Rəssamlıq akademiyasının “avara” məzunu PORTRET

Rəssamlıq akademiyasının “avara” məzunu  PORTRET
1 iyul 2015
# 10:03

Yəqin ki, hər biriniz paytaxtın mərkəzi küçələrində altdan üstədən kitab yüklü çantalarla qıfıllanmış uzun saçlı, saqqallı, yayda “şortik”lə gəzən bu adamı görmüş olarsınız.

El içində Qurban Məmmədli kimi tanınsa da, əsl adı Qismət olan mənim qəhrəmanımı bəziləri “avara”, digərləri isə, “kitab fədaisi” kimi xarakterizə edir.

Qurban yeraltı kitab kafelərindən birində səssiz bir bucaqda kitab satışı ilə məşğuldur. Bəzən isə, kitablarını vurub qoltuğuna düşür şəhərin mərkəzinə. Kitab satdığına görə, bir neçə dəfə cərimə də olunub. Səbəb budur: niyə kitab satırsan? Ona görə də son vaxtlar şəhərə çox da çıxmır, əsasən, kitaboxuyan gənclərin gəldiyi kafelərə üz tutur. Onu “avara” kimi dəyərləndirənlərinin də, əsas arqumenti elə budur ki, hamının bir-birinə “atdığı”, yaltaqlıqla, alverlə və sair başqa yollarla pul qazandığı dövrdə sən niyə kitab oxumayan toplumda yaşadığını bilərək, yenə də, kitab satmaqda israrlısan?

Qurbanın iyirmi yeddi yaşı var. Rəssamlıq akademiyasını bitirsə də, rəssam yox, tənqidçi ixtisasına yiyələnib. Ailəsi ilə birlikdə Bakının Badamdar qəsəbəsində yaşayır. Bir müddət müxtəlif internet layihələrində çalışıb. Azərbaycana prank anlayışını ilk dəfə Qurban gətirib və çəkdiyi pranklar – videolar çox uğurlu alınıb. Bu sözü işlətməyimə səbəb kimi onu deyə bilərəm ki, Qurbanı ilk dəfə görə hər beş adamdan biri ondan soruşur ki, o “Tarqovu”da adamları qucaqlayan səniydin? İşlədiyi hücrənin aylıq kirayə haqqını gecikdirdiyinə baxmayaraq, həmişə deyib-gülür, zarafatından qalmır. Buna görə və bundan başqa, səmimi insan olmağına görədir ki, dost-tanışı çoxdur. Elə kitablarını da, əsasən tanıdığı adamlara satır. Çünki, onun çevrəsi az-çox kitab oxuyan, intellektual adamlardır, bu da “kitab fədaisi”nə 3-5 kitab satmağa yardım edir.

Qurbanın zarafatcıllığından danışırdım axı. Onu tanıyanların yaxşı bildiyi əsas replikanı deyim, siz də bir gün şəhərin boz küçələrində Qurbanı görərsəniz, ondan əvvəl bu zarafatı edin. Deməli, bir gün Qurban şəhər sakinlərindən video-müsahibə götürürmüş, əlində mikrofon adamlara yaxınlaşıb soruşurmuş ki, insan üçün əsas nədir? Hərə bir cavab verib, nəhayət, bir orta statistik Azərbaycan gənci yaxınlaşıb ki, qaqa, nə sual verirsiz, məndən də soruşun. Qəhrəmanımız sualını səsləndirəndən sonra, həmin gənc bir qədər duruxub, sonra Qurbanın saç-saqqalına baxıb və “İnsanı bilmirəm, qaqa. Amma oğlan üçün əsas oğlannıxdı, oğlannıx” deyərək, suala cavabını bu şəkildə bildirib. O gün, bu gün məlum cümlə Qurbanın dilindən düşmür. Gələnə, gedənə, ortada gəzənə, bir sözlə hamıya öz sualını verib məlum cavabı deyir. Qurban hər gün də olmasa, günaşırı olara, kitablarını da götürüb, öz aramızda zarafatla “Müqəddəs yol” adlandırdığımız marşrutla hərəkət edir. Düz, sonra sola, bir stansiya – kafe, sonra geriyə sağa, yenə sağa, bir daha sağa və ikinci stansiya – pub. Bir-bir yaxınlaşır masalara, ədəb-ərkanla salam verib, “xoş istirahətlər” diləyərək, öz maraqlı kitablarını təklif edir. Deyir ki, kitablar dostumuzdur, onlara sahib çıxıb oxuyaq. Görəndə də ki, bu sözlərini vecinə alan olmadı, ciddi qəbul olunmadı, onda deyir ki, kitablar bizim düşmənimizdi, onları cırıb yandıraq. Bu zaman ətrafdakıların üzləri gülümsünür. Bəzən də olur ki, kitabların qiymətinin baha olduğunu deyənlərə cavab verir ki, hə, qaqa, kitab nədir, get pulu əyin-başına xərclə.

Həmişə bir şey məni düşündürüb ki, niyə görə, biz oğlanlara müraciət edəndə “qardaş”, “qaqaş”, “qaqa”, “brat” və son zamanların dəbi “abi” deyə bilirik, amma qızlara – xanımlara “bacı” deyə səslənmirik? Bu bir az, çürük müntal dəyərlərimizlə bağlıdır bəlkə də. Kimsə görsə ki, hansısa qıza “bacı” sözü ilə xitab edirəm, məni qırağa çəkib deyər ki, qaqa, hardan bilirsən o necə qızdır, niyə bacı deyirsən ona? Ancaq hansısa alçaq məmura şərəfli peşə sahibi kimi “müəllim” demək normal haldı. Qurbanın bu məsələyə münasibəti məni təəccübləndirmədi desəm, yalan olar. O, xanımlara “bacı” sözü ilə müraciət edərək gözəl bir yeniliyə imza atıb.

Məlikməmmədin nağılını oxumayan azərbaycanlı olmaz, çox güman ki, olsa da, həmin adam “rus sektoru”dur. Nağılda Məlikməmməd özündən nəhəng divlə döyüşür. Əslində, bu mənzərə bizim kiçik uşaq beynimizi gələcək həyata hazırlayıb. Məlikməmmədin mübarizə apardığı divi kütlə kimi təsəvvür etsək, fikrimin canını tuta biləcəksiniz. Qurban sanki, müasir Məlikməmməddir, kütlə ilə mübarizə aparır, cəmiyyətin dəyişilməsini arzulayır. Sözə diqqətlə baxanda, hecalayıb oxuyanda bu mübarizənin nə qədər çətin olduğunun mahiyyətinə varacaqsınız: küt-lə mübarizə.

Qurban Məmmədlinin devizi “Var olun ki, kitablar da var olsun”dur. Utanmayın, çəkinməyin, cəhd edin kitab oxuyun. Başlanğıc üçün Çingiz Abdullayevdən də başlamaq olar. Qurbandan kim kitab alsa, o adamla şəkil çəkdirib Facebook-da paylaşır ki, filankəs kitaba dəstək oldu. Səhifədəki şəkilləri sayıb adamın gündəlik qazancını hesablaya bilərsiniz.

Qurbanın portretini çəkərək, mən də kitaba belə dəstək olmağa çalışdım.

# 2063 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

13:00 2 iyun 2026
Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər