news-inner
clock16:00 calendar-gray 10 İyul 2015 view-gray177 dəfə oxunub
view-gray177 dəfə oxunub

Abort həkimi ona əxlaqsız təklif edib - HEKAYƏ

Kulis Cəlil Cavanşirin “Yarımçıq hekayə”səni təqdim edir.

...- Gedəcəm.
- Bu gün get, indi get.
- İndi?
- İndi!
- Səninçün nə fərqi? Ya indi, ya sonra?
- Bu şəhər boş qalacaqsa indi qalsın...

Feyzbukda belə bir dialoqumuz olmuşdu. Bilirəm, indi çoxunuz inanmayacaqsınız, amma vallah necə var, elə yazıram.

...İnanın ki, belə də yazmışdı: “Sən getsən bu şəhər boş qalacaq”. İndi də bu sözü xatırlayanda birtəhər oluram. Elə bilirəm ki, mən kəndə köçəndən o böyüklükdə səsli-küylü şəhər bomboş qalıb. Düz deyirəm vallah, o, məni buna inandırmışdı. O gün özümü çox əhəmiyyətli bir adam hesab etmişdim. Az qala bütün şəhərə car çəkmək istəyirdim ki, baxın ha, o qadın deyir, mən getsəm sizin şəhəriniz boş qalacaq. Vallah, inanmışdım. İnanmışdım ki, mən onun həyatında ən önəmli kişiyəm. Ərindən də, qardaşından da, atasından da önəmli saymışdım özümü.

Əvvəlcə yuxusuna girmişdim, özü belə yazmışdı. Özümün də xəbərim olmadan onun yuxusuna girəndə mən şəhərdə, o isə kənddə yaşayırdı (Deyəsən, kənddə yaşayanlara şəhərdəki həyat və feyzbukdakı adamlar əlçatmaz görünür.) İnanmayacaqsınız, indi də o, mənim yuxuma girir. Axı mən indi kənddə yaşayıram. Hə, onu deyirdim axı, yuxusuna girmişdim onun. Sonra o, mənə bunu yazanda gülmüşdüm. Qəribə gəlmişdi mənə. Adam inanmır axı, gözəl qadınların yuxusuna köntöy, çirkin kişilərin girməsinə. Bax, yenə inanmırsınız. Vicdan haqqı, özü mənə yazdı ki, yuxuma girmisən. Söz tapmadım. Adam belə anlarda həqiqətən söz-zad tapmır. Qalırsan mat-məəttəl. Nə deyəsən? Bu sir-sifətlə kiminsə yuxusuna girmək yaxşı əlamət deyil. Bəlkə qorxub? Ya da diksindiyi üçün yazıb? Nə bilim, adətən gözəl qadınlar çirkin, kasıb kişilərə yazmır axı...

İnsandı da. Daha doğrusu qadındı. Həm də gözəl qadındı. Şişirtmirəm, həqiqətən çox gözəldi. Yanağındakı qəmzələr də gözəldi, gözləri də həyat dolu, işıqlı. Bədəni də incə, döşləri dik, dodaqları dolğun... Hə, üstəgəl sevimlidir. Yəni, belə deyim, alışdığım qadınlardan deyil. İndi də mənim alışdığım qadınlar haqqında danışmalıyam, amma danışmıram. Onlardan danışmayacam. Çünki ondan danışmağa başlayanda bütün qadınlar yadımdan çıxır. Unuduram bütün qadınları. Hə, hamını unutdurmağı bacarır. Yaşadığım bütün macəralar, sevişdiyim bütün qadınlar yadımdan çıxır.

...İlk dəfə yuxu söhbətindən üç il sonra şəhərdə rastlaşdıq. Artıq şəhərə köçmüşdü, yəni ikimiz də şəhərdə yaşayırdıq. Daha yuxusuna girmirdim deyəsən. Çoxdan axtardığım kitabı – Drayzerin “Dahi” romanının köhnə əlifbada çap olunmuş nəşrini gətirmişdi. Köhnə əlifbada çap olunan kitabları sevirəm. Səhifələri saralmış kitablarda qəribə, izaholunmaz enerji olur. Bir də görürsən maraqla oxuduğun kitabın arasından saralmış sevgi məktubu düşdü. Ya da ilk səhifələrdə kiməsə həsr olunmuş maraqlı cümlələr...

Onu deyirdim axı, ilk dəfə o məni yuxuda görmüşdü, mən də onu iş yerimdə. Əlində kitab dəhlizdə məni gözləyirdi. Çıxdım, salamlaşdıq. Sonra bir-birimizə kitab hədiyyə etdik. Üzünə diqqətlə baxdım, həqiqətən də tərif etdiyim qədər sevimliydi. Rəsmlərdə gördüyüm qadından daha gözəl, daha yaraşıqlıydı. İlk baxışdan onu dəli kimi sevdim. Hərdən belə də olur, insan qəfildən birinə aşiq olur. İnsan birini nə üçün sevir? Dünyada sadəcə bir qadına aşiq olmaq, qəlbimizdə sadəcə bir arzu yaşatmaq, dodaqlarımızda sadəcə bir adı yaşatmaq qəribə hisdir. Dua kimi adını vird edirdim və yorulmurdum. Sizə bunu izah etməkdə acizəm, üzürlü sayın.

Qəribə hekayəsi vardı onun. Tələbəlik illərində sevdiyi oğlan onu tərk edəndə hamiləymiş. Sonra yaxın dostu onu düşdüyü ümidsiz vəziyyətdən çıxarmaq üçün elçi göndərib, nişan taxıbmış. Dostu ona aşiq olduqdan sonra işlər cığırından çıxmağa başlayıb. Sonra arzuolunmaz hamiləlikdən qurtulmaq üçün mənim doğulduğum rayona üz tutubmuş. Abort edəcək həkim də ona əxlaqsız təklif edib. Dünyası yıxılıbmış, özü belə deyirdi. Yaşadıqlarından sarsılıbmış. Nə etdiyini bilmirmiş zavallı qızcığaz. Əvvəlcə nişanı qaytarıb, sonra isə qardaşının dostu ilə evlənib. Bu, daha kədərli əhvalatdır. Evlilikləri də xoşbəxt deyildi. Övladları olsa da, daim ərinin lüzumsuz qısqanclığından əziyyət çəkirdi. Üstəlik dərs dediyi bir şagirdi eşq elan etmişdi. Hə, bir də köhnə tələbə yoldaşlarından biri də sevirmiş onu. Məni tanıdığını tələbə yoldaşına deyəndə daha bir qısqanclıq çıxıb ortalığa. Tələbə yoldaşı da onu mənə qısqanırmış. Nə qədər gülməli olsa da, başqasının qadınını qısqanan gerizəkalılarla eyni cəmiyyətdə yaşayırıq. Bir də, ilk sevgilisi ara-sıra yazırmış. Əslində, onu sevməyim üçün danışdığı kədərli əhvalatlar kifayət edirdi. Belə adamam mən də. Xoşbəxt adamları sevməyə nə var?

...Son vaxtlar eyni şəhərdə yaşasaq da, yuxusuna girirdim. Özü yazmışdı mənə. Əriylə sevişəndə də qorxurmuş ki, birdən mənim adımı çəkər. Hələ yazmışdı ki, sənə dəlicəsinə aşiqəm, dəlicəsinə sevirəm. Bir-birimizə dəlicəsinə aşiq olduğumuzu yazırdıq, amma ağıllıcasına bir-birimizdən uzaq durmağı da bacarırdıq. Mən ona “sevimlim”, o da mənə “sevgilim” deyirdi. Biz feyzbukda, yəni virtual aləmdə xoşbəxt idik. Elə ona görə də bu hekayəni burada tamamlayıram. Hamınız elə düşünün ki, biz yenə də xoşbəxtik...

Oxşar xəbərlər

Xəbər lenti

"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020