news-inner
clock13:11 calendar-gray 12 Fevral 2015 view-gray1007 dəfə oxunub
view-gray1007 dəfə oxunub

Füzuli Məcnuna nəyi qısqanırdı? - LAYİHƏ

“Ən sevdiyim əsər” layihəsinin budəfəki qonağı tənqidçi İradə Musayevadır. İradə xanımın ən sevdiyi əsər Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır.

- Seçiminizi necə əsaslandırardınız?

- Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri dilimizi sənət, ədəbiyyat dili kimi təsdiq etdirən ilk böyük əsərdir. M.Füzuli Nizami Gəncəvidən sonra bu mövzuda yazmaqla türk dilinin nələrə qadir olduğunu sübut etmək istəyirdi. Diqqətlə yanaşsaq, prinsipial məsələlər çox idi. M.Füzuli N.Gəncəvinin süjetinə, mövzu qəlibinə, obrazlarına, hətta hadisələrə və bir çox hallarda təsvir və tərənnüm üsuluna da sadiq qalmışdı. Deməli, onu başqa məsələlər düşündürürdü. Düzdür, bizə M.Füzulini romantik, daima xəyalat aləmində olub, eşqə, məşuqəyə uyan bir müəllif kimi tədris ediblər (çox-çox təəssüf ki, bu yanaşma artıq XXI əsrdə də qüvvədən düşmədi), amma M.Füzuli çox böyük siyasətçi, filosof və zamanının ən ayıq-sayıq insanı olub. Zamanı və ümumiyyətlə mühiti, cəmiyyəti, dünya işləri, gedişatları ilə bağlı ən kəskin siyasi sözü məhz M.Füzuli deyib. İstər “Bəngü-Badə” poemasında, istər “Şikayətnamə”də, istərsə də digər poema və nəsr əsərlərində, qəsidə, qəzəl və qitələrində... Niyə mən daha çox bu əsəri sevirəm? Çox hissəsi ərəb-fars tərkibli sözlərdən ibarət olan bu poemada mən bir misrada bircə doğma söz varsa, məna və ahəng, ritm, poetika gücünə o sözün işığında fars-ərəb sözlərinin də mənasını lüğətə baxmadan çox zaman tapıram. Müəllif bu əsəri elə şövq, elə ilham və elə müdrikcəsinə yazıb ki, kitabı əlinə alan oxucu da o məqama qalxır və ilhamlanır, müdrikləşir, dərin-dərin düşüncələrə dalmağa məcbur olur.

Mən də dünya ədəbiyyatının seçmə əsərlərindən birini təklif edə bilərdim. Amma, əgər Şekspir, Höte, Heyne və s. onlarla dahinin yaradıcılığındakı süjetlər, fəlsəfi baxışlar, estetik-intellektual yanaşmalar şərq ədəbiyyatından, o cümlədən N.Gəncəvidən qaynaqlanıb və faktı qərb mütəfəkkirləri təsdiq və etiraf edibsə, bizim bu gün bəh-bəhlə oxuyub heyran qaldığımız Nobelçilərin qalib əsərlərindəki azad, filosofanə düşüncələri, monoloqları ilə həyat dərsi verən, cəmiyyət, zaman və dünya ilə nifaqda olan, tənhalığa qapanıb adilikdən çıxan, fövqəlinsan məqamına qalxan qəhrəmanlarda klassik məcnunluq nişanəsini açıq-aydın görə biliriksə niyə kənara çıxaq?

Mən istər Şekspir, istərsə də Şiller, Höte, Servantes, Ekzüperi, Svift, Markes, Folkner və onlarla digər müəlliflərin baş qəhrəmanlarında Məcnun və məcnunluq fəlsəfəsinin, obrazlılığının izlərini, əlamətlərini, təqlidini göstərə bilərəm. Mənim son zamanlar ən çox misal göstərdiyim bir səhnəni yenə təkrarlamaq məcburiyyətindəyəm. Markesin dünyaca məşhur “100 illik tənhalıq” əsərinin baş və faciəvi qəhrəmanı kimdir və həyatı, aqibəti necə oldu? Öz ağlı, uzaqgörənliyi və həqiqətinə görə cəmiyyətin, qəbilənin və ümumiyyətlə adi insan düşüncələrinin fövqünə qalxdı. Bu yüksəlmə onu tənhalaşdırdı, cünunlaşdırdı, cəmiyyətdən, ailədən, adi düşüncələrdən, təcrid etdi, qovdu. Nəinki qovdu, ən yaxın adamlarının əli ilə ağaca sarıtdırdı... Eynən Məcnun kimi – həmin aliməqamlığına görə səhraya zəncirlənmiş, Qeysdən Məcnuna çevrilmiş Məcnun kimi...

Akademik Azad Mirzəcanzadənin bir cümləsi yadımdan çıxmır. O deyirdi ki, Hüseyn Cavid ingilislərin olsaydı, onu Şekspir qədər məşhurlaşdırardılar. Özü də nəzərə alsaq ki, bütün bu deyilənləri nəsrlə yox, nəzmlə, özü də əruz kimi çətin bir vəzndə qələmə alıb Füzuli, dahilik anlayışının mənasını dərk etmiş olacağıq.

Məni ən çox ağrıdan, sarsıdan odur ki, bütün klassiklərimizi sovet ideologiyasından kənar bir düşüncə, metodologiya ilə tədqiq etmək zərurəti və imkanları yarandığı bir vəziyyətdə də yanaşma başdan-başa səhv, yanlış və quramadır. Hələ də bir-birindən köçürüb alim adı alan tədqiqatçılar N.Gəncəvini, İ.Nəsimini, M.Füzulini və digərlərini inqilabçı, ateist, deist, gender mütəxəssisi, gül-bülbül aşiqi və s. bu kimi eybəcər damğalarla gəncliyə və ümumiyyətlə ədəbiyyat tarixi arxivinə təqdim etməkdə davam edirlər. Şeyx Nizamini, İmadəddin (dinin dirəyi) Nəsimini, Mövlanə, Molla Füzulini az qala Darvin məktəbinin Darvindən qabaq dünyaya gəlmiş nümayəndəsi kimi təqdim edirlər. O müəllifləri ki, “Qurani-Kərimi” oxumadan onların əsərlərinin fəlsəfəsini, məğzini açmaq mümkün deyil.

Ən gülüncü isə odur ki, “Leyli və Məcnun” poemasından danışanda qadın hüquqsuzluğu (hətta bir psixoloqun “Leyli və Məcnunda” gender problemi “ adlı məqaləsini də oxumuşam), feodal-patriarxal dünyagörüşü, azad sevginin olmaması və s bu kimi mənasız və şablon problem araşdırıcılığı metoduna əl atırlar. “Feodal-patriarxal cəmiyyətin əzilən, hüquqsuz, müti qadınları”... Soruşuram ki, ay bacım, ay qardaşım, o əsərdə döyülən, söyülən, ac qalan, təhqir olunan, çox işlədilən bir qadın obrazı varmı? (Maraqlısı da budur ki, bu ittihamı qadınları tikintidə, restoranlarda, küçələrdə, 12 saatlıq iş rejimi ilə işləyən zamanın, cəmiyyətin nümayəndələrindən eşidirik). Tapmırlar. Bu təhqiramiz yanaşmanı adətən Leyliyə aid edirlər amma, Leylini ailəsi də, Məcnun da, İbn Səlam da, qəbilə əhli də - hamı gözü üstə saxlayır. Hansı hüquqsuzluqdan, cəhalətdən danışa bilərik ki, Leyli və onlarla digər qız uşaqları oğlanlarla bir məktəbdə, bir otaqda oturub elm öyrənirdilər. “Bir səf oğlan, bir səf qız”... Leyli məktəbdən ayrılıb evdə oturanda deyirlər ki, hüququ tapdalandı, Qeys məktəbdən ayrılıb səhraya üz tutanda deyirlər dəlidir. Halbuki, bu Füzulinin üslubu, metodu, bəhanəsiydi ki, qəhrəmanlarını ayırsın və hərəsini bir diyara atandan sonra öz hünərini göstərsin, dastanına başlasın. Bu məqamda da Füzuli qadına hörmətlə yanaşır, onu rahat, cah-cəlallı bir evdə, Məcnunu isə səhrayi-biyabanda saxlayır... Nə isə, bu məqamlara yəqin ki, təhlil boyu toxunacayıq...

Əsəri elm, ədəbiyyat sərrafı olan, bütün “Leyli və Məcnun”ları oxuyan, Şeyx Nizamini əzbərdən bilən türk ziyalılarının xahişi ilə yazması faktını bizə M.Füzuli özü çatdırır. Onlar M.Füzulidən xahiş edir ki, bu köhnə dastan əcəmdə (farsda) çoxdur, amma türkdə yoxdur və Şeyx Nizamidə olan “hüsnü-goftar” Füzulidə də olduğu üçün məhz bu dastanı o yaza bilər. Vaxtilə Nizami Gəncəvi də yazırdı ki, Axsitan bu gəlini (“Leyli və Məcnun əfsanəsini”) fars və ərəb naxışları ilə bəzəməyi tələb edir, istəyir məndən.

Burada Füzuli bir az da özünü üzüyola, yazıq kimi təqdim edir. (türk ziyalıları ilə bağlı “Öz siyasətlərinə mən xəstəni nişan etdilər və imtahana çəkdilər” – deyir) Özü də N.Gəncəvidən sonra bu mövzuya müraciət etməyin üzrünü oxucusundan və N.Gəncəvinin müqəddəs ruhundan elə ustalıqla, elə məharətlə istəyir ki, etik-mədəni qaydaları pozmadan... Və işini tamamlayandan sonra onun çox nəzakətlə bu işin başına keçdiyini görürük.

Bir neçə zərifi-xütteyi-Rum,

Rumi ki, dedin, qəziyyə məlum.

Yəni ki, qamu dəqayiq əhli,

Hər məsələdə həqayiq əhli,

Həm elm fənində nüktədanlar,

Həm söz rəvişində dürfəşanlar.

Kim eylər idi həqayiqi-raz,

Şeyxidənü Əhmədidən ağaz.

Kim söylər idi ögüb kəlami,

Övsafi-Cəliliyü Nizami.

Bilmişlər idi ki, hüsni-göftar,

Qədrim qədərincə məndə həm var.

Çün var idi məstlikdə lafım,

Ta anlana sidqimü xilafım,

Mən xəstəyi etdilər nişanə,

Bir rəng ilə tiri-imtəhanə.

"Lütf eylə! - dedilər, - ey süxənsənc!

Faş eylə cəhanə bir nihan gənc!

Leyli-Məcnun əcəmdə çoxdur,

Ətrakdə ol fəsanə yoxdur.

Təqrirə gətir bu dastanı,

Qıl tazə bu əski bustanı".

Razılaşmadan sonra Füzuli zülmünün, sitəminin başlandığını deyir. Mövzusu, məzmunu ahdan, nalədən, bəladan, dərddən ibarət olan hətta Nizami kimi bir ustadın da qələmə almaq çətinliyindən şikayətləndiyi (“Bir iş ki, qılır şikayət ustad, Şagirdə olur rücui bidad”) bu vaqeəni, o vaqiəni ki, –

Bir bəzmi-müsibətü bəladır

Kim, əvvəli qəm, sonu fənadır.

Nə badəsinə nişatdan rəng,

Nə nəğməsinə fərəhdən ahəng,

İdrakı verər xəyala azar -

onu yazmaq (“Bildim bu qəziyyə imtəhandır”) ona ağır bir imtahan kimi görünür. Və hey saqiyə, ilham pərisinə dil tökür, yalvarır. Əvvəli qəm, sonu fəna bir dastanı ancaq ilahi eşq ilə cana gətirmək olardı.

Gərçi bilirəm, bu bir sitəmdir,

Təklifi bunun qəm üzrə qəmdir,

Əmma necə etmək olur ikrah?

Bir vaqeədir ki, düşdü nagah,

M.Füzuli bu əsərində Ş.İ.Xətayinin “Dəhnamə”sindən, onun süjetindən və mifologiyasından da ustalıqla yararlanıb.

Mən bu əsərin məzmununa, süjetinin ilk mərhələsindəki məqamına diqqəti çəkmək istəyirəm. çünki, poemanın bütün fəlsəfəsi və məzmunun faciəvilik notu üzərində köklənməsi zərurəti ordan başlayır. Qeysin atası övladı olmadığı üçün ah-fəğan edirdi. Nəsili-kökü kəsiləcək, varidatı, adı-şanı varissiz, xələfsiz qalacaq deyə əndişədə idi. Nəzir-niyaz, dualar, yalvarışlar… Amma Qeys dünyaya gəlmək istəmirdi. Onu zorla, dizin-dizin sürünə-sürünə, Allaha yalvara-yalvara gətirdilər yer üzünə. Amma Qeys bu səslənişdən, çağırışdan məmnun deyildi. Sanki cənnətdən cəhənnəmə düşdü, azadlıqdan (ədəmdən) məhbəsə, yer üzünə, qəm evinə atdılar.

Ol dəm ki, bu xakdanə düşdü,

Halını bilib fəğanə düşdü.

Axır günün əvvəl eyləyib yad,

Axıtdı sirişkü qıldı fəryad,

Yəni ki: "Vücud, dami-qəmdir;

Azadələrin yeri ədəmdir.

Bizim yazıq, müti, aciz bildiyimiz Qeys dünyaya elə bir hirs, hikkə, qəzəb və intiqam hissiylə gəlir ki, aqibət bəllidən-bəlli olur, yəni bir cəhənnəm sonluğu gözlənilir… Atadan, anadan, dostdan, qəbilədən hər kəsdən bu “zorla gətirilmənin” qisasını alır. Nə xələf kimi xələf olur, nə dost kimi dost, nə yar kimi yar. (İbn Səlam öləndən sonra səhraya müjdə və sevinclə gələn Leylidən imtinanın bir nüansı da kəskin desək, həmin qisas hissiydi. Yerdəki, Yer üzündəki Leylini istəmirdi. Yerdə nə vardısa ondan qaçırdı. Xəyalındakı, gəldiyi azadə dünyadan sanki özüylə gətirdiyi Leyliyə can atırdı).

Məlum olur ki, o özüylə gəldiyi məkandan bircə eşq gətirib və sona qədər də ona sadiq qalacaq. Haqdan eşqlə qopub gəlib, Haqqa da eşqin ölümcül zərbəsilə qovuşacaq. Və düşdüyü qərib məkanda imdadı da həmin eşqdən istəyir. İstəyir ki, bu dünyanın rəzalətinə gözü bağlı olsun. Bu örtük isə onun eşqi ola bilər:

Ey eşq, qəribi-aləm oldum,

Avareyi-vadiyi-qəm oldum,

Tədbiri-qəm etmək, olmaz oldu,

Gəldim, geri getmək olmaz oldu,

Səndən dilərəm mədəd ki, daim

Təmkinim ola sən ilə qaim.

Bu bəzmdə kim, şərabı qandır,

Saqi cəlladi-biamandır;

Bir mey mənə sun ki, məstü mədhuş,

Daim özümü qılam fəramuş.

Nə gəldiyimi bilim cəhanə,

Nə onu ki, necədir zəmanə.

Aləm gözümə görünməyə hiç,

Bu riştədə bulmayam xəmü piç.

Qeys dünyaya gəlməyi “dünyaya əsir düşmək” kimi qələmə verir və bu əsirlikdə hamıya səbir arzulayır:

Hər kim ki, əsir olur bu damə,

Səbr etsə gərək qəmi-müdamə.

Maraqlıdır ki, Qeys bir də Füzuli poeziyasının fəlsəfəsi olan qəmi özünə sipər edir. Özü də elə bir mübaliğəli qəm ki, altından dünya da çıxa bilməz. Zövq, eyş-işrət, naz-nemət fani dünya malını istəmir, dünyanın yükünü yüngüllətmək üçün onun qəmini “dili-həzininə” köçürtmək istəyir:

Söylərdi ki: "Ey, cəfaçı dünya!

Bildim qəmini sənin ki, çoxdur,

Qəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam qəmin hərifi,

Gəl, təcrübə eylə mən zəifi!

Hər qanda qəm ola, qılma ehmal!

Cəm eylə, dili-həzinimə sal!

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali!

Peyvəstə məni əsiri-qəm qıl!

Kəm qılma nəsibimi, kərəm qıl!

Zövq ilə keçirmə ruzigarım!

Fani olana yox etibarım.

Beləcə, insanın yaradılışı, günahı, yer üzünə enmə səbəbi və içindəki narazılığı, kin-küdurəti haqqında düşüncələrə dalmalı oluruq. Özü də Füzuli bunu əhvalat və macəra donunda yox, fəlsəfi-elmi, dini mühakimə və analitik təhlillərlə poetikləşdirir. Mən Füzulinin “Leyli və Məcnun” poemasında ayağı yerə dəyən insan obrazı görmədim, amma bütün düşüncə, mübarizə, xasiyyət, xislət, sevgi, nifrət, savaş, barış, ölüm, dostluq və düşmənlik – hər şey yer insanının halıdır. İçimizin, ruhumuzun, düşüncə və hissiyyatımızın təbəddülatları ilə üz-üzə dayanırıq əsəri oxuyanda… Və bundan sonra dünyaya ağlaya-ağlaya, zorla, ana-bala fəryadının, qığqırığının sədaları altında gələn hər körpəyə müjdə, muştuluq yox, “keçmiş olsun, Allah səbr versin” – təsəllisi keçir ürəyimizdən… Daha sonra özümüzü düşünürük… Məcnun ola bilməyən miskin halımızı, aldadılıb gətirildiyimiz dünyanın bizə xəyanətini, cəfasını… Əsərdə reallıqdan doğmayan heç bir təxəyyül məqamına rast gəlmirik. Hər sözün, hər misranın görünən, hiss edilib duyulan real, həyati söykənəcəyi var. Bu əsər haqqında günlərcə danışmaq, kitablar yazmaq olar… Təbii ki, əsəri Leyli ilə Məcnunun toy günü, qovuşma, nigah anını görmək ümidilə oxumasaq və qadın hüquqsuzluğu və s. bu kimi cəfəng söhbətlərə baş qoşmasaq…

- Nizamiyə nisbətdə Füzulinin Allaha, peyğəmbərə, dinə müraciətinin qısadır. Orta əsr dini hakimiyyətin gücünü nəzərə alsaq, siz bu məqamı nəylə əlaqələndirirsiniz?

- M.Füzulinin bütün yaradıcılığı Allah və bəşər övladı arasındakı münasibətlərə fəlsəfi baxışdan ibarətdir. Ona görə onu romantik şair hesab edirik. Çünki onun fəlsəfəsi görünməyən, bizim anlayışımıza uyğun şəkildə izah edə bilməyəcəyimiz, maddi, real olmayan, əslində isə yeganə var olan Allaha aparıb çıxarır. Füzulidə bütün yollar, hətta sevgi şeirləri kimi əzbərlədiyimiz qəzəllər belə bizi Allahın varlığını dərk etmək məqamına qaldırmağa xidmət edir. Doğrudur, M.Füzuli poemasında Allaha, peyğəmbərə, imamlara münasibət və müraciətdə N.Gəncəvi, Ş.İ.Xətayi şablonunu təkrarlamır, amma bütün hadisələrdə, obrazları səciyyələndirmələrdə və müəllif mövqeyində dini əqidəsinə, islami görüşlərinə sadiq qalır. Və diqqət etsək görərik ki, imdad, kömək istəyəndə, şükür edəndə Allaha müraciət edir, şikayət, giley, üsyan edəndə ünvanı “Fələk” olur. (“Bir ləhzə fələkdən olmadım şad".)

- Məcnun çox ağlayır, kirimir, yalnız gözəl qadının qucağında ülfət tapıb sakitləşir, Qeys lam və ya səsini iri hərflə yazır, bütün bunlar nə qədər romantik olsa da real təsvir təsiri bağışlayır, həyatilik daha aydın duyulur. İstərdim əsərdəki realist qatdan danışasınız.

- Mən bayaq da qeyd etdim ki, əsərdə elə bir obraz yoxdur ki, ayağı yerə dəysin, hamı göylə əlləşir, lakin insan xislətləri, insanların başına gələnlər, hadisələrin reallığı tam yer əhlinin vaqeəsidir. Füzuli yerlə göyü, reallıqla mücərrədliyi, ruhla bədəni qarşılaşdırır. Sonda bütün bunları ilahi bir imtahanla finala çatdırır. Fiziki, maddi, real olan nə varsa məhv olur, ilahi eşq, ruh, düşüncə və əbədi həqiqət – ölüm qalib gəlir. Elə bir ölüm ki, ölümsüzlük heykəlinə çevrilir. Aşiqlər ölür, eşq ölmür, bədənlər torpağa gömülür, ruh ölmür, qadına məftunluqdan başlayan eşq o qədər böyüyür, ilahiləşir ki, cins kateqoriyasını, fiziki-heyvani tələbat səddini aşır, fani bir məkanın – yer üzünün sevgiləri, qovuşmaları, evlənmələri bu eşqin ayaqları altda qalır.

Poemanın bu fəlsəfi ideyası Məcnunun İbn Səlam öləndən sonra səhraya gələn Leylidən imtinası səhnəsində aydınlaşır. Məcnun anlayır ki, Leyliyə qovuşma onun içində qoruyub böyütdüyü, bütün mənfiliklərdən, pisliklərdən təmizləyib dürr, ləl-cəvahirat kimi saxladığı eşqini fənaya verə bilər. Poemanın sonunda hadisələrin sürətli gedişi bizdə elə təsəvvür yaradır ki, sanki Füzuli də bu izdivacın baş tutmasından qorxur və qəhrəmanlarının aqibətini tez-tələsik həll etməyə, bütün gücü ilə Eşqi xilas etməyə çalışır. Bu Eşqin xilası isə fiziki qovuşmanın yox, fiziki ölümlərin məzarı başında mümkün olur. Bir məzarda dəfn edilən iki aşiqin məzarı başında... Məcnunun atası elçi gedəndə Leylinin atası onunla elə bir şərt kəsir ki, Məcnunun Leyli ilə qovuşması mümkünsüz olacağını bilirsən. Heç düşünmürsən ki, Leylini atası niyə, hansı bəhanə ilə Məcnuna vermir?

Div ilə pəri olurmu həmdəm?

Olmaz, sözü açma, əbsəm, əbsəm!

Divanəyə zaye eyləmə rənc,

Viranə gərək ona, nədir gənc?

Tədbir ilə döndərib mizacın,

Sövdasının eyləsən əlacın,

Leyli onun olsun, eylədim əhd,

Var indi, sən et əlacına cəhd!

Məcnunun eşqi hamını, hətta Leylinin atasını da qorxudur. Ondan adi insan sevgisi istəyir və düşünür ki, bu eşqlə Məcnun onun qızını da günaha batırar…

Gözəl qadının qucağında sakitləşmə də həmin qadın sevgisinin başlanğıcı idi, amma bu poemanın əvvəlində, Məcnunun dünyadan gizlənmək üçün “gözəl qucaq”, “gözəl sığınacaq” axtardığı vaxtlarda idi. Səhra artıq, azadlığın sevginin, dünyadan gizlənmənin ən ideal, sərfəli sığınacağı idi. Səhraya bütün gözəl qadınları toplasan belə, Məcnunu ovundurmaq olmazdı... Gözəl qadının qucağında ovunmaq “Qeys dövrünə” aid ola bilərdi... dünyaya etirazın ibtidai mərhələsində...

Zatında çü var idi məhəbbət,

Məhbubu görüncə tutdu ülfət,

Eşq idi ki, oldu hüsnə mail,

Hüsnü nə bilirdi tifli-qafil.

Məlum idi əhli-halə ol hal

Kim, nüsxeyi-eşqdir bu timsal.

Əlbəttə, bu tifli zar edər eşq,

Aşüfteyi-ruzigar edər eşq;

Əlbəttə, qılır bu sübh təsir,

Xurşid çıxıb olur cahangir.

Görürsən, “Hüsnü nə bilirdi tifli-qafil”… Gözəllikdən, hüsndən xəbərsiz, körpə bir tifil ikən Qeys yox, onun özü ilə birgə doğulan eşqi seçmişdi bu qadını. Çünki eşq gözəlliklə dostdur, məhbubdur.

(Zatında çü var idi məhəbbət, Məhbubu görüncə tutdu ülfət, Eşq idi ki, oldu hüsnə mail.)

- Qəribədir ki, Leylidən Məcnun daha gözəl təsvir olunur...

- Yox... Füzulidən şübhələnməyə heç bir əsas yoxdur... Füzuli hər iki aşiqi bərabər şəkildə vəsf edir. Əsəri oxuya-oxuya müqayisə apar, heç bir ayrı-seçkilik, fərqləndirmə görməzsən. Eşq fəlsəfəsində Məcnun Leylidən üstün ola bilər, amma gözəllik, hüsn-camal fərqi aramaq nəticə verməyəcək. Aşağıdakı təsvir Leyli gözəlliyinin tərənnümündən sadəcə bir parçadır:

Əndamı lətifeyi-ilahi,

Dəryayi-lətafət içrə maha.

Şəhbaz baxışlı, ahu gözlü,

Şirin hərəkətli, şəhd sözlü.

Rahü rəvişi müdam qəmzə,

Başdan-ayağa təmam qəmzə,

Ayruqca şəklü xoşca peykər,

Yaxşıca sənəm, gözəlcə dilbər.

Aləm səri-muyinin tüfeyli,

Məhbubeyi-aləm, adı Leyli,

Qeys onu görüb həlak oldu,

Min şövq ilə dərdnak oldu.

Ol nadirə həm ki, Qeysi gördü,

Min zövq bulub, özün itirdi,

Gördü ki, bir afəti-zəmanə,

Misli dəxi gəlməmiş cahanə.

- Leylinin anası ilə söhbəti zamanı Leylinin xasiyyətnaməsindən bizə belə gəlir ki, o anasından da təcrübəli, yetkin bir qadındır, sizcə bunun səbəbi nədir?

- Leyli əsərin baş qəhrəmanı, qadın xislətinin, qadın xarakterinin, qadın gücünün və qadın zəifliyinin, zərifliyinin ifadəsidir. Tipikləşdirilmiş obrazdır. Hamı Leyli yolunda və ya Leyli yolunda ölən Məcnun naminə, Məcnun xatirinə əzab çəkir. Leyli bir bəladır, sevgi ilahəsi olsa da, bir qəm daşına, dərd dağına çevrilmiş bütdür.

Nə qədər saf, məsum görünsə də sənin də dediyin kimi, “təcrübəli”, “yetkin” qadın təsiri bağışlayır... Çünki, çıxış yolu tapmayanda bəhanələr, yalanlar da söyləyir. Anasını bir müddət aldada da bilir... Leylinin durumu onu anasından daha təbirli olmağa vadar edir. Anası öyüd-nəsihətdə, təcrübədə və yaşda nə qədər üstün olsa da, oxucu Leylinin dediklərinə inanmaq istəyir. Onu əziyyətlərə salan müəllif çıxış yolları tapmaqda da onun yanında olur. Yəni, Füzuli nə Leylini, nə də Məcnunu zillətdə tək qoymur, müdrik bir qərar qəbul etdirincəyə qədər onlardan əl çəkmir. Əslində müəllif Leylinin anasının dili ilə də ibrətamiz, gərəkli, tərbiyəvi dərs verir qadınlara. Amma onu, təbii ki, daha çox Leyli həqiqəti maraqlandırırdı. N.Gəncəvinin “Xosrov və Şirin” poemasında da belədir. Mahinbanu və Şirin müqayisəsində...

- Görəsən, XVI əsrdə Füzulini ərəb əfsanəsini yazmağa sövq edən nə idi və bu əsərin dövrə uyğunluğu nədən ibarət imiş?

- M.Füzulini də, ondan yüzillərlə öncə N.Gəncəvini də nə ərəblər, nə də onların adət-ənənəsi maraqlandırmayıb. Onların ideyası, fəlsəfi baxışı milli, irqi sərhəddi çoxdan aşmışdı. Ərəb adət-ənənəsindən istifadə də Füzulinin qəhrəmanlarına qəm yaşatması üçün az qala “ləzzətli” bir bəhanə idi:

Derlər bu idi ərəbdə adət

Kim, ər əgər ölsə, qalsa övrət

Bir il, iki il tutardı matəm,

Fəryadü fəğan edib dəmadəm.

Xoş gəldi bu adət ol nigarə,

Fəryadü fəğanə buldu çarə.

Bu müəlliflər dünyanın və insanın yaradılışını, dünyayla insanın mücadiləsini, anti mövqe, ziddiyyətli qarşılaşmalar, üzləşmələr faciəsini araşdıran filosoflar idi. Bu qərbin məşhur eşq örnəyi olan “Romeo və Cülletta” kimi sadəcə bir məhəbbət hekayəsi deyildi. İnsanın cəza üçün göndərildiyi Yer üzündəki əzabının əlacı və əlacsızlığı olan Eşqin xoşbəxtlik, yoxsa bədbəxtlik gətirəcəyi sualının cavabını aramaq və tapmaq idi “məcnunşünas”ların məqsədi. Və bu sualın yaşı yoxdur... Sənin dediyin kimi, təkcə XVI əsrə aid deyil XVII-XX əsrlərdə də bu sual insanı düşündürüb və dünya dağılana qədər də hələ düşündürəcək...

Ta məhv ola gözdən axıdan xün,

Həm köynəyi, həm donu idi gülgün.

Ta kim ola dudi-ahə manənd,

Bağlanmamış idi bənövşə sərbənd.

Ta kim ola sevti-nalə pamal,

Payində idi sədalı xəlxal.

Ta olmuya əşk, üzdə məlum,

Rüxsarinə lö-lö idi mənzum.

Rəna başa sərpübən çiçəklər,

Nazik belə sancıban ətəklər.

Pərvanəsiz eyləməzdi şəmin,

Eylərdi düri-sirişk cəmin.

“Köynəyi, donu ona görə qırmızı deyildi ki, bu rəng bayram, sevinc rəngidir. Yox! Bu rəngi ona görə seçmişdi ki, gözündən axan qan-yaş seçilsin, bilinməsin. Başına bənövşədən sərbənd bağlaması bahar eşqində, ətir sevdasında olmasından deyildi. Xeyr! Bənövşə dəstəsi ona görə bağlanmışdı ki, sinəsindən qopan ahın tüstüsünə oxşasın, ayaqlarında səslənən xal-xal var idi ki, onların səsi özünün fəryadını boğsun, eşidilməz etsin, göz yaşı rüxsarında bilinməsin-deyə üzünə lölödən zinət vermişdi və sairə...” – Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabından çəkdiyim bu sitatda bir şey diqqətimi çəkir. Füzuli poema boyu antitezaların, təzadların hər birini bir-bir izah edir. Siz bu məqama diqqət etmisinizmi?

- M.Füzulinin “Leyli və Məcnun” poeması klassik türk və ümumiyyətlə, şərq poeziyasında bədii təsvir və ifadə vasitələrindən istifadə qabiliyyətini əks etdirən ən gözəl nümunədir. Hansı misraya əl uzatsaq mübaliğənin, məcazın ən son nöqtəyə dirəndiyini görəcəyik:

Qönçə kimiyəm məni-pərişan,

Ağzım dutulu, içim dolu qan.

Və yenə deyirəm, şəxsən mənim üçün bu əsər ona görə qiymətlidir ki, Füzuli bu hünərini Azərbaycan türkcəsində sübut edib. İnadkarlıqla sübut edib və qalib gəlib. Azərbaycan dilinə böyük sənət meydanında iştirak etmək üçün Füzuli vəsiqə, rəsmi sənəd alıb “Leyli və Məcnun”u yazmaqla...

Böyük Füzulişünas Mir Cəlal Füzuli ruhunu duyan, Füzuli sənətkarlığını aça bilən ədəbiyyatşünaslarımızdan idi. Sabir Əliyevin də çox fundamental tədqiqatları var bu mövzuda. Füzulişünaslar çoxdur, ancaq Füzulini anlayan tədqiqatçılar azdır. Füzuli haqqında elə kitablar var ki, az qalırsan bütün nüsxələrini yığıb xəlbət bir yerdə yandırasan. Başdan-başa tərs yozum, təxribatlar və s...

Bütün poema sənin misal gətirdiyin bu hissə kimi poetik örtüyə bürünüb. Lakin bu bəzəkli, obrazlarla naxışlanmış örtüyün altında sərt həqiqətlər, insan faciələri, ruhi, hissi-psixoloji təlatümlər gözlərimiz önündə ildırımlar kimi çaxır, şimşəklər kimi oynayır.

- İstərdim Leyli ilə Məcnunun eyni rədifli qəzəllər deməsindən və poemaya əlavə edilən qəzəllər və lirik ricətlərdən danışaq.

- Füzuli “Leyli və Məcnun”unu digər eyni adlı əsərlərdən fərqlərindən cəhətlərdən biri də budur. Bilirik ki, Füzuli Nizami Gəncəvidən daha çox “şair” idi. “Şair idi” – o mənada ki, Nizami Gəncəvi poemalar müəllifi kimi məşhur olmuşdu. Onun epik təfəkkürü, təhkiyə sənətkarlığı ona “Xəmsə” yazdırmışdı. M.Füzuli isə daha çox qəzəlləri, qitələri ilə məşhur idi. Qəhrəmanlarının ovqatını, hiss və düşüncələrini onların öz dilindən eşitdiyimiz şeir parçaları ilə ifadə etmək üsulu orijinal bir yanaşmadır. Düzdür, bundan əvvəl “Dastani-Əhməd Harami” poemasında da bu üsuldan istifadə olunmuşdur, ancaq Füzuli bu bədii tapıntıdan daha sənətkarcasına yararlanmışdır.

Bu lirik parçalar müəllifin də, qəhrəmanların da, hətta təsəvvür edin ki, oxucuların da elə məqamda köməyinə çatır ki, düşünürsən bu vəziyyətdə bundan daha münasib bir şəkildə söz demək mümkün olmazdı... Canlı, təbii ortam yaranır qəzəllər və s. şeir parçaları söylənəndə. Məsələn, Leylinin ölümündən sonra dünyada qərar tuta bilməyən Məcnun Allaha yalvarır ki, canını alsın:

Ya rəb, mənə cismü-can gərəkməz,

Cananımsız cəhan gərəkməz!

Minbəd zəlilü xar qılma,

Sərgəşteyi-ruzigar qılma!

Lakin bu misralar hələ Leyli itkisindən doğan yanğını, ah-naləni, fəğanı tam ifadə edə bilmir. Oxucu da Məcnunun dilindən qeyri-adi bir fəryada ehtiyac duyur və budur Füzuli od üstünə atəşlə, yanğına körüklə gedir:

QƏZƏL

Yandı canım hicr ilə vəsli-rüxi-yar istərəm.

Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.

Bülbüli-zarəm, deyil bihudə əfğan etdiyim,

Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.

Dəhri-bazarında kasiddir mətai-himmətim,

Bu mətai satmağa bir özgə bazar istərəm.

Fani olmaq istərəm, yəni bəlayi-dəhrdən,

Rahəti-cismi-zəifü cani-əfkar istərəm.

Nola gər qılsam şəbi-hicran təmənnayi-əcəl,

Neyləyim, çoxdur qəmim, dəfinə, qəmxar istərəm.

Çün bəqa bəzmindədir dildar, mən həm durmazam,

Bu fəna deyrində, bəzmi-vəsli-dildar istərəm.

Ey Füzuli, istəməz kimsə rizasilə fəna,

Mən ki, bundan özgə bilmən çarə, naçar istərəm.

- İradə xanım, poemada Məcnunun şair obrazı da yaradılır. İstərdim söhbətimiz Məcnunun şair obrazına yön alsın.

- Fərid, bunun fəlsəfi açılışı çox dərinlərə gedib çıxır. Füzulinin məşhur “Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var” – beyti dillər əzbəridir. Bu deyimlə Füzuli bütün Məcnunları, hətta Nizaminin də Məcnununu özününküləşdirir. “Bütün Məcnunlar mənəm” – bəyanatı ilə diqqəti özünə çəkir. Qəhrəmanının cünunluğunu özünə, özünün şairliyini qəhrəmanına şamil etməklə bir bütöv “eşqin dəli etdiyi şair” obrazı yaradır. Məcnunun şairliyinin bir neçə zərurətdən doğan səbəbləri vardı: 1. Əsil şairlik əql başdan çıxandan, ( ruhun, hissin diktəsi əqlə qalib gələndən sonra) ayaq yerdən üzüləndən, insan toplumdan ruhən ayrılandan sonra başlayır. Məcnun bütün həqiqətləri eşq vasitəsilə dərk edir. Bunların hamısı Məcnunun başına gəlmişdi. 2. Məcnun qabiliyyətsiz, fəaliyyətsiz, sadəcə məftun olan bir fərd deyildi. Onun baxışları, dünya və insanlar haqqında fikirləri ifadəsini tapmalı idi. Bunun üçün də ən yaxşı sənət elə şairlik idi. 3. Müəllifə hadisələrin gedişini tənzimləmək, süjetin istiqamətini yönləndirmək üçün də bu üsul (Məcnunun şairliyi, divanəliyi ilə bərabər şeirləri ilə də tanınması) sərf edirdi. Məsələn, Nofəl Məcnun haqqında məlumatı məhz onun şeirləri vasitəsilə alır və s.

- Əsərin baş qəhrəmanı Məcnunun rəqibi İbn Səlamı Füzuli tənqid etmir, onun müsbət tərəflərini göstərir. Qəribədir deyilmi?

- Sovet ədəbiyyatının ideoloji qanunları ilə təhlil etsək, əlbəttə, qəribədir. O ideologiya ilə baxsaq, gərək deyək ki, İbn Səlam güllə bülbülün arasında bitən qaratikandır... Mən hətta bəzi dərslik və dərs vəsaitlərindəki səciyyələndirmələrdə İbn Səlamın az qala karikaturalaşdırılmış obrazı ilə rastlaşmışam. Əslində isə, İbn Səlam əsərdə ən alicənab, humanist, qadına hörmətlə yanaşan bir gənc kimi təsvir edilir. Və Füzuli onun da aşiqlərin qurbanları (valideynləri) sırasına daxil olmuş bədbəxt, talesiz insan olduğunu göstərir.

Heç kim İbn Səlamı nədəsə günahlandıra bilməz. O Xudayar bəy deyil ki, Zeynəbi evindən sürüyə-sürüyə çıxardıb özünə mənfəət naminə arvad etmək istəsin. O sadəcə mətndə müəllif ideyasının reallaşması üçün gərək olan subyektlərdən biridir, məsələn, Nofəl, Zeyd və başqa insanlar kimi...

- Leylinin ideallaşdırılmasıyla bağli bir necə tədqiqatdan oxudum - bəzi araşdırmaçılar düşünür ki, Leyli Allahın surətidir, bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olar. "Tutsam tələbi-həqiqətə razi məcaz, Əfsanə bəhanəsiylə ərz etsəm raz" bundan basqa əsərdə Leylinin cinssiszliyinə də aşkar işarələr var, xüsusən İbn Səlamla görüşdə.

- Xeyir, Məcnunun Leyliyə olan sevgisi Allaha olan sevginin ifadəsi ola bilməzdi. Əksinə, Məcnun Haqdan, azadə bir aləmdən, bizim yoxluq hesab etdiyimiz bir məkandan Allahın, sufilərin dili ilə desək, “zərrəsi” (Allahın insanı palçıqdan yaratması və ona öz ruhundan üfürməsi “Qurani-Kərim”də də var.) kimi yerə enir. Adəmin cənnətdən yerə enməsi kimi. Məcnun əlində eşq, sevgi ilə yerə enir, hər şeyə-heyvanlara, bitkilərə, dostlara, hətta düşmənlərə, rəqiblərə belə sevgi ilə baxır. Leyli sevgisi onun sonsuz sevgisində bir həlqə idi. Ş.İ.Xətainin “Dəhnamə” poemasında da belə idi. Füzulidən 30 il öncə Xətayinin yazdığı bu əsərdə aşiq də öz məşuqəsinə yetişmə məqamında onunla halallaşır, sağollaşır və onu tərk edir. Çünki, ilahi, əbədi eşq yolçuluğunda qadın sevgisi bir pillə ola bilər. Kamilləşmədə bir vasitə, bir səbəb... Amma Haqqın özü yox, məhz ona gedən yolun yoldaşlarından biri...

- Bu əsəri sırf əfsanə, həyati eşq kimi analiz edəndə öz dəyərindən nələri itirir, nələri qazanır?

- Bu sadəcə bir eşq hekayəsi deyil, insan övladı ilə dünyanın arasındakı bəşəri bir sual işarəsinin çözümüdür. Bizə onu doğmalaşdıran dünyaya zorla gətirilən və dünyadan məşəqqətlə, əzabla yaxa qurtaran insanın eşq pərdəsi arxasındakı yaşantılarıdır.

Çün bunda riza verib qəzayə,

Səbr eylədilər qəmü bəlayə,

Getdikdə cahani-bivəfadən,

Qurtuldular ol qəmü bəladən.

Füzuli eşqi “qəmü bəla” adlandırır və deyir ki bu bəlaya səbir etdikləri üçün aşiqlər mükafatlandırdılar və bivəfa dünyanın qəmindən azad oldular, yəni dünyanı tərk etdilər... Hər ikisi cənnətdə Fidovs məqamına sakin olur. Öncə Leyli:

Əzmi-rəhi-cənnət etdi ol hur,

Firdovs məqamın etdi məmur.

Məcnunun ölümə hazırlığının da maraqlı nüansı var. Sanki canını əlində hazır tutmuşdu və Leylinin dünyadan getməsini gözləyirdi.

Guya ki, əlində idi canı,

Daim gözədirdi ol zəmanı,

Leyli də qovuşma məqamını, nicatı o dünyada görürdü ona görə də Məcnuna çatacaq vəsiyyəti belə idi:

Gər sadiq isən bu yolda, sən həm

Səbr eyləmə, eylə tərki-aləm.

Bəli, bizim Məcnunla əzablı yaşam doğmalığımız var, eşq məqamında isə onun kölgəsində qalırıq...

- Bir tənqidçi kimi "Leyli və Məcnun" əsərinin müasir ədəbiyyatda yenidən işlənmək perspektivini necə görürsünüz?

- Bədii ədəbiyyatda bu mövzuya yenidən baxmağın zərurilyini deyə bilmərəm, amma ədəbiyyatşünaslıqdakı təhlillərə mütləq yenidən baxmaq lazımdır. Təkcə “Leyli və Məcnun “ poemasına yox, bütün klassiklərimizə, onların yaradıcılığına, dini-fəlsəfi görüşlərinə, tarixi, ictimai-siyasi fəaliyyətlərinə yenidən, obyektiv və elmi-nəzəri əsaslarla yanaşılmalıdır. Təcrübə göstərdi ki, tədqiqatçıların ərəb-fars dillərini bilməsi hələ ədəbiyyat tarixi yazmaq üçün əsas şərt deyil. Ədəbiyyatşünas təfəkkürü, estetik-intellektual erudisiya, analitik və müqayisəli təhlil potensialı, qədim və orta əsrlər tarixini, mədəniyyətini, fəlsəfəsini mənimsəmək və obyekti həmin, aid olduğu dövrlə əlaqəli şəkildə tədqiq etmək bacarığı və s lazımdır. Ümumiyyətlə, bütün ədəbiyyat tariximiz yenidən işlənməlidir. Ədəbiyyat tarixinə baxışda çox ciddi və qətiyyətli addımlar atmağın zamanı çoxdan keçməkdədir.

- Söhbətin bu yerində bir söz soruşum, nə əcəb siz də başqaları kimi dünya ədəbiyyatının məlum şedevirlərindən yox, məhz bu əsərdən danışmaq istədiniz və maraqlıdır ki, bu gün Füzuli haqqında yazılan tədqiqatlar sizi hansı baxımdan qane etmir ki, siz bu əsərə öz şərhinizi vermək istədiniz?

- Fərid, çox sağ ol ki, sən də mənim bu seçimimə hörmət və diqqətlə yanaşdın və suallarının məzmunu ilə mənə cavab vermək imkanı yaratdın. Fəqət, mən bu əsər haqqında düşündüklərimin, demək olar ki, heç onda birini demədim.

Bugünkü tədqiqatlarımızın, ədəbiyyatla bağlı araşdırmalarımızın böyük əksəriyyəti köçürmə, təqlid, özündən əvvəlkilərə, “klassik tədqiqatçılara”, onların yanlış olsa belə dediklərinə toxunulmaz, tənqidolunmaz hədəf kimi baxması insanda ikrah hissi doğurur. Adını alim qoyan kəs də özünə bu qədər hörmətsiz yanaşarmı ki, fikrini ifadə etməkdə aciz, müti durumunu dəf edə bilmir.

Bir cümləlik sitata yaramayan kitablar var ki, təkrar-təkrar nəşr edib beyinləri cəfəng fərziyyələrlə məşğul edirlər.

Mən elə düşünürəm ki, ədəbiyyat tarixi, xüsusilə klassik dövr sistemli, konseptual əsaslarla yenidən, institutlar, elmi müəssisələr miqyasında öyrənilməli və yenidən nəşr edilməlidir. Adlandırmalar (Nizami adına filan müəssisə, Nəsimi adına filan institut və s) hələ əsas şərt deyil...

- Nizamin və Füzulinin "Leyli və Məcnun" əsərindəki fərqlərlə bağlı M.Rəsulzadənin "İki Leyli-Məcnun" adlı məqaləsi var. Orda aşağıdakı fərqlər qeyd olunub.

a) Nizamidə hekayəyə daxil edilmiş bəzi şəxslər Füzulidə yoxdur. Məsələn, Nizami Məcnunun dayısına hekayədə yer verir. Bunun kimi bağdadlı Səlam adında bir ədəbiyyat maraqlısını onunla bir neçə dəfə görüşdürür. Bu adam “vurğun bədəvi”nin şeirlərini toplayaraq ədəbiyyat maraqlıları arasında yayır.

b) Füzulidə Zeydin Məcnunla dostluğu çox qısa verilir. Məsələn, İbn Səlamın vəfatı xəbərini gətirdiyi zaman Nizamiyə görə “Məcnun düşmən ömrünü sənə bağışladı deyir” Məcnun isə “sənə deyil – Leyliyə deyəcəkdin” deyə Zeydin səhvini düzəldir. Lakin Zeyd “Məcnunla Leylinin iki bədəndə bir can olduğunu səndən duymuşdum: bu halda “sənə bağışladı” deməklə Leyliyə bağışladı demişəm” söyləməklə Məcnun Zeydin özünü həqiqətən tanıyır, gerçək bir dost olduğu qənaətinə gəlir. Füzulidə isə eyni əhvalat bu yolla cərəyan edir: “Zeyd Məcnuna gözün aydın düşmənin öldü” deyir. Məcnun isə

Ol, dostum idi, degildi düşmən.

Həm o ona aşiq oldu, həm mən.

Ol canını verdi vasil oldu,

Öz mərtəbəsində kamil oldu deyir

c) Nizamidə Məcnun Nofəlin nəticəsiz qalan əsgəri müdaxiləsindən sonra ancaq insanlardan ümid kəsərək çöllərə düşür. Füzulidə isə hələ Məkkədən dönən zaman Məcnun atasından ayrılmış və çöllərə düşmüşdür. Nofəl onu bu vəziyyətdə tapmış, “qızı sənə alacağam deyə” məşhur macərayə başlamışdır.

ç) Füzulidə dağ və irmaqla həbs-hal edən Məcnun Nizamidə ağacla danışır. Nizamidə qarğa ilə həbs-hal edən aşiq Füzulidə göyərçinlə danışır.

d) Nizamidə Leylinin təşəbbüsü ilə bir İbs Səlamın sağlığında bir də ölümündən sonra Leyli və Məcnun arasında iki dəfə görüş olur. Halbuki Füzulidə o səhnə bir dəfə olur.

e) Nizamidə Məcnun Amirilər şeyxinin oğludur, digərindəsə bir ərəb əmirinin.

ə) Nizamidə Leyli öləndən sonra Məcnun günlərlə onun məzarı üstə ağı deyir, Füzulidə isə Məcnun tez ölür.

f) Nizamidə adi bəşəri duyğu və əlaqələrdən tamamilə ayrılmamış diqqət çəkən Məcnun, Füzulidə bəşəriyyətdən tam qopmuş bir şəxsiyyət kimi görünür.

Bütün bu fərqlərə əsasən siz bu əsərlərdəki əsas fərqləri necə qiymətləndirirsiz? Fərqləri necə təhlil edərsiniz?

- Ümumiyyətlə, bütün hallarda Nizami ilə Füzulinin ən böyük fərqi real və qeyri-real mövqelərdə dayanmaqları olub. M.Ə.Rəsulzadənin müqayisələrində də aydınca görünür bu fərq. Məsələn, Füzuli üçün maraqlı deyil Məcnunun hansı əmirin oğlu olması məsələsi. Nizaminin digər əsərlərində də tarixilik, tarixə yaxınlıq, hadisələri real, həyati sferaya gətirmək və sonra ideallaşdırmaq üsulu var. Tarixi qəhrəmanlara münasibəti də bunu sübut edir. İskəndər, Xosrov Pərviz və başqa qəhrəmanlarını, tarixi faktlara əsaslanan rəvayət və hekayətlərdən istifadəni buna misal göstərmək olar. Nizami problemləri yerdə həll etməyə çalışır, Füzulidə əksinədir. O, real tarixi faktı və şəxsiyyətləri mifikləşdirir, alleqorikləşdirir. Necə ki, Çaldıran döyüşü, S.Səlim və Ş.İ.Xətayi reallıqlarını “Bəngü-Badə” adlı alleqorik poemasında xəyalat aləminə, düşüncə mühakiməsinə köçürür. Füzulini yer əhli maraqlandırmır. O, sanki, insanın tərbiyə, öyüd-nəsihət, ibrət və s. bu kimi təlqinlərlə dəyişiləcəyinə inanmır.

Füzulidə məhəbbət Nizamidən güclü görünür. Amma diqqətlə yanaşsaq görərik ki, bu sadəcə məhəbbət məsələsi deyil. Məsələn, Rəsulzadə də göstərir ki, “Nizamidə Leyli öləndən sonra Məcnun günlərlə onun məzarı üstə ağı deyir, Füzulidə isə tez ölür”. Niyə belədir? Bu kiçik bir fərq deyil. Burada ideya fərqi var. Nizami qəhrəmanlarını əzabla, əziyyət verə-verə öldürür, düşünürsən ki, məhəbbət də onların bədənində ölür. Oxucunu Məcnun da, Leyli də daha çox insan, real varlıq kimi düşündürür. Füzulidə isə oxucu ancaq məhəbbəti, onu necə xilas etməyin yollarını düşünür. Füzulidə sanki ölüm xilas və qovuşma məqamıdır. Ruhla bədənin qovuşma məqamı... Onları ayıranda ruhu (Leylini) candan, bədəndən (Məcnundan) güclə çəkib çıxartmışdılar. Ona görə Füzuli onların ölümünü tez, həvəslə, şövqlə “təşkil edir”. Məcnunun ölümə gedən yolunun üstündə “Yandı bağrım hicr ilə...” deməsi ağrının son həddindəki nalədir, amma həm də yeni yolun – yara ölümlə qovuşma yolunun müjdəsidir. Adama elə gəlir ki, Nizami bu talesizlikdən sarsılır, Füzuli isə, əksinə, zövq alır. Elə hey özünün dediyi kimi “qəm üstə qəm” qalayır, çünki, "qəm karvanının başçısı və möhnət səhrasının yolçusudur".

Nizami yanaşmasında dost var, düşmən var, rəqib, əğyar var. Füzuli daha çox sufi olduğu üçün o Məcnunu o qədər kamilləşdirib, Allaha, ona gedən yola yaxınlaşdırıb ki, onun üçün İbn Səlam maneə və rəqib deyil. Ona görə deyir: “O , dostum idi, degildi düşmən”...

Nizaminin Məcnununu insanlar bədbəxt edir, Füzulinin Məcnunu elə bədbəxt doğulub. Yuxarıda da göstərdiyimiz kimi, daha doğrusu doğulduğu üçün bədbəxtdir. Füzuli Məcnunu insan kimi yer üzünə enməsi məqamından əvvəlki halından tanıyır. Onun zatına, cövhərinə bələddir. əstəğfürullah, adama elə gəlir ki, Məcnunun Allahı Füzulidir, onu özü yaradıb... Leylini də onun qabırğasından... Amma Adəm və Həvva günahından qoruyub onları. Allah insanı günahına görə cənnətdən yer üzünə əzab-əziyyət məkanına endirdi, Füzuli əksinə, ülviyyətinə görə yer üzündəki günahsız qəhrəmanlarını cənnətə göndərdi. İnsanolmanın yer üzündəki qələbəsini tezləşdirdi. İki pak, halal, saf və günahsız məxluq yetişdirib cənnətin qapısını ilk olaraq onlara açdırdı...

Füzuli Nizaminin süjetindən, mövzusundan sadəcə bir vasitə kimi istifadə edir. Bir çoxlarına eyni, təkrar kimi görünən bu iki “Leyli və Məcnun”da əslində dünyaya və insana baxışın fəlsəfi yanaşma fərqi var.

Rəsulzadə poemaların görünən qatlarındakı fərqləri seçib və çox diqqətlə fərqləndirmə aparıb. Rəsulzadə yazırdı: “Füzuli hekayəni anladarkən ərəb əfsanəsinin əslinə sadiq qalmağı çox da aramamış, surətlərini onun zehnindəki təsəvvürə görə ancaq təsvir etmiş və Məcnunun Bağdadlı Səlamın rəvayətlərindən, tamamilə deyiləcək qədər, müstəqil, öz mistikliyini xəyallandırdığı şəkildə yazmışdır”.

Bunun üçündür ki, Nizamidə adi bəşəri duyğu və əlaqələrdən tamamilə ayrılmamış görünən Məcnun, Füzulidə "bəşəriliyindən" tamamilə ayrılmış bir şəxsiyyət halındadır.

İki əsər arasındakı bu əsaslı fərq yalnız iki şair arasında keçən dörd yüz illik zaman ayrılığı ilə izah edilə bilməz; bu fərqin əsl səbəbini iki şairin ədəbi şəxsiyyətlərində və yaradıcılıq ruhlarının ayrılığında aramaq lazımdır”.

- Məcnunun tarixi şəxsiyyət və şair olması artıq sübuta yetirilib, bu barədə təzkirələr var, Azərbaycan da isə həmin mənbələrə istinadən Rafael Hüseynovun tədqiqatı var. Sizcə Məcnunun əfsanədən savayı real inan olması əsərlərə necə təsir edib?

- Bütün əfsanələrin real əsası olur. Ancaq heç bir əsərdə müəllifləri (Nizamini və Füzulini) Məcnun qətiyyən real tarixi şəxsiyyət kimi maraqlandırmayıb. Nizamiyə onların başına gələnlər və insan sevgisi donundan çıxıb ilahiləşən, aliməqam məhəbbətləri lazım idisə, Füzuliyə bu məhəbbətin fəlsəfəsini açmaq maraqlı idi. Füzulidə eşq həm bəladır, həm xilas yolu, sipər, dünya rəzalətindən qorunma vasitəsi. Sanki iki hissəli dastandır “Leyli və Məcnun”... Birinci hissəni Nizami yazıb, ikinci hissəni Füzuli. Nizaminin söylədiyi hekayətin sirlərini açırdı Füzuli qələmi... Ancaq heç bir əsərdə müəlliflər nakam məhəbbətini nəzmə çəkən bədəvi ərəbi təqdim etmək düşüncəsində olmayıb...

- Nə vaxtsa “Leyli və ya Məcnun” bəlli obrazlarını itirsələr, yəni hansısa postmodernist əsərdə xəyanətkar, əxlaqsız obrazı ilə rastımıza çıxsa necə qarşılayarsınız?

- Təəccüblənmərəm və nə Leyliyə, nə də Məcnuna məlum münasibətim dəyişməz. Necə ki, Dədə Qorquda münasibətim dəyişmədi. Çünki, Dədə Qorqudu sadəcə ağ saqqallı, qopuzlu, öyüd-nəsihət müəllimi kimi qavramamışdım. Dədəqorqudluğun - müdriklik, dərin təfəkkür və intuisiya ilə siyasi, ictimai ziddiyyətlərin sonunu görməyi bacaran və tədbir tökən, cəmiyyətin, tayfanın başbiləni kimi fövqə qalxa bilən insan çeşidinin mövcudluğunun - fəlsəfəsini anlamışdım. Burda da mənim marağımda olan Leyli və Məcnunun aşiq və məşuqə obrazı deyil, onların ruhuna köçürülmüş ilahi məhəbbətdir. O məhəbbət ki, insanın cismani, maddi, heyvani varlığında çirkaba bata bilər, o məhəbbət ki bədən qəfəsinə sığmaz, o məhəbbət ki əbədi olandır. V.Hüqo yazırdı:Siz əzab çəkirsiniz, ona görə ki, sevirsiniz. Daha bərk sevin. Sevgidən ölmək sevgi ilə yaşamaq deməkdir. Sevgi – cənnət havasının səmavi tənəffüsüdür”.

Leyli və Məcnunun obrazı ilə postmodernik oyunlar çıxara bilərlər, amma onların məhəbbətinə toxunsalar özləri çıxılmaz və gülünc duruma düşərlər...

- Nizamidə Məcnun bədəvi şairi, Füzulidə isə Məcnun özü və ya rəqibi kimi əks olunmasını necə mənalandırırsınız?

- Məcnun Füzulinin özü deyil, rəqibi də deyil. Sadəcə Füzuli mübaliğəsi ədəbiyyat tariximizdə analoqu olmayan mübaliğə olduğu üçün onun “Mən Məcnunam, Məcnun mənəm” bəyanı eşqin və kədərin tək sahibi kimi özünüöymə mesajıdır. Eşqə aparıb çıxaran kədəri və kədərə söykənən eşqi Füzuli hər kəsə, hətta öz Məcnununa da qısqanır. Özünü qəm sarayının padşahı kimi aparır və təbii ki padşahlar alternativliyi sevməz...

- B.Çobanazadənin Füzuli haqqındakı məqaləsində belə bir cümlə var: “onun sevgisi həssas, fərdiyyəçi, individualist sevgisidir: Füzuli sufi, mistik, deyildir, gerçək sufilər kibi o da “şərabdan”, “eşqdən” bəhs edir, lakin onun bəhs etdiyi şərab, üzümdən yapılmış qırmızı şərab, “mey-ləldir”. Siz necə Füzulini (“Leyli və Məcnun” əsərində) sufi şair hesab edirsinizmi?

- Bizim klassik ədəbiyyatımızı sufizm fəlsəfəsindən kənarda təhlil etmək yanlış nəticələrə aparıb çıxarar. Füzuli klassik Azərbaycan ədəbiyyatında sufiliyin kulminasiya nöqtəsidir. Nizami, Nəsimi, Xətayi və Füzuli... Ordan yuxarı yol yox idi, ona görə də enmə xətti üzrə yerə-realizmə, Vaqifə doğru düşmək lazım idi. Füzulini təkrarlayanlar- Qövsi Təbrizi, Saib Təbrizi, Fədai, Məsihi və başqaları bu enmə sürətinin son yolçuları oldu. M.Kazımbəy nə deyirdi? Təxminən belə bir fikir demişdi ki, Füzulini çox sevirəm, həm də sevmirəm. Çünki poeziyanı əsrlərlə öz cazibəsində saxlayıb onu inkişaf etməyə qoymamışdır. Amma yaxşı ki M.P.Vaqif başqa yol seçdi, onu təkrarlamadı. Mübaliğəli görünsə də bu fikirdə həqiqət vardı.

Ədəbiyyat tarixinə baxışda siyasi ideologizm imkan vermir ki, həqiqət üzə çıxsın. Bizdə ədəbiyyata baxış tendensiyası geyim kimi dəblə, gündəmin ictimai-siyasi baxışları ilə tənzimlənir. “Fərdiyyətçi məhəbbəti”... Əlbəttə, Məcnun missiyasına və Füzuli dühasına uyğun olmayan bir yozum...

“Leyli və Məcnun”un 1983-cü il nəşrinə ön söz yazan Mirzə İbrahimov əsərdəki məhəbbətin sufi görüşlərlə bağlılığını irəli sürən tədqiqatçıların fikirlərini qəbul etmir və yazır ki, ölməz Nizami həyat küskünü yox, həyat aşiqi idi, insanı bədbinləşdirən, ruh düşkünlüyü oyadan hər şeyin, xüsusilə sənət və ədəbiyyatın əleyhinə idi.

Gördüyümüz kimi, sovet ideologiyası “nikbin şair” istəyirdi. Sufizm insanı Allahı dərk etməyə, ona yaxınlaşmağa çağırır. Bu da sovetizmə yad düşüncədir.

Həm Nizamidə, həm də Füzulidə sufi görüşləri özündə əks etdirən saysız-hesabsız nüanslar var. Məlumdur ki, Nizami “Leyli və Məcnun”u yazarkən daha çox üç mənbədən – İbn-Qüteybənin, Əbül Fərəvc İsfahani və əl-Validinin əsərlərindən istifadə etmişdir.

“Leyli və Məcnun” əhvalatının folklor variantının özündə belə sufiyanə məqamlar çox olub və bu motivlər Nizamiyə imkan verib ki, onu şişirtsin, dərinləşdirsin. Necə ki, M.F.Axundov İskəndər bəy Münşinin “Tarixi-Alamareyi-Abbasi” əsərində özünün “Aldanmış kəvakib” povestinin motivini, ideya cövhərini görmüşdü və bu əsər ona ilk povestimizi yazmaq üçün stimul vermişdi. “Leyli və Məcnun” poemasının mayası sufilikdən ibarətdir. Y.E.Bertels də yazırdı ki, Nizami məşhur sufi alimi Əbül Həsən Cüllabinin əsərindən və Baba Kuhinin divanından istifadə etmişdir. Ümumiyyətlə, XI-XII əsrlərdə sufilikdə Leyli və Məcnun mövzusu haqqında maraqlı yanaşmalar olmuşdur. Poema boyu Məcnun vasitəsilə diktə olunan “Leyli məndədir, mənim ruhumdadır” ideyasının təlqini vəhdəti-vücud fəlsəfəsinin açıq-aşkar tətbiqindən xəbər verir.

Bütün bunları və onlarla buna bənzər tarixi fakt və ədəbiyyatşünaslıq araşdırmalarını nəzərə alaraq bir daha vurğulayırıq ki, “Leyli və Məcnun” sufi şairlərin mövzusudur...

Oxşar xəbərlər

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020