Bakı translarının gizli həyatı - REPORTAJ

Bakı translarının gizli həyatı - <span style="color:red;">REPORTAJ
1 fevral 2015
# 13:46

Onlarla tanış olub, reportaj hazırlamaq üçün mail.ru saytının “tanışlıq” bölməsində özümə saxta hesab yaratdım. Mail.ru-da apardığım bir neçə saatlıq axtarış müddətində dəhşətə gəldim. Saytın 90 faizi transseksuallardan və geylərdən ibarət idi. Bir saat ərzində mənə müxtəlif təkliflərdən ibarət xeyli məktub gəldi. Nəhayət axtardığımı tapdım.

Milana adında transseksualın səhifəsinə daxil oldum. Orada özü haqqında müəyyən məlumatlar vardı: transseksual olduğunu, 40 manata “çıxdığını” yazmışdı, qeyri-ciddi şəxslərin narahat etməməyini məsləhət görürdü, telefon nömrəsi də qoymuşdu. Zəng etdim, müsahibə almaq istədiyimi söylədim. Əvvəlcə tərəddüd etdi. Adının anonim qalacağına, fotolarının yayımlanmayacağına söz verdik, bundan sonra razılaşdı.

Ünvanını öyrənib yola düşdüm. Başqa yerdə görüşmək qeyri-mümkündür zatən. Onlar çölə yalnız gecələr çıxa bilirlər.

Evdə Milanadan başqa 2 nəfər də var idi. Biri Lola, digəri isə Erik. Hər halda özlərini belə təqdim etdilər. Öz adları isə sirdir. Lola transseksual, Erik isə geydir.

“15 yaşımda hiss etdim”

Milana 22 yaşındadır. Homoseksual olduğunu 15 yaşında hiss edib. Dediyinə görə, bütün dostları qızlara, o isə oğlanlara maraq göstərib: “18 yaşıma çatanda isə ilk dəfə öz cinsimdən olan biri ilə əlaqədə oldum. Bu, dörd il sürdü. Haradasa 2 aydır ki, trans olmuşam. Ailəm öyrənəndə problemlər yarandı. Onlar hələ də, mənim gey olduğumu düşünürlər. Trans olduğumdan isə xəbərləri yoxdur. Onlar bunu qəbul edə bilmirlər. Ailəmlə görüşməyə gedəndə kişi paltarında oluram. Hazırda ali təhsil alıram. Oxuduğum universitetdə mənim ənənəvi cinsi orientasiyamın olmamağından şübhələnirlər. Heç kim trans həyat tərzi keçirdiyimi bilmir”.

“Biz müsəlman ölkəsi deyilik”

Milananın danışmaqda çətinlik çəkdiyini gərən Erik özü söhbətə müdaxilə edir: “Azərbaycan müsəlman ölkəsi olduğundan burda eyni cinslilərin münasibəti çox çətindir”.

Lola Erikdə səhv tutur: “Biz müsəlman ölkəsi deyilik, dünyəvi ölkəyik”.

Erik: “Hamı elə bilir ki, biz xəstəyik. Ancaq belə deyil. Təbiət bizi bu cür yaradıb. Valideynlər bəzən elə bilirlər ki, biz xəstəyik. Aparırlar psixoloq yanına, molla yanına. Hərdən elə bilirlər cadu ediblər, cadugər yanına aparırlar ki, bu uşaq düzəlsin. Ancaq başa düşmürlər ki, biz belə doğulmuşuq. Bu, təbiətin bir səhvidir. Reallığı qəbul etmək lazımdır. Azərbaycanda elə ailələr var ki, reallığı qəbul edir. Məsələn, mənim ailəm kimi. Elə ailələr var ki, qəbul edə bilmir. Fikirləşir ki, oğlum düzələr, evlənər, övlad sahibi olar”.

Erik uşaqlığından fərqli olduğunu hiss edirmiş: “İçimdə qəribə hisslər var idi. Ancaq o vaxt başa düşmürdüm bu nədir. Yavaş-yavaş anladım ki, mən geyəm. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. O vaxt saçlarım uzun idi. Pirsinq taxırdım. Seçilirdim, diqqət mərkəzində olurdum. Gey olduğum üçün belə geyinmirdim. Bu mənim stilim idi. Belə geyindiyimə görə məni gey kimi qəbul edirdilər. Çətinlik olurdu. Orta məktəbdə də çətin idi. Çölə rahat çıxa bilmirik. Gizlin çıxırıq. Mən gey olduğuma görə o qədər də problem yaranmır. Ancaq mənim dostlarım (Lola və Milananı göstərir) gündüz bayıra bu geyimdə çıxa bilmirlər. Məcbur olurlar ki, kişi paltarı geyinsinlər”.

“Transla fahişəni səhv salırlar”

Lola deyir ki, onların burda yaşamasından qonşuların xəbəri yoxdur: “Biz ikili həyat yaşayırıq. Həm gey həyatı, həm trans həyatı. Geylə, transın fərqini bilirsiniz də? Gey özünün kişi olmasından məmnun olan insandır, kişiləri sevir və kişilərlə görüşür. Trans isə özünü daxilən qadın kimi hiss edən adamdır. Silikon döş qoyduran artıq trans sayılmır. Təkcə Azərbaycanda belələrinə trans deyirlər. Onlar özlərinə döş qoymaqla fahişəliklə məşğul olurlar. İnsanlar da elə fikirləşirlər ki, bütün translar fahişədir. Bizim qanunlarla trans olmaq qadağan deyil. Homoseksuallığa xəstəlik kimi baxmayın. Xəstəlik ya müalicə edilir, ya da insan ölər. Translar, geylər isə nə müalicə olunurlar, nə də ölürlər. Bizdən qorxmayın və çəkinməyin. Biz də sizin kimi insanıq”.

“Sevgilimlə Hollandiyada evləndik”

Özünün kişi kimi görsənməyindən məmnunluğunu ifadə edən Erikdən sevgilisinin olub-olmadığını soruşuram: “Mən evli olmuşam. Evli olduğum insan türk idi. Qardaşımla problemlərim vardı deyə Türkiyəyə getmişdim. Orda onunla tanış oldum. Biz Hollandiyaya gedib rəsmi nikaha girdik. Sonra Türkiyəyə qayıtdıq. Gey evliliyində gəlin-bəy ayrı seçkiliyi olmur. Kim aktivdir, kim passivdir, bu, önəmli deyil. Gey toyları kiçik məclislər şəklində olur. Yaxın dostlar dəvət edilir. Geylərin toyu çox az hallarda olur. Əsasən translar toy edirlər, özü hansısa restoranda gizlin şəkildə. Trans əsl qadın kimi gəlin paltarı geyinir. Həmin toylarda demək olar ki, ancaq translar və geylər iştirak edir. Azərbaycanda eyni cinslilərin evlənməsinə qanun icazə vermir. Bizdə də Hollandiyada kimi olmasını çox istərdik. Biz də istəyirik ki, hamı kimi sərbəst yaşaya bilək. Biz anormal deyilik”.

“Yanıma aktiv kimi gəlir, sonra passiv olur”

Tez-tez telefon zənglərinə cavab verən Milana arada bizimlə danışmağa da vaxt tapır: “Mənim yanıma gələnlər çox vaxt başqa şey istəyirlər. Elə bilirsiniz təkcə qadın kimi oluram? Baxırsan yaraşıqlı oğlandı, müştəri kimi gəlib. Onunla passiv münasibətdə olmağa hazırlaşıram. Birdən qayıdıb deyir ki, mən passiv olmaq istəyirəm. Bu adamlar orda-burda bizim haqqımızda ağızlarına gələni danışırlar. Deyirlər iyrənirik, belə şeylə məşğul ola bilmərik. Bizi təhqir edirlər, amma özləri gizlin-gizlin işlərini görürlər”.

“Ehtiyacımız olduğu üçün pul alırıq”

Hər üçündən insanlardan pul alıb-almadıqlarını soruşuram. Erik deyir ki, bəzən ehtiyac olanda pul alır. Ancaq çox vaxt xoşladığı oğlanlarla sadəcə sevişmək məqsədi ilə cinsi əlaqədə olur. Milana da pul aldığını deyir: “Mən pulla cinsi əlaqəyə problemlərimə görə girirəm. Kefimdən girmirəm”.

Erikin sözlərinə görə, polisin işindən çox razıdırlar: “Bir problem olan kimi 102-yə zəng edirik. Bu yaxınlarda bir tanış transın evinə müştəri kimi gəlib onu qarət etmişdilər. Polis araşdırdı və həmin adamı həbs etdi. Polis adi insanlarla necə davranırsa, bizimlə də elə davranır. Ayrı-seçkilik qoymur”.

Qadın olmaq üçün 10 min manat lazımdı

Müsahiblərim deyir ki, Azərbaycanda qadın kimi görünmək üçün xeyli xərcləri çıxır: “Cinsi orqanı kəsdirmək 10 min manatdır. Amma Azərbaycanda bu mümkün deyil. Əsasən Rusiyada və Türkiyədə elətdirirlər. Bizdə ancaq silikon əməliyyatlar aparırlar. Azərbaycanda əməliyyatla tam qadın olan cəmi 3-4 nəfər var”.

Mühafizəkar transseksual

Lola deyir ki, bakirəlik milli dəyərdir: “Qızların bakirəliyini qoruyub saxlamasına normal baxıram. Məncə qızlar bakirəliyini toy gününə qədər saxlamalıdırlar. Əgər mən qız doğulsaydım, bakirəliyimi itirməyə imkan verməzdim”.

Eynicinsli sevgi

Lola fahişəlik etmədiyini deyir: “Mənim xoşuma gələn oğlan var. Mən də onun xoşuna gəlirəm. Arada görüşürük. Məni o saxlayır. Mənimlə gizlin görüşür. Dostlarının xəbəri yoxdur bundan”.

Erik eyni cinslilərin bir-birinə olan sevgisinin bir qadınla kişinin sevgisindən iki qat güclü olduğunu söyləyir: “Biz ayrılanda, aldadılanda çox depressiyaya düşürük. Mən sevdiyim insanı başqa birisiylə tutanda 8 ay evdən çölə çıxmamışdım”.

LGBT bizim hüquqlarımız müdafiə etmir

Lola bildirir ki, Azərbaycanda LGBT (Lesbi, Gey, Biseksual, Transeksual) cəmiyyəti mövcuddur: “Lakin çox zəif işləyirlər. Digər ölkələrdə geylərə aid konfranslarda, seminarlarda Azərbaycandan heç kim iştirak etmir. Onlar əslində bizim hüquqlarımızı müdafiə etməlidirlər. LGBT-nin mərkəzi fondundan yerli şöbəyə xeyli miqdarda pul ayırırlar. Onlar bu pulu basıb yeyirlər. Bizim üçün heç bir iş görmürlər. Başqa ölkələrdə homoseksualların mitinqləri olur. Onlar səslərini dünyaya çatdırırlar. Azərbaycanda isə bizim belə imkanlarımız yoxdur. LGBT-nin gördüyü yeganə iş xəstəliklə mübarizədir. Onlar ancaq prezervativ paylamaqla məşğuldurlar. İstədiyimiz qədər prezervativ verirlər”.

Emin

# 45447 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #