news-inner
clock16:50 calendar-gray 15 İyul 2015 view-gray243 dəfə oxunub
view-gray243 dəfə oxunub

İntiharı alqışlayanlar - ESSELƏR

Kulis Fərid Hüseynin “Təbir Caizsə” esselər silsiləsini təqdim edir

Həmişə ali ideyalardan, dönməz dəyərlərdən, ömrün mənasından və böyük həqiqətdən dəm vurub, xırda məişət reallıqlarıyla əlləşən adamları görəndə Ezra Poundun bu şeirini xatırlayıram:

O, buludları və təpələri sevirdi

Səd-əfsus içkidən öldü.

***

Mayakovski intihar edəndə Svetayeva yazırdı: “İnsan Mayakovski 12 il idi ki, şair Mayakovskini öldürürdü, on üçüncü ildəsə, şair Mayakovski bezib insan Mayakovskinin canını aldı”. O, şairin intiharını onun xilası sayırdı. Ona görə də bu ölümü şeirin qələbəsi kimi qəbul edib, onun beynini dağıdan gülləni "lirik güllə" adlandırmışdı.

Marina Svetayeva intihar edəndə Axmatova onun bu addımını alqışlayırdı, hesab edirdi ki, Marina onun ürək etmədiyi bir işi gördü. Qəribəydi deyilmi, - Mayakovsknin intiharını Svetayeva, Svetayevanın ölümünü Axmatova “alqışlayırdı”...

Marina Svetayeva yazırdı: “İnsanın içindəki “mən”lərdən biri, nə vaxtsa o birini öldürməli olur”. Bu məntiqlə yanaşsaq, görəsən, Svetayevanı asan hansı Svetayeva idi?

Svetayevanın məzar daşı olmadı, ancaq müasirləri “Məzar daşı olmayan qəbir” ifadəsini onun ölümündən sonra yazılan şeirlərdə o qədər işlətdilər ki, bu ifadənin özü bütə, heykələ, daşa “çevrildi”.

Özünə asmamışdan bir neçə gün öncə Marina Svetayeva "Sovet yazıçılar evi"nə qabyuyan işləmək üçün müraciət eləmişdi. Onu təcrübəsiz olduğuna görə işə götürməmişdilər. Sovet imperiyasına Svetayeva təcrübəli qabyuyan kimi lazım idi, o isə təcrübəli deyildi... ...intihar etdi..

***

Jose Saramaqonun “Təxirə salınmış ölüm” romanını xatırlayaq: Əsər “Dünən heç kəs ölmədi” cümləsiylə başlayır, qəfil şəhərdən ölüm qeybə çəkilir. Belədə görün nə problemlər yaranır:

- Çevriliş olsa, atəş açsalar heç kəs öləsi deyil.

- İnsanlar ölməzdir deyə sığorta şirkətləri bağlanmağa məcburdur.

- Can verən ölkə rəhbəri ölməyəcək, hakimiyyəti əbədi olacaq.

Bu əsəri oxuyanda ideyası mənə çox orijinal gəlmişdi. Hətta, belə bir ideyanı tapdığına görə Saramaqo zəkasına heyran olmuşdum. Bir gecə yadıma nə düşsə yaxşıdır? Sizifin ölüm allahı Tanatı xaincəsinə aldadıb zəncirləməsi... Ölüm Allahı Tanat əsir düşdüyünə görə heç kəs ölmür və təmtəraqlı ölüm mərasimləri keçirilmir.

Məncə, Saramaqo adını çəkdiyim romanın Sizif əfsanəsində yuxarıda danışdığım səhnədəki sual doğuran məqamı tapıb: “Ölüm yox olsaydı nə baş verərdi?” və roman yazıb

***

Dostoyevski vicdan hissini elə təsvir edir ki, vicdan kimi mücərrəd anlayış gözümüzün qarşısında obraz olaraq canlanır. Bu vicdan hissini bizə ən çox qəhrəmanlarının daxili dialoqlarının yarımçıq qalması göstərir. Nə Raskolnikovun, nə Mışkinin, nə də İvanın daxili dialoqu bitir, həmişə yarımçıq kəsilir. Sanki hər dəfə qəlbin vicdan məhkəməsi son qərarı qəbul etmir və son qərar növbəti “iclasa” qalır...

***

İnsan ruhunun, düşüncəsinin dərinliyinə enə bildiyinə görə Dostoyevskini psixoloq, dünyanın gərdişini öz çoxqatlı ideyaları ilə çözən Kamyunu filosof adlandırırdılar. Görəsən, hansı qüvvə idi bu böyük qələm adamlarına öz dilləri ilə ancaq yazıçı olduğunu etiraf etdirirdi:

Dostoyevski: “Mən psixoloq deyiləm, mən əsl realistəm”.

Kamyu: “Nə üçün mən filosof yox, yazıçıyam? Çünki mən sözlərlə düşünürəm, ideyalarla yox”.

***

Servantes bütün roman boyu Don Kixotun arxasınca “gəlir”, ölüm ayağındasa ona çatır və bircə bu məqamda qəhrəmanının yanında olur.

“Həyatda Don Kixotun ölümü və ölümünə bircə an qalmış içindəki Alonso Quijano el Buenonun oyanışı qədər dərin dini mahiyyətli çox az şey var”. Migel de Unomanonun gündəliklərində rast gəldiyim bu cümlə məni dəhşətə gətirdi. Ona görə ki, Don Kixot ancaq ölüm ayağında kim olduğunu yaxşı bilirdi.

***

Yusif Səmədoğlunun “Bayatı-Şiraz” hekayəsinin süjetini yada salaq: Kontrabasçıya imkanlı adamlar “Bayatı-Şiraz” çaldırır. Və əsərin qəhrəmanı – Səbzəli dayı ona görə həmin mahnını ifa edir ki, yüz manata möhtacdır, ehtiyacı var.

Bu gün eyni şey bəzi qələm və sənət adamlarının da başına gəlir. Bir də görürsən, dünyanın gərdişindən, böyük, ali ideyalardan danışan bir adama bəziləri dəxilsiz işlər gördürürlər. Bəs bu nə deməkdir? Elə bu da başqa kontekstdə ziyalılara kontrabasda “Bayatı-Şiraz” çaldırmaqdır da. Bu da bəzi peşəkarları, fikir adamlarını alçaltmaq, istedadlara darı dənlətməkdir də.

***

Praqada Frans Kafka Muzeyində yazıçının əlyazmalarını gördüm: Hərflər sətir uzandıqca aşağıya doğru əyilir, səhifənin kənarında qırılırdı. Nədənsə baxdıqca məndə elə təəssürat oyanırdı ki, hər cümlə sətrin əvvəlində hündür bir zirvədən “qaça-qaça gəlib” özünü vərəqin sonunda məğlubcasına yerə ataraq intihar edir...

***

Praqada Karl Körpüsündən keçəndə İsanın heykəlini gördüm, qollarındakı mıxlar gözümə dəymədi. Nədənsə mənə elə gəldi ki, onu çarmıxa çəkməyiblər, sadəcə o, özü çarmıx taxtalarından möhkəm-möhkəm yapışıb ki, əli sürüşüb bir də insanların arasına düşməsin...

***

Şarl Bodlerin “Gənc qələm adamlarına bəzi məsləhətlər” adlı əsərində maraqlı bir məqam var: “Əsl qələm adamları nə vaxtsa ədəbiyyatdan qorxurlar”. Bizdə “sözün başına kəndir salıb hərləmək”, “sözü xəmir kimi yoğurmaq” tək ədəbiyyata “xox gələn”" ifadələr heçdən yaranmayıb. Bu gün bir yazıçı, şair yazmayan kimi onu tükənməkdə ittiham edirlər. Bu amil göstərir ki, bizdə məhz o “ədəbiyyatdan qorxma dövrü” yox dərəcəsindədir. Yaxşı-pis hamı son nəfəsinəcən nəsə yazır... Ədəbiyyat tariximizdə də o “ədəbiyyatdan qorxma dönəmi” gözə dəymir. Qorxmaqsa iki halda olur: ədəbiyyata gələndə və yaradıcılığın son dövründə... Bu iki dövrdə fərqli “cəsarət hissi” də bizi rahat buraxmır... Gələndə də heç kimi tanımırıq, gedəndə də...

Birinci dövr savadsızlığın, ikinci dövrsə daha çox “özünəinam”ın nəticəsində belə olur.

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020