news-inner
clock13:29 calendar-gray 06 Fevral 2015 view-gray91 dəfə oxunub
view-gray91 dəfə oxunub

Anarın pulu kimə gedir? MÜSAHİBƏ

“Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın APA -ya müsahibəsi

- Azər müəllim, “Ədəbiyyat qəzeti”ndə işlər nə yerdədir? Siz baş redaktor təyin olunandan sonra nə dəyişdi?

- Nəyin dəyişdiyini siz məndən daha yaxşı hiss edərsiniz. Mən isə tam təminat verirəm ki, “Ədəbiyyat qəzeti” ədəbiyyatın qəzeti olacaq.

- Sizə qədər ədəbiyyat qəzeti deyildi?

- Mənim görmək istədiyim ədəbiyyat qəzeti deyildi. Yəni qəzet Azərbaycan ədəbiyyatının səviyyəsini göstərmirdi. Bu qəzetdə “mən çap olundum” sevincini yaşayacaq adamlar yox, oxucunun ehtiyacı olan imzalar çap olunmalıdır. Bizim istedadlı gənc yazarlarımız var, onlar uzun müddət bu qəzetdən uzaq qalıblar. Biz qəzetin qapılarını taybatay onların üzünə açmışıq. Sadəcə, yetər ki, təqdim olunan yazılarda milli və estetik meyarlar qorunsun, millətə, məfkurəyə və dövlətçiliyə aid olan dəyərlər gözlənilsin.

Mənim istədiyim odur ki, “Ədəbiyyat qəzeti”nin mahiyyəti dəyişsin, bu qəzet ədəbiyyat cameəsinin ocağına çevrilsin. Qəzetdə istedadsız qələm adamlarının və öz şəxsi maraqlarının əsiri olanların yazısı çap oluna bilməz. İstedadın yeri başda olmalıdır. Məsələn, Əli Kərim çox gənc olanda onun “Ədəbiyyat qəzeti”ndə “Daş” şeri çap edilib. Özü də birinci səhifədə. Birinci səhifə yenə də həmin istedadda gənc bir şairin “Daş” səviyyəli şerinin yolunu gözləyir.

“Ədəbiyyat qəzeti”nə o düşüncə, o əxlaq da gəlməlidir ki, hətta bir şeirlə də böyük ədəbiyyat olur, daha bir çap səhifəsi məcbur deyil. Biz Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun əməkdaşlarının yazılarını çap edirik. Təsəvvür edin, Ədəbiyyat İnstitutunun elə əməkdaşı oldu ki, buna özünün səviyyəsiz etirazını bildirdi. Ədəbi-nəzəri məsələlər barədə bəs kimlər yazmalıdır? Ədəbi mətnin təhlili ilə alimlər məşğul olmalı deyilmi? Biz hər yoldan keçənin yazısını çap edə bilmərik. Üzeyir bəyin yaxşı bir sözü var: qəzet həlim aşı qazanı deyil ki, əlinə keçəni içinə doldurasan. Bu, çoxlarına xoş getməsə də, mən “Ədəbiyyat qəzeti”ndə ardıcıl olaraq dünya ədəbiyyatı nümunələrinin görünməsinə çalışır və bunu təqdir edirəm. Amma bir şərtlə ki, hər şeyi dünya ədəbiyyatı adı ilə oxucuya təqdim etməyək. Bəzən kimlərsə Avropanın özü üçün aşağı dəyəri olan əsərləri götürüb tərcümə edir. Belə olmaz. Avropanın özündə həzm olunmayan şeyləri bizim oxucuya həzm etdirməyə çalışmağın özü ədəbsizlikdir. XX yüzilin əvvəllərində Hüseyn Cavid də bu məsələyə eynən belə münasibət bildirmişdi.

- Vaxtilə “Ədəbiyyat qəzeti” haqqında ciddi ittihamlar səslənib: məsələn, illik 200 min manatlıq büdcə ilə həftədə bir dəfə qəzet çıxara bilmirlər, divar qəzeti səviyyəsində iş görürlər və s. Rəhbəri olduğunuz mətbuat orqanının nüfuzdan düşdüyü illərdə siz Ayaz Vəfalının müavini olmusunuz...

- Bilirsiniz, Ayaz müəllim böyük məktəb keçən, təcrübəsi olan adamdır. Ondan öyrənəsi çox şeylər var. Sadəcə, Ayaz müəllimin özünün xüsusi tabuları var idi. Ayaz müəllim üçün müqəddəs dəyərlər var idi ki, o dəyərlər başqaları üçün müqəddəs olmaya bilərdi. Mən Ayaz Vəfalıya necə deyə bilərdim ki, gəl, filankəsi çap etməyək?! Bilirsiniz, böyük-kiçik münasibətləri, etik normalar da var. Ayaz müəllimin dövründə qəzetin zəif çıxmasından danışırıqsa, sizə səmimi bir şey demək istəyirəm: bir dəfə bir nəfər yazıçı qəzetdə palaz-palaz yazıların getməsindən şikayətlənirdi. Özü də adamların əhatəsində. Amma qəzetdə palaz-palaz yazıları yazanlardan biri elə o adam özü idi. Sadəcə, yaşlı adam idi, ona görə heç nə deyə bilmədim. Bu işdə şəxsi münasibətlər rol oynamamalıdır. Bizə qalaq-qalaq yazılar gəlir, amma mən hər həftə qəzetə vermək üçün yazı axtarıram.

İndi əlimin altında bəlkə də 50 nömrənin materialı var, bir nömrənin materialını bəzən onların içindən seçmək mümkün olmur. Filankəs inciyir, filankəs filankəsin qohumudur, yazısını verək - xeyr, bununla ədəbiyyat olmaz. Mən həmişə “Füyuzat” jurnalını misal çəkirəm ki, 32 sayı çap olunmuşdu, amma bir yazısı zəif deyildi. Bu yaxınlarda Gəncəyə getmişdim, bir nəfərlə tanış oldum. Dedilər, yaxşı oxucudur. Gördüm, yox, bu adam yaradıcı adamdır. Təsadüfən onun şeirləri əlimə keçdi, oxudum, gözəl, bənzərsiz şeirlər idi. Heyrətləndim ki, İlahi, bu şeirləri yazan adam 60 illik həyatında mətbuatda bir misra çap etdirməyib. Daşkəsəndə ədəbiyyat müəllimdir, Saleh Qurbanov, qəzetin ön səhifələrindən birində onun bir səhifəlik şeirlərini çap elədim. Həmin sayımız haqqında akademik Tofiq Hacıyev məqalə yazdı və Saleh Qurbanovun şeirlərindən xüsusilə bəhs etdi. Ədəbiyyata münasibəti bu cür görürəm və “Ədəbiyyat qəzeti”nə təkcə Saleh müəllim kimi kənarda qalan istedadlı yaşlıları deyil, gəncləri, xüsusən gəncləri cəlb etmək istəyirəm.

- Yaşlı ədəbiyyatçılar, Elmlər Akademiyasının alimləri qəzet qonorarına o qədər də maraqlı deyillər. Yəni onlar üçün əsas məsələ “Ədəbiyyat qəzeti”ndə çap olunmaq, üç-beş dostundan xoş söz eşitməkdir. Gənclərdə isə məsələ necə deyərlər, qəlizləşir. Yəni onlardan qonorarsız yaxşı yazı almaq müşkül işdir. Bu haqda nə düşünürsünüz?

- Bizdə bu işlə qəzetin məsul katibi məşğul olur. Mənə qədər redaksiyanın əməkdaşları ilə kənar müəlliflərin qonorarında fərq olub. Mən baş redaktor təyin olunandan sonra redaksiyanın əməkdaşlarının yazılarını azaltmışam. Qəzetdə işləyən adam o demək deyil ki, elə burda da çap olunmalıdır. Redaksiyanın əməkdaşı ədəbiyyat axtarışında olmalı, qəzetin istiqamətini müəyyən edən işlər görməlidir. Bu şeyləri azaltmaqla, kənar müəlliflərin qonorarında artımlar olub. İstəyirəm, hamı standart qonorar almasın. Yəni ədəbi meyarları yüksək olan müəlliflərin işi daha artıq qiymətləndirilməlidir.

- Yazısı çap olunanda Anar müəllimə qonorar yazırsınız?

- Anar müəllim və bəzi müəlliflər var ki, onlar redaksiyaya məktub yazıblar ki, qəzetdə çap olunan yazılarımızın qonorarını gənclərə verin.

-Sonra kimlər imtina edib?

- Gəlin digərlərinin adını deməyim.

-Niyə gizlətməyə çalışırsınız? Əslində bu, yaxşı təşəbbüsdür...

- (Gülür) Məsələn, Fikrət Qoca, İsa Həbibbəyli, Qəzənfər Paşayev, Zəlimxan Yaqub,Nizami Cəfərovvə başqaları. Ümumiyyətlə, içində söz demək ehtiyacı olan insan, sözün tutiya əhəmiyyətini anlayan adam qonorar məsələsini sonraya saxlayar.

- Azər müəllim, “sözün tutiya əhəmiyyəti” indiki gənclər üçün qətiyyən keçərli deyil. İstədiyiniz istedadlı gəncin adını çəkin, sizə əminliklə deyim ki, o adam qonorarsız yazı yazmaz. Xüsusən büdcəsi 200 min manat olan qəzetdə. Demək istəyirəm, imkanlı müəlliflərdən fərqli olaraq, kirayədə yaşayan gənc yazıçının o pula ehtiyacı var...

- Əvvəla, bir məsələni qeyd etmək istəyirəm və rica edirəm, bunu müsahibədən çıxarmayın: sizin özünüzə neçə dəfə zəng etmişəm ki, “Ədəbiyyat qəzeti”nə yazın? Yaxud Mirmehdi Ağaoğluna zəng vurub yazı istəmişəm. Buna görə çoxları məni qınayır: baş redaktor da gənc müəllifə zəng edər ki, yazı ver? Məncə, bu, tamamilə yanlış fikirdir və belə şeyləri heç vaxt özümə əskiklik bilməmişəm. Əksinə, gənc, yaxud yaşlı olub-olmamasından asılı olmayaraq, istedadlı və dəyərli müəllifə zəng vurmaq mənə xoşdur. Məsələn, mən Rüstəm Kamala zəng vurmuşam ki, Rüstəm yazı ver. Gecikdirib, özüm getmişəm ki, yazının dalınca gəlmişəm (Gülür). Yaxud Əlabbasa demişəm, bizə yazı versin və o, yeni yazdığı “Bayatı-Şiraz” hekayəsini “Ədəbiyyat qəzeti”nə təqdim edib. Belə faktlar çoxdur. Vaqif Bayatlı, Ramiz Rövşən, Nüşabə Məmmədli Əsəd, Natəvan Dəmirçioğlu, Barat Vüsal, Qoca Xalid, Sabir Sarvan, Vaqif Aslan, Zahid Sarıtorpaq, Cəlal Bəydili, Nizaməddin Mustafa, Əlizadə Nuri, Mübariz Cəfərli, Ziyadxan Əliyev, Orxan Fikrətoğlu, Rafiq Hümbət, Xanəmir...

İndi də gələk sualınızın üstünə. Mən gənclərə yaxşı qonorar verməyə hazıram. Dörd aydır ki, qəzetin baş redaktorluğu mənə tapşırılıb. Bir aydır baş redaktor vəzifəsinə təyin olunmuşam. Bundan sonra vəziyyətin tamam dəyişdiyinin şahidi olacaqsınız. Ləzzətlə oxunan, cəmiyyət üçün lazımlı olan yazıya 20 manat qonorar yazmaq ayıbdır. Gənc olanda aldığım yaxşı qonorarı indi gənclərə verə bilməsəm, o dövrün utancı məni sıxar. Dövlətin “Ədəbiyyat qəzeti”nə dəstəyi hər zaman yetərli olub. “Ədəbiyyat qəzeti”nin yaxşı yazıya yaxşı qonorar verməyə imkanı çatır.

İndi əlavə bütün şeylər kənarlaşdırılıb, lüzumsuz xərclər kəsilib və əsas qüvvə qəzetə yaxşı müəlliflərin cəlb olunmasına istiqamətləndirilib. Böyük qonorar deyib, məsələni şişirtməyək. Normal qonorar olacaq. Tutalım, sizə qoşulub gedirəm kəndinizə, orda gecələmək üçün bir yer olacaq, düzdürmü? Hər yerdə hamımızın tanıdığımız adamlar var, hara getsək, üzümüzə qapı açacaqlar. Niyə mən rayonlara qəzetin hesabına ezamiyyətlə getməliyəm? Yaxud Türkiyədə kitabımın təqdimatına getməliyəmsə, niyə qəzetin müəlliflərinin haqqını yeyib o pulla getməliyəm? Bu şeyləri nizama salanda, hər şey qaydasında olur. Mən nə qədər ki, burdayam, istedadı olan hər kəs çap ediləcək və öz haqqını alacaq. Mövlana deyir ki, biz ayırmaq üçün yox, birləşdirmək üçün gəldik.

- Yazıçılar Birliyini tənqid edən imzaları çap edə biləcəksiniz?

- Müəllif yaxşı mətn təqdim edəcəksə, Yazıçılar Birliyinin üzvü olub-olmamasının fərqi yoxdur. O qədər Yazıçılar Birliyinə üzv olub, sonra çıxıb, sonra yenə qayıdan adamlar var ki. Belə şeylər ovqat məsələsidir və gəncliyin səhv etmək haqqı var. Ancaq kiməsə hörmətsizlik etmək haqqı yoxdur. Hamının hamıya qarşı müharibəsi burjuaziyanın prinsipi olub. Bilirsiniz, təvazökarlıqdan kənar olsa da, deyim ki, mən mətni bilən adamam, oxuyan kimi bilirəm ki, bu adam nə yazır, nə yaza bilər. Başqa tərəfdən də, məni bura təyin edəndə qadağalar qoymayıblar ki, kimlərisə çap etmək olar, kimlərisə olmaz. Qətiyyən belə söhbət olmayıb! Rəhmətlik Mehdi Bəyazidin bir sözü var idi: mətnin magiyası. Yazısının magiyası, cazibəsi olan adam buyurub gəlsin, onu çap etməyə hazıram.

-Elçin Hüseynbəyli baş redaktor olanda qəzetdə nə dəyişdi?

- Elçin Hüseynbəyli əvvəlcə formatı dəyişdi. Amma xatırladım ki, qəzet ötən əsrin altmışıncı, doxsanıncı illərinin əvvəllərində də bu formatda çıxmışdı. İkincisi, Elçin qəzetin qapılarını taybatay açdı. Burda çap olunmamaq problemi yox idi. Hamı arzusuna çatdı. Qapıları açmağı hədsiz səxavətlə etdiyinə görə bəzən hər şey aşırı oldu. O dövrdə çap olunan əksər yazılar mənim tanıdığım romançı və ədəbiyyatçı Elçin Hüseynbəylinin ədəbiyyat zövqünə uyğun deyildi. Müəllif bu redaksiyanın qapısını döyürsə, bilməlidir ki, “Ədəbiyyat qəzeti”nə gəlib. Məsələn, biznesmen özü çap olunmaqdansa, bir gənc müəllifin yazısına mükafat versin də.

- Elçin Hüseynbəyli baş redaktor olanda üç nəfər gənc yazıçını işə cəlb etmişdi, sizin komandanızda isə yaradıcı gənclər yoxdur...

- Mənim ən böyük arzularımdan biri inandığım bir neçə gənci bura cəlb etməkdir. Gənclər olmadan iş çətin olur. Cəlb olunan dediyiniz o gənc əməkdaşlar da elə Elçin Hüseynbəylinin vaxtında işdən gediblər.

- Tənqidlə bağlı Azərbaycanda vəziyyət nə yerdədir? Tənqidçilərə münasibətinizi bilmək maraqlı olar...

- Tənqidçi şəxsiyyəti gərək sabit olsun. Tez-tez dəyişən fikirlər tənqidçinin nüfuzunu aşağı salır. Biz gənc olanda hamı bilirdi ki, Cəfər Cəfərov, Asif Əfəndiyev, Nadir Cabbarov, Aydın Məmmədov kimdir. İndi onların yerində boşluq hiss olunur. Bəzi tənqidçilər var, məndən inciyirlər ki, bizim yazımızı vermirsən. Analiz deyil, tərif yazanların yazısını mən niyə verməliyəm?

-Kimlərdir?

- Olub belə şeylər. Yaxud hamını məqsədli şəkildə tənqid edirsən. Mənə şəxsiyyət haqqında yox, mətn haqqında danışan tənqidçi lazımdır. Özünü çoxbilmiş göstərən tənqidçinin yazısını oxuyub görürsən ki, yox, o qədər də çox şey bilmir.

-Dostdan yox, mətndən yazan üç tənqidçinin adını çəkə bilərsiniz?

- Son üç ayda “Ədəbiyyat qəzeti”ndə hansı tənqidçilər çap olunubsa, onlardır. Rüstəm Kamal, Elnarə Akimova, Nərgiz Cabbarlı, İradə Musayeva, Mətanət Vahid və başqaları...

- Gənclərdən kimi oxuyursunuz?

- Oxuduğum gənclərin yazılarını qəzetdə görmək istəyirəm. Şəhriyar Del Gərani, Aqşin Evrən, Mirmehdi Ağaoğlu, Fərid Hüseyn, Tərlan Əbilov, Yegzar Cəfərli, İntiqam Yaşar, Azər Musaoğlu, Afayət Afiq, Günel Eyvazlı və başqaları. Adlarını çəkdiyim və çəkmədiyim gənc müəlliflərin böyük bir qismi artıq qəzetin daimi müəllifləridir. Digərlərinin də yazılarını gözləyirik.

- Bir vaxt deyirdilər ki, “Ədəbiyyat qəzeti”nin email ünvanı yoxdur, əməkdaşları kompüterdə yazmağı bacarmır və s. İndi vəziyyət nə yerdədir?

- (Gülür) O sözlər deyiləndə, qəzetin əməkdaşı kimi bütün yazılarımı kompüterdə yazırdım. Kompüter məsələsi isə gerçəkdən də ürəkaçan səviyyədə deyil. Yəni otaqlarda kompüter yoxdur. Hər bir əməkdaşın kompüteri olmalıdır. Bütün bu məsələlər həll olunacaq.

-Sonda ədəbi mühitdə sizi qane etməyən məsələlərdən danışaq...

- Məni ən çox inkarçılıq, barışmazlıqlar rahatsız edir. Elə müəlliflər, yazarlar var ki, özlərini həddən artıq böyük hiss edirlər. Eqosentrizmdən əziyyət çəkirlər. Belə şeyləri qətiyyən qəbul edə bilmirəm. Adamlar bəzən bilmədikləri şeylərdən danışırlar. Məni qane etməyən məsələlərdən biri də elə budur.

news-inner-user
Cavid Zeynallı

160 məqalə

Paylaş

Oxşar xəbərlər