Kitab oxumayanların məmləkəti

Kitab oxumayanların məmləkəti
31 mart 2015
# 08:30

Hamının başı oğurlamağa qarışır. Böyüklər böyüklərdən, böyüklər uşaqlardan, uşaqlar böyüklərdən, uşaqlar uşaqlardan, hətta oyuncaqlar oyuncaqlardan oğurlayır. Başbilənlər bir də baxıb görürlər ki, hər yeri oğurluq başına götürüb. Məmləkətdə hamı oğrudur.

Nə qədər çalışırlar oğurluğun qarşısını ala bilmirlər. Axırda gedirlər məmləkətin dünya görmüş ən qoca adamının yanına. Kişinin tək yaşadığı, çoxdandı evdən çölə çıxmadığı və ən başlıcası oğurlanmağa heç nəyi olmadığı üçün məmləkətdəki vəziyyətdən xəbəri yoxdur. Başbilənlər vəziyyəti danışır, məsləhət istəyirlər.

Qoca deyir, gedin camaata kitab oxumaq öyrədin. Sonra dəyərli kitabları təbliğ edin. Qoy adamlar kitab oğurlasınlar. Onda tədricən vəziyyət də düzələcək.

Başbilənlər heç nə başa düşmürlər.

Biz deyirik məmləkət əldən gedir, bu kitab oxumaqdan danışır, heç kitabın yeridir - deyə düşünüb geri qayıdırlar. Çox düşünəndən sonra qərara gəlirlər ki, bütün oğrular öldürülsün. Millətə elan edirlər ki, kim harda oğru görsə öldürsün. Beləliklə məmləkətdə öldürmə başlayır. Hamı öldürür. Kimisi cəsarətdən, kimisi qorxudan, kimisi də həvəsə düşüb öldürür. Vəziyyətdən istifadə edib ədavəti olanlar da biri-birindən qisas alır. Bir ildən sonra məmləkətdə bir dənə də oğru qalmır. Amma əvəzində məmləkətdə hamı qatil olur...

Başbilənlər başıalovlu gedirlər qocanın evinə ki, camaata kitab oxutdurmağın yolunu öyrənsinlər. Çatıb görürlər, qocanı öldürüblər. Anlayırlar ki, hər tərəf kimi öldürdüyünün fərqində olmayan qatillərlə doludur. Qayıdıb evlərinə getmək üçün küçəyə çıxmağa qorxurlar. Amma heç o qoca da küçəyə çıxmırdı...

# 2546 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #