“Maşın” şounun düşük iştirakçıları

“Maşın” şounun düşük iştirakçıları
21 may 2015
# 11:04

İlk dəfə 2000-ci illərin sonunda Murad Dadaşovun təqdimatı ilə çıxan “Maşın” realiti-şounu tamaşaçı maraqla qarşılamışdı. Reytinq siyahısında ilk sıralarda yer almışdı. Və onda bu realiti-şounun iştirakçıları tanınmayan, müxtəlif peşə sahibləri olan vətəndaşlar idi.

Səhv eləmirəmsə, “Maşın”ın ikinci buraxılışında da iştirakçılar adi vətəndaşlar arasından seçilmişdi.

Sonradan şouya ancaq müğənnilər, klip rejissorları, stilistlər, aktyorlar dəvət olundu.

Heç şübhəsiz ki, proqramın populyarlaşmasında aparıcı Murad Dadaşov amili – onun istedadı, çevik düşüncə tərzi, savadı, xüsusən belə realiti-şoular üçün zəruri olan intriqanı qurmaq bacarığı önəmli yer oynamışdı.

İndi ANS-də M.Dadşovun aparıcılığı ilə realiti-şou yenidən efirə çıxır. Yenə də iştirakçılar əvvəllər bu proqrama qatılmış, gecə-gündüz efirdən düşməyən məşhurlardır: Aygün Kazımova, Xatirə İslam, Roza Zərgərli, Abbas Bağırov, Elçin Hüseynov, Emil Bədəlov və s.

Şouya tanınmışların dəvət edilməsində əsas məqsəd yüksək reytinqə nail olmaqdır. Fəqət, bir verilişi maraqlı edən daha çox onun simasına çevrilən aparıcıdır. M.Dadaşov isə aparıcı kimi özünə güvənmədiyindən şounun xilas yolunu müğənnilərdə görür.

Amma məsələ heç bunda da deyil. Məsələ artıq “Maşın” realiti-şounun formatında yeniliyin olmamasında, teleməkanın trendinə çevrilmiş, şou elementləri ilə yüklənmiş qalmaqallı ailə, məişət məzmunlu proqramlarla müqayisədə sönük qalan bu şouda bisavad, maraqsız məşhurların intriqasındadır.

Bu səbəblər artıq “Maşın” şounun əhəmiyyətini, onun effektiv, baxımlı bir tamaşaya çevrilməsini heçə endirir.

“Maşın” şou cəlbedici verilişdir, burda real mübarizə insan xarakterlərinin maraqlı psixoloji tərəflərini açır.

Amma azərbaycanlı tamaşaçı - kimliyini, evlərində belə nə yeyib-içdiyini bildiyi, yetərli maddi imkana malik, maşına ehtiyacı olmayan müğənnilərin hansı yeni tərəflərini görə bilər axı? Onsuz da il boyu telekanalların konsepsiyası onların intriqaları, təbliğatı üzərində qurulub.

Şouda qalmaq üçün müğənnilər xalqdan səs istəyir. Özlərini vicdanın, haqqın, ədalətin düzgünlüyün carçısı kimi qələmə verirlər.

Və sual doğur: hansı ədalətdən, haqdan danışırlar? Ümumiyyətlə, onların təsəvvüründə haqq, ədalət nədən ibarətdir, hansı anlama gəlir?

Şou-biznesdəki insanların kiçik, bəsit dünyası var və düşünürlər ki, yer kürəsi öz oxu ətrafında yox, onların ətrafında fırlanır. Yəqin, ədalət, haqq deyəndə özlərinin bu anlamsız, cılız dünyasındakı əhəmiyyətsiz, bizə dəxli olmayan intirqalarının, şəxsi mənfəət və maraqları uğrunda mübarizələrinin motivini nəzərdə tuturlar. Onlar üçün öz dünyasından kənarda heç nə mövcud deyil.

Və ya hansı üzlə, hansı xidmətlərinə görə onlar insanlara müraciət edib səs istəyirlər? Halbuki yeganə “xidməti” toylarda yüksək qiymət müqabilində bir-iki ağzı oxumalarıdır.

Xalq hansı nümunəvi davranışlarına, fəaliyyətlərinə görə onlara səs verməyə borcludur? Onlardan hansı biri indiyədək ictimai fəaliyyət göstərib, hər hansı sosial aksiyaya qatılıb? Ölkənin taleyüklü anlarında fikir bildirib?

Proqramda bayağı məqamlardan biri onların “mən burda dostumu, düşmənimi tanıdım” demələridir.

Hər gün efirdə bir-birinin abrını ətəyinə büküb, astarı da, üzü də ortada olan bu insanların indi guya kiminsə əsl simasını tanıması sadəcə gülüncdür, məntiqsizlikdir, tamaşaçını ələ salmaqdır.

Ordakı mübahisələr, dialoqlar, baxışlar o qədər maraqsız, məhəllidir ki, ucqar kənddə yaşayan Əlinin, Nisənin düşüncəsi onlardan sivil, bəşəri görünür.

M.Dadaşovun isə öz olan-qalan nüfuzunu onlara qurban verməsi təəssüf doğurur.

# 2361 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edildi

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edildi

20:05 2 aprel 2026
Məşhur aktyorun vəfat səbəbi açıqlandı

Məşhur aktyorun vəfat səbəbi açıqlandı

18:42 2 aprel 2026
Məşhur reper qəzada öldü

Məşhur reper qəzada öldü

16:10 2 aprel 2026
Nizami Kino Mərkəzinin binasına müdaxilə edildi - Hüquq-mühafizə orqanlarına müraciət olundu

Nizami Kino Mərkəzinin binasına müdaxilə edildi - Hüquq-mühafizə orqanlarına müraciət olundu

14:04 2 aprel 2026
Yaşamaq necə qorxuludur... - Aleksandr Blok

Yaşamaq necə qorxuludur... - Aleksandr Blok

13:30 2 aprel 2026
Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlandı

Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlandı

13:20 2 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər