Yenə bədirləndi Ay!

Yenə bədirləndi Ay!
11 aprel 2015
# 14:20

Kulis gənc şairə Könül Həsənqulunun dünən təqdimatı keçirilən “O zəminin sahili” kitabından bir neçə şeiri təqdim edir.

Günəşdə qan ləkəsi

Dayanmışam üzü günəşə;

Qarğam da sol çiynimdə –

Bir qarın tox,

Bir qarın ac.

Dağıdıb iyuna günəş saçlarını

Saçaq-saçaq.

Ayaqqabılarımı çıxarmışam,

Ayaqqabılarımın zərif dabanında qan.

Əllərimsə xəlvətdə,

Əllərim qan içində.

Gözlərimi yumuram günəşə,

Ağlamaq istəyirəm – ağlamıram,

Ağrımaq istəyirəm – axı ağrımıram!

Bir kimsəsiz bomboş qatar dayanmadan

Dövran edir içimdə...

Bu günəş isidir indi bir küçədə

Gecənin məndən doğan meyitini;

Uzadır qollarını günəş meyitin üstünə,

Üşüdür,

Qorxudur onu

Meyit rütubəti!

Qoynuna yığır günəş,

Qoynuna sıxır günəş

Meyitə sarı uzatdığı əllərini.

Yandırır günəşin qoynunu

Meyit hərarəti...

Gözlərimi açıram – qatil gözlərimi.

Danıram əllərimdəki qanı,

Dişlərimdəki əti!

“GÜNƏŞDƏ LƏKƏ VAR! – qışqırıram –

Qana bulanıb sinəsi!”

Atıram günəşin qoynuna

Törətdiyim

Cinayəti...

Qarğa səsi

Günəşin qurutduğu torpağı gecə qan suvarar!

Dəlik-deşik sinədən quru torpağa,

Sonra

Qarğa sinəsinə dimdiyindən qan damlayar...

Qan dağılar səkiyə insan əli ilə

Susayanda

Qarğalar.

Qarrr

Qarr

Qar

Qar

Canavarlar ulaşır bu gecənin içində!

Qar meşədə

Ağrısını kəsir ağır yaralının.

Qarı qucaqlayır o, açıb qollarını,

Qanısa bir tərəfdən

Əritməkdədir qarı...

Ağaclar donub kor meşədə!

Tel-budaqlarından axıb sallanır fevral –

Yarımşəffaf

Sırsıralar.

Canavarlar ulaşır bu gecənin içində...

Qan meşədə

Susuzluğunu kəsir canavarların.

Ay

Yenə bədirləndi Ay!

Yenə daşlayır məni Tanrı

Tutub əlində Ay...

Ay haray,

Ay haray,

Ay

ay

ay!

# 3139 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər