Məşhur rejissor: “Enerjini cinsi orqanlara ötürmək lazımdır”

Məşhur rejissor: “Enerjini cinsi orqanlara ötürmək lazımdır”
27 yanvar 2015
# 09:10

Teodor Terzopulos antik yunan faciələrinin quruluşları ilə məşhur, hətta ekspert rejissordur. Uzun illərdir onun işlədiyi metod az qala mistik sirr kimi gizlidir.

Geniş tamaşaçı kütləsi onun aktyorlarının insanın konsentrə və enerji imkanlarının son həddində necə yaşaya bilməsini yalnız ehtimal edə bilir. Bu günlərdə rejissorun aktyor metodikası haqqında yeni “Dionisin qayıdışı” kitabı Rusiyada təqdim olunub. Teodoros bu mövzuda Rusiyanın “Teatral” jurnalına müsahibə verib. Kulis.az məşhur rejissorun müsahibəsini təqdim edir.

Qeyd edək ki, Teodoros Terzopulos Azərbaycan Akademik Milli Dram Teatrı ilə bağladığı müqaviləyə əsasən bu il ərzində teatrda Sofoklun “Antiqona” faciəsini tamaşaya hazırlayacaq.

- Cənab Terzopulos, kitabınız hansı auditoriyaya hesablanıb?

- Çox böyük bir auditoriyaya. Bu, yalnız kitab olmayacaq, həm də aktyorların məşq və tapşırıqları nümayiş etdirdiyi DVD də olacaq. İçində daha çox praktika var, nəinki nəzəriyyə... Bu kitabın ilk təqdimatıdır və o, yunan yox, rus dilindədir. Bütün başqa variantlar sonra çap olunacaq. Orada mətn elə də çox deyil, həm də konkret və aydındır. Ümumiyyətlə, götürəndə də, aktyor metodlarının necə işləməsi haqqında kitab elə də çox deyil.

- Dünyanın çox yerində işləmisiniz. Bəs kitabınızın prezentasiyası üçün niyə Rusiyanı seçdiniz?

- Uzun müddət Rusiyada işləmişəm. 60-70-ci illərin yunan və Rusiya teatrlarını, məsələn, Vaxtanqov Teatrını xatırlayıram. “Yenidənqurma” dövrü yadımdadır, ağır siyasi və iqtisadi cəhətdən ağır olan illəri xatırlayıram, Rusiya o zaman mədəniyyət dərdi çəkəcək halda deyildi. Bir məqam oldu ki, mən gördüm, rus teatrı öz ənənələrini itirir. Tamaşalar bir birinin oxşarı idi, istər antik yunan əsəri olsun, istər Şekspir. Halbuki Rusiyada Alla Demidova kimi aktrisalar var idi.

Oxşar hallar 80-90-cı illərdə Yunanıstanda da baş verdi, o zaman insanlar pulda, maddi dəyərlərdə və həzz axtarışında ilişib qalmışdılar. Biz yalnız indi ayılmışıq və nələrsə etməyə, baş verən aşınmanı aradan qaldırmağa çalışırıq.

Mənim Stanislavskiyə və onun metoduna çox böyük hörmətim var, elə Meyerxolda da eynən elə və hesab edirəm ki, rus ənənəsi çox güclüdür. Amma teatrların oxşarlığı, hətta eyniliyi artıq simptomdur. Məncə, biz bu ayrıntıları təhlil etməliyik. Məsələn, Anatoli Vasilyeviçin və ya Yuri Lyubimovun tamaşalarını götürək. Kökündə rus teatr ənənəsi dayanır, amma çox müasir, yeni, qeyri ənənəvi baxışla... Postmodernizm əlbəttə, hər şey etməyə imkan yaradır. Amması var... Məsələn, aktyora multikulturist şərtlərlə işləmək çətindir. Əksəriyyətin bədənlə bağlı problemləri çıxır. Mənim “Dionisin qayıdışı” kitabım bu problemi bir neçə aspektdən görməyə və həll etməyə imkan verir. Treninq nəticəsində səs güclü olur və onun bədəndən göndərilməsi də asandır.

- Sizin sisteminiz istənilən teatrın istənilən aktyoruna uyğun gəlir?

- Heç şübhəsiz. Bir çox aktyor, hətta aktyor da yox, insan bu metodu qəbul edə bilər. Biz bəzən qeyri-professionalları dəvət edirdik və onlarda güclü dəyişiklik müşahidə edirdik: daha konsentrəli, daha sakit, daha qərarlı və məncə daha xoşbəxt olurlar.

- Ümumiyyətlə, yeni nəsil aktyorlara necə bir diaqnoz qoyardınız?

- İndiki nəsil enerjini və konsentrəni boş yerə itirir. Yəni, onlarda çox şey zahirdə gedir, halbuki dərindən işlənməlidir.

- Sizin sisteminiz nəyə əsaslanır?

- Diafraqmaya və enerjinin nizamlanmasına. Əvvəlcə düzgün nəfəs almağı öyrənirik, daha doğrusu, təbii nəfəs almağı. Ən əsas proses idarə etmək deyil, belə olanda enerji zəifləyir. İkinci etap enerjini aşağı – cinsi orqanlara tərəf ötürmək, nəfəs alıb verməni uzatmaqdır. Belədə səs güclü və aydın olur – aktyor birdəfəyə 20 söz deyə bilir. Baş bədənlə əməkdaşlıq etməlidir, ona rəhbərlik yox. Tədricən iştirakçılar enerji yığmağı öyrənəcəklər.

- Sizin teatrın aktyorları çox güclü təəssürat ötürür. “Alarme” tamaşasında Tasos Dimasla nəzərin toqquşanda belə fiziki olaraq güclü enerji hiss edirsən. Sanki aktyorlarınız “Dionislə işləyir”.

- Hə, onlar enerjini uzaqlara ötürməklə sanki Dionis üçün danışır və oynayırlar. Tamaşaçıyla bir məkanda, bir zamanda olsalar da bir qatda deyillər, həm də başqa qatdadırlar.

Bu, aktyor üçün bədən və mental cəhətdən açıq, sərbəst olmaqdır.

- Sizin metodunuz necə meydana gəldi?

- 45 il əvvəl mən “Berliner ansambl”da işləyirdim. Orada Şanxaydan olan çinli ustad mənə öz bədənini tapmağın yolunu göstərdi. Mən bu sahədə axtarışlar etdim, hətta truppam olanda da. Eksperiment qismində biz məsələn “odlu mərasimlər”də iştirak etdik. Mən Afrikanın, Asiyanın, inklərin ənənələrini, Qədim Yunanıstnda: Asklepionda, Elevin misteriyalarında, Dionis teatrında oynanılan ritualları öyrəndim. Aylarla cavablar axtardım. Bir məqamda anladım ki, mən çox vacib bir şeyə toxunmuşam. Metod səs, ruh və bədən arasında harmoniyaya açar tapmaqdır. Məşğələlər zamanı aktyorlar hiss etdilər ki, onların bədəni xilas olur, onlar rəqs etmək, hətta uçmaq istəyirdilər. Hərəkətlər daha artıq ekspressiv olurdu.

- Həyatınızda mistik bir hadisə olubmu? Məsələn, adətləri öyrənərkən və ya ekstrasenslərlə və ya “o biri dünyadan xəbər verənlərlə” görüşəndə?

- Bir dəfə mən şamanlarla Kolumbiya Amazonunda tamaşa hazırlayırdım. Bu, çox qeyri-adi və güclü bir iş idi, tapıntıların bir hissəsi metoda daxil oldu.

- “Attis” teatrının aktyorları əla formada, heyranedici görünür. Sizin teatr-məbəddə hansısa xüsusi qaydalar varmı?

- “Attis” kilsədir, bizim tamaşalar isə liturgiyadır. Burada ən vacibi yüksək səviyyədə konsentrədir. Bunun üçün hər gün məşq edirik, kitabda yazılan kimi, tamaşadan əvvəl və sonra tam bir saat. Bəzən tapıntıları tamaşaya əlavə edirik.

Qaydalara gəlincə, onu həyat özü diktə edir. Məsələn, əgər adam siqaret çəkirsə, adətən bir ay məşğələdən sonra o çəkməyi tərgidir. Yəni, fiziki olaraq məşqlərin ritmi ilə çəkməyi çatdıra bilməz. Aktyorlar hər şeydə seçici olmağa məcburdurlar. Məsələn, qidaya münasibətdə: onların, demək olar ki, hamısı vegeteriandır.

- Sizin teatrın aktyorlarının o birilərindən fərqi nədi?

- Harmoniyada - kimsə daha yaxşı konsentrə ola bilir, daha artıq energetikdir.

- Siz öz işinizdə çox vaxt aktyorun “daxili materialına” əsaslanırsınız, onların faciəvi başlanğıcını öyrənirsiniz. Bəs öz teatrınız üçün aktyorları nəyə əsasən seçirsiniz?

- Üç gün kifayətdir ki, aktyorun metoda uyğunluq qabiliyyətini - fiziki hazırlığını, konsentrəsini və əlbəttə savadını öyrənim. Hər nə qədər olsa da, bizim tamaşalarda oynamaq üçün müəyyən dərəcədə intellektual olmaq lazımdır.

- Nə isə alınmayanda nə edirsiniz?

- Situasiyanı gərginləşdirmək istəmirəm. Hər şey çox sadədir. Yorulmuşamsa, yatıram. Bax elə indicə Hidra adasındakı evimdən istirahətdən gəlirəm.

- Talismanınız varmı?

- Hə, Sergey Paracanovun xaçı var məndə. Onu həmişə özümlə gəzdirirəm. güclü şeydir.

- Allah sizə magik güc, yoxsa istedad təklif etsə, hansını seçərdiniz?

-Mən allahdan istedad gözləmirəm. İşləyirəm, risk edirəm, nələrsə kəşf edirəm. Vacib olan istedadı yetişdirmək, inkişaf etdirməkdir, yaxsa hər şey toza çevriləcək. Adamların gülümsəməsi, qəlbdə xoşbəxtliyin olması yetərlidir.

Hazırladı: Aliyə

# 891 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #