Belə məsləhətdi!.. - Vidadi Həsənov yazır

Belə məsləhətdi!.. - Vidadi Həsənov yazır
26 yanvar 2016
# 13:21

Kulis Əməkdar artist, “Yuğ” teatrının aktyoru Vidadi Həsənovun “Belə məsləhətdi!..” yazısını təqdim edir.

Belə məsləhətdi!..

Yaxşı sözdü.

Yaxşı da sözdü?

Yaxşı, yaxşıdan da yaxşı sözdü.

Be-lə məs-lə-hət-di!..

Hə, burası belə, qərdeşimin – qərdeşi. İndi isə gəlim mətləb üstünə. Yani və yəni sözümün məmmədqulusuna, qəmbərqulusuna və quqqulu-qusuna. Son vaxtlar YUĞ teatrının gələcək taleyindən və onun binası ilə bağlı məsələlərdən hamı yazır, hamı danışır. Sağ olsunlar! Mən, hətta, yazmayanlara, danışmayanlara da təşəkkürümü bildirirəm. Bizi – teatrın ağsaqqallarını, ağbirçəklərini susmaqda qınayanlara və suçlayanlara – yani və yəni bir işarədən anlayıb-duyanlara isə heç kəs eşitməsin deyə astadan deyirəm: “Qərdeşimin-qərdeşi, guyam xoruz banlamasa, səhər açılmayacaq?!.” Əlbətdə, açılacaq, nöşün ki...

Belə məsləhətdi!..

Dillərdə “Sovetski” deyilən, əski adı isə “Bayırşəhər” olan ərazi sökülür. Əgər, sökülürsə, deməli...

Belə məsləhətdi!..

Əuzu-billəhi-minəş-şeytanir-racim! Şəhri-Bakımızda da tərsə-məzhəb, yani və yəni əndirəbadi bir teatr var, hansının ki, adına “YUQ”, “YUX” və “YUĞ” deyirlər, hansında ki, bəzi ağzıgöyçək sənətçi dostlarımızın dili ilə desək “istedadsız-bacarıqsız” boalar, “barsız-bəhrəsiz” baobablar yetişib-qocalır, indi bu teatrın binası da məzhəbsizlikdənmi, tərslikdənmi, əndirəbadilikdənmi gəlib vaqe olubdu bu irəməyə bənzər irəmdə. Və halon ki, belədi, onda qəzavü-qədər də gərəkdi ki, çatlasın o binanı və orda “hoqqabazlıq edən oyunbazların” başında. Nöşün ki, qərdeşimin-qərdeşi, birmincisi – hər şey fələyin əlindədi, ikimincisi...

Belə məsləhətdi!..

And olsun filan-filana, atalarımızın kitabında da, analarımızın dəftərində də, hətta Ana Yasamızda da birər-birər yazılıb ki, filan-filanı filan-filan eləmək qəti olmaz, amma... Yani və yəni tarixi abidələri sökmək, uçurmaq, dağıtmaq, viran qoymaq, məhv etmək, yerlə-yeksan eləmək, yer üzündən silmək ən azı cinayətdi, ondan da az qədər günahdı, amma... Üstəlik AMEA-nın müvafiq qurumları da rəsmi qaydada bildirirlər ki, əyər filan-filanı işdi filan-filan eləsəz, onda filan-filan qanunları filan qədər pozmuş olacaqsız, amma... Vallah-billah-taallah, sizi bilmirəm, şəxsən mən heç vaxt inanmayacam ki, hansısa bir azərbaycanlı məmur “sökülsün!” deyə göstəriş verəcək, hansısa bir azərbaycanlı iş icraçısı “dağıdın!” deyə əmr verəcək, hansısa bir azərbaycanlı “buldozersürən” heyfslənmədən “Ya Allah!” deyib bu binanı uçuracaq, amma... Deyəsən, elə məsələ də burdadı, yani və yəni, guyam ki, torbada ərəb... yox ey, torbada pişik var, babalı deyənlərin boynuna, amma... Yox, heç vaxt inanmaram ki, bizimkilər bu bapbalaca tarixi və mədəni abidəni – teatrı filan-filan eləsinlər. Əşşi, guyam eləsələr nolacaq ki, bu filan-filan dağılmayacaq ki?!. Amma... həə, bax bütün bu “amma”ların bir balaca “əmma”sı var, qərdeşimin-qərdeşi, yani və yəni...

Belə məsləhətdi!..

Mən inanıram – dünyanın dörd bir tərəfindən Vaqif İbrahimoğlunu, YUĞ teatrını, onun sənətçilərini tanıyan həmkarlarımızın diqqətçəkən münasibətinə etinasız yanaşılmayacaq.

Mən inanıram – alimlərimizin, ziyalılarımızın, sənətçi dostlarımızın, teatrsevər vətəndaşlarımızın arzu və istəyi cavabsız qalmayacaq.

Mən inanıram – Mədəniyyət və Turizm Nazirliyi yaranmış vəziyyətin müsbət həlli üçün hər şeyi edəcək.

Mən inanıram – qəti şübhəm də yoxdu, Dövlət Orqanları hazırkı durumdan çıxış yollarını axtarırlar.

Mən inanıram – nəinki Azərbaycanda, hətta dünyanın bir çox yerlərində mədəni və mənəvi abidələrin qorunmasında müstəsna xidmətləri olan ölkəmiz kiçicik bir tarixi və mənəvi abidəyə mütləq və mütləq sahib çıxacaq.

Mən inanıram - əyər bir evin qapısını döyürlərsə, demək o evin kişisini soruşurlar. Həmin o evin kişisi də qapısını döyən adamı heç vaxt naümüd yola salmır. Niyə, neyçün, nə səbəbə? Oşün ki...

Belə məsləhətdi!..

Əl-qərəz. Qərdeşimin-qərdeşi, o ki qaldı: “Vaqif yoxdusa, onun teatrı da yox olub gedəcək” – deyən ağzıgöyçəklərə... Əşşi, qoy onlar getsinlər öz işlərinin dalınca. Mənim sözüm bir işarədən anlayıb-duyanlaradı, astadan deyim ki, heç kəs eşitməsin: “Gedən o kişinin cismi idi, ruhu bizdədi!” Niyə bizdədi, çünki...

Be-lə məs-lə-hət-di!..

# 877 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #