Ağaclar rahat soyunsun – Elvindən YENİ ŞEİRLƏR

Ağaclar rahat soyunsun – Elvindən YENİ ŞEİRLƏR
2 noyabr 2015
# 15:17

Kulis gənc şair Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

1.

sən adamsızlığımın üstünə gəlib çıxmışdın

tanrı payızın tablosunu asmışdı pəncərəmə

mən üzünü düşünürdüm

qara zeytun gözlərin varıydı üzünün süfrəsində

süd qoxurdun

körpə qoxurdun

çılğınlığın

südün daşqınlığıydı

dəliliyin

bir körpənin yad qucağındakı çaşqınlığıydı

divar yazısı qədər ünvanlı

alın yazısı qədər naməlumuydu şeirlərim

şeirlərimi köçürürdün dəftərlərə

arada öpüşürdük

öpüşümüzü bölən telefon zəngiydi

qapı səsiydi

köhnə dəftərlərdəki qara-quralar

gizli öpüşlərin xəritəsiydi

gedişindən bir saat sonra

saatları geri çəkmişdilər

saatları geri çəkməyə bir saat gecikmişdilər

hər şeyi geri çəkmişdilər səndən başqa

hər şey geri çəkilmişdi sən qarışıq

mən və külək

hər yerdə ulayırdıq

ölmüş sahibini axtaran it tək

yenə

tanrı payızın tablosunu asıb pəncərəmə

pərdəni çəkirəm ki ağaclar rahat soyunsun

şəhər süd qoxur

2.

alt qonşuya şeir yazır

ayaqların sətir-sətir.

bir otaqda gəzirsənsə,

neçə milyon kilometr.

iki yol da divaradı,

çatırsan və qayıdırsan.

bir otaqda bu dünyanı

gəzib evə qayıdırsan.

sanki salıb itirmisən

ən dəyərli daş-qaşını.

o başa bu başa gedib

axtarırsan öz başını.

kölgəni küçədən görən

çaşıb başını bulayır:

"o divarlar görən niyə

adamla tennis oynayır?.."

3.

...işə bax, boylandım, uzandı gecə,

pişiyi gəzirəm bəlkə qayıtdı.

ürəyimə yatan qız da indicə

qara bir kişinin yanına yatdı.

mən tək qaldım.

göydə Ay varıydı, yerdə bir yeşik,

sonra Ay yerindən laxladı getdi.

küçənin tinindən burulan pişik,

zibil yeşiyini yoxladı getdi.

mən tək qaldım.

pişik hara getdi, niyə gəlmədi?

Ay da atdı yerə özü özünü.

evlər bu səhnəyə baxa bilmədi,

bütün pəncərələr yumdu gözünü.

mən tək qaldım.

deyirdim yaxşı ki hələ işıq var

mənim öz evimdə, öz mənzilimdə.

bağlandı kanallar, söndü işıqlar

sonuncu siqaret öldü əlimdə.

mən tək qaldım.

...səhər də açıldı, işıq da yandı,

pəncərələr qalxdı, evlər oyandı,

əslində dünyanın hər şeyi qaldı.

pişiyin aclıgı çəkildi tamam,

Ay da göy üzünə yenə ucaldı.

o qız o kişinin oldu vəssalam,

mənə də bir zibil yeşiyi qaldı.

mən tək qalmadım.

4.

"sevmə"lərə, "sev"lərə

yığılışan dostlarım.

yeyib-içib evlərə

dağılışan dostlarım.

mənim boş tərəfimsiz,

qolu qırılan kimi.

sizinçün darıxıram

sizdən ayrılan kimi.

evə sarı gedirəm,

ağzım, dilim kəmşirin.

zəng eləyib deyirəm

mənə qəhvə bişirin.

yağış göydə at çapır,

yerdə bir it islanır.

yanmır bu zəhrimar da,

elə kibrit islanır.

heç taksi də görünmür,

işə-gücə yaramaz!

gecikir ki bu şeirə

onu da salım bir az.

bir səkiyə oturub

ulduzları sayıram.

bəlkə də lap uzaqdan

dəliyə oxşayıram.

kiminçünsə mən indi

quldurun yekəsiyəm.

ölürəm e, sanırlar

ölüm təhlükəsiyəm.

taksi gəlir, minmirəm,

doymuram bu yağışdan.

zümzümə eləyirəm

asta-asta, yavaşdan.

"caddələrdə rüzgar"ı

oxuyuram özümçün.

bu mahnını o vaxtı

yazmışdılar bizimçün.

evdən zəng eləyirlər:

- ay bala, harda qaldın?

qəhvənin zayı çıxdı,

rəngi-ruhu saraldı.

- bilirsənmi, ay ana,

nəyə görə gəlmirəm?

bu şeirin sonunu

tamamlaya bilmirəm...

# 2715 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər