Hüseyn Arif Nüsrət Kəsəmənlinin anasına nə dedi? GİZLİN ƏDƏBİYYAT

Hüseyn Arif Nüsrət Kəsəmənlinin anasına nə dedi? GİZLİN ƏDƏBİYYAT
27 oktyabr 2015
# 09:00

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “O günlərdən anlar” yazısını təqdim edir.

***

Əllinci illərin əvvəllərində Səməd Vurğun Moskvada ikən yolunu salır Qorki adına Ədəbiyyat İnstitutuna. İstəyir orada təhsil alan oğlu Yusifə baş çəksin. Gəlib Yusifi tapır. Ata-bala görüşürlər. Yusif Səmədoğlu həvəslə institutun otaqlarını, geniş dəhlizləri, divarlardakı şəkilləri atasına göstərməyə başlayır. Gəzə-gəzə gəlib çatırlar divarın dibində dayanmış bir ağ, çılpaq kişi heykəlinin yanına. Səməd Vurğun ayaq saxlayıb soruşur ki, a Yusif, bu kimdi belə? Yusif Səmədoğlu utana-utana cavab verir ki, Daviddi, ata. Heykəli başdan-ayağa süzən Səməd Vurğun:

- David, David, buymuş David?! Bunun sünnəti lap bizim o filankəski boydaymış ki, - deyir.

***

Bir gün İlyas Əfəndiyev səhər vaxtı çıxır mənzilinin həyətə baxan eyvanına. Ora-bura baxıb görür aşağı mərtəbədə qonşusu Salam Qədirzadə öz eyvanından təsbeh çevirə-çevirə aşağı baxır. İlyas Əfəndiyev bərkdən öskürür. Salam Qədirzadə başını yuxarı qaldırıb qonşusu ilə hörmətlə salamlaşır. İlyas Əfəndiyev soruşur:

- Ə, Salam, jurnalda “Sarıköynəklə Valehin nağılı”nı oxudunmu?

- Bəli, İlyas müəllim, - deyir Salam Qədirzadə.

- Bə niyə demirsən yaxşıdı?

***

Bir gün Hüseyn Arif Ağstafaya gedərkən, yolüstü Qazaxda Nüsrət Kəsəmənligilə dəymək qərarına gəlir. Fikirləşir ki, bəlkə Nüsrət də burda ola, oturub “dərdləşərlər”. Gəlib görür Nüsrət yoxdu, Bakıdadı. Kəsəmənlinin anası çay gətirib, özü də oturur Hüseyn Ariflə. Ordan-burdan söhbət eləməyə başlayırlar. Hüseyn Arif danışa-danışa otağa göz gəzdirir. Birdən divardan asılmış hərbi geyimdə bir kişi şəkli diqqətini cəlb edir.

- Ana, o kimdi elə? – soruşur.

- Nüsrətdi, a bala, - deyir Kəsəmənlinin anası - əsgərlikdə çəkdirib.

Hüseyn Arif ağlamsınıb yanıqlı səslə:

- Allah Hitlerin belini sındırsın, - deyir – rəhmətlik ölməsəydi yaxşı şair olacaqdı.

***

Bayram Bayramov bir də baxıb görür ki, sonbeşiyi Şahin böyüyüb, hədd-buluğa çatıb, daha daşa-divara gəlir. Çox götür-qoydan sonra qonşu məhəllədə yaşayan bir ailənin qızı üçün elçiliyə gedir. Qızın böyükləri, nəslin başbilənləri yığışıb yazıçını böyük hörmətlə qarşılayırlar, oturub nəzakətlə Bayram Bayramova diqqət kəsilirlər. Əvvəlcə söhbət ordan-burdan, havadan, zəmanədən gedir. Sonra araya sükut çökür. İşi belə görən yazıçı məsələni çox uzatmamaq qərarına gəlib mətləbə keçir:

- Ay qonşular, bizim Şahini yəqin ki, yaxşı tanıyırsınız.

Hamı başını aşağı salıb hörmətlə qulaq asır. Bayram Bayramov səsini bir az ucaldıb sözünə davam edir:

- Dünyada nə dəyyusluq, quldurluq, fırıldaq deyirsiz, bizim bu uşaqda.

Amma, gərək “yox” deməyəsiniz. Çünki arada məhəbbət var.

***

Bir gün gecə yaxınlaşan vaxt Nəbi Xəzrinin evinin qapısı ürkək-ürkək döyülür. Elə bil qapını cırmaqlayırlar. Şair təəccüblə gedib qapını açır. Görür Hüseyn Arifdi. Bir söz deməyib içəri dəvət eləyir. Oturub çay içməyə başlayırlar. Nəbi Xəzri ha gözləyir, görür Hüseyn Arif ciddi bir şey danışmır. Bir az da dözür, amma vaxtsız gəlişin səbəbini aydınlaşdıra bilmir, Hüseyn Arif dəxli olmayan məsələlərdən dəm vurur. Çarəsiz, qalxıb əlinə keçəndən yığıb gətirir masaya, yüngül bir süfrə açır və gözləyir ki, Hüseyn Arif işi tez xətm eləyib getsin, o da başını atıb yatsın. Baxır ki, şair hər badədən sonra özünü bir az da məhrəmanə aparmağa başlayır. Qalxıb tez-tez dəhlizə çıxır və “ay uşaq, gəlirəm” deyib otağa qayıdır. Amma bunlar Hüseyn Arifin əhvalını qəti pozmur, rahatca oturub təəccüblə dostunun get-gəlini izləyir.

Nəbi Xəzri daha başqa çıxış yolu tapmayıb bu üsulu tez-tez təkrar eləməyə başlayır. Hüseyn Arif yerindən tərpənmir ki, tərpənmir. Hər dəfə Nəbi Xəzrinin dalısıyca maraqla baxır və qayıdan kimi yenə söhbətinin davamına başlayır.

Nəbi Xəzri görür ki dostu şüşəni hələ təzəcə yarılayır, nitqi lap açılıb, özü də badə əlində təzə dastan açmağa hazırlaşır. Bu dəfə qeyzlə qalxıb yenə dəhlizə çıxır və bərkdən “ay uşaq, hövsələniz olsun, gəlirəm də!” deyib qayıdır. Hüseyn Arif ona zənlə baxıb “Nəbi, narahatsansa, çıxıb gedə bilərsən evinizə” söyləyir. Sonra Nəbi Xəzrinin üzündəki çaşqınlığı görüb ayağa qalxır, dostunu qucaqlayıb “Sən allah bağışla, elə bildim sən bizə gəlmisən” deyir.

***

Xəlil Rza və şair Ağacavad Əlizadə hardasa oturub yemək yeyirlər. Bir-iki qədəhdən sonra Ağacavad Əlizadə soruşur ki, ay Xəlil, Şekspir haqqında məqalə yaza bilərsən? Xəlil Rza yeməyindən ayrılmadan başı ilə “hə” cavabı verir.

Yarım saat keçir. Ağacavad Əlizadə sükutu pozub yenə sual verir ki, bəs Nizami haqqında necə? Xəlil Rza “ay-hay!” deyib əlindəki qabırğaya girişir, yəni, bu mənim üçün su içmək kimi bir şeydi.

Axırıncı qədəhi nuş eləyirlər. Ağacavad Əlizadə bu dəfə uca səslə soruşur ki, yaxşı bəs Heyne, Bayron, Höte haqqında necə, yaza bilərsən? Xəlil Rza fikirləşmədən cavab verir ki, yazaram, Ağacavad, əlbəttə yazaram.

- Yaza bilməzsən! – deyə Ağacavad Əlizadə düz Xəlil Rzanın gözünün içinə baxır.

- Niyə?

- Çünki, bütün bəlağətli epitetləri İlyas Əfəndiyev haqqında yazmısan – deyən Ağacavad Əlizadə qalxıb çıxıb gedir.

***

Bəxtiyar Vahabzadə yaxın dostları ilə evində oturub çay içib, söhbət eləyirmiş. Məclisdə alim də var imiş, yazıçı da, həkim də. Xülasə, bir küncdə oturub hər şeyi maraqla izləyən şairin həmyerlisindən savayı hamı ziyalı imiş.

Sonra Vahabzadədən xahiş edirlər təzə yazdığı bir şeir oxusun. O, da hələ üzərində işlədiyi “Muğam” poemasından bir hissəni gətirib oxumağa başlayır. Muğamın mənəviyyatımızda dərin iz buraxması, hər dəsgahın sevgi hissləri oyatmaq, düşündürmək, səfərbər etmək gücünə malik olması fikri əsər boyu səslənərək hamını duyğulandırır. Bəxtiyar Vahabzadə başını qaldırıb görür, şeir hamıya o qədər təsir edib ki, danışmağa söz tapmırlar, amma təkcə həmyerlisinin halı lap xarabdı, gözləri dolub, içini çəkir. Məhz ondan belə təsirlənməsini gözləməyən şair “nə oldu, a bala?” deyə xəbər alır.

- Sənə nə deyim, a Bəxtiyar müəllim, lap yaralı yerimə toxundun, --cavab verir yerlisi. – Axı mən də bir il Muğanda işləmişəm.

***

Tələt Əyyubov, Əli Vəliyev, Məmməd Arif Dadaşzadə Kiyevdə olurlar. Qayıdan baş Əli Vəliyevlə Tələt Əyyubovun pulu qurtarır. Məmməd Arif Dadaşzadədən hərəyə yüz manat borc alıb, gəlirlər Bakıya. Bir müddət görüşmürlər. Narahatlıq keçirən Tələt Əyyubov bir gün Əli Vəliyevə zəng çalıb hökmlü, qalın səsiylə ucadan çox ciddi soruşur:

- Əli, Kiyevdə, Məmməd Arifdən aldığın yüz manatı qaytaracaqsanmı?

Əli Vəliyev nazik səslə ibarəli cavab verir:

- Sənə nə?

Tələt Əyyubov bayaqkı ciddiyyətlə fikrini bildirir:

- Deyirəm, əgər sən qaytarmayacaqsansa, heç mən də qaytarmayım.

# 2554 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #