Narkotikdən ölən məşhur müğənni

Narkotikdən ölən məşhur müğənni
28 avqust 2015
# 08:00

O, dünyanın ən məşhur müğənnilərindən biri idi, mahnıları dillər əzbərinə çevrilmişdi. Bir gün qaldığı otel otağında öldüyü xəbəri yayıldı. Bu xəbər hamını çox təəccübləndirdi, heç kim öldüyünə inana bilmirdi…

Con və Kissi Hyustonun sevimli qızları Uitni Hyuston 9 avqust 1963-cü ildə Nyu-Cersidə dünyaya göz açıb. Anası Elvis Preslinin vokalisti, əmisi oğlu Dion Uarvik superstar, xaç anası Aneta Franklin isə əfsanəvi müğənni idi.

Belə ailədə Uitni də uşaqlıq yaşlarından etibarən musiqi ilə maraqlanmağa başlayır. Əvvəllər Nyu-Cersidə kilsə xorlarında mahnı oxuyan Uitni zamanla professionallığa addım atırdı.

Əvvəllər anasının, Çaka Xanın və Lou Raulsun vokalisti olan Uitni eyni zamanda modellik də edirdi. Nyu-Yorkdakı bəzi klublarda səhnəyə çıxırdı. O dövrün məşhur “Glamour”, “Seventeen” jurnallarının üz qapağını bəzəyirdi. Digər tərəfdən də səsini inkişaf etdirir, professional müğənnilik həyatına hazırlaşırdı.

Müğənninin karyerası

Uitni 1983-cü ildə ilk albom razılaşmasını imzaladı. Hyustonun ilk hiti Tedi Penderqrasla 1984-cü ildə hazırladığı “Hold me” adlı mahnı oldu. Bu mahnı Uitninin 1985-ci ildə çıxaracağı ilk albomundan xəbər verirdi. İlk albomu çıxandan sonra Hyuston dünyaca məşhur musiqi jurnalı “Rolling Stone” tərəfindən musiqi dünyasının yeni ulduzu kimi təqdim olundu.

Albomdan çıxan "Saving All My Love For You", "Greatest Love Of All" və "How Will I Know" kimi mahnılar böyük müvəffəqiyyət əldə edərək “Billboard Hot 100”-də zirvədə yer alırdı. Bundan əlavə 1986-cı ildə “Saving All My Love For You” mahnısı sənətçiyə o il üç nominasiya üzrə “Grammy”də ilk mükafatını qazandırır. Həmin il Stiv Uander, Maykl Cekson, Lionel Richie, Rey Çarlz və bir çox məşhur müğənnilərlə birgə “We Are The World” adlı mahnını səsləndirib.

1986-cı ildə Uitni həm də “Amerika Musiqi Mükafatlarında” 7 mükafat qazanır. Bundan əlavə müğənni “MTV Musiqi Mükafatı”na da layiq görülür.

1987-ci ilin iyununda Uitninin 2-ci solo albomu “Whitney” çıxdı. Müğənninin bu albomu da böyük satış əldə etdi. 19 milyon satılan albomdakı sinqllar – "I Wanna Dance With Somebody", "So Emotional" ve "Didn't We Almost Have It All"dur. Bu albom Uitniyə ikinci “Grammy” mükafatını qazandırıb.

1990-cı ildə Uitni “I`m Your Baby Tonight" adlı 3-cü solo albomunu çıxarıb. 10 milyon ədəd satılsa da, bu, əvvəlki albomların satışı ilə nisbətdə az idi. Daha sonra müğənni olimpiadalar üçün səsləndirdiyi “One Moment In Time” adlı mahnısı ilə böyük uğur əldə edib. 1992-ci ildə Uitni “Oscar” mükafatı qazanan aktyor Kevin Kostnerlə birgə “The Bodyguard” filmində baş rolu ifa edir. Film çox bəyənilsə də əsl müvəffəqiyyət Uitninin filmdən sonra çıxardığı soundtrack albomla gəlib. Dünya səviyyəsində 42 milyona yaxın satılan soundtrack Uitninin ən böyük hitlərini birləşdirib. "I Will Always Love You" sinqlı isə təkbaşına 20 milyona yaxın satış əldə etməklə bu sahədə rekorda imza atıb.

“The Bodyguard”dan sonra Uitni daha iki filmdə rol alıb və onların soundtrack albomları da uğur qazanıb. 1995-ci ildə Loretta Devin, Anjela Baset və Lela Roşonla birgə “Waiting to exhale” filmində baş rolda oynadı. Baş rolu üç adla paylaşmaqdan xoşu gəlməyən müğənni: “Bilirsiniz mən staram. Adi bir rol oynamaq istəmirəm” demişdi. “Bir daha filmdə rol almayacam” deməyinə baxmayaraq, müğənni 1996-ci ildə Denzel Vaşinqtonla birgə "The Preacher s Wife"da oynadı. Aralarında rəqabət olmsı sözünün yalan olduğunu sübut etmək üçün müğənni 1998-ci ildə “MTV Musiqi Mükafatları” mərasimində səhnəyə Meray Kerri ilə eyni paltarı geyərək çıxdı.

Müğənni 1990-cı illərdə əldə etdiyi nailiyyətləri 2000-ci illərdə də davam etdirib. 2001-ci ildə Maykl Ceksonun solo karyeraya başlamağının 30-cu ildönümündə onun “Wanna Be Start in Something” adlı mahnısını səsləndirən Hyuston bununla səsinin hələ də güclü olduğunu isbat edib. Müğənni həyatı boyunca bir çox qurumlar tərəfindən mükafatlara layiq görülüb. Müğənni eyni zamanda narkotik asılılığından əziyyət çəkirdi və uzun müddət bununla mübarizə aparıb.

2002-ci ildə Diane Savyerə verdiyi müsahibədə müğənni zarafatla heroin istifadə edə bilmək üçün çox pul qazandığı deyib. Müğənni heroini stressdən uzaqlaşmaq üçün istifadə etdiyini deyib. Narkotik asılılıqdan müalicə aldıqdan sonra 2004-cü ilin sentyabrında “Dünya Musiqi Mükafatları” mərasimində səhnəyə çıxıb. 2005-ci ildə yeni albom çıxarmaq əvəzinə yenidən reabilitasiya mərkəzində müalicəsinə başlayıb. Bir müddət narkotik problemindən xilas olan müğənni “Fashion s Rock” və 2008-ci ildə aldığı “Grammy” mükafatlarından sonra kamera qarşısına keçmişdi. 2009-cu ildə "I Look to You" albomunu çıxarıb. Həmin ilin fevralında dünya turuna çıxıb.

Şəxsi həyatı

Hyuston gərgin musiqi karyerası ilə yanaşı sevgiyə də zaman ayırırdı. Müğənni Eddi Murphy ve Bobbi Broun kimi məşhurlarla eşq yaşayıb. 18 İyul 1992-ci ildə Uitni “mənfi obraz” kimi tanınan məşhur müğənni Bobbi Brounla evlənməklə pərəstişkarlarını xəyal qırıqlığına uğratdı. Hyuston “Kədərlənməyin, onun çox yaxşı ürəyi və ruhu var” deyərək pərəstişkarlarına təsəlli verib. 1993-cü il 4 martda cütlüyün Bobbi Kristina Broun adlı qızı dünyaya gəlib. Qızı ilə səhnəyə çıxmağı sevən müğənni: “Qızım mənim ilham mənbəyimdir, ən böyük sevgim və dəstəkçimdir” deyirdi. Hyustonun narkotik aludəçisi olmağında hər zaman Bobbi Broun günahkar bilinir. Cütlük 2006-cı ildə boşanıb.

Müğənninin ölümü

Müğənni həyatı boyunca 400-dən artıq musiqi mükafatı alıb. Uitni Hyuston 6 “Gremmy”, 2 “Emmy” və 21 dəfə “Amerika Musiqi Mükafatı”na layiq görülüb.

Uitni Hyustonun cəsədi 11 Fevral 2012-ci ildə saat 23:55-də Los-Ancelesdəki “Beverly Hilton” otelinin hamamında tapılıb. Həkimlər onun ölümünün səbəbləri arasında ürək xəstəliyini, kokain və anti-depressant qəbulunun olduğunu deyiblər. Ekspertizanın nəticəsinə görə isə narkotik qəbul edən müğənni vanna içinə üzüstə düşərək boğulub. 48 yaşında vəfat edən müğənni 18 fevral 2012-ci ildə doğulduğu Nyu-Cersidə “Fairfiew” qəbiristanlığında atasının yanında dəfn edilib.

Məşhur müğənnin qızı 22 yaşlı Bobbi Kristina Braun isə bu il yanvarın 31-də öz evinin hamamında huşsuz halda tapıldıqdan altı ay sonra, iyulun 26-da, dünyasını dəyişib. Onu vətəndaş nikahında olduğu əri Nik Qordon Corciya ştatında Rozuell şəhərindəki evinin vanna otağında huşsuz vəziyyətdə tapıb və xəstəxanaya aparıb.

Məhkəmənin təyin etdiyi qəyyum Qordona qarşı 10 milyon dollarlıq iddia irəli sürüb. Sənəddə bildirilir ki, Bobbi Kristina onu komaya salan zədəni Qordonla mübahisə etdikdən sonra alıb. Qəyyumun bildirdiyinə görə, Braun Qordonun davranışı nəticəsində həyatı üçün təhlükəli olan bədən xəsarətləri alıb.

Qəyyumun iddiasına görə, Qordon qızın anasından miras qalan vəsaitləri əldə etmək üçün onu döyüb. Bildirilir ki, Bobbi komada olan zaman Qordon onun bank hesabından 11 min dollardan çox pul oğurlayıb.

# 1165 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #