news-inner
clock14:15 calendar-gray 30 Aprel 2015 view-gray175 dəfə oxunub
view-gray175 dəfə oxunub

Zəminə Əliyeva: “Bakıda ilk Yeni ili kolbasa ilə keçirdik”

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı aparıcı Zəminə Əliyevadır. Zəminə xanımla “Elmlər Akademiyası” metrostansiyasının çıxışı ilə üzbəüz olan “Künefe evi”ndə görüşdük. Qonağımızla çay və künefə sifariş verib, müsahibəyə başladıq.

- Zəminə xanım, anadan olduğunuz Qarabağ zonasının hansı özünəməxsus yeməkləri var?

- Əslində, mənim yemək söhbətlərindən xoşum gəlmir. Lap uşaqlıqdan yemək haqqında düşünməmişəm. Yemək haqqında düşünməməyimin səbəbini sonra anladım. Anladım ki, bu şeylər insanın xarakterindən irəli gəlir. Yemək insanın həyatında çox yer tutmamalıdır. Amma təəssüflər olsun ki, bu gün yemək bizim mənəviyyatımızın hakim olduğu yerə qədər yüksəlib. Yeməyə görə, insanlar başqasının haqqını, şərəfini tapdalayır. Bunu gündəlik həyatımızda görürəm. Televiziyalarda, internet saytlarında yemək proqram və yazılar həddindən artıq çoxdur. Yemək yalnız təbii ehtiyacı ödəmək üçün lazım olmalıdır. Amma bu gün yemək insan həyatını bütövlükdə tutub. Mən Qarabağdan çıxanda uşaq idim. Demək olar ki, bu gün bütün regionun yeməkləri bir-birinə uyğundur. Bizim bölgənin xüsusi yeməyi döşəməli plovdur. Bunu ən yaxşı bizdə hazırlayırlar.

- Bəs özünüz hansı yeməyi bişirməkdə ustasız?

- Mən ailə qurana qədər heç bir yemək hazırlamamışam. Yəni vaxtım olmayıb. Amma ailə qurandan sonra adam məcbur olub yemək hazırlayır. Çox qəribədir ki, ilk dəfə elədiyim hər şey əla alınır.

- Bu gün Azərbaycan toylarında olan yeməklər sizi qane edir?

- Bu gün toy edən adam öz imkanını nəzərə almır. Yəni heç kim öz maddi imkanına görə toy etmir. Filankəs yaxşı toy elədi söhbətinə görə, xeyli pul xərclənir və bunun da toyu olan gənclərə heç bir faydası dəymir. Toylara çəkilən xərcləri yeni ailə quranların maddi təminatına yönləndirmək olar. Bu gün gənclərin əksəriyyəti ev probleminə görə ailə qura bilmirlər. Həmin restoranlara çəkilən xərcə yeni ailə quranların mənzil problemini qismən həll etmək olar.

- Tələbəlik illərinizdə yemək işlərini necə həll edirdiniz? Tələbə vaxtı getdiyiniz kafelər hansılar idi?

- Bizim tələbəlik o qədər də yaxşı dövrə təsadüf etməyib. Müharibədən sonrakı dövrlərdə oxumuşuq. O vaxtın kafeləri indiki qədər zəngin deyildi. Həm də ailəmlə yaşadığıma görə, yeməklə bağlı problem olmurdu. Bakı Dövlət Universitetini bitirmişəm. Toplaşdığımız yerlər elə universitetimizin yanında olan kafelər idi.

- Xarici mətbəxdən sizi hansısa yemək təəccübləndirib?

- Əslində bizim xarici mətbəxlə televiziyalardan, internetdən tanışlıq imkanımız çoxdur. Xarici mətbəxdən olan yeməklər həm dad baxımından, həm də forma baxımından təəccübləndirir. Məni əsasən xarici mətbəxdən olan yeməklərin dizaynı cəlb edir. Ən çox xoşuma gələn qızardılmış banan olub.

- Özünüz hansı yeməyi bəyənirsiz?

- Mənim yeməklə bağlı problemim yoxdur. Yeməyə meylli adam deyiləm. Nə olsa yola verirəm. Amma türklərin “Balıq əkməy”indən daha çox xoşum gəlir. Onun üçün İstanbula gedərəm.

- Sırf yemək üçün hər hansı bir regiona getmisiniz?

- Təbii ki, yox. Buna zamanımız yoxdur.

- Fast-foodla aranız necədir?

- Əslində hamı fast-foodun zərərindən danışır. Amma gəlin etiraf edək ki, hamımız fast-fooda maraqlıyıq. Deyirlər ki, fast-food sağlamlığımız üçün zərərlədir, hazırlanma qaydasında problemlər var. Hər halda mən istifadə edirəm.

- Dieta saxlayırsız?

- Mənim dieta problemim yoxdur. İşimlə bağlı yeməyə vaxt ayıra bilmədiyimə görə, dieta da saxlamıram. Həm də mən nə qədər kökəlsəm də, bir saatlıq fikir etmək məni arıqladır. Onun qədər mənə heç nə təsir edə bilməz.

- Spirtli içki qəbul edirsiz?

- Xoşum gəlmir. Amma hərdən çaxır içirəm.

- Təbiət qoynunda yeyib-içməyi xoşlayırsız?

- Xoşum gəlir. Çünki təbiətlə təmasda olursan. Buna o qədər vaxtım olmur.

- Sizə nəyisə xatırladacaq yemək olub?

- Var. Yeməklərin də ətir, musiqi kimi xatirələri var. Bizim bölgədə çörək kimi adətən yuxadan, lavaşdan istifadə olunur. İndi lavaş görəndə yadıma o günlər düşür. Mən balaca olanda evdə uşaqlara baxırdım. Qadınlar həftəlik çörək bişirirdi. Yemək görəndə bəzən Platonovun “Can” povestini, oradakı aclığı xatırlayıram.

- Sevgilinizlə ilk dəfə harada yemək yediyinizi xatırlayırsız?

- İlk dəfə 8 Mart günü “Tarqovı”dakı restoranlardan birində yemək yemişik. Amma hansı restoran olduğunu xatırlamıram. Çünki həmin gün xeyli restorana getdik və hamısı dolu idi. Birin tapıb orda yemək yedik.

- Bu gün restoranlarda olan xidmət səviyyəsi sizi qane edir?

- Bizdə xidmət sektoru çox pisdir. Paytaxtda müəyyən qədər razılaşmaq olar. Amma bölgələrdə çox aşağıdır. Turizm ili elan etdik, amma bölgələrdə turizmin vəziyyəti çox aşağıdır. Qiymətlər çox bahadır.

- Yeməklərin çeşid sayı sizi qane edir?

- Xeyr. Bu gün bizdə menyular kababla başlayıb kababla bitir. Bizim mətbəx o qədər zəngin deyil. Bir adam gələndə ona kabab veririk. Kabab çox ağır yemək deyil. Bəlkə də mətbəximiz zəngindir. Amma təqdim edilən yeməklər çox azdır. Məsələn, Türkiyə mətbəxi bizim mətbəxdən çox zəngindir. Etiraf etməliyik ki, biz də bu qədər çeşid yoxdur.

- Ev işlərini necə həll edirsiz?

- Səhər saat 6-da durub, həm uşaqlara, həm də özümüzə yemək bişirirdim. Sonra ev işlərin görüb, tələsik işə gedirdim. Amma indi çıxartdım nəticəyə görə, gərək adam özün işə çox verməsin. Mən həmişə istəmişəm ki, evdə yeməyi özüm hazırlayım. Düzdü dayə olub, amma mən çox işi yenə özüm görmüşəm. Adam özün işə fəda edir. Gəldiyim qənaətə görə, bu lazım deyil.

- Uşağınıza məktəbə yemək qoyursuz?

- Bizim uşaqlığımız bəyənmədiyimiz sovet dövrünə düşüb. O vaxt bizi dərsdən sonra qrupda saxlayırdılar. Həmin qrupda biz ev tapşırıqlarımızı edir, dövlət hesabına isti yemək yeyirdik. Orda bizə verilən yeməyi məktəbin həyətindən keçən kanala atırdıq. Fikirləşirdik ki, bu qurbağa ətidir. Naşükürlük edirdik. Sonra bir müddət keçdi, müharibə başladı. Daha sonra isə aclıq. Aclıq illərində həmin kanala atdığım yeməkləri xatırlayırdım. Həmin dövrlərdə uşaqların aylarla meyvəyə həsrət qalmasının, ətin aylarla mətbəxə girməməsinin şahidi oldum. İlk Yeni ili Bakıda qarşılayanda həmin gün hamı gəzib nəsə almağa çalışırdı. Axşam kolbasa tapıb gətirdilər. Mövzudan çox kənarlaşdıq. İndi keçək suala. Bir il bundan qabaq məktəblərdə verilən qidalara nəzarət ediləcəyi və konkret hansı qidaların veriləcəyinə dair xəbər çıxdı. Bu çox yaxşı qərar idi. Amma bu gün məktəb bufetlərində “Çipsi”, “Çubuq” və sairə satılır. Bu gün məktəblərdə uşaqlara alver obyekti kimi baxırlar. Uşaqların düzgün qidalanması məktəbdən başlayır. Buna görə də uşağın çantasına hər gün yemək qoyuram. Çox yaxşı olar ki, məktəbin özünün yeməkxanası olsun və orda uşaqlara isti yemək versinlər.

- Uşaq olanda yediyiniz, indi də həmin dadı axtardığınız nəsə var?

- Bizim uşaqlığımızın dadı indi yoxdur. Ona görə yoxdur ki, bizim yerlər indi yoxdur. İndi yağdan tutmuş, tərəvəzə qədər hər şey sünidir. Bizim üçün indi təmiz və sağlam qida əsas deyil, əsas ac qalmamaqdır. Bu gün dad dəyişib. Eyni şəkildə eyni formada hazırladığımız yemək o dadı vermir. Bizim torpaqlar qara torpaq idi. Həmin torpağın çox gözəl məhsulları olurdu. Oraların çox gözəl otları var idi. Həmin o otu yeyən heyvanın əti də təbii ki, dadlı idi. Mən indi-indi başlamışam balıq yeməyə. Çünki indiki balıqlarda əvvəlki dad yoxdur. Bizim rayondan Həkəri çayı keçirdi. İndiki balıqlar onun dadını vermir.

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020