news-inner
clock09:00 calendar-gray 07 Dekabr 2015 view-gray226 dəfə oxunub
view-gray226 dəfə oxunub

Fətəli Xan Xoyski-tariximizin parlaq siması

Bu gün Fətəli Xan Xoyskinin doğumunun 140 illiyidir. O, 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olub. Bu münasibətlə Bakı Dövlət Universitetinin doktorantı Leyla Rəşidin məqaləsini təqdim edirik.

Milli istiqlal ideyaları ilə yaşayıb-yaradan ziyalılar xalqın döyünən qəlbi, düşünən beyni, milli yaddaşın, milli ruhun daşıyıcısı kimi tarixi funksiyanı həmişə ləyaqətlə yerinə yetirmişlər. Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun yaradılmasında böyük xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də görkəmli ictimai-siyasi xadim, istiqlal mücadiləmizin parlaq siması Fətəli Xan Xoyskidir.

Hər şeydən əvvəl, xalq üçün çalışmaq, milli müstəqilliyin, dövlətçiliyin qurulmasına xidmət etmək, millətin gələcək inkişafı naminə yorulmadan, əzmlə fəaliyyət göstərmək görkəmli şəxsiyyətin həyat amalına, məqsədinə çevrilmişdi. Bu amal, qayə isə öz növbəsində, onun mənəvi dünyasından, vətən eşqindən qaynaqlanırdı. Təkcə türk xalqları içərisində deyil, ümumən müsəlman dünyasında ilk demokratik, parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyətinin məhək daşını qoyanlardan biri, milli hökumətin ilk qurucusu Fətəli Xan Xoyskinin çətin, keşməkeşli, lakin şərəfli həyatı, xalqın milli istiqlal mübarizəsinə həsr edilmiş bütöv ömür yolu tariximizin şanlı səhifəsini təşkil edir.

Fətəli Xan Xoyski ictimai mənşə etibarilə Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur xoyskilər nəslinə mənsubdur. Atası İsgəndər xan rus ordusunun general-leytenantı olmuş, babası İsmayıl xan Xoyski və ulu babası vaxtilə Xoy xanı olan Cəfərqulu xan keçən əsrin əvvəllərində Şəki xanlığına rəhbərlik etmişlər. İbtidai təhsilini Şəki şəhərində alan Fətəli xan Gəncədə klassik gimnaziya təhsili görmüş, sonradan isə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

Hələ tələbəlik illərində gənclər hərəkatına qoşulan Xoyski çar Rusiyasının xalqlar arasında apardığı ikili siyasətin, ayrı-seçkiliyin şahidi olur. Bu ədalətsizlik, siyasi diskriminasiya sonralar onun milli istiqlal amalının, mücadiləsinin rüşeyminə çevrilir. O, Moskva Universitetini təkcə hüquqşünas kimi deyil, eyni zamanda dünyagörüşlü bir siyasətçı kimi başa vurur. Əvvəlcə Gəncə, sonralar Suxumi, Batumi, Kutaisidə ədliyyə sistemində, Yekaterinodar dairə məhkəməsində prokuror müavini çalışmaqla yanaşı, ictimai-siyasi fəaliyyətini də davam etdirir. Peşə fəaliyyəti dövründə humanizmi, xeyirxahlığı, həmçinin prinsipiallığı, qətiyyəti ilə Qafqaz müsəlmanlarının, Azərbaycan türklərinin böyük etimadını qazanan Fətəli xan Gəncə quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilir.

Fətəli xan Xoyskinin bioqrafiyasında 2-ci Dövlət Dumasının deputatı kimi fəaliyyəti xüsusi mərhələ təşkil edir. Rusiya parlamentinin iclaslarında siyasi və iqtisadi tələblərlə çıxış edən cəsarətli millət vəkili çar hökumətinin Zaqafqaziyada, o cümlədən Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini kəskin tənqid edir, hökumətdən Rusiyanın müstəmləkəsindəki xalqlara milli-mədəni muxtariyyət verilməsini tələb edirdi. Torpaqların kəndlilərə paylanması, müsəlmanların azad və hüquq bərabərliyi haqlarının tanınması, onların dilinə və dininə hörmət, 8 saatlıq iş gününə keçilməsi, cümə gününün müsəlman fəhlələri üçün istirahət günü elan edilməsi və s. məsələlər də Fətəli xan Xoyskinin toxunduğu problemlər sırasında idi.

1913-cü ildən başlayaraq Bakı şəhər məhkəməsində andçı - müvəkkil vəzifəsini icra edən Xoyskinin fəal vətəndaşlıq mövqeyi sosial statusunu müəyyənləşdirmişdi. O, Bakı Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının Bakı qurultayının təşkilatçısı və iştirakçısı kimi fəallıq göstərmişdir.

1917-ci il fevral inqilabı, Rusiyada çarizmin devrilməsi ilə imperiya əsarətində olan xalqların, o cümlədən Cənubi Qafqaz xalqlarının milli oyanış dövrü başlayır. Belə bir şəraitdə heç bir partiya mənsubiyyəti olmayan, Vətən və millət mənafeyini özü üçün müqəddəs amala çevirən Fətəli xan Zaqafqaziya Seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində nazir vəzifəsini tutmuşdur.

Fətəli xan Xoyskinin Azərbaycan tarixinə töhfələrindən, millət qarşısında xüsusi xidmətlərindən biri də ordu quruculuğu sahəsindədir. Bu illərdə məhz Fətəli xan Xoyski Zaqafqaziya komissarlığının rəhbərliyi qarşısında nizami Azərbaycan ordusunun yaradılması haqqında məsələ qaldırmış və komissarlığın sədri Y.P.Gegeçkori tərəfindən imzalanmış “Zaqafqaziya Müsəlman ordusu təşkil etmək haqqında” qətnaməyə əsasən, ordunun təşkil olunmasına rəhbərlik etmişdir. Uzaqgörən siyasətçi bilirdi ki, nizami ordunun yaradılması milli müstəqilliyə gedən yol, dövlətçiliyin təməl daşıdır.

Azərbaycanda ibtidai və ali məktəblərin açılması yönündə təşəbbüsü və səyləri Fətəli xan Xoyskinin fəaliyyətində parlaq səhifələrdən birini təşkil edir. Zaqafqaziyanın maarif naziri olduğu zaman Fətəli xan Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürmüş, sonralar bu təşəbbüs Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda təkcə Azərbaycanın deyil, müsəlman Şərqinin ilk universitetinin açılmasında mühüm rol oynamışdır.

Fətəli xan Xoyskinin siyasi həyatının mühüm bir dövrünü Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti təşkil edir. Azərbaycanın istiqlalı haqqında Əqdə imza atan, ilk və ümumilikdə isə üç ardıcıl hökumətin təşkilatçısı Fətəli xan Xoyskinin dövlətçilik fəaliyyəti türk dünyasında, eyni zamanda bütün müsəlman aləmində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinın salnaməsini təşkil edir.

Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri dövründə müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər həyata keçirilmişdir.

Xarici işlər naziri vəzifəsini icra edən Fətəli xan Xoyskinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında da müəyyən xidmətləri olmuşdur. Xoyskinin bu vəzifədə fəaliyyəti Azərbaycan dövlətçiliyinin müdafiəsi baxımından şərəfli tarixdir. Azərbaycan dövlətçiliyinin müqəddəratı ilə bağlı strateji qərarların qəbul edilməsində prinsipial mövqe nümayiş etdirən Fətəli xan Osmanlı dövlətinin yeganə beynəlxalq müttəfiqi olmasına baxmayaraq, türk komandanlığının Azərbaycanın daxili işlərinə qarışmasına qarşı etirazını bildirmiş, dövlətin müstəqilliyini qorumağı prioritet vəzifə hesab etmişdir.

Eynilə bu cür barışmaz mövqedən çıxış edən Fətəli xan kəskin şəkildə ağ qvardiyalı general Denikinin və Bakıdakı erməni quldurlarının əməllərinə göz yuman ingilis generalı Tomsona müraciət ünvanlamışdı. Xüsusilə, Tomsonla söhbəti əsnasında Naxçıvanın Ermənistana verilməsi cəhdlərinin, ermənilərin Qarabağla bağlı ərazi iddialarının gerçəkləşməsinə yol verməyəcəklərini bəyan etmişdir. O, RSFSR-in Xarici İşlər üzrə xalq komissarı G.V.Çiçerinin iddialı notalarına tutarlı cavab verərək Sovet Rusiyası hökumətinə qətiyyətli mövqe bildirmişdir. Göründüyü kimi, Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyi, dövlətin bölünməzliyi məsələsində prinsipiallığını, cəsarətini ortaya qoyaraq vətən sevgisindən qaynaqlanan əzmlə, qətiyyətlə mübarizə aparmışdır.

Fətəli xan Xoyski Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında tanınması xəbərini parlamentdə xəbər verərkən sevinc və qürur hissini: “Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm” - deyə bildirmişdi. Çox təəssüf ki, bu sevinc uzun sürmədi, Rusiya imperialist mövqeyini göstərdi, Azərbaycan işğal olundu, Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycan istiqlalının işğalından sonra vətəni tərk etmək məcburiyyətində qalan Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçuları tərəfindən qətlə yetirilmiş və orada müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

M.Ə.Rəsulzadə yaxın dostu və məsləkdaşı haqqında sonralar yazırdı: “Fətəli xan Azərbaycan tarixinin təşəkkülündə mühüm rol oynamış simalardandır, cümhuriyyətin bolşeviklər tərəfindən istilası zamanı Tiflisə iltica eyləmiş, burada Azərbaycan davasını idarə etməkdə ikən xain bir qurşun qiymətdar həyatına faciəli bir surətdə xitam vermişdir. Fətəli xanın bu surətlə həyat səhnəsindən çəkilməsi Azərbaycan istiqlalının həsrəti ilə dağüdar olan könüllərdə silinməz bir təsir buraxmışdır”.

Fətəli xan Xoyski şərəfli həyatı, ictimai-siyasi fəaliyyəti, milli-istiqlal mücadiləsi ilə Azərbaycan xalqının taleyinin bir parçası, məhz bu gün də qürurla xatırladığımız tarixi şəxsiyyətlərdəndir. Onun milli dövlət quruculuğu və müstəqilliyimizin qorunması istiqamətində diplomatik səyləri, gərgin mübarizəsi, hökumət idarəçiliyi sahəsindəki təcrübəsi, dövlətçilik konsepsiyası bu gün və hər zaman Azərbaycan tarixinin parlaq səhifələri olaraq yad ediləcək.

news-inner-user

15791 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020