news-inner
clock08:30 calendar-gray 30 Noyabr 2015 view-gray856 dəfə oxunub
view-gray856 dəfə oxunub

Kişi salonunda qadın saçı kəsən bərbər - REPORTAJ

Uşaqlıqdan bərbərlərə marağım olub, onların saç kəsməsinə diqətlə baxmışam. Məncə, bərbərlər də yaradıcı adamlardır: üzü həddindən artıq tüklü, saçı-başı pis gündə adamlardan gözəl bir sima yaradır.

Kəsilən saç, qırxılan üz çox vaxt gözümdə rəsmi, vəzifəli şəxsləri canlandırır. Xarici görünüşü dəyişmək bərbərlər üçün su içimi qədər asandır. Bərbərlər insanın zahiri görkəminin dəyişməsinə ilk şahiddirlər. Ordan çıxandan sonra dostların səndəki bu dəyişikliyi görür. Kəramət isə bərbərindir.

“Anası gəlib vay-şivən qopardı”

Bərbərxana binanın aşağısında yerləşir. Otaq kiçik, səliqəlidir. Bərbər Samir boşluqdan sağa-sola fırlanır, hərdən də güzgüdə saçını düzəldir, öz-özünə gülümsünür. Əvvəllər özünün dediyinə görə, restoranda, çayxanada işləyib. Söhbətə başına gələn kiçik bir əhvalatla başlayır.

Bərbər Samirin yanına yeniyetmə bir oğlan gəlir, fırlanan kresloda oturub saçını kəsdirmək istədiyini deyir. Qəhrəmanımız bir qab götürür və onun içini su ilə doldurur. Sonra ən iti qayçılardan birini götürüb işə girişir. Müştərinin saçını isladır, tükləri barmaqlarının arasına alıb uclarını vurur. Bir az keçəndən sonra saçqırxanı götürüb dızıldatmağa başlayır. Bu vaxt qəfil işıqlar sönür. Bayaqdan arı kimi dızıldayan saçqırxanın da səsi xırp kəsilir. Otaq qaranlığa qərq olur, içəriyə çökən sükutu bərbər pozur. Ortası kəsilmiş saçla gedən müştəri işıqlar yananda təzədən peyda olur. “Bərbərin təcili işi olduğundan bir neçə gün olmayacaq” – bərbərxananın qapısına yazılmış bu sözləri oxuyan yeniyetmə havanın qaraldığını görüb evə gedir və səhər məktəbə gedəndə hamı onun qeyri-adi saçını, ortası daz başını görüb lağ edir. Bərbər Samir gülə-gülə sözünə davam edir: “Anası gəlib vay-şivən qopardı, məhəllə töküldü üstümə. O uşağı indi də görəndə gülməyim gəlir”.

Kim bərbər olmaq istəyər ki?

Dayısı bərbər olub Samirin. Uşaqlıqdan istəyib ki, o da dayısına oxşasın, məktəbin tez bitməsini arzulayıb: gedib dayısının yanında saç kəsməyi öyrənsin. Yadıma “Şərikli çörək”dəki qırçı düşür.

- Kim bərbər olmaq istəyər ki? – gülürəm.

- Vallah, mənim arzum idi.

Məktəbdən ayrıldığı gündən dayısının yanında bərbərliyi öyrənməyə girişir. Qayçını tutmaq, saçqırxanı işlətmək, üz qırxmaq... Dayısının qaba əllərinə baxa-baxa sənətin sirlərinə yiyələnir. Ay keçir, il dolanır, Samir yetişmiş bərbər kimi tanış bir adamın yanında təcrübəyə gedir. Burda gəlib-gedən müştərilər onun da qayçısının altından keçir. Samir dayısından öyrəndiklərinin üstünə burdakı təcrübəni də əlavə edir və artıq gənc yaşında bu balaca, xudmani bərbərxananı götürüb işlədir.

Peşəkar bərbərlərdən öyrəndikləri ona yetmir, bərbərlik məktəbi olduğunu öyrənir. Bakıda peşə liseyində oxuyur: “Dünyanın bütün yerlərində oranın diplomu keçir. Həmin o diplomla harda istəsən gedib işləyə bilərsən. Orada 8 ay oxudum. Həm burda işləyirdim, həm də orada oxuyurdum. Səhər dərsdə olurdum, günortadan sonra gəlib işləyirdim.”

“Bir neçə dəfə televiziyaya da çıxmışıq”

Bir dəfə saç qırxma yarışması olur. Üç bərbər qrupu iştirak edir. Hər qrupda da 18 bərbər var. Qadın və kişi bərbərlər yarışmaya qatılıb. Həmin yarışmada birinci yer tutur Samir: “Deməli bir saat vaxt içində dörd saç “uklatka” elədim. Saçlarını kəsmədik. Yuduq, “kantovka”, bir də “uklatka”, vəssalam. İşimə baxdılar. Hamıdan çox elədim. O birilər iki, ya da üç “uklatka” edə bildilər. Həm də əl işimə baxdılar, bəyəndilər. Bizim müəlliməmiz var. Koçeneva Natalya və bir də Eldar müəllim. Eldar müəllimin şəhərdə studiyası var: Eldar studiya. Tanınmış yerdi”.

Samir həm də xeyirxah insandır, səxavətlidir. Uşaq evlərinə təcrübəyə getdiklərindən, pulsuz-parasız uşaqlara saç qırxmasından, onları necə sevindirməyindən fərəhlə danışır: “Ulduz şəkli, adlarını yazırdıq saçlarına. Saçını qırxırdıq, belə yazılar yazırdıq, rəngləyirdik. Uşağın könlünü almaq üçün nə istəsə yazırdıq”.

- Məktəbdə başqa nə keçirdiniz?

- Bir neçə dəfə televiziyaya da çıxmışıq e. – gülür. - Təhsil naziri də məktəbimizə gəlib. İctimai kanalda verilişə çıxmışıq. Məktəbimizi reklam etmək üçün dəvət edilmişdik. Yəni belə bir məktəb var. Əl işlərimizi və s. göstərmək üçün. Bizim məktəbdə studiya digər otaqda isə sinif otağımız var. Sinifdə videolara baxırıq, mühazirə dinləyirik. Şüa vasitəsilə bərbərliklə bağlı video çarxlara baxırıq. Məktəbdə başqa fakültələr də var. Məsəl üçün, dülgərlik, aşpazlıq, kompüter kimi fakültələr. Çoxdu yəni. Qızların saçlarını düzəldirdim, səhv olanda müəllimimiz bizə göstəriş verirdi”.

“Çeçenka saç formasında qadının saçını kəsdim”

Bu salonda qadın saçı da kəsib qəhrəmanımız. Axşam qaş qaralanda bir qadın gəlir, yanında uşağı. Deyir, mənim saçımı kəs, sabah bir yerə getməliyəm. Samir də qayıdıb ki, bura kişi salonudur, sizin saçınızı kəsə bilmərəm, gedin qadın salonuna: “O da dedi ki, bütün salonlar bağlıdı. Bəs mən hara gedim?! Dedi ki, saçımı kəsin, yola verin. Oğlan saçı kimi kəssəz də olar, amma bir az uzun olsun. Çeçenka saç formasında qadının saçını kəsdim. Onun istədiyi kimi saçını qaydasına saldım. Sonra “uklatka” da elədim”.

- Bəyəndi?

- Çox xoşuna gəldi.

- Sonra nə oldu?

- Nömrəmi istədi. Dedim, qadın saçı kəsmirəm. Məni üzürlü sayın. – gülür.

- Eh... - əlimi yelləyib gülürəm.

“Bəzən insanın əsəbləri ilə oynayırlar”

- Müştərilərlə aran necədir?

- Elə olur “kaprizni” müştərilər gəlir. Bir də görürsən ki, səviyyəsiz adamlar gəlir. Qaqaş tipli bu adamlar saçlarını kəsdirib sonra da pul vermirlər, ya da deyirlər ki, qaqaş olanım budu. Onları normal başa düşürəm ki, səviyyələri ora qədərdir. Elə hərəkət edir. Deyir, saçımın pulunu sonra verərəm, razılaşıram. Aradan xeyli vaxt keçir gətirmir. Belə olan halda mən də o adamın ümumiyyətlə saçını kəsmirəm. Lap belə milyonu olsun, kəsmirəm. Gözü götürməyənlər var. Paxıllıq eləyənlər də çoxdur. Bəzən insanın əsəbləri ilə oynayırlar. Onlara da səbr göstərirəm. Hər işin öz çətinliyi olur. Yoxsul, səfil adamlar gələndə əlimdən gəldiyi qədər kömək edirəm. Təmənnasız yardım edirəm. Allah üçün çalışırıq. Elə müştərilərim var ki, uzaqlardan gəlirlər. Məhəmmədi kəndindən, Qobudan, Nizami rayonundan, Bayıldan və s. Əl işimə görə bura qədər gəlirlər.

- Bərbərliyi öyrətmisən kiməsə?

- Şagirdlərim də olub. Onları öyrətmişəm. 21 yaşım var. Üç şagirdim olub. İndi də gəlmək istəyənlər var. Artıq daha öyrətmirəm. Yer balaca olduğuna görə.

- Dolana bilirsən?

- Bura arendadır. Çətinlik çəkmirəm. Arendanın pulun 3 günə çıxardıram. Şükür dolanışığım yaxşıdır.

- Nə fikirləşirsən? Arzuların var?

- Gələcəklə bağlı onu deyə bilərəm ki, bu sənətlə axıra qədər gedəcəm. Mənim həvəsim var. Pula görə işləmirəm. Əl işimə görə çalışıram. Müştərilər məmnun qalırlar. Evimə yaxın olduğu üçün bu balaca obyektdən hələ ki çıxa bilmirəm. Gələcəkdə istəyirəm ki, yerimi daha da genişləndirim.

Bərbərxanadan çıxanda bir əhvalat yadıma düşür: bərbər və müştərinin dialoqu.

Müştəri:

- Bu qədər əzilən, kasıb adamlar varsa demək ki, Allah yoxdur.

Bərbər:

- O qədər saçı-saqqalı pis gündə olanlar var ki... Bərbərin nə günahı? Gəlib düzəltdirmirlər, qırxdırmırlar. Allaha tərəf getmirlər onlar.

Ayxan Ayvaz

news-inner-user

16748 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020
Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
14:36 17 Oktyabr 2020
Anası Füzulidə, atası Bakıda dəfn olunan aktyor: "Onları qovuşduracağam"
13:51 17 Oktyabr 2020