Avtobusda tərbiyəsizlik

Avtobusda tərbiyəsizlik
1 may 2015
# 11:00

Avtobus yolda duran, dayanacaqda daldalanan adamları ac toyuq kimi dənləyib şəhərə gedən yolu arşınlayırdı. Dördyolda ayaq saxlayan avtobusa başı panamalı yaşlı bir kişi mindi. Qoltuğunda qovluğu vardı, boynunda alabəzək qalstuku.

Keçib sağ tərəfdə bərkidilmiş tək adamlıq oturacaqda oturdu. Əyləşən kimi qovluğunu qoydu dizlərinin üstünə. Sol əlinin işarət barmağıyla başladı burnunu qurdalamağa. Bir anlığa mənə elə gəldi ki, ağsaqqal gediş haqqını ödəməkçün burun boşluğunda xırda pul axtarır. Məndən ön cərgədə 40-45 yaşlarında iki qadın əyləşmişdi. Avtobusun mühərrikindən qopan nərə bir balaca səngiyəndə salona şirin-şirin qeybət qıran rəfiqələrin səsi yayılırdı. Bu hay-küyə burnunda əməliyyat aparan ağsaqqal incik baxışlarıyla etirazını bildirirdi.

Avtobus qaysaq bağlamış yolda sərnişinləri atıb-tutanda bayaqdan yanbəki oturan qadın müvazinətini saxlaya bilmədi. Alnı dəydi rəfiqəsinin çiyninə. Ağrısını ovutmaqçün kiminsə kirimiş ağrısını yadına saldı. “Xeyransa, Əlövsətgilin işi necə oldu?” Avtobusda elə bir adam qalmadı ki, Əlövsətin qızının nişanı qaytarmasına qafil qala. Oğlan narkoman imiş. Sərnişinlər yerbəyerdən başladılar tanımadıqları qızın halına vaysınmağa. Hətta ağsaqqal da bir anlığa işarət barmağını burnundan çıxarıb düzgün tərbiyə vermədiklərinə görə oğlanın ata-anasına qiyabi şəkildə irad tutdu.

Xeyransa çantasında bir xeyli axtarış aparandan sonra döndü rəfiqəsinə tərəf: “Bacı, mən sənin yerinə verəcəyəm, düşərsən.” “Bacı” bir qədər etiraz elədikdən sonra dirənməyin mənasız olduğunu anlayıb təşəkkürünü bildirdi. Xeyransa ləngər vura-vura irəlilədi. Əlində tutduğu bir manatı qapının ağzında durub pul yığan oğlana uzatdı: “İki nəfər çıx. Ağ koftalı xanım qabaqda düşəcək.” Avtobus dayanacağa yan alıb dayandı. Bir ayağı yerdə, bir ayağı hələ də maşının pilləkənindən üzülməyən Xeyransa son dəfə üzünü salona tutub bağırdı: “Bacı, mən sənin yerinə verdim, düşərsən...”

Avtobusun bir çox yerinə yekə hərflərlə yazılmış xəbərdarlıq yapışdırmışdılar. Xəbərdarlıqda qeyd olunurdu ki, itən əşyalara görə sürücünün yaxasından yapışmaq olmaz. Sonra sürücüdən avtobusu dayanacaqdan kənar yerdə saxlamağı xahiş eləməməyi xahiş eləmişdilər. Lap sonda siqaret çəkməyə qadağa qoymuşdular. Amma bu xəbərdarlıqda “İctimai yerlərdə bərkdən danışmaq olmaz”, “İki nəfərin söhbətini üçüncü adam eşitməməlidi” sözü gözümə dəymədi... “Kədərdən asqıranda, sevincdən gəyirəndə ağzına dəsmal tutmağı unutma, ey insan!” -nəsihətini yazmaq heç kəsin ağlına gəlməmişdi... “Gödək və yaxud yaxası açıq geyinən qadınların ora-burasına bir dəfə baxmaqla kifayətlən, şirin çay salma”, “Burnunu qurdalama”, “Şumda öküz haraylar kimi avtobusda, metroda, yolda dostunu, yoldaşını səsləmə” - xəbərdarlıqda bu bir neçə cümlənin yeri ağarmaqdaydı.

Avtobusdan enəndə dönüb Xeyransanın tək qalıb səsini udmuş rəfiqəsinə baxdım. Fikirli-fikirli alnını ovuşdururdu...

# 3310 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər