Heç nə insanın ürəyincə olmur

Heç nə insanın ürəyincə olmur
2 avqust 2011
# 11:02
Bu gün Azərbaycanda həm kino günüdür, həm də kinomuzun parlaq siması, xalq artisti Fəxrəddin Manafovun 56 yaşı tamam olur.

Azərbaycan tamaşaçısı Fəxrəddin Manafovu “Əlvida, cənub şəhəri”, ” Ölsəm… Bağışla”, “Təhminə”, “Gecə qatarında qətl”, “Otel otağı”, “Hökmdarın taleyi” kimi filmlərdən yaxşı tanıyır.

Kulis.az F.Manafovun dörd il bundan öncə APA-ya verdiyi müsahibədən bir hissəni yenidən təqdim edir.


- Sonuncu baxdığınız Azərbaycan filmi hansı olub?

- Sonuncu dəfə Rüstəm İbrahimbəyovun “Bir cənub şəhəri” filminə baxmışam. Yeri gəlmişkən, o filmdə özüm də çəkilmişəm.

- Azərbaycanda potensialından yetərincə istifadə olunmayan bir neçə aktyorun adı çəkiləndə Fəxrəddin Manafovun adı ilk sırada olur...

- Mən bu fikirlə razıyam. Bu yaxınlarda Moskvada yaşayan həmyerlimiz , prodüsser Vaqif Əsədullayevin təşəbbüsü ilə tarixi bir filmin çəkilişlərini bitirdik. Həmin filmdə aktyor kontingenti görüb çox sevindim. Orada gənc aktyorların böyük potensialının şahidi oldum. Pontomim Teatrının gənc bir aktyoru var, adı Pərvizdi, çox gözəl aktyordu. Potensiallı gənc aktyorlarla işləmək lazımdır. Onunla işləməməyin günahı isə bu gün aramızda Rasim Ocaqovun olmamasıdır. Məndən keç kim inciməsin, ancaq bu gün Azərbaycanda rejissor yoxdur. Rejissor aktyorla işləməlidir. Çox təəssüf ki, belə rejissor yoxdur. Azərbaycan kinosunun beynəlxalq arenaya çıxa bilməməsinin də əsl səbəbi məhz rejissor yoxluğudur.

- Azərbaycanda filmlərin dublyajı Sizi qane edirmi?

- Bizdə bir Eldəniz Rəsulov var, yenə o, nəsə bir iş görə bilir. Onun bu məsələlərdə əməyi var. Bugünkü dublyajın səviyyəsi məni qane etmir. Yəni texniki imkanlar baxımından çatışmazlıqlar çoxdur. Dublyajda süni səslər, süni qışqırtılar olmamalıdır. Bizim dublyaj aktyorları ilə işləmək lazımdır, inanın ki, bizdə dublyaj olunan filmlərə baxmaq olmur.

- Sizin dünya arenasına çıxa bilməyən, amma buna qadir bəşəri aktyor olduğunuzu deyənlər də var...

- Artıq mənim yaşım ötüb, 52 yaş az deyil. Hardasa mənimlə eyni yaşda olanlar xoşbəxtdir, belə bir dövrə gəlib çıxıb. Bizdən əvvəlkilər istəsələr belə, bunu əldə edə bilməyiblər. Məsələn, Səməndər Rzayev, Həsənağa Turabov, Həsən Məmmədov çox böyük aktyorlar olub. Lakin onlar istəsəydilər də, dünya arenasına çıxa bilməzdilər. Bu gün isə belə imkanlar var. Ancaq bu, çox böyük vəsait tələb edir. Heç olmazsa, Azərbaycanda belə bir film çəkilsəydi... Bircə görə bilsəydilər ki, dünyanı maraqlandıran problemi çəkə bilən bir rejissorumuz və o filmi yaradan aktyor ansamblımız var... Axı buradan kənara çıxmırıqsa, bizi kim görəcək? Biz varlığımızı internet vasitəsilə göstərməyəcəyik ki...

- Sizə belə bir şərait yaradılsaydı, məsələn, Tom Kruz qədər məşhur ola bilərdiniz?

- Tom Kruz mənim yanımda uşaqdır. Sən Allah, Tom Kruz kimdir? Onun ətrafında işləyən professional psixoloqlardan tutmuş, nə bilim ssenari müəllifləri, rejissorlar olsa Azərbaycanda hər il yeddi demirəm, 70 Tom Kruz çıxar.

- Bu yaxınlarda tamaşaçılar Sizi klipdə də gördü...

- Çəkildiyim klip Rasim Ocaqova həsr olunmalı idi. Çox təəssüf ki, “Rasim Ocaqova ithaf olunur” titrini çıxarıblar. Bizim silsilə yaratmaq ideyamız var idi. Filmlərdən rejissor, bəstəkar, aktyorlara həsr olunmuş mahnı ilə qurulmuş kompozisiyanın adını klip qoyurlar... Çox təəssüf ki, Zülfiyyə Xanbabayeva və onun prodüsseri bu mətni oradan çıxardılar.

- Növbəti dəfə belə təklif gəlsə, razılaşacaqsınız?

- Əgər dəyərli bir iş olsa razılaşaram. Bir də ki, mənim bu klipə razılaşmağım başqa söhbət olub. Zülfiyyə Xanbabayeva ilə görüşdük, xeyli söhbət etdik. Bizim fikrimizdə “Təhminə-2” ideyası var idi. Həmin vaxt Rasim Ocaqov yenicə dünyasını dəyişmişdi, bu da mənə çox pis təsir etmişdi.

- Klip ürəyinizcə oldu?

- Heç bir şey insanın ürəyincə olmur.

- Mətbuata niyə müsahibə vermirsiniz?

- Heç özüm də bilmirəm axı, niyə sizə müsahibə verdim

1 avqust, 2007
# 3761 dəfə oxunub

Oxşar xəbərlər

Devid Bekhemin oğlu aktyor oldu: Romeo Bekhem məşhur ulduzlarla eyni filmdə

Devid Bekhemin oğlu aktyor oldu: Romeo Bekhem məşhur ulduzlarla eyni filmdə

11:30 24 iyun 2026
Hyu Cekman: "Bu rolu oynayacaq şəxsə heç nə demək niyyətim yoxdur"

Hyu Cekman: "Bu rolu oynayacaq şəxsə heç nə demək niyyətim yoxdur"

10:15 24 iyun 2026
"Susuz yaz"ın ssenari müəllifi və rejissoru açıqlandı

"Susuz yaz"ın ssenari müəllifi və rejissoru açıqlandı

17:20 23 iyun 2026
Cem Yılmaz "GORA 4 GORA"nın çəkilişlərinə başladı

Cem Yılmaz "GORA 4 GORA"nın çəkilişlərinə başladı

14:40 23 iyun 2026
83-cü Venesiya Film Festivalının münsiflər heyəti açıqlandı

83-cü Venesiya Film Festivalının münsiflər heyəti açıqlandı

13:20 23 iyun 2026
Tarantinonun yeni filmi - Bu dəfə aktyor kimi

Tarantinonun yeni filmi - Bu dəfə aktyor kimi

10:10 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər