news-inner
clock09:00 calendar-gray 18 Avqust 2015 view-gray325 dəfə oxunub
view-gray325 dəfə oxunub

“Qızlar qocaldığımı biləndə uzaqlaşırlar” – REPORTAJ

Ayxan Ayvaz

Bəzən şəhərdə gəzəndə qarşımıza elə adamlar çıxır ki, onun çöhrəsi, hərəkətləri, əyin-başı yadımızdan çıxmır. Adını bilmirik, heç bir dəfə söhbət etmək şansımız olmayıb. Özümüzdən ona hekayə uydururuq: çox kasıbdır, Allah bilir harda qalır, günə beş-üç qəpiklə dolanır və s.

Kepkalı rus

Bəlkə də çoxunuz onu görmüsünüz: boz köynək-şalvarda, arıq-sısqa, bir əlində əsa, o bir əlində sellofan, kepkalı bir rus. Şəhərin mərkəzində qarşımıza çıxır, kiməsə öz satdığı nağıl kitabçalarını göstərir, kiminləsə ayaqüstü danışıb uzaqlaşır. Dostlarınla gəzintiyə davam edirsən, deyib gülürsən, birdən yenə o rus gəlib çıxır, qarışqa kimi hardansa peyda olur. Başına əyri taxdığı kepkasını düzəldə-düzəldə, əsasına dayaq verib taytıya-taytıya adamların arasından çay kimi qıvrıla-qıvrıla keçib gedir, gözdən itir.

Onunla söhbət etmək, hekayəsini öyrənmək elə də çətin başa gəlmir. Təcrübəmdən bilirəm ki, ruslar ünsiyyətə, danışığa açıq bir xalqdır. Əsas odur, sən sual ver, o saat başlarına gələn hadisədən nağıl edəcəklər. Maksim Qorkinin hekayələrini yadınıza salın: bir qəhrəmanın danışdığı əhvalat bütün bir əsəri əhatə edir.

Qadınlar nağıllara aldanırlar

“McDonalds”ın arxasındakı küçədə rastlaşırıq, onunla danışmaq istədiyimi söyləyirəm, məmnuniyyətlə razılaşır, üzü gülür. Hiss edirəm ki, çoxdandır kiminləsə nələrsə paylaşmaq ehtiyacı duyur.

- Rusiyada doğulmusuz...

- Xeyr... Burda, Bakıda...

- Amma əsliniz rusdur.

- Bəli...

- Adınız bəs?

- German.

- Alman əsilli addır?

- Elədir. Ulu babalarımdan biri alman olub. – gülür.

- Rusiyada yaşamaq istəməzdiniz? Hər halda ora sizin əsl vətəninizdir.

- Mən vətən anlayışının nə olduğunu bilmirəm. Vətən mənim evim, qapı-pəncərəmdir, o da burdadır.

Atası, anası çoxdan Rusiyadan köçüblər. Uşaqlığı Bakıda keçib. Məktəbi bitirdikdən sonra universitetə qəbul ola bilməyib və işləməyə başlayıb. Müxtəlif işlərdə çalışandan sonra gürcü limonadı fabrikində çörəkpulu qazanıb.

- Limonadları kafelərə, restoranlara paylayırdıq. Yaxşı iş idi. Yaxşı pulu olurdu.

- Sonra nə oldu?

- Məni çıxartdılar.

- ...

- Sonra da nağıl kitabçaları satmağa başladım.

- Özünüzündür bu kitabçalar, yoxsa kimdənsə pulla alırsınız?

- Yox, özümdə olan da var, başqasından da alıram. Xahiş edirəm, onlar da verirlər.

- Neçəyə satırsınız?

- Bir ya da iki manata...

- Günə nə qədər qazanc olur?

- Uşaqlı qadınlar görəndə onlara yaxınlaşıram. Qadınlar alırlar, nağıllara aldanırlar yəqin – gülür. - Kişilər bir az uzaqdır. Günə iki manat, üç manat olur. Bu da mənə bəsdir.

- Qazandığın pulları neyləyirsiz?

- Yığıram... Bir dəfə televizor aldım, indi oturub Rusiya kanallarından filmlərə baxa bilirəm. İndi isə yığıram ki, özümə şalvar alım. Əynimdəki köhnəlib.

Kədərli adam deyiləm

Ona uzaqdan baxan adamlar Germanın hekayəsini öz-özlərinə belə uydururlar: bu adam çox kasıb, kədərli və acından ölənin biridir. Kitabça satan qəhrəmanımız bu münasibətdən razı deyil. Deyir ki, mən qəmli və bədbəxt adam deyiləm. Şəhərdə dörd otaqlı evim var, əmioğullarım, bacım, qardaşım, anam bizdə qalır.

- Biz böyük ailəyik. Hamı işləyir, bircə anamdan başqa. Onun da bir az xəstəliyi var. Mən də bu işdə işləyirəm. Qətiyyən, kədərli adam deyiləm, çox şən və zarafatcılam.

- Araq içirsiniz?

- Əvvəl içirdim, indi o qədər yox.

- Qəribədir. Rus deyəndə araq yada düşür.

- Bəlkə Rusiyada olsam arağın küpünə girmişdim. – gülür.

- Neçənci ilsiniz?

- 1961...

- Maşallah. Yəqin Sovet vaxtını tez-tez xatırlayırsız...

- Sovet vaxtı çox gözəl idi...

Yolu keçəndə maşına dəydim

Cavanlıqdakı gözəl günlərindən danışır, qızlarla görüşündən, onlarla bağlı xatirələrdən.

- Qadınlarla münasibətim yaxşıdır. Ancaq evlənmədim. Bunu bədbəxtliyə yozmayaq. Sadəcə istəmədim, vəssalam. Bunu dərd eləmək gülməlidir.

German gənc vaxtlarında cüdo ilə məşğul olub, düz beş il kimlərinsə kürəyini döşəyə yıxıb, kimlərsə onu beli üstə döşəyə sərib... Bütün bu olub-bitənləri həyatının ən xoşbəxt günləri kimi danışır, nağıl etdikcə gözləri gülür.

- Bəs heç medal almısınız?

- Hə, üçüncü yer. Azərbaycan Çempionatında...

- Niyə cüdonu buraxdınız bəs?

- Bilmirəm, nəsə məni özündən itələdi. Xoşuma gəlmədi. Nəyisə hiss edə bilməyəndə ondan ayrılıram.

- Ayağınız... Əsada gəzirsiz. Cüdo ilə məşğul olanda olub?

- Yox... Qəti... Yolu keçəndə bir maşına dəydim. Elə də böyüdüləcək bir şey deyil. Yeriyə bilməyənlər var ee...

Qızlar qocaldığımı biləndə uzaqlaşırlar

İndi özü mənə suallar verir:

- Odnoklassnikdə varsan?

- Yox. Facebookda.

- Nə qədər dostun var?

- Çoxdu... – əlimi yelləyirəm.

- Mənim 80 dostum var.

- Qızlarla danışırsınız?

- Hə. Amma qoca olduğumu biləndə uzaqlaşırlar.

- Amma hələ də yaraşıqlısınız...

- Doğrudan? Gərək əyin-başımı düzəldim. Bəlkə evləndim. – güləndə gözlərindəki uzun yolu görürəm.

- Kitab oxuyursunuz?

- İndi yox. Əvvəl çox oxumuşam.

- Ən çox sevdiyiniz yazıçı?

- Ən çox Puşkini sevirəm. Dostoyevski mənim yazıçım deyil.

- Niyə?

- Çox kədərlidir.

Əlimi sıxır, bir az şəhərdə gəzib kitabçaları satmaq ümidi ilə ayağa qalxıb yola düzəlir. İrəlidəki tünlük onu udub yoxa çıxardır.

news-inner-user
Ayxan Ayvaz

542 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021
Onda mən də doyunca ağlaram - Güneydən hekayə
17:20 04 Avqust 2021
Könül Kərimova gileyləndi: "Nəfəsimiz kəsildi”
16:37 04 Avqust 2021
Varisin romanı Türkiyədə çap olundu
15:55 04 Avqust 2021
Valideynlərindən icazəsiz evləndi, içki ailəsini dağıtdı, intim videosu yayıldı – Anar Nağılbazdan 10 fakt
15:00 04 Avqust 2021
41 yaşını qeyd edən kəlbəcərli şair: “Elə ən çətini də budur” - Müsahibə
14:20 04 Avqust 2021
Anar: “Məndən Təhminənin telefonunu istəyirlər”
13:30 04 Avqust 2021
Belarus qızı ovlamaq istəyirdim, dənizdə boğuldum – Gənc yazarın Antalya xatirəsi
12:30 04 Avqust 2021
Gənc rəssamlar üçün ustad dərsləri - Ödənişsiz
12:03 04 Avqust 2021
Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn
11:12 04 Avqust 2021
Atam öləndə mənə "iş" tapan müəllimim - Ayxan Ayvaz yazır
10:47 04 Avqust 2021
Yazıçı həmkarını sərt tənqid etdi: “Fiaskodur!”
10:03 04 Avqust 2021
İspanca çıxan “Nəsimi poeziyası” kitabı təqdim olunub
09:37 04 Avqust 2021
Sən əvvəl qoymurdun sevəm səni – Nərmin Kamaldan yeni şeirlər
09:01 04 Avqust 2021
Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021