Əlifbanı öyrənib ərindən boşanan alim arvadı

Əlifbanı öyrənib ərindən boşanan alim arvadı
22 may 2015
# 11:47

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “32 hərfin kəraməti” yazısını təqdim edir.

Yazıçı Əlfi Qasımovun bir alim dostu var idi. Aralarından su keçməzdi. Tez-tez görüşərdilər. Amma, dostu qırxı haqlamasına baxmayaraq hələ də subay gəzirdi. Əlfi Qasımov bunu tez-tez irad tutsa da, bir kar aşmır, dostu hərəkətə gəlmirdi.

Axır bir gün görüşərkən Əlfi Qasımov dostuna möhkəm təpinir. Deyir, vallah sənin yerinə utanıram, dost-tanışda səndən başqa evlənməyən yoxdu. Ə, bu qədər də subay qalmaq olar?! Tap bir halal süd əmmişi, evlən, qurtarsın getsin.

Dostu cavabında deyir ki, ay Əlfi, elə bilirsən özüm bu barədə fikirləşmirəm? Əlbəttə gec-tez evlənəcəyəm. Bircə bilmirəm necəsini alım. Qonşu kənddə biri var. Evdəkilər onu məsləhət bilirlər. Ayağımı rayona basan kimi atam-anam, xala-bibilərim o saat başımın üstünü kəsdirirlər ki, bir “hə” de, gedək qızı istəyək. Əlfi Qasımov soruşur ki, bəs daha nəyi gözləyirsən, niyə razılıq vermirsən, harası xoşuna gəlmir? Dostu cavab verir ki, yox, başı aşağı, əlli-ayaqlı, yaxşı qızdı, bircə məktəb oxumayıb, heç adını yaza bilmir.

Əlfi Qasımovu od götürür. Deyir, ə, adını yazdı-yazmadı, bunun sənə isti-soyuğu nədir?! Arvad alırsan, ya müşavir? Get razılaş, işi bitir. Yoxsa, vallah, aramız dəyər...

Bu söhbətdən bir neçə ay keçir. Əlfi Qasımov qəsdən nə dostuyla görüşür, nə də ona zəng vurur.

Bir gün eşidir ki, alim dostu ondan xəlvət gedib rayona. Ata-anasına razılığını bildirib. Onlar da sevincək götürülüblər həmin ucqar kəndə. Qızın “hə”sini alıblar. Bir ayın içində dostu el qaydasıyla toy edib, qızı götürüb gəlib şəhərə. Olub əməlli-başlı evli. Çox sevinir.

Bir axşamüstü işdən çıxıb yollanır dükana, abırlı bir hədiyyə alıb vurur qoltuğuna, gedir dostunu təbrikə.

Qapını xoşsima, gülərüz bir gəlin açır. Sonra alim dostu yaxınlaşır, Əlfi Qasımovu görüb qucaqlayır. Kişini gətirib oturdurlar süfrə başında. Əlfi Qasımov göz gəzdirib otağı tanımır. Görür hər yerdə səliqə-sahman, təmizlik göz oxşayır. Məmnun baxışlarını dostuna zilləyib təbəssümlə soruşur:

- Hə, necədi? Razısan?

- Daha soruşma, ay Əlfi, əməlli-başlı rahatlığa çıxmışam-deyir dostu.

Ordan-burdan söhbətə başlayır, zarafatlaşırlar. Əldən iti, mərifət dolu gəlin isə asta-asta o başa, bu başa gedib süfrəni böyük səliqəylə naz-nemətlə doldurur. Qısa müddətə hər işi bitirən gəlin özü də gəlib oturur onlarla bir süfrədə, “xoş gəlmisiniz, di soyutmayın, nuş olsun” deyir.

Əlfi Qasımov ürəyində “Bərəkallah” deyib başlayır dadlı təamlardan dadmağa. Xülasə, mehribanlıq şəraitində gözəl bir axşam keçirirlər.

Sonra Əlfi Qasımov ayağa qalxıb onları bir daha ürəkdən təbrik edir, xoşbəxtlik arzulayıb qapıya doğru gedir, çəkməsini geyib mənzildən çıxır. Dostu onu ötürmək istəyir. Əlfi Qasımov razı olmur. Pillələri düşərkən son dəfə kandarda dayanmış dostuna sarı çevrilib göz vuraraq “Afərin, doşab almısan bal çıxıb, xoşbəxt ol” deyib yoluna düzəlir.

Bir müddət keçir. Əlfi Qasımov bu evin ən əziz qonağına çevrilir. Alim dostu tez-tez ona zəng vurub zarafatla “Arvad deyir, Əlfi qardaş bizi atıb” deyərək qonaq çağırır. Əlfi Qasımov da onların sözünü yerə salmır. Hər dəfə üçlükdə oturub şirin söhbətlə, mehribanlıqla şam edirlər.

Bir gün Əlfi Qasımovu yenə evə dəvət edirlər. Süfrə yenə böyük səliqəylə, yüksək zövqlə bir göz qırpımında açılır. Amma gəlin “Nuş olsun” deyib keçir qonşu otağa. Əlfi Qasımov narahatlıqla soruşur ki, “Ə, nağarmısan, niyə bacı bizimlə oturmur?” Dostu deyir, ay Əlfi, ürəyinə başqa şey gəlməsin, hər şey qaydasındadır. Sadəcə, bu gündən ona əlifbanı öyrətməyə başlamışam. Qoy heç olmasa yazıb-oxumaq bilsin. Evdə tək qalanda kitabdan zaddan oxusun. Nə ziyanı var, gözü açılar. Bu gün səhərdən “Ş”-nı öyrənir. Sabah başqa hərfə keçəcəyik.

Əlfi Qasımov soruşur ki, bəs niyə Əlifbanı türkün sözü daldan başlamısan?

- Özü belə istədi - cavab verir dostu. “Qəribədir” deyib Əlfi Qasımov yeməyinə davam edir.

Bu minvalla Əlfi Qasımov beş-on gündən bir yenə dostuna baş çəkir, çox mehribanlıqla qarşılanır, cürbəcür ləziz yeməklərə qonaq olur. Gedərkən də ər-arvad qapıda onu hörmətlə ötürür, nəvaziş göstərirdilər. Qapıdan çıxanda isə Əlfi Qasımov “Ə, hansı hərfdəsiniz?” deyə hər dəfə zarafatla soruşur, onlar isə gülə-gülə “H”-dayıq, yaxud “G”-dayıq, Əlfi müəllim, deyib gülüşürlər. Əlfi Qasımov isə “Ə, oyununuz olsun” deyib başını yırğalaya-yırğalaya düşüb gedirdi.

Bir xeyli müddət idi Əlfi Qasımovun alim dostundan səs-səmir gəlmirdi. Kişi nigaran qalmışdı. Bir gün işdən çıxıb yollanır onlara. Qapını dostu açır. “Keç Əlfi, keç” deyib keçir qonaq otağına. Əlfi Qasımov da onun arxasınca. Kişi görür əvvəlki şuxluqdan, sevincdən əsər-əlamət yoxdu. Gəlin bacı da çıxmadı qabağına. Dostu isə süfrənin kənarında qısılıb başını aşağı sallayıb.

- Ə, nolub, birtəhərsən, bacı xəstə zad deyil ki?-soruşur Əlfi Qasımov.

- Bacı yoxdu, ay Əlfi, boşanmışıq...

- Nə danışırsan, niyə axı?..

- Ay Əlfi, əlifbanın axırıncı hərfini öyrətdim, sabahı keçəcəkdim apastrofa.

Sonra da fikirləşmişdim “Baskervillərin iti”ndən zaddan verim oxusun. İt qızı səhər gedib gecə yazdığı şikayət ərizəsini verib müdirimə. İclas elədilər. Partiya töhməti verdilər mənə.

- Əşşi nə danışırsan?. -deyir Əlfi Qasımov. Şikayət? Ona görə “Ş”dan başlamışdı? Sənə demişdim axı şaddığına şiddik eləmə. Bu da axırı...

# 959 dəfə oxunub

Oxşar xəbərlər

“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Yoxsa belə olmazdı! - Oxucusuz kitab sərgisindən reportaj

Yoxsa belə olmazdı! - Oxucusuz kitab sərgisindən reportaj

16:30 23 aprel 2024
# # #