Şərifin etirafı və ya özünü günahkar bilən qaçqın

Şərifin etirafı və ya özünü günahkar bilən qaçqın
2 oktyabr 2015
# 11:12

“Əmim də ilğım görüb, baba?” – soruşdum bir dəfə.

“O, azmayıb.” – hirslə dedi - “Yolları bilir.

Gələ bilmir!”

“Babamı mən kor eləmişdim.” – Şərif Ağayarın “Şəkil” hekayəsi belə bir şaşırdıcı etirafla başlayır və davam edir: “Buna bütün varlığımla inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük idim.”

Hekayədə əksini tapan incə nüansları çözdükcə çözmək olar. Amma mən “Şəkil” hekayəsinin nə mükəmməl təhkiyəsindən, nə dərin psixologizmindən, nə də tükürpədən epizodlarından bəhs edəcəyəm. Bəhs etmək istədiyim hekayədəki etiraf məqamıdır...

Etiraf – təhkiyənin birinci şəxsin dilindən aparıldığı, müəllif-obrazın oxucunu özünün ən məhrəm hisslərinə, həyatının həqiqətlərinə mümkün qədər yaxın buraxdığı ədəbi formadır. Adətən, etiraf şəxsi həyatın retrospektivinin əks olunduğu avtobioqrafiyanın bir növü kimi qəbul olunur. Bununla belə, gündəlik, xatirə, qeyd, məktub kimi qələmə alınmış avtobioqrafik əsərdən fərqli olaraq, etiraflar yalnız müəllif-qəhrəmanın başına gələnlərin, bələd olduğu sirlərin təhkiyəsi deyil, eyni zamanda, olmuşların qiymətləndirilməsi, şəxsin, bir növ, həm də tövbəsidir; M.Baxtin bunu “etiraf-özünəhesabat” adlandırır.

Bədii ədəbiyyatda etirafın ilk nümunəsinin Müqəddəs Avqustin (354-430) tərəfindən yaradıldığı deyilir. Avtobioqrafiyanın ilk nümunələrinə hələ e.ə. II minilliyə aid mətnlərdə rast gəlinsə də, məhz onun 13 hissəli avtobioqrafik “Etiraf” (397-398) əsərində insanın mənəvi yüksəlişi, katarsisi ilk dəfə olaraq bədii şəkildə əksini tapır.

Müəllif-obraz oxucu qarşısında etiraf edərək (prinsip etibarilə, burada qarşısında etiraf etdiyinin kimliyinin elə bir əhəmiyyəti də yoxdur) içindəki “yük”dən qurtulmağa çalışır. Xristianlıqda çox zaman kimliyi bilinmədən etiraf edib, günahları kilsə xadimi tərəfindən bağışlanan insanlar var. Mən bilmirəm, Tanrı keşişlərə bu bağışlamaq haqqını gerçəkdən verib, ya yox? Amma insanın sirlərinin heç kimə açılmayacağından əmin olaraq rahatca ürəyini boşalda, etiraf edib bağışlanma təsəllisi ilə evinə yollana bildiyi bir məkanın olmasına həmişə həsəd aparmışam. Çünki hər bir yetkin adamın mütləq bircə dənə də olsun heç kimə etiraf edə bilmədiyi sirri var.

Bununla belə, kilsəyə də bağışlanma dalınca gələn günahkar, əslində, bilir ki, Yaradanın günahları bilməsi və bağışlaması üçün Onunla keşiş vasitəsilə əlaqə yaratmağa ehtiyac yoxdur. Onunla ünsiyyət dil və məkanın fövqündədir. İnanclı insan Onun varlığını duyur, münasibətini, sevgisini hiss edir və hətta eşidir. Necə ki, “Dalğaları yararaq” filmində (Lars von Trier) Bess hər dəfə kilsəyə tövbə üçün gələrkən öz söylədiklərindən əlavə, Tanrının “dediklərini” də “eşidir” – özü Onun “dili” ilə danışır. Çünki qəlbən Tanrıya bağlı olan qız Onun sevgisini də, qəzəbini də hər zaman duyur.

Dini etiraf konkret olaraq tövbə, bağışlanma arzusu ilə dilə gətirilirsə, bəzən bədii əsərdə etiraf bir az da nəsihət xarakteri daşıyır. Sanki müəllif bu mətnlə deyir: “mən etdim, sən etmə.” Lakin Şərif Ağayarın hekayəsində belə bir cəhəti sezmədim. Daha çox bəndəni Yaradana yaxınlaşdıran dini etirafdan fərqli olaraq, ədəbi etiraf obrazın xarakterinin estetik tamlığına, mükəmməlləşməsinə xidmət edir. Ədəbi etiraf “günah”ı doğuran səbəbləri detallarına qədər açıqlamaq ehtiyacı duyur.

“Şəkil” hekayəsində etirafı nəql edən müəllif deyil, onun obrazıdır, eyni zamanda, obraz həm də etirafın müəllifidir. Belə olduğu halda, müəlliflə həmin obraz arasındakı sərhəd silinir – ikisi bir tam olaraq oxucu qarşısında etiraf edir. Hər bir etirafda bağışlanma arzusu və ümidi var. Babadan üzr diləmək (ya dini nöqteyi-nəzərdən yanaşsaq, halallıq istəmək) nəvəni mənən rahatladardı, lakin baba artıq həyatda yoxdur. O isə uşaqkən bu katarsisi yaşamamışdı, etiraf edəcək, üzr istəyəcək gücdə və düşüncədə deyildi. Oxucu bu halda, etiraf-hekayənin bir elementidir – onun passiv iştirakçısına çevrilir; çünki dinləyən (oxuyan) olmasa, etiraf da olmaz.

Gücü çatsa, anasına şillə vurmuş babasını döymək istəyərdi, “bu eqoist qocadan” onları bezdirməyinin heyifini alardı, amma gücü onun çağırışına cavab verməməyə, su istəyəndə aparmamağa çatırdı, babanın əl-ayağı əsə-əsə özünə su süzməsindən inanılmaz zövq alırdı. Lakin kobud, hökmlü, onu “südünə lənət” deyə söyən babadan qisas almaq üçün bunlar yetərli deyildi, o, ürəyini soyutmaq üçün daha “sanballı” bir üsul tapmalı idi. Baba yatdığı zaman ona bir şapalaq vurub qaçmaq, saqqalını yolmaq, çayının içinə tüpürmək, ayaqqabısını murdarlamaq istərdi, amma babanın divardan asılmış gənclik şəklindəki qəzəbli baxışları onu qorxudurdu və o, çıxış yolunu həmin şəklin gözlərini pərgarla oymaqda tapdı.

Anası gözləri oyulmuş şəkli görəndən sonra ona babanın kobud davranışına baxmayaraq, nəvəsini çox istədiyini deyir, uşaqlıqda onu necə oynatdığını, əzizlədiyini danışır. Bunlar onun xoşuna gəlsə də, əməlindən peşman olmur. Çünki balaca oğlan babanı xasiyyətinə görə cəzalandırmaq lazım gəldiyini vacib sayır: “Belə baxanda, özündə də günah vardı. Çox əsəbi idi. Evdə üstümüzə qışqırır, bizi danışmağa, oynamağa qoymurdu.”, - deyə özünə bəraət qazandırır.

Səhvlərini etiraf edə bilməyən həmin uşaq “O gündən sonra babamın fotosunu asmağa heç vaxt divarımız olmadı” gerçəyinin bütün dəhşətini dərk edəndə böyüyür. “Mən babamın şəklinin gözlərini oyan gün müharibə xəbəri gəldi.” – İndi o uzaq keçmişə boylanıb baxanda ona elə gəlir ki, babasının göz nurunun itməsində də, hətta müharibə xəbərinin yayılmasında da günahkar özüdür. Bu, əslində, illərlə qaçqın həyatını yaşayıb heç nəyi dəyişmək iqtidarında olmayan insanın günahı özündə arayaraq ovunmaq çabasıdır.

Onun günah olmayanı günah kimi qəbul etməsi, bunun əzabını yaşaması – özünü aşması, olanların fövqünə çatması deməkdir. Etiraf – mənəvi inkişafın göstəricisidir, özünüdərk, səbəblərin araşdırılması, yanlış hesab olunan əməllərin vicdanla dəyərləndirilməsi, ətrafda baş verənlərin təsiri ilə daxildəki yaşanmışlıqların, çevrilmələrin, yaxşıya doğru dəyişmələrin, keçmişi özündən maksimum uzaqlaşdırıb ona zərrəbinlə baxmağın, incələməyin nəticəsi olaraq meydana gəlir. Dəyişmə yaxşıya doğru deyilsə, insan özündə etiraf etmək gücünü tapa bilmir, çünki etiraf güclü adamların işidir.

“Şəkil” hekayəsində uşağın babasına qarşı etdikləri və ən son “qisası” sadəlövhlükdən başqa bir şey deyil və babanın başına gələnlərin onunla heç bir əlaqəsi yoxdur. Oxucu bunu bilir və müəllif-obrazın “günah”ını uşaqlığına, sadəlövhlüyünə olmaqdan da əvvəl, etirafının gözəlliyinə – sənətə “bağışlayır.”

Və sonda etiraf edim ki, son bir neçə ildə bundan daha gözəl etiraf oxumamışam.

# 1197 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #