Amerikada etirazlara səbəb olan İtaliya filmi - QALMAQALLI FİLMLƏR

Amerikada etirazlara səbəb olan İtaliya filmi - <span style="color:red;">QALMAQALLI FİLMLƏR
12 dekabr 2015
# 09:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində italyan rejissoru, neorealizmin əsasını qoyan Roberto Rossellininin 1948-ci ildə lentə aldığı “Möcüzə” filmini təqdim edir.

Qeyd edək ki, “Möcüzə” “Sevgi” adlı filmə daxil olan iki novelladan biridir. Jan Koktonun “İnsan səsi” pyesi əsasında hazırlanan melodram bir qadının eşq hekayətini anladır. Federiko Fellininin ssenarisi əsasında ekranlaşdırılan “Möcüzə” isə hamilə qalan qadının əhvalatıdır. Hər iki filmdə baş rolu Anna Manyani oynayır.

“Möcüzə” filminin baş qəhrəmanı Nanni adlı qadın başqalarının keçi sürüsünü otarmaqla çörək pulu qazanır. O, dindardır, hər gün dua edir ki, Tanrı onu öz yanına aparsın və onun mənasız mövcudluğuna son qoysun. Günlərin birində hardansa saqqalı kişi peyda olur. Yeri gəlmişkən, bu obrazı məşhur italyan rejissoru Federiko Fellini oynayır. Nanni saqqallı kişinin müqəddəs İosif olduğunu güman edərək onu göylərə aparmaq üçün yalvarır. Yolçu qadını şəraba qonaq edir. Nanni sərxoş olaraq davranışlarına nəzarəti itirir və bir növ ekstaza çatır. Bu səhnə ilə də rejissor yolçunun qadını zorlamasına eyham vurur. Nanni ayılanda yolçunun getdiyini görür. Amma bu hadisənin realda baş verib-vermədiyini ayırd edə bilmir. Qadının tövbələrini dinləyən qoca keşiş razılaşır ki, ola bilsin, o doğrudan da müqəddəsi görüb. Gənc keşiş isə buna şübhə ilə yanaşır.

Bir neçə ay sonra Nanni hamilə olduğunu öyrənir. Əvvəlcə bu xəbərdən sarsılan Nanni sonra əvvəlcə qorxur, sonra özünə təlqin edir ki, bu, Tanrının lütfüdür. Qadına elə gəlir ki, o bətnində İsa Məsihi gəzdirir, buna görə ağır işlərdən imtina edir. Gənclər ona rişxəndlə yanaşır, ələ salır və çələng əvəzinə başına metal teşt keçirirlər. Nanni insanlardan qaçaraq mağarada yaşayır. Film onunla bitir ki, o kilsəyə gedəndə doğur. Doğuş səhnəsi göstərilmir, əvəzində Nanninin kədərli üzü görünür.

Film İtaliya və Amerikada birmənalı reaksiya doğurmadı. Amerikada katoliklər filmin qadağan olunması üçün etiraz aksiyaları keçirdilər, italyan dindarlar isə narazılıqlarını sadəcə sözlə ifadə etdilər. Hətta 1948-ci ildə film ilk dəfə Venesiya festivalında nümayiş olunanda etirazla qaşılanmadı. Vatikan nəşri olan “L'Osservatore Romano” nun kino tənqidşici Pyero Renyoli Rossellinini dəstəkləsə də, bildirmişdi ki, film dini xarakterli problemlərə rəvac verə bilər. “New York Times” qəzetində isə qeyd edilirdi ki, 1948-ci ilin filmin premyerasından bir neçə ay sonra İtaliyada Katolik Kinematoqraf Mərkəzi onu dini və əxlaqi nöqteyi-nəzərdən iyrənc təhqir adlandırdı. Bununla belə italyan hakimiyyəti filmin bütün ölkədə nümayişinə izn verdi. Katolik partiya olan Xristian Demokratik Partiyasının qəzeti “Il Popolo” da “Möcüzə” haqda müsbət rəy yazılmış, dini təhqir eləməyən canlı, həqiqi, insani film kimi dəyərləndirilmişdi .

Və heç bir italyan tənqidçisi filmi küfr kimi qiymətləndirmədi.

Bu ekran işinin Nyu-Yorkda ilk nümayişini isə Katoliklər Təşkilatı etirazla qarşıladı. Təzyiqlər nəticəsində şəhərin filmlərə lisenziya verən şöbənin rəhbərliyi filmi küfr hesab edərək kinoteatrların rəhbərliyindən onun prokatdan yığışdırmadığı təqdirdə lisenziyanı ləğv edəcəyini söylədi. Katoliklərə görə film inanclı vətəndaşları təhqir edir. Kinoteatrlar güzəştə getməli oldu. Bununla belə Nyu-York ştatının Ali Məhkəməsi qərar verdi ki, heç bir dövlət məmurunun rəsmi lisenziyası olan bədii filmin nümayişinə qadağa qoymaq haqqı yoxdur.

Katoliklər təşkilatının çağırışı ilə yüzlərlə insan filmi boykot edərək onun nümayiş olunduğu kinoteatrlar qarşısında piket keçirdilər. Nəticədə Nyu-York senzura komissiyası filmin nümayişinə olan lisenziyanı götürdü.

Filmin hüququnu əldə edən distribütor şirkəti Ali məhkəməyə müraciət eləsə də, senzura komissiyasının qadağa qərarı dəstəkləndi.

Sevda Sultanova

# 1227 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #