news-inner
clock13:54 calendar-gray 09 Oktyabr 2015 view-gray121 dəfə oxunub
view-gray121 dəfə oxunub

Qarşı binanın pəncərəsindəki açıq sinə - Nahidin hekayəsi

Kulis gənc yazar Nahidin “Rekonstruksiya” hekayəsini təqdim edir.

...Vahiməli bir küçənin maşın yolu enindədi ayrılıq!

...indi, fikrindən çıxmayan cümlə, həmin gün ağlına gəlsəydi, belə narahat olmayacaqdı. Qəzəbini ağır sözlərlə ifadə edəcək, sındırmağa cəsarət etmədiyi bakalı daha bərkdən, ən sonuncu insanın belə “nə baş verir” təəccübü ilə dönüb baxacağı şəkildə yerə çırpacaqdı. Ancaq gecdir.

Taxta oturacaqda oturub, əlində oynatdığı köhnə fırçaya baxaraq heyfsilənir. Gecənin saat ikisində fırçanı Bakının hansı mağazasından, hansı küçəsindən aldığını fikirləşməklə boşluğu doldurur. Lakin heç nə yadında deyil. Hər zaman getdiyi rəsm mağazasına necə getdiyini, hansı marşruta minib, hansı küçədən kəsmə döndüyünü xatırlamır. “Başqa şeylər düşünmək lazımdır. Amma nə?” Sualı fikirləşdiyini ətrafı incələməsindən oxunur. Elə bir şey tapmaq istəyir ki, baxdığı hər nədirsə obraza dönsün, fərqli fiqurlar alınsın, əcaib görsənsin. İlk cəhd üçün önündə dayanmış kətan rəsm lövhəsindən başlamaq istəyir. Tez də fikrini dəyişir. Ondan cəmi beş addım solda, matrası sökülmüş kirli divanın rəsm lövhəsindən daha maraqlı görsəndiyini hiss edir. Və ya otağın qapısı üzərindən iki gündür asılı qalmış şalvarın sol cibindəki pulun miqdarından çox, qəpiyin olub-olmamasını fikirləşmək daha ecazkar gəlir. Ayağına dirsəklənərək əlləri ilə gözlərini bağlayıb bir anlıq hərəkətsiz dayanır. Barmaqlarının arasından görsənən masanın üstündə, qol saatının önündə dayanmış ərimiş şam istədiyi obraza düşür. (Saatın dəmir qapaqlığından insan görkəmli kölgə canlanırdı. Qara, uzunboğaz, bədheybət görkəmində). İndi, elə bu dəqiqə, adi ağcaqanad vızıltısı da ona maraqlı gəlir. Boşluğu doldurmaq üçün hansısa melodiyaya qulaq asırmış kimi arıq boğazını uzadıb, başını xəfifcə yellədərək mızıldayır.

Qonşu binanın eyvanından baxan bir cüt göz, aylardır gördüyü qərarsız insanın yalnız, çarəsiz olduğunu açıq-aydın hiss edir.

Oturduğu taxta oturacaqdan qalxır. Matrası sökülmüş divana yaxınlaşıb yenidən geri qayıdır. Qaşlarını çatıb, əslində neçə aydır “Nə çəkim?” sualından çox, “Niyə baxır?” sualını fikirləşdiyinin fərqinə varır. Qəzəbindən nəyisə təpikləmək üçün, quyruğu ilə oynamaq istəyən it kimi ətrafında dönür. Gözünə heç nə sataşmayanda, dünən, ağzına qədər dolmuş zibil vedrəsini götürüb mətbəxə qoyduğu üçün özünü danlayır. İndi, bu əsəblə, zibil vedrəsinin düz ortasından karlı təpik ilişdirə biləcəyini sıxılmış yumruğu ilə ifadə edib döşəməyə çömbəlir.

***

...indi, xatırladığı o son cümlə, həmin gün dilinə gəlməsəydi, bəlkə də narahat, əzab çəkən tərəf olmayacaqdı. Bakalı daha bərkdən yerə çırpıb, məclisdəki ən sonuncu insanın belə “nə baş verir” təəccübündə dönməyinə şərait yaratmayacaqdı. Ancaq gecdir. Bakalın səsini, tədbir olan binanın tinində, sərnişin dayanacağının dəmir oturacağında yuxulayan qoca dilənçi də eşitmişdi. Yorğunluqdan başını qaldırıb səsin hansı tərəfdən gəldiyinə baxmamışdı. (Əslində, boş araq şüşəsinin qucağından diyirlənərək yerə düşüb sındığını zənn etmişdi).

Olan olmuşdu artıq.

Sayını unutduğu siqaretlərin tüstüsünü içinə çəkib neçənci gecədir ki, izlədiyi bəsit bir həyatın yeni seriyası üçün eyvanın taxta sürahisinə dirsəklənir. Qonşu binanın eyvanından görsənən ümidsiz insan obrazı, tamaşada rolunun gələcəyi anı gözləyən aktyora bənzəyir.

“Bu ümidsiz və maraqsız insanın gecəsini maraqlı etmək üçün qapının zənginə toxunmaq lazımdır ilk günündəki kimi” - düşünərək yeni seriyaya öz əlavələrini etməyə başlayır;

1-ci epizod - Cəsarətli olmaq üçün bir az içmək lazımdır. Sonra pillələri qaça-qaça enmək, vahimə dolu küçəni maşın yolu enində keçmək, qonşu binaya daxil olub pillələri nəzakətlə çıxmaq olar. Qapıya yaxınlaşıb, gecənin qaranlığından qadın bədənini qorumaq bəhanəsi ilə həyəcanla zəngə toxunmaq gərəkdir. Qoy ilk zəngə fikir verməsin, ancaq ikinci zəngin səsindən bir neçə an sonra yorğun halda qapıya yaxınlaşıb, gözlükdən baxmadan qapını açsın. Belə düzdü, baxmadan açsın.

2-ci epizod - Heç nə olmamış kimi mini ətəkdə, dekolteli paltarda, boyası pulcuqlamış köhnə qapının taxtasına söykənə bilərəm. Sol gözümün üstündən üzümə tökülmüş qəhvəyi saçımın arasından rəngsiz dodağım aydın görsənər. Qapını açdığında, lüt bədənin şəklini çəkmək üçün dünən zəng etdiyin fahişə olduğumu da deyə bilərəm. Belə düzdü.

Ona rəsm olmağa gəldiyimi demək üçün tələsmək lazım deyil. Gözləri yummaq, köhnə, saplağının yavaş-yavaş yox olduğu fırçanı hiss etmək lazımdı. Ancaq hər cəhətlə bu ümidsiz rəssama hiss etdirmək lazımdır ki, açıq sinəmi bacardığı qədər ecaskar çəksin. Sanki hansısa bir müğənni ən sonuncu oktavaya toxunmaq üçün boğazına olmazın əzab verdiyi kimi. Deyəsən bu səhvdi.

2-ci epizodun sonuncu cümləsinin üstündən xətt çəkir.

***

İkinci zəng səsinə, çömbəldiyi döşəmədən ayağa qalxıb qapının gözlüyündən gələnin kimliyinə baxdı. Alt qonşusu, yetmişlik qoca. Hansı ki, ona, hamamından evinə su axdığını, damının islandığını demək üçün gəlib və getmək üçün də tələsir. Yerində var-gəl edir. Yırğalanır. Lənətə gəlmiş qapının tez açılmasını, sözünü söyləyib getmək üçün darıxır. Darıxmağı elə bir obrazdadır ki, evdə nəyisə, hansısa vacib bir işi yarımçıq qoyub gəldiyi aşkar görsənir. (Əslində cavanlığını boz şəkillərlə xatırlayan qoca, ay işığının boğazından aşağı, sinəsinə qədər işıqlandırdığı gözəli, siqaret közərdiyində al qırmızı rəngə dönən dodaqları yenidən görmək üçün tələsirdi). Zəngi ikinci dəfə sıxdığını unudub əsəblə qapını döydüyü an ürəyi titrəyir. Qəzəbindən damağını yara eləmiş protez dişlərini qonaq otağında, kitab rəfinin üstündə, yarım stəkan suyun içində unutduğunu xatırlayır. Qəzəbini söyüşlə ifadə etmək üçün dişlərinin dalınca tələsir.

Qocanın hərəkətləri onu güldürür. Otağa keçərək kətanlı rəsm lövhəsinin qarşısında əyləşib fırçanı əlinə alır. Tavandan asılmış lampa otağı güclə işıqlandırır. Qərar vermək istəyən insanlar kimi vurnuxur. Gözü qıyılır, sağ əlini “nə edim” işarəsi kimi yellədir, sol ayağını pəncəsi üstə saxlayıb, dabanını yerə vurmadan aramsız olaraq molbertin taxta ayağını döyəcləyir. Sonda qərar verərək ilk dəfə pəncərədən qarşı binaya baxır. Binanın eyvanında hər iyirmi saniyədən bir siqaretin közərdiyini, ay işığının boz şəfəqində arıq, uzun boğazı, açıq sinəni aydın görür. Ovcunda unutmadığı istiliyi yenidən xatırlayır. Fırçanı quaşa batırıb dünyanın ən gözəl rəsmini çəkmək üçün gülümsəyir.

Bakı 2014

news-inner-user

16044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020