Ömür kəsən adamlar

Ömür kəsən adamlar
27 aprel 2015
# 15:00

Deyirlər ki, hər insan ömründə bir dənə də olsa ağac əkməlidir. Amma heç yerdə deyilməyib ki, hər kəs ömründə bir ağac da olsa kəsməlidir.

Mən həyatım boyu, təbiəti sevən adamlara da, onlara nifrət edənlərə də çox rast gəlmişəm. Ağac kəsmək, özü də elə belə, yaxud da tamahın xətrinə - goreşənlik əlamətidir.

Ağaclar da adamlar kimidir: doğulur, böyüyür, pöhrə verir, nəfəs alır, yaşayır. Mən adamlar tanıyırdım ki, ağaclarla birgə böyüyürdülər. Əgər siz də həyətinizdəki, bağınızdakı ağaclara fikir versəniz, onların sevindiyini də, kədərləndiyini də hiss edərsiniz. Bəzi adamlar da var ki, onlar cəllad kimi hissiyyatsız və heysiyyatsızdılar.

Bir səhər taqqıltıya yuxudan oyandım. Əvvəlcə elə fikirləşdim ki, yəqin kimsə, yorğan-döşək çırpır. Yaz ağzıydı. Sonra elə zənn elədim ki, balaca parkdakı qoca bağban ağacların qurumuş budaqlarını kəsir ki, təzəsi pöhrə versin. Axırda hiss elədim ki, taqqıltı qulağımın lap dibindən gəlir.

Əynimi geyinib balkona çıxdım. Gördüklərimdən heyrətə gəldim. Beşmərtəbənin birincisində yaşayan qonşumuz pəncərəmizə kölgəlik salan, bizdən yaşıllığını və sevgisini əsirgəməyən qosqocaman çinar ağacını kəsir. Qeyzlə soruşdum ki, o ağacı niyə kəsirsən? Cavab verdi ki, ağacın kökü binanın altına gedir, sabah fundamenti dağıda bilər, ya da balkonumun üstünə aşa bilər. Bu nadan o ağacı əkməmişdi və neçə illərdi ki, məğrur dayanan ağac hamıya yaxşılıqdan başqa heç nə eləməmişdi. İş-işdən keçmişdi. Amma mən həmin məxluqu (adam deməyə dilim gəlmir) cəzalandırdım. Necəsini deməyəcəm. Mən ona tanrı cəzası yox, bəndə cəzası verdim. Müqəddəs kitablar buna icazə verir.

Bu yaxınlarda evlərin arasıyla gəzərkən ürəkparçalayan mənzərəylə rastlaşdım. Adamlar öz ömürlərini gözgörəti kəsirdilər. Bina sakinlərinin əksəriyyəti paltar asmaq üçün tut və qarağaclara dəmir diyircək vurmuşdular. Həmin ağaclar yana-yana, odlana-odlana quruyurdular. İcra hakimiyyətinin bağbanları onlara təzə ömür vermək üçün qol-budaqlarını kəsmişdilər və ağaclar güc-bəla pöhrə verirdilər, ancaq həmin pöhrələr gec doğulan xəstə uşaqları xatırladırdı. İstədim qışqırıb o adamlara deyəm ki, niyə öz əlinizlə yaşıllığınızı məhv edirsiniz. Tamahkar məmur və iş adamları bir yana, bəs siz niyə belə edirsiniz, ay ölərilər!?

Demədim. Aydın məsələdir ki, adam ürəyindən keçənlərin hamısını desə, cəmiyyətin gözündə dəliyə çevrilər.

Bir neçə gün əvvəl köhnə məhləmizə gedirdim. Bayaq xatırladığım qoca bağbanın başını tumarladığı, sevgiylə yanaşdığı balaca parkda heyvərə bir bina ucalırdı. Bu isə böyük bir nəslin xatirəsini məhv eləmək idi. Mən o parkda körpə uşaqlarımla tez-tez gəzər, onları böyüyən ağaclara bənzədərdim, yaxınlıqdakı meydançada isə futbol oynayardım. Xatirələri məhv eləməklə insanları öldürürlər...

Ətraf, daş qəbiristanlığı xatırladırdı.

Ağac kəsən adamlar ömür kəsənlərdi. Çünki yaşıllıq həyat rəmzidi...

# 1460 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #