlaya bilməmişdim anamın asıldığını görəndə. Hər tərəfdən çığırtı, ağlaşma səsi ilə qamarlamışdılar məni. Sanki hər kəs mənim də ağlamağımı gözləyirdi.

Ondan əvvəlki axşam atamın yeddisi idi, tələbə yoldaşlarım gəlmişdi. Anam onlarla xeyli danışdı, zarafatlaşdı, üzü gülürdü. Hamı gedəndən sonra məni qırağa çəkib dedi: “Bilirəm, dədəni çox istəyirdin. Amma o öldü. Sən güclü olmalısan, yaşamalısan”. Sonra gözlərimdən öpdü, həmişə belə eləyirdi. Qohum-əqrəba da bizdə qalırdı, hamı yorğun idi, yıxılıb yatdıq.

Deyim biləsiniz ki, heç vaxt ağlayan, zırıldayan, iki dəqiqədən bir əhvalı korlayan adamları xoşlamıram. İstəmirəm sizi də bu hala salım. Sadəcə hər şeyi gördüyüm kimi sizin ixtiyarınıza buraxıram.

Bəlkə də mənim ağlamamağıma səbəb bu idi: anam dünən gecə mənə dəstək olmuşdu, məsləhətlər vermişdi. İndi həmin adamın balaca mismara taxdığı şaldan asıldığını görmək...

Bu hadisəni üstündən beş il keçib. Bu beş ildə beynimdə, düşüncəmizdə həmişə intihar dolaşır, gəzişir, bizə mane olur. Kimsə bu sözü deyəndə o dəqiqə həmin xatirəyə qayıdırıq. Anamın intiharına görə bizə belə deyirdilər: “Sizi niyə başsız qoydu? İndi neyləyəcəksiniz”. İkinci tərəf isə onu haqlı sayırdı: “Gör atanı necə sevibsə, onsuz yaşaya bilməyib. Halaldı. Qəhrəman qadınmış”.

Başa düşə bilmirdim, bu adamlar bizdən nə istəyir. İndi düşünürəm ki, bizim ayaqda qalmağımızın yeganə səbəbi bir-birimizi sevməyimiz olub. Qardaş bacımla nə qədər sözümüz çəp gəlsə də, bir-birimizdən ayrı dura bilmirik. Bunu da bizə anam və atam öyrədib. Yəni biz belə görmüşük.

Heç kimi kədərli notlara kökləmək istəmirəm. Bu yazının yazılma səbəbi ölkədə günü-gündən artan intiharlardır. Bu xəbərlər məni hər dəfə keçmişə qaytarır, o anı gözlərimin qabağına gətirir. Düşünürəm ki, anamın intiharından sonra bizim həyatımızda heç bir müsbət dəyişiklik olmadı. Niyə intihar etdi ki? Bizə baxa bilməyəcəyindən qorxdu? Bu səbəb deyil axı. Mənim anam çox zirək qadın idi, nə çətinliklərin öhdəsindən gəlmişdi. Onun intiharı mənim həyatımda heç vaxt tapa bilməyəcəyim böyük bir sualdır.

Bu sözlərlə nə demək istəyirəm? Hər gün intihar xəbəri ilə qarşılaşırıq. Çoxusu borca, bəzisi isə sevgiyə görə deyir. Ancaq bir düşünün: siz intihar edirsiniz, arxanızda isə sizi sevənlər qalır. Hansısa ailənin məsuliyyətini siz daşıyırsınız, atasız, anasız, qəfil borca görə intihar edirsiniz və bütün bu məsuliyyət balaca uşaqların çiyninə qonur. Anam intihar edəndə bizim yaşımız elə də balaca deyildi. Ancaq indi də onun yoxluğunu hiss edirəm. Bəzən çıxılmaz vəziyyətdə qalıram, hansısa sorunumuzu çözə biləcək adamın o olacağını düşünürəm. O isə yoxdur. Düzdü, biz artıq bu hadisənin şokundan uzaqdayıq, ancaq dediyim kimi, sarsıntı daim içimizdə dolaşır, bizə əziyyət verir.

Mən anamı nə qınayıram, nə də ki, təqdir edirəm. İntihar heç də qəhrəmanlıq deyil. Bütün hallarda geridə qalan sevdiklərin çox pis vəziyyətə düşür. Neçə adamın psixologiyası darmadağın olur. Bəzən sən intiharı çıxış yolu kimi seçirsən, ancaq o seçim başqalarının həyatını puç edir.

Küçədən eşidilən mahnı səsi, ağacların yaşıllığı... Bir uşağın çərpələng uçurmasına tamaşa etmək... Kiməsə gül bağışlamaq...

Ən adi şeylərdən xoşbəxt olmaq... Bir şeirlə, bir sözlə üzündə təbəssüm yaratmaq çətin deyil. İnsan istəyərsə, beynindəki pis fikirləri kənara qoyarsa, içindəki sönən işığı yandırarsa, o zaman ən böyük çətinlik belə həll olunar.

Heç bir kitab intiharı təbliğ etmir. Bütün gözəl şeirlər insanı yaşamağa səsləyir.

Bir dəfə bacım demişdi: “Mama ayaqları ilə yerdəki şüşələri qırmışdı. Özünü asandan sonra peşman olubmuş, sən demə. İstəyirmiş ki, xilas olsun”.

İntihar edənlərin hamısında bu hiss olub. Yaşamaq çox gözəldir. Onsuz da ölüm hamımıza gələcək. Zen-buddizmdə deyilir ki, bir anı doya-doya yaşamaq lazımdır. İnsan bir anın ömrünü uzada bilər, onu o gözəlliklərlə süsləyə bilər. Ona görə də hamıya səslənirəm: intihar etməyin, sevdiklərinizi incitməyin. Bir anlıq düşünün ki, sevdiyiniz adamlar sizi həmişə ipdən asılı, ya da qolları kəsik-kəsik xatırlayacaq. Onlara bu əzabı vermək sizə asandır? Axı sizin özünüzü öldürməyiniz neçə adamın həyatını zədələyir. Bu zədə ilə yaşamaq çox çətindir.

Beyninizdə intihar fikri dolaşanda Nazim Hikmətin şeirlərini oxuyun, ya da çıxın hava alın, komik bir filmə baxın, ağlınıza özünüzdən daha faciəvi durumda olan adamları gətirin, Afrikada aclıqla, yaşamaqla mübarizə aparan cocuqları, bir insanın intiharının nə qədər adamı yerlə-yeksan edəcəyini düşünün. Sevin, sevilin, yaşamağı həyatınızın ən vacib işi hesab edin. İçinizi xoş şeylərlə, sevgi ilə, barışla, umudla doldurun.

Bu faciəni yaşamış adam kimi istəyirəm intihar fikri ilə yaşayanları ipdən alım, onları xilas edim. Mənim anam intihar etdi, amma siz bunu etməyin. Çünki mən anamı da, bütün insanları da sevirəm...

P.S. Bu yazı kimisə həyata qaytaracaqsa, intihardan daşındıracaqsa, nə mutlu mənə.

news-inner-user
Ayxan Ayvaz

495 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Musiqili Teatr Xocalı haqqında film çəkdi - Video
18:56 24 Fevral 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
18:12 24 Fevral 2021
Yeni iddia: Kennedini Xruşşov öldürdüb
17:35 24 Fevral 2021
Qar yağanda ortaya çıxan 10 azərbaycanlı tipi
16:50 24 Fevral 2021
Azərbaycanda yeni teatr yaradıldı
16:02 24 Fevral 2021
Puşkin və 44 günlük Vətən müharibəsi – Cavid yazır...
15:13 24 Fevral 2021
Jerar Depardye təcavüzdə günahlandırıldı
14:22 24 Fevral 2021
101 yaşlı şair vəfat etdi
13:38 24 Fevral 2021
Sonuncu qar - Gənc şairin yeni şeiri
12:51 24 Fevral 2021
Ona Bakının Alen Delonu deyirdilər, son filmini çəkib Azərbaycandan getdi... - “Dədə-Qorqud”un Turalı necə Mark Jozef oldu?
12:10 24 Fevral 2021
Hamı bir-birini didməyə hazırdır - Sevda yazır...
11:30 24 Fevral 2021
Xalq artisti Nuranə Nurun sözlərinə mahnı oxuyub - Video
11:01 24 Fevral 2021
Əhmədiyyə Cəbrayılov haqqında sənədli film çəkilir
10:30 24 Fevral 2021
Öz ayaqlarına yıxılır adamlar – Aqşin Yeniseydən Günün şeiri
10:01 24 Fevral 2021
Gənc şair: “Davamlı olaraq qız aldadıram” – Müsahibə
09:02 24 Fevral 2021
Həsən Turabovun qızı: “Ona dedim, atamı sən öldürmüsən” – Müsahibə
21:00 23 Fevral 2021
"Yeni alınma sözlər lüğəti" nəşr olundu
19:35 23 Fevral 2021
"Tıq-tıq xanım" ingilis dilinə tərcümə edildi
18:42 23 Fevral 2021
"Çığırtı" əsərinin daha bir sirri açıldı
17:50 23 Fevral 2021
Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn edilib – FOTO
17:30 23 Fevral 2021