news-inner
clock16:33 calendar-gray 09 Oktyabr 2015 view-gray142 dəfə oxunub
view-gray142 dəfə oxunub

Get özünü as... – Azərdən YENİ HEKAYƏ

Bu gün yazıçı Azər Qismətin doğum gündür. Kulis bu münasibətlə Azər bəyi təbrik edir və onun “Qadın istəyi” hekayəsini təqdim edir.

….Maşın şütüyürdü.

Dağların arası ilə…

Sonra ətrafı əkin sahələri ilə uzanan yolla…

Yanındakı oğlana baxdı. O isə baxmadı…

Qadın düşündü ki, niyə məhz bu oğlanı ona verdilər? Qaradinməz baxışlarını ancaq yola dikmişdi. Heç yerindən tərpənmirdi. Nə onunla danışır, nə də gülümsəyirdi…

Arzuladığı adam deyildi…

Ölkənin ən ucqar yerinə getmək üçün beş saat vaxtı vardı…

Darıxırdı… ürəyi partlayırdı…

Ərindən ayrılandan sonra gərginliyin nə olması barədə rəfiqələrinin danışdığını indi özü duyurdu. Səhv etdi. Bircə səhvini əri bağışlamadı.

Yan güzgüdə arxadan siqnal verən maşının sürücüsünə dil çıxardı. O da dil çıxardı… Bilmirdi nə edir… heç bir hərəkətinin məsuliyyətini daşımırdı. Ona elə gəlirdi ki, heç bir məsuliyyətin daşınmadığı boşluğa düşüb. Gözəl dövrdür. Amma çərçivəsi yoxdur, sonu uçuruma gedir. Sonu bilinməz bu dövrün.

Oğlansa düz qabağa baxır, onu dindirmirdi… Yaraşıqlıdır. Onunla xoş gecələr keçirmək olar. Yox, beləsi ilə yox. Quru taxta ilə yatmayacaq ki. Ruhunu ortaya qoymalıdır… Qadın bədəninə ruhsuz taxta nəyə lazımdır… Hər öpüşdə, hər pıçıltıda ruh görünmədisə, istənilməz belə sevgi…

Traktorlar əkin sahəsində yonca biçirdi. Arxasınca tayalar atırdı. Necə də gözəldir. Qadın maşını saxlayıb bu mənzərəyə baxdı. Adamlar zəhmət çəkir. O isə dalğındır. Adamların məşğul olmağa, vaxtlarını xoş ovqatla öldürməyə nələrisə var. O isə gecələrini üzüqoylu keçirib ağlayır…hey ağlayır…

Maşın yenə şütüyürdü… Bir it nəfsinə keçən taleyini öz əllərilə dağıtdı… Əri onu bağışlamadı…

Yanındakı oğlan isə susurdu. Yox, tüpürüm bunun yaraşığına. Lənət olsun hündür boyuna, qalın qaşına, iri əllərinə, geniş sinəsinə… Tanrı sənə öz ruhundan üfürməyibsə, get özünə qəbir qaz… get özünü as… yandır… sənin bu yaraşığın kimə lazımdır…

Yanacaqdoldurma stansiyasında gözlərini yumub benzin qoxusunu iylədi. Bu qoxudan nədən xoşlandığını bu günlərdə öyrənmişdi… qanında dəmir çatmırmış…

Oğlan yenə maşından düşmədi. Gözlərini qabağa zilləyib matdım-matdım baxırdı. Nə bir hərəkət, nə bir əlamət, nə bir canlanma.

Maşın yenə şütüdü.

Yol kənarında bir dəstə qadın-kişi sevinclə addımlayıb harasa tələsirdilər… saf baxışlara bax… belə saflıq istəyirdi… qırmızı paltar geyinən qız-gəlinlər əllərində xonça mağara girirdilər. Mahnı eşidilirdi.

- Gedək ora?

Oğlan dinməyib onun ardınca düşmədi.

Qadın mağara girdi. Ev yiyələri tanımadıqları qadına qulluq etdilər. Camaata qoşulub tum çırtlaya-çırtlaya xanəndəyə qulaq asdı. Sərxoş ərlərini sakitləşdirən qadınların hansı fitnə-feldən istifadə etmələrinə baxıb uğundu. Gəlinin arxasındakı xalçanın üstündə yazılan “Xoşbəxt ol” sözündə hərf səhvi tutdu. Milad oyuncaqlarını sındırıb xalçanın üzərində bu sözləri yazanda, yəqin gəlin gələcək taleyinin də belə parıltılı olacağaını düşünübmüş. Xoşbəxt ol, gəlin. Getdiyin ocağı isindir.

Maşın yenə şütüyürdü. Yenə də dağlar.

Axı, bu oğlan niyə danışmır? Bəlkə heç əlinə qadın əlini alıb yanağına sürtməyib, soyuq gecələrdə nəfəsi ilə isitməyib? Bəlkə, heç kişi deyil? Kişi cildində qadını veriblər ona?

12 yuxu həbi atıb yatanda yuxusuna kərgədan girmişdi. Buynuzu ilə böyrəyini deşirdi. Murdar nəfəsini üzündə gəzdirirdi… Qəribə heyvan idi. Gah öldürür, gah da sağ qalıb-qalmamsını bilməyə çalışırdı.

Bacısının zənglərinə cavab verməməsi həyatını xilas etmişdi. Qapını sındırıb onu qucaqlarında həkimə çatdırmışdılar… Sonra hər gün evində bir yaxını qaldı. Bıçağı, çəngəli, dərmanları gizlətdilər ki, bir də intihar etməsin. Bircə əri gəlmədi. Kinli əri. Yanındakı oğlan yüz il qala ona çatmazdı. Onun köstəbəyə oxşayan ərinə. Gülümsədi. Qarazırtığa bənzəsə də əclafın ruhu vardı. Baxışlarından sümüklərinə qədər üşənən qadın, indi hardasan? Hər sözündən hissiyatını oyandıran köstəbək kişi, çoxmu uzaqlardasan?

Daha beləsi kimi yox. Pinokio.

- Pinokionu tanıyırsız?

Oğlan yenə dimədi.

- Deyirlər ki, əslində taxta burunlu oğlanın prototipi Pinokio Sançes olub.

Danışım, yoxsa danışmayım?

Oğlan gözlərini zilləyib dinmədi.

- Yaxşı danışım. Çünki indi onun taleyini yaşayırsız. Sizə maraqlı olar keşmiş həyatınız. Pinokio Sançes liliput olub. Lap balaca oğlan. Gözünüzü zilləməyinizdən belə anladım ki, “liliput” sözünün mənasını bilmirsiz. Nə olar, bu əziyyətdən də keçib deyərəm. Ay Allah, mənim günümə bax. “Liliput” balaca adamlara deyirlər. Bax belə, - deyə qadın maşından düşüb boynunu əydi. –Bax belə adamlara. Hə, o Sançes orduda 15 il xidmət edib. Günlərin birində dağlarda hərbi təlim vaxtı yıxılıb sümüklərini sındırıb. Usta Karlo Bestulci onun sınan burnuna əlac edib. Taxta burun düzəldib.

Maşına oturub mühərriki işə saldı.

- Bax, bu dünyada elə taxta adamlar hələ də var. O bədbəxtin heç olmasa burnu taxtadan idi. Amma indi elə yaraşıqlı adamlar var ki, taxta ondan yaxşıdır. Heç olmasa taxtadan ayaqyolu düzəldib içinə zad edirsən. Taxta adamlardan isə ayaqyolu da çıxmaz. Anlayırsız da nə demək istəyirəm.

Oğlan dinmədi. Gözlərini yola zillədi.

Maşın yenə şütüdü.

Acmışdı. Kafelərin birində əyləşib kəndin özünəməxsus yeməyindən sifariş etdi. Maşından düşməsi üçün oğlana əlini yellədi. O isə maşından düşmədi.

Qadın telefonu hirslə götürüb masadan uzaqlaşdı.

-Siz mənə kimi vermisiniz? Kimdir axı bu? Sizə dedim ki, həyatım ağırdır…mənə qəlbimi açan adam balası verin…o isə taxtadır…danışmır, gülmür, yemək yemir, heç üçsaatlıq yolda ayaqyoluna da getmədi…ümumiyyətlə, bu insandır, yoxsa taxta? Necə? Tənha qadınların ən çox sifariş verdiyi adamdır? Kim, bu? Bu taxta? Güldürməyin məni. Hamınız cəhənnəm olun. Geri qayıdıram.

…Maşını işə saldı. Geriyə - paytaxta döndülər. Oğlan dinmir, düz yola baxırdı. Bu da qadının taleyi. Bu da qəlbinin açılması üçün əziyyəti. Gərgədan ona görə yuxusuna girib böyrəyini deşirmiş, murdar nəfəsini sifətində gəzdirirmiş. Mayallaq aşıb həyatını maraqlı etməyəcəkdi ki?

Alınmır onda. Ərli həyatı da alınmadı.

Maşın paytaxta çatdı. Oğlanı götürdüyü yerdə düşürdü. Oğlan getmək istəyəndə soruşdu:

-Mən doğrudan qadın deyildim ki, yol boyu dinib-danışmadız? Yəni, heç qəlbi açılası qadın deyildim?

Oğlan üzünü paytaxt küləyinə çevirib nəhayət dilləndi.

-Yox.

O, kişi-qadın dialoqunda hərdən baş verən sükuta da imkan vermədi. Belə halda sükut yarana bilməzdi. Belə cavabın sükutu olmur.

-Anlamadım. Mən qadın deyiləm ki?

-Yox.

Gözəl də deyiləm?

-Bəlkə də nə vaxtsa olmusuz.

-Məndən qadın ətri gəlmir?

-Sizdən qurumuş ağac iyi gəlir, - deyə qapını çırpıb uzaqlaşdı.

Oğlan pencəyinin düymələrini bağlayıb uzaqlaşdı. Alnına dağılan saçlarına əhəmiyyət verməyib başqa maşını saxlayıb əyləşdi. Və arxaya baxmadan uzaqlaşdı.

Qadın onun arxasınca baxıb çantasını eşələyə-eşələyə telefonunu axtardı.

-Dayan, alçaq. Sənə həyatı başa salaram. İndi mən həyatımı dəyişərəm, sən də baxarsan. Sənə göstərərəm kimdən ağac iyi gəlir. Gözəlliyimi görərsən mənim, əclaf.

Alo, Etimad Bürosudur? Düz bir həfətədən sonra ölkənin ən ucqar yerinə səyahətə çıxıram. Mənə bu oğlanı verərsiz. Ancaq bu alçağı…

news-inner-user

18107 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qocalar evində yaşayan aktrisa vəfat etdi
13:45 06 Mart 2021
Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar
12:30 06 Mart 2021
Berlin Film Festivalının qalibləri açıqlandı
11:13 06 Mart 2021
Xalq rəssamı haqqında tədbir keçirilib
10:12 06 Mart 2021
Kişilərə qarşı terror törədən feministlər – Sevda Sultanova yazır...
09:01 06 Mart 2021
“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021
Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
12:30 05 Mart 2021
Nənəsi şal örtən, qızı şort geyinən dostum – Şərif Ağayar yazır...
11:44 05 Mart 2021
Lal deyil, amma ömrü boyu danışmır...
11:01 05 Mart 2021
Berlin Film Festivalında Azərbaycan düzəlişi
10:14 05 Mart 2021
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
09:00 05 Mart 2021
Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir Yusifli yazır…
18:11 04 Mart 2021