Dəlixanaya necə düşdüm

Dəlixanaya necə düşdüm
13 mart 2015
# 09:00

“O dəfə, səni soruşdum bir kəndçinizdən. Yaşlı kişi idi, çəlikli, ağ saçlı. Dedi ki, bala, Çingizin başı xarab oldu, gül kimi işləyirdi kənddə, müəllim idi, hörmət-izzəti də kəndnən bir idi, di gəl, birdən-birə nə oldusa, çıxdı-getdi Bakıya, ağıllı adam elə iş görməzdi. Özü də elə ciddi-ciddi dedi, az qaldım inanam ki, həqiqətən, beynin pozulub” - Bunları tələbə yoldaşım deyirdi.

Uzun müddətdən sonra Bakıda görüşmüşdük, çay içirdik. O da kənddən işini-gücünü atıb gəlmişdi, iş axtarırdı.

Əli dayı – beynimin içində bu ad sanki işıq olub yandı. Bu sözləri ondan başqa heç kəs deyə bilməzdi. Nəm-nişan da uyğun gəlirdi. Üzümdə təbəssüm yarandı. Tələbə yoldaşım çayı qurtumlamağındaykən, mən gedib o illəri dolanıb gəldim…

İlk əmək haqqım 13 “şirvan” idi. Elə gözəl xatırlayıram, elə bil əlimdə tutmuşam hələ də. Çox demək olmaz, zatən bu ölkədə müəllimin əmək haqqı heç bir dövrdə “çox pul” sayılmayıb. Amma az da deyildi. “Vedomost”a qol çəkib, əlimdə 13 dənə 10 minlik sevinə-sevinə evə gəlirdim. O qədər şirin pul idi ki…

Əsas məsələ, şagirdlərdən yox valideynlərdən “müəllim” müraciətini qazanmaq idi. Çox tez qismət oldu mənə. Yəqin ki, özüm bacarmışdım. Dəvət olunduğum bütün xeyir-şər məclislərində “müəllim, buyur” müraciəti ilə yer göstərilirdi. Axşamüstü, kənd meydanında valideynlər yaxınlaşar, hərə öz uşağının vəziyyətindən, qabiliyyətindən danışar, soruşardı. Biz kənd müəllimləri həm müəllim, həm də repetitor idik. Amma təmənnasız repetitor. Həm də tək şagirdlərə yox, valideynlərə də. Evimizin qapısı, telefonumuz hamının üzünə, hər vaxt açıq idi. Bəzən məktəbdə uşağa izah elədiyimiz dərsi, axşamüstü kənd meydanında, ya da axşam telefonda valideynə izah eləyirdik. Vay o gündən ki, bir kəlmə o yan-bu yan deyəsən. O qədər məsuliyyətli iş idi ki…

Tələbə yoldaşlarım qonaq gəlmişdi. Məndən başqa müəllim işləyənləri yox idi, içlərində. Hay-küylə gəldilər məktəbə. Görüşəndən sonra xahiş elədim ki, evə gedib gözləsinlər, dərsimi bitirib gələcəm. Tənəffüs idi. Uşaqların əlində kitab görən dostlarım, heyrətə gəlmişdilər. Direktor təklif elədi ki, qonaqlarım gəlib, yaxşı deyil, gedim. Amma bu dəfə də qonaqlar etiraz elədilər ki, yox, olmaz. Həmin günü bütün sağlıqları mənim sağlığıma içdilər. Bir dostum isə, atasının “Əsl kişi Çingizdi, gedib kənddə dərsini deyir, siz elə hamınız vəzifə istəyirsiz” - deyib, məni öydüyündən danışdı. Mən onun atasını yaxşı tanıyırdım. Əsl ziyalı, gözəl insan idi. O qədər qürur verici idi ki…

Qışda bərk soyuq olurdu siniflər. Hər sinifdə bir dənə “solyarka peçi” qurulmuşdu, verilən norma isə, üçüncü, uzağı dördüncü dərsə çatırdı. Mənim “dərs yüküm” çox idi. Hər gün beş saat, bəzi günlər altı saat dərs deyirdim. Uşaqlara bircə dəfə demişdim ki, qənaətlə işlədin yanacağı, soyuq olsa da dərsi axıra qədər keçəcəm. Gəlirdim ki, başqa dərslərdən kəsib, qənaət edib saxlayıblar yanacağı. Nə qədər soyuq olur-olsun, kostyumla girərdik sinfə. Uşaqlara icazə verirdim, qalın geyinməyə. Bəzən xəstələnmək bahasına başa gəlirdi, amma yenə də olsun! Hava soyuq olsa da, ürəyimiz isti idi. O qədər isti idi ki…

Şagirdin müəllimə ləqəb qoşması, məktəb yaranan ilk gündən yaranıb məncə. Bilirdim ki, mənə də ləqəb qoşacaqlar. Amma belə tez gözləmirdim. Dərs dediyim elə ilk ildəcə, məktəbdə oxuyan əmim qızı xəbər verdi ki, uşaqlar artıq məni ləqəblə mükafatlandırıblar: “Fales”. Yadıma salmaq istədim, görüm “Fales teoremi”ni necə izah etmişəm ki, mənə bu adı “yapışdırıblar”. Amma yox, fərqli izah etdiyimə görə olmazdı, eləcə uşaqların dilinə yatmışdı yəqin. Hələ mən, yaxşı qurtarmışdım. Hərdən, çox sıxışdıranda, arxamca Fales deyib, him-cimləşdiklərini hiss edirdim. O qədər əyləncəli idi ki…

Biz dərsdən sonra da, toyda da, yasda da, hətta axşamlar da müəllim idik. Kənd içində geyim-keçimimizdən tutmuş, hərəkətimizə, yeyib içdiyimizə qədər hər şeyə diqqət edirdik ki, pis örnək olmayaq. Həm də, təkcə biz yox, Azərbaycanın hər yerində, hər bölgəsində olan əsl müəllimlər, bu cür düşünür. Başqa cür mümkün də deyil…

Növbəti yay kəndə gedəndə, Əli dayını gördüm. Yaş fərqimizin çox olmasına baxmayaraq, dost idik. Mehribanlıqla görüşdük, qucaqlaşdıq. Güldüyümü görüb, məsələni anladı, sözə başlamağıma imkan vermədən özü dilləndi:

- Nədi ay dost? Yalan demişəm? Ağlı olan adam da, o işi-gücü, o hörmət-izzəti atıb gedərdi? Dəli oldun daaa! Dəli oldun, apardılar dəlixanaya!

Bu gün Əli dayımı xatırlayıb, rəhmət vermişəm.

Kişi düz deyirdi. Müəllimə dərsdən sonra bənnalıq, fəhləlik təklif edilirsə, demək, ağıldan söhbət gedə bilməz.

# 868 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #