Zirzəmi, silah, qara geyimli adamlar...

Zirzəmi, silah, qara geyimli adamlar...
9 iyul 2015
# 19:29

Kulis Ülviyyə Əliyevanın "İlğım" hekayəsini təqdim edir.

“Tərpənə də bilmirəm. Ölmüşəm, görəsən? Amma necə olur? Ölsəydim, bunları fikirləşməzdim axı. Nə olub mənə? Haradayam, ay Allah? Hə, nə yaxşı, şükür ki, Allah yadımdadır”.

Ümidləndi bir az, ancaq gülümsəyə bilmədi. Üzü tarıma çəkilmişdi, elə bil. Kəsif hava da nəfəsini təngidirdi. “Bu nə iydir? Haradan tanış gəlir?”. Dəfələrlə iylədi, iylədi, üfunət dolu havanı ciyərinə çəkdi. Nəhayət, qoxu qıcıqlandırdı yaddaşını. Bu günə gətirdi olub keçənləri:

− Maşınımdan gəlirdi bu iy, hə, maşınımdan gəlirdi. Ancaq nə iy idi? Onda tək idim, bərk qorxmuşdum, həm də. Bəs niyə? Niyə qorxmuşdum?

Hafizəsinin gücü çatmırdı ardıcıllığa, qırılırdı düşüncələri. Ətrafdan eşidilən iniltilər də əngəl olurdu fikrini cəmləməyə. O isə israrla yenə yaddaşına yükləndi, keçmişləri eşələdi və birdən diksindi: “Of, o qoca belə qoxuyurdu, of. Mən vurduğum qoca, qana bələnmiş qoca”.

Gözləri yaşardı. Süzüldükcə yaşlar yanmış dərisini isladırdı, duyğularını geri qaytarırdı.

O nəhs gecə qan iyi hopmuşdu beyninə, bədəninə, ruhuna. Bütün həyatı dəyişmişdi o gündən sonra. Xəstəxanaya yetişməmiş maşındaca canını tapşırmışdı zavallı qoca. Bizimki də gecə boyu hövl içində nə ata, nə uda bilmişdi qurbanını. Sonda isə qorxusu vicdanına qalib gəlmiş, cəsəddən qurtulub yox olmuşdu ortalardan.

Beynindəki duman çəkilir, gözündən pərdə qalxır, məchullar məluma dönüşürdü. Qəlbinin dibsizliyində, ən dərin hücrələrində kök atıb onun bu halına səbəb olan duyğuları dilə gəlirdi: “Mən necə edə bildim bunu? Axı necə? Bəlkə, təslim olsaydım, namusla cəzamı çəksəydim, daha betərləri gəlməzdi başıma, yolumdan bu qədər azmazdım. Vicdanın zənciri nə ağır olurmuş, İlahi?!”

Əfsus, artıq gec idi, çox gec. Əzabından qıvrılsa da, peşmanlıqdan yerə-göyə sığmasa da...

Yenə xəyalları keçmişə götürdü onu. Dözülməz ağrıları mane olsa da düşüncərinə, inadla yaddaşını qurdaladı, qurdaladı, qalan suallarına da cavab tapdı.

Zirzəmi, silah, qara geyimli adamlar, qəzəbli baxışlar canlandı gözünün qabağında. Uzun-uzadı “təsəlli”lər, “nəsihət”lər, “məsləhətlər” nəticəsində kamikadzeyə çevrilən Özü yadına düşdü, indiki Özü.

“Ax, cəlladlar, ax. Mən sizə niyə inandım axı? Niyə belə avam oldum, alət oldum, ay Allah?”

O müdhiş gecədən sonra boğa bilməmişdi vicdanının səsini. Qorxu, iztirab içində tövbələr etmiş, təsəllini ibadətdə tapmış, az da olsa, rahatlamış, ovunmuşdu. Çifayda. Bu xofu radikalların pəncəsinə atdı onu, qara geyimlilərə yem etdi onu. Yaşıl bayraq arxasında, amma, əslində, zülmətə xidmət edən “vaiz”lərin vədləri cənnət əvəzinə, cəhənnəmə körpü oldu. Bütün bunları bu gün qana qəltan etdiyi dindaşlarının qanının izi ilə keçmişinə boylanaraq başa düşdü. Ölüm ayağında başa düşdü ki, fədailik deyilmiş bu. Məğfirətə aparan yol deyilmiş bu. İlğım imiş, yalan imiş. Əslində, özü də təriqətçilikdən yararlanan dəccalların qurbanı, piyadası imiş.

“İndi hansı daha böyük günah oldu, ay Allah? Qəzadan bir insan öldürməkmi, ya qəsdən bu qədər adamı qanına bais olmaqmı? Mənim əfvim varmı?”

Hazırki əsas şəkil

# 2314 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər