Tanrıya açıq məktub - ŞEİRLƏR

Tanrıya açıq məktub - ŞEİRLƏR
3 iyul 2015
# 20:00

Kulis gənc şair Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir

Kənd. Gecə saat 3

artıq bayquşlar da tərk eləyib bu yerləri
onlar da 1-ə kimi oxudular susdular
bu saatda kəndimizdə dəhşətli bir səssizlik var…

gözlərimin önündən bir kölgə keçib getdi qaranlıqda
atamın ruhudu sandım –

gəlmişdi on üç il sonra...
mən atasız böyüdüm
ata kimi böyüdüm…

böyüdüm adam olmağa yalnız oldum
uşaqlaşdım – gözlərimin önündə böyüdü ağrılarım
gözlərimin önündə böyüdü uşaqlığım
içim doldu bir yalnızın boşluğuyla
kimsələrə söyləmədim gedişimin səbəbini
anama belə söyləmədim
elə bildi qayıdacam nə vaxtsa
elə bildi balası hələ sağdı
elə bildi... elə heç nə bilmədi...

mən heç bilə bilmədim hardan gəldi bu ayrılıq
hardan gəldi bu sevgi
başıma daş kimi düşdü ağrılarım
ağrımadım gedişinə
elə şeylərə ağrıdım

heç biri mənim deyildi...
bu gecə mənim deyildi

bu kənd mənim deyildi
bu ana mənim deyildi...

mən anasız doğulmuşdum yalnızlığa
mən atasız böyümüşdüm
oyandığım saatların heç birində adam yoxdu
getdiyim şəhərlərdə sevdiklərim
sevdiyim qadınlarda sən yox idin…

bu saatda kəndimizdə mənə aid heç nə yoxdu
bu saatda bayquşlar da susub artıq
içimdəki yalquzaq da
mən də susmuşam indi yazdığım hər misrada…

gecənin bu saatında durub getməyə bir yer
sevməyə bir qadın yoxdu
sən də yoxsan gecənin bu saatında
heç nə yoxdu

heç kim yoxdu
mən də yoxam...

Heç Nəyi və Heç Kimi Olmayan Hər Kəs Mənəm

sərsəri rüzgar kimi baş alıb evə gedən bütün yolçular mənəm
küçədəki ağaclar ağacların altındakı maşınlar
küçə süpürən qadınlar hündür göydələnlər mənəm
mənəm evinə çörək götürmək üçün tələsən adamlar
zibil yeşiklərinin yanında mürgüləyən yiyəsiz pişiklər mənəm
zamanın ən acımasız ayrılığı içində
dünyanın ən böyük sevgisini daşıyan
heç nəyi və heç kimi olmayan hər kəs mənəm...

mənəm zalım polislər acımasız qatillər kor dilənçilər mənəm
qolları və qıçları olmadan tutunmağı yeriməyi bilirəm
həyatı sevməyimin tək günahkarı anam
məni sevməməyinin tək səbəbkarı mənəm...


yolların ən uzağı addımlayıb keçdiyim
uzaq qaçdığım adam ən yaxın adamımdı
mənəm hər gün yas tutub dirisini ağlayan

ölümə həyat verən həyatdan ölüm alan

söküb ciyərlərimin qanını şərab edən

bütün yolçuluqları sinəmə çəkib gedən

və oturub düşünən:
heç nəyi və heç kimi olmayan hər kəs mənəm...

Tanrıya Açıq Məktub

ya bə, Tanrım, nədən bir gün
məni tərk eyləyib getdin?!
bir sevgiyə urcah etdin
yaşarsan, söyləyib getdin?!

heç baxmadın yazıq yetim
ayrılıqlar içrə itib
sevdikcə azalıb, bitib
öldürdün, neylədin, getdin?!

bu qədər uzaq olmağa
gərək var idimi, ağa?!
məni qabağa salmağa
min dəfə əylədin, getdin?!

mən daha ölməyə belə
sevmək istəmirəm elə
sevigiyə yoxluğun ilə
sən məni öyrədib getdin...

İçdim Durmadım İçdim

bu gecə səhərəcən
içdim durmadım içdim
və sənin sağlığına
qalxdım vurmadım içdim

dəliyəm mən bu ara
mən hara sevgi hara
başımı bu divara
durdum vurmadım içdim

düzdüm dərdi səfə mən
döndüm əhli-kefə mən
bu gecə ilk dəfə mən
xəyal qurmadım içdim

yandım yanıb alışdım
yalnızlıqla barışdım
anlamağa çalışdım
sənə sormadım içdim

onda yatmışdın, nədi
daha sən yoxsan dedim
heç ruhun incimədi
səni yormadım içdim

təkəm tək otağımda
gecənin qan çağında
yuxusuz yatağımda
öldüm - durmadım içdim...

# 1399 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #