news-inner
clock10:15 calendar-gray 27 Dekabr 2020 view-gray5858 dəfə oxunub
view-gray5858 dəfə oxunub

Oqtay Kazıminin oğlu: “Atamın anamdan xəbərsiz uşaqları vardı” - Müsahibə

Kulis “Atamın xatirəsi” layihəsindən mərhum bəstəkar Oqtay Kaziminin oğlu İlqar Kazımovla müsahibəni təqdim edir.

...Onun jurnalistlərlə, müsahibə verməklə heç arası yoxmuş. Zəng eləyib görüş istəyənlərin çoxuna cavabı beləymiş: “Vaxtım yoxdu, get, nə istəyirsən, özün yaz...”

Xalq artisti, bəstəkar Oqtay Kazimi ilə söhbət eləmək, onu suallarıma cavablarıyla tanımaq mənə də qismət olmayıb. Sənətkarın haqqında bilgilərim təkcə sənət dostlarının dediklərindən, bir də səsin sehriylə yaratdığı mahnılarının qulağıma, ordan da ürəyimə, duyğularıma pıçıldadıqlarından qanadlanıb...

Kimiydi Oqtay Kazimi? Onun haqqında nələri bilmirik?

Bu suallara cavab almaq imkanını mənə bəstəkarın oğlu – İlqar Kazımov verdi:

- Əslimiz Cənubi Azərbaycandandı. Atamın atası Məmməd babam İrandan Masallıya köçüb. Ordan Lənkərana, sonra da Astaraya. Atam Astarada doğulub. 3 qardaş 2 bacı olublar. Bir bacısı ruhi xəstəymiş, özünü quyuya atıb ölüb. Atamın anası Rəhilə nənən savadlı olub, Astarada mama-ginekoloq işləyib. Babamsa mühasibmiş.

- Deməli, ailədə musiqiçi olmayıb. Maraqlıdı, atanızın musiqiyə həvəsi hardan yaranıb?

- Bizim nəsildə o vaxt da, indi də, atamdan başqa musiqiçi yoxdu. Atamınsa uşaqlığından musiqiyə həvəsi varmış. Balaca olanda özü taxtadan tar düzəldib. Qonşu uşaqları başına yığıb çalırmış. Nənəmsə atamın həkim olmağını istəyirmiş. Atam da onun arzusuyla tibb fakültəsinə daxil olur. Amma burda çox az oxuyur. Ordan çıxıb Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə daxil olur. Xor-dirijorluq fakültəsində oxuyur, Haçı Xanməmmədovun sinifində. Sonra da Konservatoriyaya – bəstəkarlıq fakültəsinə girir. Cövdət Hacıyevdən dərs alır.

- Nənəniz də anlayır ki, ondan heç vaxt həkim olmayacaq…

- Nənəm atamın tibb fakültəsini atdığını bilmirmiş. Atam əvvəl bunu gizlədib. Bir müddətdən sonra deyib.

- Onlar necə qarşılayıblar bu sürprizi?

- Bilmirəm, yəqin, tabe olmaqdan başqa yolları qalmayıb. Atamdan bu barədə heç nə eşitməmişəm. O, özü haqqında danışmağı, gileylənməyi sevməzdi. Onun uşaqlığı, keçmişi barədə çox şeyi başqalarından eşitmişəm. Atam qapalı adamıydı, bir otağa çəkilib saatlarla siqaret çəkərdi. O qədər çəkərdi ki, tüstü-dumanın içində görünməz olardı. Sonra bilirdik ki, yeni mahnı bəstələyib.

- Mahnıları belə yazırdı?

- Həə, uzun müddət - bir il, il yarım belə yaşayırdı. İçirdi, çəkirdi, yazırdı… Sonra dəyişirdi, iki il içmirdi, hamı kimi olurdu. Həmin müddətdə bir mahnı belə yazmırdı. Sonra yenə başlayırdı içməyə…

Mahnı tam hazır olana kimi biz bir notunu da eşitmirdik. Çünki, mahnını əvvəlcə beynində bəstələyirdi. Tam hazır olandan sonra pianinoda çalırdı. Bir də görürdük ki, gecə saat üçdə Cabir Novruza zəng elədi. Deyirdi, Cabir, qulaq as, gör, mahnının nəqəratı necə alınıb? Cabir Novruzla dost münasibətləri varıydı. Onun sözlərinə çox mahnı yazmışdı.

- İndiyə kimi nə qədər mahnı yazıb, sayını bilirsiz?

- 200-ə qədər olar. Elə mahnıları var ki, hələ üzə çıxmayıb, elə not üzərində qalıb. Ən yaxşı mahnılarını 60-cı illərdən 80-ci illərə kimi bəstələyib. Azərbaycanda ilk rok operasını da o vaxtlar yazıb. 80-ci illərdə həkimlərdən ibarət bir caz qrupu da yaratmışdı… Onun yaradıcılığının ən gözəl vaxtları mənim uşaqlıq illərimə düşür. Amma biz onun içməyini, mahnı yazmağını istəmirdik. İçəndə çox əsəbi olurdu, adi şeylərə görə evdə dava salırdı. Ona görə də, deyirdik, heç nə yazmasın, təki sakit olsun. Əsəbi olmağında başqa səbəblər də vardı. Sovet dövründə onu sıxışdırırdılar, bəzi mahnılarına siyasi rəng verirdilər. Buna görə atam evə əsəbi gəlirdi, hirsini anamın üstünə tökürdü.

Qəribə bir xasiyyəti də varıydı, içməyən vaxtında kiməsə zəng eləyəndə özünü Oqtay Kazımov kimi təqdim eləyirdi. Elə ki içdi, deyirdi, danışan Oqtay Kazimidi. Anam da zarafatla soruşurdu ki, nooldu, niyə Kazımov Kazimiyə döndü?

- Bəs sənəddə necəydi?

- Kazımov. Sovet dövründə çox istədi ki, dəyişdirib Kazimi yazdırsan, icazə vermədilər.

- Atanız yaddaşınızda daha necə qalıb?

- Atam heç kəsə tabe olmağı sevmirdi. Heç bir işdən ötrü kiməsə ağız açmazdı. Hətta çox ehtiyac içində yaşadığımız dövrdə belə, heç kəsdən nəsə xahiş eləməyib. Həm də, çox sadə adamıydı. Yazdığı mahnılara görə müğənnilərdən pul götürməzdi. Ağadadaş Ağayevə iki-üç mahnı yazmışdı. Ağadadaş deyirdi ki, Oqtay müəllim, nəyəsə ehtiyacınız olsa, gəlin mənim yanıma. Amma atam heç vaxt ona ağız açmırdı. Xanım İsmayılqızı bizimlə qonşu idi. O vaxtlar təzə-təzə mahnı yazırdı. Bir dəfə mahnı gətirdi ki, atam onu nota alsın. Gedəndən sonra gördük ki, stolun üstünə 200 manat qoyub. Atam hirsləndi, zəng vurub dedi, gəl, pulunu götür. O da gəlib götürdü, əvəzində atama konyak hədiyyə elədi. O da konyakı aldı, dedi, bu başqa məsələ. Atam pulgir adam deyildi. Şan-şöhrət, fəxri ad… belə şeylər heç vaxt onu düşündürməyib. Rəhmətlik Cabir Növruz ona həmişə kömək eləyib, o, atamı qorumağa çalışıb. Yadımdadı, Bayılda balaca evimiz vardı. “Ey həyat, sən nə qəribəsən?” mahnısını orda yazmışdı. O vaxt Həsən Həsənov vəzifədəydi. Cabir Novruz gedib ona demişdi ki, bu mahnını eşitmisən? Həsən Həsənov cavab vermişdi ki, həə, çox yaxşı mahnıdı. Cabir Novruz dayıtmışdı ki, bax o mahnını yazan bəstəkarın fərli-başlı bir evi yoxdu. O vaxt Həsən Həsənov atama ev bağışladı. Yasamalda. Sonra o evi satdıq. Bir dəfə də, Əbülfəz Elçibəyin köməkçisi atamı yanına çağırıb demişdi ki, Oqtay müəllim, nəyə ehtiyacınız var? Nə lazımdırsa, kömək eləyək. Atam demişdi, mənə heç nə lazım deyil.

- Bəs ata kimi necəydi?

- Bizə o qədər də vaxt ayırmayıb. Çox az hallarda bizi gəzməyə aparardı. Daha çox anamla olardıq, qayğılarımızla, o, məşğuluydu. Amma yadımdan heç çıxmaz, həyətdə hamının “roliki” vardı, mənim yox. Atamın pulu da yoxuydu ki, alsın. Bir gün məni şəhərə apardı, sonra həmin “rolikdən” aldı. Atamın heç vaxt çox pulu olmayıb. Əlinə pul gələn kimi dağıdırdı, dostlarıyla yeyib-içirdi…

- Ananız bunlara dözürdü?

- Həə, bizi dolandırmaq üçün anam özü də işləyirdi. O da musiqiçidir axı. Konservatoriyanı bitirib. Atamın tələbəsi olub.

- Doğrudan? Deməli, orda tanış olublar…

- Həə, seviblər bir-birlərini. Anam atamdan 10 yaş kiçikdi. Anam danışırdı ki, nişanlıydıq, möhkəm yağış yağırdı, küçələri su basmışdı. Atam onu qucağına alıb küçəni keçirib. Atam anamı çox istəyib, ona görə ailəsindən ayrılıb.

- Deməli, ailəliymiş?

- Anamdan əvvəl bir yəhudi qadınla evli olub. İki qızları varmış. Sonra anamla evlənib. Amma anam da son olmayıb. Bir aktrisa ilə sevgi macəraları yaşayıb. Bir təsadüfsə bu sirri açdı.

- Maraqlıdı…

- 132 saylı məktəbdə oxuyurdum, ikinci sinfə keçmişdim. Bir gün anam eşidir ki, həmin məktəbdə Oqtay Kazımovun bir oğlu da oxuyur, 1-ci sinfə gedir. Anam fikirləşir ki, bu necə ola bilər, axı onun 1-ci sinfə gedən uşağı yoxdu. Qardaşım məndən də böyük idi. Araşdırır, sən demə, bu uşaq atamın həmin aktrisadan olan oğluymuş.

- Ananızçün ağır sürpriz olub…

- Həə. Evdə dava qopdu. Anam boşanmaq istədi, atam razı olmadı. Nəysə, axırda anam sakitləşib oturdu. Məni həmin məktəbdən çıxarıb başqasına qoydular.

- Atanız aktrisayla əlaqəni kəsdi?

- Yox. Anamla dalaşan kimi pal-paltarını götürüb onun yanına gedirdi. Aylarla orda qalırdı. Əslində, atamın həyatında çoxlu qadınlar olub, biz bir-ikisini bilirik. O, həyatını sevgisiz yaşamayıb. Yəqin, elə ona görə də sevgi haqqında elə gözəl mahnılar yazıb…

- Bütün bu sevgilərdən neçə uşaq doğulub?

- Beş: iki bacı, üç qardaş.

- Atanız sizi o biri uşaqlarıyla görüşdürürdü?

- Həə, yadımdadı, hərdən bizi bacılarımızla gəzməyə çıxarardı.

- İndi onlarla əlaqəniz var?

- Qardaşımla görüşürük. Amma bacılarımız Bakıdan İsrailə köçüb getdilər, əlaqəmiz kəsildi…

- Atanızın son günlərini necə xatırlayırsan?

- Ağciyər xərçəngi idi. Bunu ondan gizlədirdik. Təxminən 20 gün xəstə yatdı. Son günlər tez-tez saatı soruşurdu, nədənsə…

- Son yazdığı mahnı hansıdı?

- 2002-dən içkini atdı, elə o vaxtdan da heç nə yazmadı. Son mahnısı “Çevik polis alayı” oldu. Qardaşım polisdi. Atamdan xahiş elədi ki, polislərə də bir mahnı bəstələsin. Atam da yazdı. Son illər deyirdi ki, mahnı yazmağa əvvəlki enerjim, həvəsim qalmayıb… Gümüşü rəngdə bir diplomatı vardı. Mahnılarının not yazılarını, siqaretini, qələmini ora yığardı. O diplomatsız heç vaxt evdən çıxmazdı. Anam hamısını saxlayır. Qəlyanını da.

Səfurə Çərkəzqızı

2016

news-inner-user

19115 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

7 yaşında atasını güllələdilər, Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi, ərinin öldüyünü axıracan bilmədi – Nigar Rəfibəylinin film kimi həyatı
21:00 23 İyun 2021
Mədəniyyət Nazirliyindən yeni kampaniya
18:44 23 İyun 2021
Dodaqların əriyən şamdır - Yeni şeirlər
18:03 23 İyun 2021
Bəsit forma oyunları – Gənc şairləri tənqid etdilər
17:15 23 İyun 2021
Filmimiz beynəlxalq mükafata layiq görülüb
16:28 23 İyun 2021
Ukraynanın yumor şousunda Bakı komandası da yer aldı
15:47 23 İyun 2021
Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri davam edir
15:01 23 İyun 2021
Azyaşlı qızla evləndi, arvadı onu yatdığı yerdə tərk elədi, eyvandan yıxılıb öldü – “Arşın mal alan”ın talesiz Soltan bəyi
14:20 23 İyun 2021
Azərbaycan Beynəlxalq Film Festivalında təmsil olunub
13:41 23 İyun 2021
Nazirlik Qarabağdan film çəkmək istəyirsə... – Sevda Sultanova yazır
12:59 23 İyun 2021
"Fəlakət" boşandı
12:49 23 İyun 2021
Fərid Hüseynin kitabı Moldovada çap olunub
12:25 23 İyun 2021
Xanım şairimizin ən gözəl sevgi şeiri – Mətn
11:50 23 İyun 2021
Yaşı keçmiş subay kişilərin qorxuları - Günel Natiq yazır...
11:12 23 İyun 2021
Millət vəkilindən ilginc açıqlama: “Hüseyn Cavidi oxuya bilmədim”
10:38 23 İyun 2021
“Yaxından” adlı sərgi açılıb
10:04 23 İyun 2021
Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
09:01 23 İyun 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021