Film çəkdi, hamilə arvadını qətlə yetirdilər

Film çəkdi, hamilə arvadını qətlə yetirdilər
16 mart 2015
# 09:03

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində dünya kinosunun ustalarından biri, yəhudi əsilli polyak rejissoru Roman Polanskinin “Rozmarinin uşağı” filmini təqdim edir.

Roman Polanski 1933-cü ildə Parisdə yəhudi ailəsində doğulub. Üç yaşı olanda valideynləri Polşaya gedir və Krakovda məskunlaşır. İkinci Dünya Müharibəsində ailəsi məcburən Krakov gettosunda yerləşdirilir.

Anası burda həlak olur, atası isə sağ qalır. Polanskini isə müharibənin sonuna kimi bir polyak ailəsi gizlədir.

1945-ci ildə o, atasını tapır, texniki məktəbdə oxuyur, sonra uşaq televiziyasında işləyir, teatr və radio tamaşalarında oynayır. Kino ilə taleyini ingilis rejissoru Kerol Ridin “Oyundan kənarlaşmış” filminə baxandan sonra bağlayır. Bu film onda güclü təəssürat qoyur.

1953-cü o, polyak rejissoru Andjey Vaydanın “Nəsl” filmində rol alır və onun köməkliyi ilə kino məktəbinə daxil olur.

Polanskinin ilk işlərindən biri “Qətl” (1957) idi. İki dəqiqəlik filmdə kimsə otağa daxil olub yatan adamı öldürür. “Şkaf daşıyan iki kişi” (1958) tələbə filmi isə beynəlxalq festivallarda beş mükafat alıb.

1962-cı ildə Polanski ilk tammetrajlı “Suda bıçaq” filmini çəkir və Oskara nominant olur.

Sonra Fransaya gedən Polanski “Nifrət” (1965) filmini çəkir.

Bundan sonra lentə aldığı “mənzil trilogiyası”nın ilk hissəsini “Nifrət”i ekranlaşdırır. Berlin kinofestivalında “Gümüş ayı” alan bu psixoloji triller özünə qapanmış gənc qızdan bəhs edir.

Berlin kinofestivalında əsas mükafata layiq görülən və rejissorun özünün ən yaxşı filmi hesab etdiyi “Dalan” (1966) iki qanqsterin hekayətini anladır.

1974-cü ildə rejissorun çəkdiyi “Çin kvartal”ı bir detektivin sirli, varlı qadının sifarişi əsasında apardığı araşdırmadan və bunun ətrafında baş verənlərdən bəhs edir.

“Mənzil trilogiyası”nın üçüncü hissəsi “Sakin” (1976) bir məmurun kirayələdiyi mənzildə, orda baş verən qəribə hadisələrdən danışır.

Fransız yazıçısı Paskal Bryuknerin romanı əsasında çəkilən “Acı ay” (1992) melodramı yaşlı yazıçı və onun gənc xanımının hekayətidir.

2002-ci ildə holokst mövzusunda çəkdiyi “Pianoçu” Kann festivalında “Qızıl palma budağı”na layiq görülür.

Çoxsaylı mükafatlar alan “Kabus” (2010) siyasi trilleri məşhurlar üçün memuarlar yazan adsız qəhrəmanın əhvalatıdır.

Rejissorun son filmi hələ ki, “Xəzli Venera” (2013) komediyasıdır.

Filmdə teatr rejissoru bütün gün ərzində “Xəzli Venera” əsərində baş rola iddialı olan aktrisaları dinləyir.

Bu layihədə rejissorun çox müzakirələrə səbəb olan, kino tarixinin əhəmiyyətli filmlərindən sayılan “Mənzil” trilogiyasının ikinci filmi “Rozmarinin uşağı”nı (1968) təqdim edirik.

Amerikalı yazıçı Ayra Levinin eyni adlı romanı əsasında çəkilən film rejissorun Hollivudda ilk işidir.

Gənc ailə Rozmari və Gay yeni evə köçür. Onlara ara-sıra yaşlı qonşuları olan ər və arvad baş çəkir.

Və günlərin birində ana olmaq istəyən Rozmarinin gözünə qəribə hadisə görünür. Əri iblisə çevrilərək onu zorlayır. Qadın bir müddət sonra hamilə olduğunu anlayır. Sonra anlayır ki, qonşuları iblis kultunun iştirakçısıdır, əri də onlarla əlbirdir və onun hamilə qalamasında onların əli var.

Film böyük uğur qazandı. Polanski bu filmi ilə dünya kinosunda müasir okkultizm istiqamətinə rəvac verdi. Eyni zamanda, kinoda iblis teması dəbə düşdü. Rejissor bu filmdə mistik janrı - Faustdan başlayaraq ədəbiyyatdakı çoxəsrlik fəlsəfi axtarışlara bağlayır. O, təhkiyəsini F.Murnau (“Nosferatu, dəhşətin simfoniyası”), K.Dreyer (“Allan Qreyin yuxusu”) tərəfindən əsası qoyulmuş köhnə kino ənənələri kontekstində yerləşdirir. Təhkiyəsini reallıq və illüziya, həqiqilik və uydurma ilə birləşdirir.

Bu baxımdan film çoxqatlıdır və tamaşaçı rejissorun təklif etdiyi dünyanı realıq kimi qəbul edir. Çünki reallıq da birmənalı deyil, saysız yozumlara açıqdır, xeyrə və şərə ayrılır.

Polanski film haqda deyir: ”Aqnostik olduğuma görə mən iblisin şərin mücəssəməsi olduğuna inanmırdım. Əhvalatın həqiqi görünməyi üçün düşündüm ki, burda balaca əl yeri qoymaq lazımdır. O mənada ki, Rozmari ilə baş verən fövqəladə hadisələr həm də onun fantaziyaları ola bilər. Bütün baş verənlərin rasional izahı olmalı idi. Ona görə də filmdə ikimənalılıq var”.

Ümumiyyətlə, Polanskinin əksər filmləri romanların ekranizasiyasıdır. Onun filmlərinin çoxu tamaşaçını psixoloji izolyasiya və paranoyya ilə yükləyir. Filmlərinin finallarına qeyri-müəyyənlik, açıq yozumlar xasdır. Polanski pessimist rejissorlardan biridir. Onun qəhrəmanları bir qayda olaraq irrasional, iblisanə güclər tərəfindən mənəvi və fiziki zorakılığa məruz qalır. Onların əksəriyyətində şeytani güclər qalib gəlir, qəhrəmanlar ağıllarını itirir.

Polanski bu roman ekranlaşdırarkən ən xırda detalları belə nəzərə alıb.

Səhnələrdən birində Rozmarini oynayan aktrisa Mia Ferrou doğrudan da çiy qaraciyər yeyir.

Film kəskin süjetli Amerika filmləri siyahısında 9-cu yerdədir.

Amma film Polanskinin həyatında faciəvi rol oynadı. Nəticəsi qalmaqallı hadisələrlə müşayiət olundu.

Filmdəki əhvalat bir az başqa şəkildə onun şəxsi həyatında təkrarlandı.

Film ekranlara çıxandan sonra rejissorun hamilə arvadı, aktrisa Şeron Teyt Çarlz Mensonun “Ailə” sektası tərəfindən amansızlıqla qətlə yetirildi. Menson özünü “Xilaskar”, “Canlı İblis”, “Günah yuyan Şeytan” adlandırırdı.

Menson filmin mətbuat konfransında və premyerasında iştirak etmişdi.

Bu faciə Polanskinin sonrakı yaradıcılığına təsir elədi.

# 928 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #