Edit Piafdan atama qədər

Edit Piafdan atama qədər
18 iyul 2011
# 11:14
Bir neçə gün əvvəl məşhur fransız müğənnisi Edit Piafın həyatından bəhs edən “Balaca sərçə” adlı filmə baxdım (rejissor Olivye Daan, Fransa). Filmin özündə rejissor, operator işi, kino dili baxımından maraqlı heç nə yox idi. Maraqlı olan yalnız Edit Piafın həyatı idi.

Onun itkilərlə dolu həyatında yeganə işıq – səsi, istedadı olub. Ona görə də hətta ağrıdan ayaq üstə dayana bilmədiyi anlarda belə oxumaq istəyib. Əvvəldən axıra qədər qara tonlarla işlənmiş bu film mənə çox şeyi xatırlatdı.

Universitetdə “Kabiriyanın gecələri” filmini təhlil edərkən Ayaz Salayevin “İnsanlar iki qrupa bölünürlər: həyatın iştirakçıları və tamaşaçıları” deməyini, Mövlananın, Çin filosoflarının, tibetli rahiblərin yaşam haqqındakı müdrik kəlamlarını... Amma ən çox atamı.

Atamla münasibətlərim həmişə gərgin olub. Tez-tez deyirdi ki, “mən öləcəm, sən də mənim kimi qara fəhlə olacaqsan. Onda qəbrimə gəlib “sən haqlı çıxdın, papa” deyəcəksən”. Atam öləndə mən yalnız buna ağlayırdım. Sözlərinin həqiqət olacağından qorxduğum üçün...

Onu haqsız çıxartmaq üçün iki il səylə ali məktəbə hazırlaşa-hazırlaşa hər gecə dua elədim ki, şəxsi həyat, ailə-uşaq istəmirəm, təki öz yerim, adım olsun və bir gün atamın məzarına gedib: “Dediklərinin heç biri düz çıxmadı” - deyə bilim. Sonra universitetə daxil oldum, sonra Aygün Aslanlı adlı biri peyda oldu. Ancaq tez-tez, xüsusilə də son vaxtlar içimdən “deyəsən, papam haqlı çıxdı” düşüncəsi keçir.

“Balaca sərçə” filmində də belə bir epizod var: artist olmaq üçün uşaqkən Editi atıb getmiş anası qızından pul istəyir. Edit pul verməyəndə “Mən artistəm, sən isə heç kimsən, fahişəsən. Fahişə olaraq öləcəksən” - qışqırır.

Gənc Edit isə fahişə olmur, milyonların sevimlisi, kumiri Edit Piafa çevrilir. Düzdür, anası kimi bir qurtum içki, bir dozadan ötrü dilənçilik eləmir, özünü alçaltmır. Onun nəinki bir, gündə on doza almaq üçün pulu var. Şəxsi həkimi iynəni öz əllərilə yeridir müğənninin damarına...

Amma... amma qalib deyil. Sadəcə, saman çöpü kimi səsindən yapışmış bir zavallıdır... Çünki bu həyatda qalib yoxdur, xoşbəxtlik yoxdur, hüzur yoxdur. Yalnız itkilər var, məğlubiyyətlər və məğlublar var. Elə olmasaydı, Edit Piaf qırx yeddi yaşında səksən yaşlı qarıya bənzəməzdi. Elə olmasaydı, qaranlıqda yalqız ölərkən “getmək istəmirəm, qorxuram” - deməzdi. Elə olmasaydı, ölüm anında yadına bircə dənə işıqlı xatirə düşərdi. Düşmür.

Ona görə ki, hamımız məğlubuq. Makedoniyalı İsgəndərindən, Edit Piafına, Aygün Aslanlısına qədər hamımız yalnız itirməyə məhkumuq. Heç kimimiz, heç nəyimiz yoxdu. Heçliyimizi boynumuza almaqdan qorxduğumuzdan hərəmiz bir şeyin arxasında gizlənmişik: işin, ailənin, sevginin, seksin, şöhrətin, dünyanı ələ keçirmək arzusunun...

Filosofların, alimi-danəndələrin yaşamağa ümidləndirən müdrik kəlamları da əvvəl özlərinə, sonra da bizə verdikləri adi təsəllidir, qoruyucu qalxandır. Tibet rahibləri də həyatın mənasını axtardıqlarına görə yox, onun mənasızlığını dərk etdiklərinə görə hər şeydən əl çəkib dağın başında qalxıblar.

“Balaca sərçə” filmində təsvir olunan Edit Piafın verdiyi mesaj budur: həyat mənasızdır. Bunu dəqiq bilirəm. Bundan qorxuram. Yaşamaqdan qorxuram. İrəlidə məni itkilərdən başqa heç nəyin gözləmədiyini bilirəm, çünki...

Ölməyə də cəsarətim çatmır. Zəhləm getmiş Aygün Aslanlıdan yapışmışam saman çöpü kimi. Eyni səhvləri təkrarlaya-təkrarlaya, eyni yerlərdə büdrəyə-büdrəyə gedirəm. Heç nə yoxdur, heç nə. Sən də yoxsan. Heç olmamısan. Özüm uydurmuşam səni... qorxumdan...
# 1818 dəfə oxunub

Oxşar xəbərlər

Rüstəm Behrudinin "Salam, dar ağacı" şeiri  türk serialında səsləndirildi

Rüstəm Behrudinin "Salam, dar ağacı" şeiri türk serialında səsləndirildi

15:05 8 avqust 2026
Reallıqla qarşılaşdırılan xəyallar, illuziyalar, inanclar...– Kino həyatı olduğu kimi göstərməlidirmi ?

Reallıqla qarşılaşdırılan xəyallar, illuziyalar, inanclar...– Kino həyatı olduğu kimi göstərməlidirmi?

10:00 8 avqust 2026
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi oldu

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi oldu

15:20 7 avqust 2026
Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işləri yeni sənədli  filmdə

Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işləri yeni sənədli filmdə

11:20 7 avqust 2026
"Həyatım mənim, kinematoqraf!" - Gənc  ömrünün 8 ilini kinoya həsr edən Səməd Mərdanov

"Həyatım mənim, kinematoqraf!" - Gənc ömrünün 8 ilini kinoya həsr edən Səməd Mərdanov

11:50 6 avqust 2026
Markesin dünya şöhrətli  əsərinə çəkilən serial təqdim edildi

Markesin dünya şöhrətli əsərinə çəkilən serial təqdim edildi

11:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər