news-inner
clock14:32 calendar-gray 02 Noyabr 2015 view-gray299 dəfə oxunub
view-gray299 dəfə oxunub

Übermenşagen HEKAYƏ

Kulis İkinci Mahmudun “Übermenşagen” hekayəsini təqdim edir.

“Fakrların seni sen yapar…”

(“Pepee” adlı cizgi filmindəki mahnıdan)

Həmin o çiskinli oktyabr səhəri axşamdanqalma yağış gölməçələrinin üstündən hoppana-hoppana avtobus dayanacağına tələsən bina sakinləri iki polis nəfərinin qəribə görkəmli, naməlum adamı sürütləyə-sürütləyə harasa apardıqlarını görəndə buna bir o qədər də əhəmiyyət verməmişdilər. “Bu çər dəymişlərin əlindən evdə nəfəs almaq da olmur! İçirlər, içirlər, hara gəldi, işəyirlər…” – kimsə donquldanmışdı dodağının altında – “Allah kökünüzü kəssin! Bomj köpəyuşağı!” – sonra da qarğış tökmüşdü.

Hamıdan əvvəl süpürgəçi arvad görmüşdü bu adamı. Onu burda – binanın tinindəki zibil qutusunun yanındaca lümbələmlüt sərili görəndə eymənən kimi olmuşdu qadın. “Səni kim bu kökə salıb, ay yazıq!” – üç dəfə xaç çəkmişdi. Süpürgəsinin sapı ilə adamı dümsükləmişdi ki, ölüb-ölmədiyini yəqin eləsin. “Yox, yox, nəfəsi gedib gəlir…” – bir azcana rahatlamışdı. Sonra da maraq güc gəlmişdi, süpürgəsinin sapını aşağı – adamın düz ayaqlarının arasına sürüşdürmüş, sapsarı tüklərin arasında itib-batan kişiliyini qurdalamışdı ehmallıca, bir xeyli eləcənə mat-mat baxa durmuşdu. “Qadam ürəyinə!” – demişdi rus qadın, – “Səni hansı arvad içəri buraxar, a külbaş?!” – hələ üstəlik, süpürgəsini zibil qutusuna söykəyib azərbaycansayağı bir kül də ələmişdi başına – “O qədər balacadı ki, adam heç utana da bilmir…”

Kişi handan-hana gözünün birini açıb başının üstündə üz-gözü sarmalı, qəribə adamı görəndə bir bağırmaq bağırmışdı ki, yolun o tayında, polis maşının içində mürgü vuran serjantlar dik atılmışdılar səsinə…

Sonra hər şey öz-özünə baş vermişdi: bir-iki günün içindəcə bu naməlum adam ölkə mətbuatının əsas müzakirə mövzusuna çevirilmişdi. Ondan necə xəbər tutmuşdular, kim məlumat ötürmüşdü, heç kim bilmirdi. Adamlar hər yerdə – evdə, işdə, dayanacaqlarda, tüstüdən göz yaşaran nimdaş çayxanalarda, sosial şəbəkələrdə, müzakirə açmağın mümkün olduğu hər yerdə yalnız bu adam haqda danışmağa başlamışdılar. Onun gəlişi uzun illərdən bəri həyatlarında heç bir yenilik olmayan monoton şəhərin darıxqan sakinlərini əməllicə sevindirmişdi. Hərə bir söz danışırdı: kimi deyirdi ki, başqa planetdən gəlib; kimi deyirdi ki, ola bilsin, düşmən casusudur; kimi deyirdi ki, elə İmam Mehdinin özüdür; bəziləri isə onu sadəcə başdanxarab hesab edirdilər. Amma hamı – inanlar da, inanmayanlar da, hər kəs qulağını şəkləyib yeni-yeni xəbər gözləməkdə idi.

***

Qəribə bir rahatlıq var idi bu naməlum adamın canında: həmin çiskinli oktyabr səhəri iki polis nəfəri qollarından yapışıb onu maşına tərəf sürünyəndə də, iki tin o tərəfdəki 13-cü bölmənin girişində ayağı sürüşüb ağzı üstə yerə dəyəndə də, müvəqqəti saxlama kamerasının uzunsov taxta skamyasında lümbələmlüt oturub nəyisə, kimisə gözləyəndə də, onu kameraya salan serjant dalına təpik ilişdirib “raxit köpəyoğlu” deyəndə də oyun masasında əli yaxşı gətirmiş qumarbazlara xas, gizli, hüzur qarışıq bir sevinc qonmuşdu üzündə. Adamları ən çox çaşdıran da elə bu səbəbsiz – hər halda, bu sevincin səbəbi onun özündən savayı bir kəsə məlum deyildi – sevinc və hüzur idi.

Elə həmin gün ilk dəfə 13-cü bölmənin yeni təyin edilmiş rəisi, təcrübəli polis polkovniki Mazanovun şəxsən özü dindirmişdi bu adamı. Səhər işə gələndə, saxlama kamerasının qabağından keçərkən dəmir barmaqlığın qabağına yığışmış polis işçilərini yara-yara sakitcə irəli yerimiş, – qəribə idi ki, başqa günlərdən fərqli olaraq heç kim rəisin gəlişinin fərqinə varmamışdı – uzunsov taxta skamyada oturub başına yığılmış uniformalı və mülki geyimli adamlara mehribanlıqla tamaşa edən, sısqa və yeniyetmə qız təni kimi dümağ bədəni ilə heç cür düz gəlməyən yekə başlı, – deyərdin ki, elə indicə boynu başın ağırlığına dözməyib sınacaq – Hollivud filmlərindəki marsılılara xas görkəmli bu adama bir xeyli dimməzcə baxmış, ayaqlarının arasında, sarı qılların içində zorla görünən bapbalaca kişiliyinə gülməyi tutsa da, tezcənə özünü yığışdırmış, yalanmışdan öskürmüş, qondarma bir ciddiyyətlə:

–Bunu yanıma gətirin, görüm! – demişdi, sonra da ağlına nə yerləşmişdisə, heç geri də çevirilmədən tələm-tələsik əlavə eləmişdi – Bir şey verin, keçirsin əyninə!

Bəlkə də, özgə zaman olsaydı, polkovnik Mazanov tam ayrı cürə davranardı; yəqin ki, işin-gücün bu qaynar vaxtında adicə bomja heç əhəmiyyət də verməzdi. Uzağı, köhnə zamanlarda olduğu kimi, kameraya girib bu adama bir-iki təpik də ilişdirərdi, öz sözləriylə desək, “dünyanın bütün hayıfını o gicbəsərdən çıxardı”. Amma indi başqa dövr idi: elə bu yaxınlarda, içki məclislərindən birində, nəhayət ki, ona xoş müjdə vermişdilər – paqonlarına daha bir ulduz əlavə olunacaqdı; çox güman ki, vəzifəsi də böyüyəcəkdi. Mazanov buna əmin idi, o qədər əmin idi ki, elə həmin axşamın sabahı özünü vermişdi uniformalar satılan dükana, – əvvəllər, adətən, belə xırda məsələləri sürücüsünə tapşırardı – təzə rütbəsinə uyğun paqonlar alıb səliqə ilə təzə uniformasının çiyinlərinə tikdirmişdi. Hər axşam işdən yorğun-arğın evə gedəndə tələsik özünü yataq otağına verib təzə paqonlarına həsrətlə baxaradı, bir andaca bütün yorğunluğu çıxardı canından, əhvalı düzələrdi. “Axır ki, – deyirdi Mazanov – bu varyoxsuzların əlindən canım dicələcək! – bu otuz ildə Mazanovun canı cibgirlərin, nəşə alverçilərinin, hər gün döyülmələrinə baxmayaraq boşanmaqda tərəddüd edən, dəqiqəbaşı polis bölməsinə qaçıb gözlərinin altındakı döyərtiləri göstərə-göstərə hay-həşir salan, yekəqarın, sallaqadöş qadınların əlindən lap təngə gəlmişdi. – Mağmın köpəyuşağı!” Ona görə də, polkovnik Mazanov təzə paqonlarına təzə uniformasının çiyinlərinə səliqə ilə tikdirəndən sonra birbaşa işə yollanmış, bütün şəxsi heyətin bölmənin qabağında düzülməsini əmr eləmişdi, sıranın qabağında fikirli-fikirli bir xeyli o tərəf- bu tərəfə var-gəl edəndən sonra, axır ki, sözə başlamışdı:

–Qulağınızı açın, yaxşı-yaxşı qulaq asın! – demişdi – Mən bir sözü iki dəfə təkrar etmirəm! – sonra vəziyyətin ciddiliyini qabartmaq üçün dediklərini bir də təkarar etmişdi – Mən bir sözü iki dəfə təkrar et-mi-rəm! Eşidirsiz?! Köhnə vaxtlar qurtardı! Bundan sonra hər şey qanun çərçivəsinə olmalıdır! Qa-nun çərçivəsində! Hansısa oğraşın balasına görə söz götürən deyiləm! Bir adamdan bir qara qəpik aldığınızı eşitsəm, həmin adamın başına itin oyununu açacam! – Qısa və konkret danışmışdı pokovnik Mazanov, amma nədənsə bircə məsələyə aydınlıq gətirməyi unutmuşdu: bundan ikicə ay qabaq, 13-cü bölməyə rəis təyin ediləndən üçcə həftə sonra, elə indi olduğu kimi, bütün şəxsi heyyəti bölmənin qabağına yığaraq hər polis nəfəri üçün təyin elədiyi, hər ayın başında çatdırmalı olduqları haqqı necə və hardan toplayacaqları barədə bir kəmlə də söz deməmişdi.

***

–Vətəndaş, bilmirsiz ki, ictimai yerlərdə lüt gəzmək olmaz?! – bayaqkı tapşırıqdan sonra polislərin tələm-tələsik hardansa tapıb gətirdikləri, necə-gəldi əyninə keçirdikləri, cındırından cin ürkən, kirli-pasaqlı cinsin içində itib bataq qəribə adamı gözaltı süzdükdən sonra başını təzədən aşağı salmış, qabağına tökdüyü kağız-kuğuzun içində, guya, nəsə axtara-axtara soruşmuşdu polkovnik Mazanov.

–Bizdə hamı belə gəzir, – demişdi adam.

–Rəis, gecə smeninin uşaqları gətiriblər, – bayaqdan bəri qapın qırağından dimməzcə dayanan serjant aydınlıq gətirməyə çalışmışdı – danışdıqlarından bir şey başa düşmək olmur, deyəsən, bir az o söz… Sənəti də yoxdur… Deyir, adım “1984”dü… – hırıldamışdı serjant.

–Sən get! – polkovnik Mazanov ciddiyyətini pozmamışdı, sonra isə üzünü adama tutub sakitcə və nəzakətlə soruşmuşdu – Vətəndaş, özünüzü təqdim edin! Adınız və soyadınız? – deyəsən, polkovnik adamla bir az məzələnmək qərarına gəlmişdi.

–Adım “1984”dür, – eyni sakitliklə cavab vermişdi adam – “1984 nömrəli sakin”.

–Hmm, aydındı! – mızıldanmışdı Mazanov – Harda qeydiyyatdasız?

–Q39.39-40.03D49.39-5

–Eeeh! – əsəbləşmişdi rəis – Gəlin, bu gij…ıllahı aparın! – polkovnik Mazanov əsəblərini zorla cilovlamışdı, əlindən bir xəta çıxmasın deyə tez barmağını qabağında sırayla düzülmüş rəngbərəng telefonlardan birinin üstündəki düyməyə basıb kiməsə göstəriş vermişdi.

–Xahiş edirəm, o söyüşü bir də təkrar edin! – sevincək demişdi 1984 nömrəli adam.

–Buna bax e! Gic oğlu gic! – polkovnik Mazanaov əsəbdən dodaqlarını gəmirmişdi.

–Çox sağ olun! – təşəkkür etmişdi adam – Bax budur əsl həyat! – sonra da dərindən bir ah çəkmişdi.

Elə bu an iki serjant özünü içəri vermişdi. Qolundan yapışıb stuldan qaldırmışdılar . Adam qapının kəndarında, heç sakitliyini də pozamadan anlaşılmaz sözlər söyləməyə başlamışdı: “247 nömrəli cinayət işi… 1997… Gənc müğənni Nazənin Həbibi… 381 nömrəli iş… 2001… Viaqra…” Bayaqdan bəri dodağını gəmirə-gəmirə kresloya yaymanıb gözünü pəncərədən bayıra zilləmiş polkovnik Mazanov bu sözləri eşitcək bir-təhər olmuşdu:

–Dayan… Dayan görüm bir! – fikrini dəyişmişdi, başıyla işarə eləmişdi ki, adamı geri gətirsinlər. Serjantlar adamı bayaq götürdükləri kimicə də yerinə əyləşdirdikdən sonra – Gedin, lazım olsa, çağırram! – demişdi – Bura bax ə, düdük! Nə sayaqlıyırsan? – Səsi bir azca titrəmişdi polkovnik Mazanovun.

–Şəffaf şüşə kimisiz! İçinizi görürəm… – adam bayaqkı sakitliklə cavab vermişdi – Məni dəli hesab edirsiz…

–Kimin adamısan ə? – bir az əsəbi, amma ehtiyyatla soruşmuşdu polkovnik.

–Heç kimin adamı deyiləm… Mən buralı deyiləm. Bilmirəm, necə izah edim, əslində, buralıyam, amma başqa variantdan. Başa düşürsüz?! Məntiqlə mən də sizin kimi Bakı sakiniyəm, amma başqa variantdan gəlmişəm… – polkovnikin onu diqqətlə dinlədiyini görüb davam eləmişdi adam – Ola bilsin ki, danışdıqlarım sizə cəfəngiyyat kimi görünə bilər, amma məsələ belədir ki, sizin zaman və məkan haqqında bilikləriniz bir az, üzr istəyirəm ifadəmə görə, bir az kəmdir… – hansısa ilahi bir qüvvə polkovniki bu adamı dinləməyə vadar edirdi – … Yenə üzr istəyirəm ifadəmə görə, amma siz zaman və makan haqqında çox az şey bilirsiz, demək olar ki, heç nə bilmirsiz… – 1984 nömrəli adam polkovnik Mazanovun çeçələ barmağını salıb qulağını necə həvəslə eşməyinə, sonra da qulağından çıxardığı kiri fikirli-fikirli kreslonun böyürünə silməyinə vurğunluqla tamaşa edə-edə ürəyində: “Bəli! Hər şey məhz bu cür olmalıdır!” – demiş, qımışa-qımışa sözünə davam eləmişdi – Məndən qorxmaq lazım deyil! Bayaq dediklərim aramızda qalacaq, buna əmin olun…

–Bahhh! Bura bax ey! Düdük, mən heç kəsdən qorxmuram! – polkovnik içindəki qorxunu gizlətməyə çalışmışdı.

–Yo-ox, qorxursuz… Mən sizi oxuyuram… Yaddaşınızdakı bütün informasiyaları görə bilirəm, xüsusən də, gizlətmək istədiyiniz informasiyaları…

Polkovnik eynən hər dəfə həyat yoldaşı Zara xanımın onu hansısa ev əşyasını yeniləməyə razı salanda elədiyi kimi, qalstukunu boşaltmış, köynəyinin ən axırıncı düyməsini açmışdı, – o, həmişə təslim olanda bu cür edərdi – sonra da kresloya yaymanıb yorğun-yorğun başını 1984 nömrəli adama tərəf çevirmişdi. Qətiyyətsiz şəkildə:

–Səni elə itirərəm ki, izin-tozun da qalmaz! – demişdi, amma öz dediyinə özü də inanmamışdı. 30 illik təcrübəsi ona diqtə edirdi: “Bu adamın danışdılarında yalan yoxdur. O, doğru danışır. Bu adamı sındırmaq mümkün olmayacaq. Sənin metodların mağmınlar üçündür, bu adamsa mağmın deyil.”

Həmin o çiskinli oktyabr günü polkovnik Mazanov bütün iş-gücü buraxıb, danışdıqlarından ağlına bir şey batmasa da, 1984 nömrəli adamı səbrlə dinləmişdi. İnanmağı da gəlmişdi, inanmamağı da. Mümkün qədər ehtiyatlı olmağa çalşmışdı, hələ üstəlik, günortadan bir az keçmiş bayaqkı kimi barmağımı qabağındakı rəngbərəng telefonlardan birinin üstündəki düyməyə basıb növbətçi serjantlardan birini yanına çağırmış, “Ə, get, yeməyə bir şey al” – demişdi… 1984 nömrəli adam serjantın alıb gətirdiyi ala-çiy dönəri yedikdən sora 44 illik həyatında ilk dəfə mədə ağrısı hiss eləmişdi. Bu ağrı o qədər xoşuna gəlmişdi ki, rəisə, bəlkə, on dəfə minnətdarlığını bildirmişdi. “Bax budur əsl yemək!” – demişdi ürəyində – “Biz də özümüzü kapsullarla aldadırıq! Bu mədə ağrısı mənə insan olduğumu xatırlatdı…”

***

–Bilirsiz, hər şey 1948-ci ildə başladı… “Übermenşagen” məhlulunun kəşfindən sonra bizim variantda tarixin gedişi dəyişdi…” – 1984 nömrəli adam Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilmiş press-konfransda çıxışına bu sözlərlə başlamışdı – “3-cü Reyx Avrasiyada mütləq hakimiyyətə nail olduqdan sonra Fürer bütün diqqətini doktor Zingerin uzun illərdən bəri apardığı araşdırmalara yönəltdi…” – onun 3-cü Reyx haqqında dedikləri hamını çaş-baş salmışdı, zaldan bir pıçhapıç qopmuşdu ki, 1984 nömrəli adam hər şeyi təzədən danışmaq qərarına gəlmişdi – “Deyəsən, hər şeyi təzədən danışmalı olacam. Bütün bunları artıq sizin Milli Elmlər Akademiyasının alimləri ilə söhbət zamanı da, Milli Təhlükəsizlik Nazirliyində olarkən də dəfələrlə danışmışam… Amma hiss edirəm ki, hələ də vəziyyəti tam dərk edə bilmirsiz. Çox xahiş edirəm, sözlərimdən inciməyəsiz! Sizin primitiv dərketmə qabiliyyətiniz buna imkan vermir. Anlayıram. Buna baxmayaraq, çalışacam ki, hər şeyi mümükün qədər sadə tərzdə ifadə edim…

Demək belə… “Zaman”dan başlayaq… Zaman nədir? Ümumiyyətlə, o mövcuddurmu? Məncə, burdan başlasaq, daha doğru olar. Zaman, belə deyək, dəyişmədən, ardıcıl və ya qeyri-ardıcıl dəyişmədən – bunu inkişaf kimi də anlamaq olar, tənəzzül kimi də – başqa bir şey deyil… Düzdü, planetimizdə zaman məhfumunu şərtləndirən səbəblər var: Yerin Günəş ətrafında, eləcə də, öz oxu ətrafında ritmik hərəkəti. Yəni, sizin də bildiyiniz məsələlərdən danışıram… Bunu heç kim inkar etmir. Amma bütün bunlar məsələnin yalnız görünən tərəfidir. Primitiv təfəkkürdün anlaya biləcəyi səviyyədə bu, belədir. Həqiqətdə isə zaman mövcud deyil… Bəli, bəli! Yaxşı… Gəlin sizə bir misal çəkim, məsələn, götürək, hər hansı bir meyvənin, tutalım, almanın yetişmə vaxtnı. Sizə də praktik olaraq məlumdur ki, alma isti məntəqələrdə daha tez yetişir, məsələn, 60 günə – isti mənqələrdə almanın çiçəkləməsi ilə yetişməsi arasında olan zaman 60 gündür… Bəs daha soyuq iqlimdə? Hə, bax budur əsas məsələ! Soyuq məntəqələrdə isə bu dövr, yəni, almanın çiçəkləməsi ilə yetişməsi arasındakı zaman daha uzundur, tutalım , 90 gün…” – 1984 nömrəli adam zaldan ona boylanan donuq baxışların fərqində idi – “Gəlin, qəbul edək ki, çiçəkləmədən yetişməyədək olan dövr almanın ömrüdür. Düzdü? Düzdü! Sizcə, hansı almanın ömrü daha uzundur? Soyuq iqlimdə yetişən alma, yoxsa isti iqlimdə yetişən alma?” – Heç kim cavab verməyə tələsməmişdi – “…Görürsüz, hər iki müxtəlif şərtlər altına yetişən alma eyni, belə deyək, həyat yolu keçib. Düzdü? Düzdü! Demək ki, bizim zaman anlayışımız nisbidir, o qədər nisbidir ki, ümumiyyətlə, onun mövcudluğu şühbə doğurur. Sizə elə gəlmirmi ki, 60 gün və ya 90 gün, bunlar bir-birinə bərəbərdir?!

Ümid edirəm ki, zaman haqqında olan ənənəvi qənaətinizi sarsıda bildim. Bu, indi deyəcəklərimi daha yaxşı dərk etməyə kömək edəcək. Yoxsa, məni dəli hesab edərsiz… Yeri gəlmişkən, dəli olmadığı sübut etməyə düz üç həftə zamanım getdi… Bununçün sizin ekspertlərin yaddaşını bir-bir oxumalı oldum…” – Ən qabaqdakı sıraların birində əyləşmiş polkovnik Mazanov yerində qurcuxdu – “…Sizinkilərin yaddaşı rəngarəng informasiyalarla doludur…” – 1984 nömrəli adam gülümsündü – “Bu, mənim gəldiyim zaman variantında xüsusi bacarıq hesab edilmir, bizdə, ümumiyyətlə, “xüsusi bacarıq” anlayışı mövcud deyil. Ola bilsin ki, bu bacarığıma görə mənə həsəd aparırsız, amma inanın mənə, bu, heç də həsəd aparılası şey deyil, hətta deyərdim ki, olduqca darıxdıcıdır. Təsəvvür belə edə bilməzsiz ki, eyni cür düşünən, eyni cür görünən, eyni bilgilərə sahib adamların arasında yaşamaq necə darıxdıcıdır! Bu haqda bir az sonra danışacam…” – O, bir anlıq duruxdu, sonra yenidən sözünə davam elədi – “…Hələliksə gəlin qayıdaq zaman məsələsinə.

Bilirsiz, Yer planetində müxtəlif zaman variantları mövcuddur. Mən, təxminən, 60 variantda olmuşam, daha dəqiq desək, 61. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu variantlar içində ən optimalı, yəni, mənim fikrimcə, sivilizasiyanın ən əlverişli formada inkişaf etdiyi variant elə sizinkidir. İnanın mənə! Bu variantlardan birində insanlar hətta Dördüncü Dünya Müharibəsini başlamağa da imkan tapıblar… Bu haqda lazım gəlsə, daha sonra danışaram… İndi sizə zaman variantlarının necə yarandığı haqda bəhs etmək istərdim. Bizə, daha doğrusu, sizə elə gəlir ki, tarixi gedişatın yalnız bircə variantı mövcuddur. Əlbəttə, bu, kökündən yanış yanaşmadır. Bayaq da qeyd etdiyim kimi, sizim zaman anlayışınız, olduqca xətalıdır. Tarixin gedişatı çox hallarda adicə təsadüfdən asılı olur. Düzünü desəm, bu fenomen elə mənim özümçün də maraqlıdır. Bəzən adicə detal, ilk baxışdan əhəmiyyətsiz görünən bir hadisə tarixin axarını dəyişə bilir. Bu zaman tarixin gedişatı iki şaxəyə bölünür. Bir növ, yolayrıcı kimi. Belə deyək, tarixi gedişatın iki müxtəlif variantı yaranır. Ümid edirəm, fikrimi izah edə bilirəm… Bu günəcən minlərlə zaman variantı şaxələnmişdir. Dəqiq sayını deyə bilmərəm, mən bunlardan cəmi 61-də olmuşam. Bir düşünün, indiyəcən dünyada tarixin gedişatı neçə dəfə adicə təsadüfdən asılı olub?! Minlərlə belə situasiya olub, yəqin ki. Bax hər dəfə həmin situasiyalarda tarix öz məcrasını dəyişib, yeni variantlar yaranıb. Məsələ burasındadır ki, bir varianta yaşayan insanlar o biri variantlardan xəbərsizdirlər. Mənim yaşadığım zaman variantın isə elm o qədər inkişaf etmişdir ki, biz asanlıqla müxtəlif zaman variantlarına səyahət etməyi bacarırıq… 8 il bundan əvvvəl 12 alimdən ibarət ekspedisiya qrupu yaradılıb, biz müxtəlif zaman variantlarına səyahət etməyə başlamışıq. Mən həmin o 12 alimdən biriyəm… Burda apardığım müşahidələr görə qətiyyətlə deyə bilərəm ki, bizim zaman variantı məhz sizin variantdan qopmuşdur. Özü də bu, elə də uzaq keçmişdə baş verməyib. Hər şey düz 59 il qabaq olub… İndi hər şeyi izah edəcəm…

1941-ci ilin yayında Fürer SSRİ-ə hücum etdi. Bu vaxta qədər baş vermiş tarixi hadisələri siz də bilirsiniz. Sizin variantda İkinci Dünya müharibəsi 1945-ci ildə Fürer qoşunlarının məğlubiyyəti ilə sona çatıb. Əslində isə, hadisələr başqa cür cərəyan edib. Üzr istəyirəm, “əslində” sözündən istifadə etməyim, deyəsən, bir o qədər də doğru səslənmir. Biz deyə bilmərik ki, hadisələrin hansı variantı həqiqətdir… Gördüyünüz kimi, vəziyyət olduqca mürəkkəbdir. Sizə görə, 1941-ci ildə soyuq hava şərtlərinə və bir çox başqa səbəblərə görə Fürer qoşunları SSRİ-nin içərilərinədək irəliləyə bilmədi, düzdürmü?! Əslində isə, – xahiş edirəm, bu “əslində” süzünü nisbi qəbul edin – həmin il təsadüfən havalar çox əlverişli oldu. Bax bu məqamda bizim zaman variantı, yəni tarixi gedişat sizin zaman variantından ayrılır. Siz, belə deyək, Fürerə qalib gəlirsiz, biz isə öz variantımızda Stalin ordusunu darmadağın edirik…” – qəribədir ki, bu dəfə zalda pıçhapıç qopmadı, əksinə hamı diqqətlə 1984 nömrəli adamı dinləməkdə idi – “…1941-ci ilin sonlarına yaxın, daha dəqiq desək, dekabrın 17-də Moskva təslim oldu; Stalin ölkəni başsız qoyub İrana qaçmağa cəhd etsə də, Bakıda onu türk kəşfiyyatı ələ keçirdi, 6 ay Bayıl həbsxanasında yatandan sonra Moskvaya gətirildi, – bu vaxt o, sətəlcəm xəstliyinə tutulmuşdu – təntənəli şəkildə Moskvanın rəmzi açarını Fürerə təqdim etdi; 10 gün sonra isə Fürürin icazəsi ilə öz doğma kəndinə qayıtdı, anasının istəyi ilə kilsədə rahibliyə başladı. Təxminən, bir il sonra, öz 500 səhifəlik memuranını yazıb bitirdikdən sonra vəfat etdi. Memuarını bu sözlərlə bitirmişdi: “Mənə təzim edən yaltaq insanlar, sizə nifrət edirəm! Məni siz aldatdınız! Sizi lənətləyirəm!”

Daha sonra, 1943-cü ilin yayında İstanbulda keçirilən zirvə toplantısında ABŞ və Avrasiya İttifaqı arasında İkinci Düya müharibəsinin nəticələri haqqında qarşılıqlı razılaşma imzalandı. Fürer Avrasiya İttifaqının sədri elan edildi; Yeva Barunla evlənib Berlində yaşamağa başladı. Onların uşaqları olmadı. Fürer 1955-cu ildədək yaşadı və“Bütün yəhudi uşaqların ruhu qarşısından müqəssirəm! Heç əfv diləməyə də üzüm gəlmir! Mükünsə, gələcək nəsillər məni bağışlasın!”– deyərək gözlərini yumdu… ”

***

“…1948-ci ilin payızında doktor Zinger, nəhayət ki, öz kəşfi barədə Fürerə məruzə etdi…” – 1984 nömrəli adam çıxışına davam elədi – “…Əvvəldə də qeyd etdiyim kimi, məhlul “Übermenşagen” adlanırdı. Übermeşagen insanlıq tarixində dönüş yaratmalı idi, – Doktor Zinger öz məruzəsində elə beləcə də demişdi: “Übermenşagen insanlıq tarixində inqilab edəcək! – amma heç kəs, Doktor Zingerin özündən başqa heç kəs preparatın əlavə təsirlərindən xəbərdar deyildi. Məhlul insan ümunitetini gücləndirməli, beyinin qavrama faizini yüksəltməli, insan yaddaşının, belə deyək, həcmini artırmalı idi. Qeyd etməliyəm ki, bütün bu gözləntilər özünü doğrultdu. Üstəlik, bütün bu əlavə üstünlüklərin nəticəsində məhlulu qəbul etmiş hər bir insanda xüsusi bacarıqlar yarandı: bir müddətdən sonra insanlar bir-birilərinin fikirlərini oxumağa başladılar. Sizin variantda bu fenomen “telepatiya” adlanır… Doktor Zinger öz kəşfinə görə 1952-ci ildə kimya üzrə “Hitler” mükafatına layiq görüldü. Fürer də öz çıxışı zamanı Zingerin 30 illik elmi fəlaliyyətini yüksək qiymətləndirdi, onu elə mərasim zalındaca “Birinci dərəcəli Faşist ordeni” ilə təltif etdi… Nəzərinizə çatdırım ki, bu, Avrasiya İttifaqında ən yüksək fəxri ad hesab edilir… Daha sonra, 1954-ci ildə Übermenşagen vaksinasiyası üzrə dövlət praqramı qəbul edildi. Proqrama görə, 6 ay ərzində bütün Avrasiya İttifaqı vətəndaşları Übermenşagen məhlulu ilə penvənd edilməli idilər. Nəticədə, Fürerin ən böyük arzularından biri həyata keçəcəkdi: ali insan nəsli yetişəcək, ideal cəmiyyət yaranacaqdı. Dövlət proqramı uğurla həyata keçirildi. İlk baxışdan hər şey qadasında idi. Lakin doktor Zingerin intiharı bütün gözləntiləri alt-üst etdi.

Proqramının uğurla yerinə yetirildiyi elən olunun gündən iki həftə sonra Zinger Berlin kanalında çıxışı zamanı Übermenşagenin əlavə təsirləri barədə söz açdı. Çıxışını qəhqəhələr içində başa vurduqdan sora tapançasını çıxarıb başına güllə çaxdı. Əlbəttə, bütün bunlar mən doğulmamışdan əvvəl baş verib. Mən həmin çıxışın video yazısı ilə çox sonralar, zaman variantlarına səyahət edən elmi ekspedisiyasının tərkibinə daxil olduqdan sonra xəbər tutdum. Təxminən, 20 dəqiqəlik çıxış idi. O, deyirdi:“…Übermenşagen mənim bütün insanlardan qısasımdır! İndi hamı – bütün insanlar mənə bənzəyəcək. Hər kəs! Hər kəs! Hə-ər kəs! Mən sizi bir-birinizin nüsxəsinə, daha doğrusu, öz nüsxəmə çevirəcəm. Qarşısıalınmaz proses artıq başlamışdır. Geriyə yol yoxdur! İndi hamınız – Kimya-biologiya liseyində məni “yemişbaş” adlandırıb ələ salanlar da, 416-cı moto-atıcı alayın hamamında penisimə baxıb mənə gülənlər də, tüksüz və sısqa bədənimi lağa qoyaraq mənə kərkinənlər də, hamınız, hamınız mənə bənzəyəcəksiz! Mən sizin genlərinizi dəyişdim. Həyatınızı məhv etdim! Hələ üstəlik, buna görə mənə mükafat da verdiniz! Ha-ha-ha! Bütün ömrüm boyu, hər an, hər dəqiqə yalnız bu günü gözləmişəm. Bu anı! Hə! İndi hamınız yemişbaşa çeviriləcəksiz! Penisiniz 6 sm-ə qədər kiçiləcək! Siz indi mənim nüsxəmdən başqa bir şey deyilsiz! Ha-ha-ha!”

Sonrakı illərdə doktor Zingerin proqnozları özünü doğrultmağa başladı: getdikcə insanların kəllə skletinin forması deformasiyaya uğradı; ən dəhşətlidi o idi ki, indi hamı bir almanın iki tərəfi kimi bir-birinə bənzəyirdi… Üstəlik, telepatiya qabiliyyətinin yaranması insanlar arasında dil ünsiyyətini sıradan çıxarırdı. Belə vəziyyətdə sözə ehtiyac qalmırdı, axı bir-birini sözsüz də anlamaq mümkün idi; insanlar yalnız formallıq xatirinə dildən istifadə edirdilər… Sonra daha da dəhşətli şeylər baş verdi: vaksinasiyadan, təxminən, iki il sonra bütün insanların yaddaşındakı informasiyalar , demək olar ki, eyniyyət təşkil edirdi – bu, preparatın növbəti əlavə təsiri idi, yaddaşdakı informasiyalar avtomatik olaraq qarşındakı adamın yaddaşına köçürülürdü. İndi bütün Avrasiya İttifaqı sakinləri eyni savadlanma səviyyəsində idilər. Təsəvvür edin, hər kəs, dünyadakı bütün insanlar,… hər kəs bir nəfər kimi eyni cür düşünür, nəticədə, eyni zövq formalaşır. Bu ki lap dəhşətdir! Bilirsiz, bunu təsəvvür etmək sizinçün çox çətindir, başa düşürəm… Mən bütün bu fəsadların zaman variantlarına səyahət edə-edə bir daha fərqinə vardım… İnsanlar arasında xarici görünüş və təfəkkür tərzi etibarilə fərqlər aradan qalxdıqca bu gün sizdə, yəni sizin zaman variantında yüksək qiymətləndirilər dəyərlər sıradan çıxmağa başladı: bədii ədəbiyyat, təsviri sənət, memarlıq, moda və s. kimi anlayışlar məhv oldu. Xahiş edirəm, vəziyyəti dərk etməyə çalışın, səninlə eyni savada, eyni düşüncə tərzinə, eyni zövqə malik adamın yazdığı hansısa əsər sənə maraqlı ola bilərmi?! Ümumiyyətlə, belə vəziyyətdə “maraq” deyilən ən təbii, insanı duyğu mövcud ola bilərmi?!

Tezliklə məlum oldu ki, Übermenşagen həm də virus xarakterlidir; o, vaksinasiya proqramından kənarda qalmış insanlara da yoluxur… Müxtəlif yollarla – demək olar ki, bütün mümkün yollarla. Bu gün bizim zaman variantında sevgi, nifrət, intiqam, unutqanlıq, utanma, qorxu, həyacan, ehtiras, ağrı, yalan kimi ən təbii, insani duyğular yoxa çıxmışdır… Biz, demək olar ki, geyimdən istifadə etmirik. Şəffaf, forma və təchizat səviyyəsinə görə bir-birində heç nə ilə fərqlənməyən evlərdə yaşayırıq. Bir növ, kibrit qutusunu xatırladan, divarları, tavanı və döşəməsi şəffaf şüşədən ibarət evlərdə, əgər buna “ev” demək olarsa… Artıq 40 ilə yaxındır ki, bizim zaman variatında insanlar cinsi əlaqədə olmurlar, bu da, penisin getdikcə daha da kiçilməsinə şarait yaradır. Yeri gəlmişkən, qeyd etməliyəm ki, bizim zaman variantında kişi və qadın cinsi bir-birindən heç nə ilə fərqlənmir. Fərq yalnız cinsiyyət orqanlarındadır, cinsiyyət orqanları da, bayaq vurğuladığım kimi, artıq öz funksiyasını yerinə yetirmir… İnsan nəslinin davam etdirilməsi məcburidir. 1967-ci ildə qəbul edilmiş Beynəlxalq razılığa – bu, “Tiflis Konvensiyası” adlanır – əsasən hər bir qadın həyatında ən azı bir dəfə hamilə olmalıdır. Bununçün bizdə xüsusi “Mayalanma məntəqələri” təşkil edilmişdir… Qanuna görə, əgər hamiləlik yarımçıq qalarsa, növbəti dəfə mayalanmaq məcburi deyil, bu, yalnız sakinin öz istəyi ilə ola bilər. 1972-ci ildən bu yana bu hüquqdan bircə qadın da istifadə etməmişdir… İndi bizim variantda insanlara ad vermirlər, ondan sadəcə nömrələnirlər… Bizdə paspotr yoxdur, 1987-ci ildə qəbul edilmiş qaydalara görə, insanlar yanız öz barmaq izlərinə görə fərqləndirirlər. Qəribədir ki, Übermenşagen barmaq izlərinin individuallığını məhv edə bilməyib… Biz yeməkdən istifadə etmirik; qidalanmaq üçün xüsusi vitamin və protein kapsulları var… 1984-cu ildən bu yana isə Yer planetində yalnız bir dövlət var – “Ümumdünya Konfederasiyası”. Qeyd edim ki, mən hüquqi cəhətdən Ümumdünya Konfererasiyasına daxil olan Avrasiya İttifaqınının sakini hesab edilirəm. İndi bizdə yaşayış məntəqələrinin də adı yoxdur; onlar coğrafi koordinatlarına görə adlandırırlar…” – 1984 nömrəli adam bir anlıq duruxmuşdu, sanki, hansısa vacib detalı unudub-unutmamağını xatırlamağa çalışmışdı, birdən üzünə təbəssüm qonmuşdu – “Hə, lap az qala unudacaqdım, bizim zaman variantında, yəqin ki, yeganə münbət cəhət müharibə və cinayətlərin olmamasıdır…” – sonra həmin təbəssüm bir andaca yox çıxmışdı – “…Axı müharibə və cinayət həyat əlamətləridir. Bizsə artıq insan deylik, bir-birini təkrar edən, duyğusuz, iddiasız, nöqsansız, boz robotlarıq… İndi biz hamımız bir-birimizin nüsxəsiyik… Bu, çox dəhşətli bir şeydir! Siz bunu təsəvvür belə edə bilməzsiz! Bax belə…

Yəqin ki, sonda dəyərli jurnailstlər onları maraqlandıran sualları səsləndirəcəklər, marağınızı nəzərə alıb hamısını cavablandıracam. Yalnız ikicə xahişim var: birincisi, zaman variantlarına səyahət mexanizmi ilə bağlı sual verməyin, bu haqda danışmayacam! İkincisi, Übermenşagen məhlulunun tərkibi ilə bağlı sual verməyin, çünki mən bu haqda məlumatsızam, doktor Zinger bu sirri özü ilə ədəbiyyətə apardı – o, bütün təcrübə gündəliklərini və məhlunun formulu əks olunmuş sənədləri yandırmışdı. Bundan əlavə, mən bu formulu bilsəydim belə, bu haqda heç vaxt, heç bir halda sizə danışmazdım…” – 1984 nömrəli adam çıxışına ara verib konfrans zalını diqqətlə gözdən keçirmişdi – “Sonda isə sizə xoş bir xəbərim var, – hər halda, ümid edirəm ki, bu sizinçün xoş xəbərdir – dünən mənim müraciətimə müsbət cavab verilib – mənə ölkənizin vətəndaşlığı veriləcək… Hələ üstəlik, özümə ad da seçmişəm: “İnsan”… – O, bu sözü bir də təkrar etmişdi, amma bu dəfə yavaşdan – İn-san… Mən öz zaman variantıma – cəhənnəmə bir daha qayıtmayacam!” – 1984 nömrəli adam bu sözlərlə bitirmişdi çıxışını. Daha sonra dünyanın ən nüfüzlu xəbər agentliklərini təmsil edən jurnalistər orudusunun saysız-hesabsız sualarını ətraflı, səbrlə cavablandırmışdı…

***

Bir-neçə saat davam edən mətbuat konfransından sonra general-mayor Mazanov sakitcə bayıra çıxmış, öz yeni xidməti avtomobilinə əyləşib sürücüyə yavaşca “Sür!” – demişdi – “…Sür dünənki yerə!” Yolboyu susmuşdu Mazanov. Nəhayət, avtomobil şəhər kənarındakı dəbdəbəli bir villanın qabağında dayanada telefonunu çıxarıb kiməsə zəng eləmişdi:

–Ay qız, hazırsan?.. Tez ol! – demişdi.

Biz az sonra gözəllər gözəli bir qız nazlana-nazlana gəlib minmişdi maşına. Mazanov heç kimə məhəl qoymadan, heyvani bir həvəslə əlini atıb qızın pambıq kimi ağappaq və yumşaq badırını əlləşdirmişdi…

“Pulun oldu, belədir də! Yoxsa bu gözəllikdə qız bu qoca çaqqalın nəyinə verir ki?!” – elə bu an hardansa qulağına səs gəlmişdi general Mazanovun. Özünü itirən kimi olmuşdu general:

–Danışdığın nədi, ay uşaq! – çəmkirmişdi sürücünün üstünə.

–Bəli, bəli, cənab general! – gənc sürücü tələsik dillənmişdi.

–Ağlını başına yığ, yola bax! – demişdi Mazanov.

“Düz deyirəm də, çaqqal oğlu çaqqal! Allah bilir, heç durmur da…” – bayaqkı səs yenə dilə gəlmişdi. Diksinmişdi general. “Yox!” – demişdi ürəyində – “Yox e, ele şey ola bilməz!”. Dodağının altında fikirli-fikirli mızıldanmışdı: “Übermenşagen”… Sonra nə fikirləşmişdisə, gənc müğənni Nazənin Həbibinin düz gözünün içinə baxmışdı:

–Doğrudan, məni sevirsən? – soruşmuşdu.

–Əlbəttə, Caniko, yenə başlama daa… – burnunu sallamışdı Nazənin.

“Əlbəttə, sevirəm… sənin pullarını, gic köpəyoğlu!” – bayaqkı qeyb səs bu dəfə Nazənin Həbibinin səsində danışmağa başlamışdı – “Tələsmə, tələsmə, az qalıb, tüpürəcəm sənə də, sənin pullarına da, iyli cəmdəyinə də! Az qalıb!”

General Mazanov qalstukunu boşaltmışdı, – o, həmişə təslim olanda bu cür edərdi – köynəyinin axırıncı düyməsini açıb yorğun-yorğun oturacağa yaymanmışdı, dili bircə söz tutmuşdu: “Ü-ber-men-şa-gen…”

news-inner-user

16049 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020