news-inner
clock21:00 calendar-gray 05 Noyabr 2019 view-gray4403 dəfə oxunub
view-gray4403 dəfə oxunub

Xalq yazıçısının qızı: “Atam Zabratda nökər idi” - Müsahibə

Kulis.az “Atamın xatirəsi” layihəsindən Mirzə İbrahimovun qızı, bəstəkar Sevda İbrahimova ilə müsahibəni təqdim edir.

- Məncə, məşhur olsa da, gənc nəsil Mirzə İbrahimovu lazımı səviyyədə tanımır...

- Mən də elə düşünürəm. Əsərləri latın qrafikasında çap olunsa da, lazımı qədər oxunmur. Pyesləri də səhnələrdə yoxdur. Bircə o film var – “Böyük dayaq”, hərdən nümayiş olunur.

- İnanın, çox adam bilmir ki, filmin ssenarisi Mirzə İbrahimovundur və onun eyni adlı romanı əsasında yazılıb.

- Təəssüf ki, elədir. Bilirsiz, Mirzə İbrahimovun yaradıcılığı da, həyatı da çox rəngarəngdir. Hərdən məəttəl qalıram, bir insanın başına nə boyda faciələrgələ bilər və bu faciələrdən keçmiş kimsəsiz bir adam necə bu qədər uğur qazana bilər. Təsəvvür edin, anasını 3 yaşında, atasını 7 yaşında itirib. Yetimçiliklə, nökərçiliklə böyüyüb, oxuyub, yaradıcılıqla məşğul olub.

- Fəhlə dərnəyinə gedib Zabratda...

- Bəli. Məktəbə gedəndə boyunu ölçüblər. Gərək boyu məktəbə uyğun olaydı. O da balaca, arıq uşaq idi. 9 yaşı vardı. Deyirdi, dabanlarımı qaldırdım ki, boyum ölçüyə uyğun gəlsin. Müəllimlər görüb, gülümsəyiblər. 5 nəfər imişlər. Ömrünün sonunacan o müəllimləri unutmadı atam. Onun mətbuatda gedən məqalələrinin birində belə bir məşhur fikri vardı: “Ata, ana, müəllim! Görəsən dünyada elə bir insan olar ki, bu varlıqlar onun qəlbində əbədi yaşamasın?”

- Atasını burda itirib, mən bilən...

- “Gələcək gün” romanı, demək olar ki, onun öz avtobioqrafiyasıdır. Orda təsvir edilən bütün dəhşətlər, o cümlədən qadının aclıqdan öz uşağını yeməsi səhnəsi həqiqidir. Mirzə müəllim öz anasını həmin illərdə itirib. Sonra atası və özündən bir neçə yaş böyük olan qardaşıyla acından ölməmək üçün Bakıya işləməyə gəlib. Zabrata çatanda qardaşı vəfat edib. Həm aclıq, həm yolun yorğunluğu... Dözməyib. Atasını isə neft buruqlarında fontan öldürüb. Sonra onu bir bəy nökər götürüb özünə. Bəyin qoyunlarını otarırmış...

- Eşitdiyimə görə, bağda ağaclara çıxıb meyvə yığmaq üçün işə götürüblər. Mirzə müəllimin bir tələbəsi deyirdi ki, o, özü bizə danışıb. Deyib ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinmişdim ki, xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinmədim...

- Bunu eşitməmişəm. Atamın danışdıqlarını deyirəm. Deyirdi, xəbər gələndə ki, Əjdər kişi (atası – red.) neft fontanında həlak oldu, mən üzüqoylu düşüb xeyli ağladım. Sonra bəy məni nökər götürdü, onun qoyun-quzularını otarırdım. Bəyin bir oğlu üçü qızı varmış. Atam onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Deyirdi, yalnız bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirirdi mənə.

- Vəzifədə olanda həmin qız çox ağır vəziyyətdə gəlib Mirzə İbrahimovu tapır...

- Bəli. Sovet hökuməti qurulanda atası ölkədən gedir, bacıları hərəsi bir diyara düşür, qardaşı da içkiyə qurşanıb məhv olur. 40-cı illərdə olub bu hadisə. Ən ağır vaxtlarda. Atam onda Nazirlər Sovetində işləyirdi. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Qəbul eləyən kimi tanıyır və ona əlindən gəldiyi qədər maddi yardım edir. Amma qadın ünvan-filan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.

- Çox ibrətamiz hadisədir...

- Atam belə yaxşılıqları çox eləyib. Dəfn günü atamı məzara qoyanda arxamdan bir qadın səsi gəldi: “Umer naş papa!” Soruşdum kimsiz? Dedi, biz uşaq evində böyümüşük. Mirzə müəllim bizə həmişə kömək eləyib. Mən də bilirdim bunu. Özü deyirdi ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm.

- Sovet hökumətini səmimi qəlbdən sevirdi, yoxsa çəkinirdi Moskvadan?

Gallery

- Heç kimdən çəkinib eləmirdi. Hamıyla münasibəti yaxşı idi.

- KQB ilə də?

- KQB hamı üçün təhlükəli idi o vaxtlar. Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyəndə ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir, atam etiraz eləmişdi. Durub demişdi ki, Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb. Bağırov “Əyləş, sən də onların tayısan!” – deyə atamın üstünə acılanmışdı. Sonralar maraqlanıb öyrəndim ki, atama iş də açılıbmış...

- Sizcə, Bağırov ölməsəydi Mirzə İbrahimovu da repressiya edəcəkdilər?

- Ola bilərdi.

- İşdən də çıxardılar...

- Hə, Azərbaycan dili məsələsini Ali Sovetdən keçirəndən sonra Moskva ona düşmən kəsildi. İşdən çıxardılar. Yazıları ilə dolandırdı bizi. Əsərləri çıxırdı, tamaşaya qoyulurdu. Xalq şairi Mirvarid Dilbazinin bu haqda gözəl bir məqaləsi var. Yazır ki, işsiz qaldı, qələmsiz qalmadı...

- Bilirsiz, niyə dedim, səmimiyyət məsələsini... Buruqların qarşısında üzqoylu düşüb ağlayan o kimsəsiz uşağı Ali Sovetin rəhbəri vəzifəsinə qədər gətirən Sovet hökuməti idi. Mirzə İbrahimov o hökuməti səmimi qəlbdən sevə bilərdi.

- Səmimi kommunist idi. Yetim-yesir adamı idi. Heç vaxt heç nədən şikayətlənmirdi.

- Sizə heç farsca şeir oxuyurdu?

- Oxuyurdu. Daha çox öz dilmizdə oxuyurdu. Bizim evimizdə bazar günləri şeir və musiqi məclisləri olurdu. Bilirsiniz də, məşhur tarzən Qurban Pirimov mənim babamdır...

- Bilirəm.

- Hər bazar saat 12-dən sonra bizə gəlirdi, tar çalırdı. Məni də oturdurdu ki, piano ilə onu müşayiət edim. Bu məclislərin hamısını atam təşkil edirdi. Şeiri və musiqini çox sevirdi. Babamla da münasibətləri qohumluqdan daha çox dost kimi idi. Mən əslində daha çox babamın evində olurdum.

- Ona görə yazıçı yox, musiqiçi oldunuz yəqin...

- Bəs nə.

- Amma atanılz yazıçı olmağınızı istəyərdi.

- İstəyərdi... Deyirdi, yazsan yazacaqsan. Amma elə musiqini də ədəbiyyat qədər sevirdi atam.

- Ananız ilk azərbaycanlı pianoçu qadın idi...

- Hə.

- Bildiyim qədərilə, Mirzə müəlimə uzun müddət “yox” deyib...

- Bunu hardan bilirsiz? (Gülür).

- Şöhrətli bir kişinin qızıyam, yetim yazıçının nəyinə gedirəm? Belə düşünürmüş yəqin...

- Yox, yox. Anam ağır adam idi. Cavabı buna görə ləngiyirdi.

- Bəlkə Qurban Primov vermək istəmirmiş?

- Yox (gülür), babam heç nə demirmiş.

Gallery

- Səməd Vurğun edib elçiliyini...

- Hə. Anamın da razılığını Səməd əmi alıb. Deyib, bəsdir də, ay Sara bacı, bizim yazıçını incitmə. Onlar hamısı evli idi – Səməd Vurğun, Rəsul Rza, Sabit Rəhman... Bircə atam qalmışdı.

- Üzeyir bəy də çox kömək edib...

- Çox. Ata-bala kimi olublar. Atam da o yaxşılıqların əvəzinə imkansızlara kömək edirdi.

- Ata kimi necə idi?

- Olduqca mehriban. Anam rəhmətə gedəndən sonra, demək olar ki, hər gün bizim evə gəlirdi. Həm özü darıxırdı, həm də bizim darıxdığımızı bilirdi. Gəlib zorla evdən çıxardırdı bizi, deyirdi, gedib gəzək, havamızı dəyişək. Anamı çox sevirdi. Rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi.

- Siz ailə quranda necə, müdaxilə etdimi?

- Mərhum həyat yoldaşımgillə ailəvi dost idik. Ona görə heç bir fikir ayrılığı olmadı. Ancaq mən də çox tez “hə” demədim (gülür).

- Ən böyük arzusu sizi Cənubi Azərbaycandakı kəndlərinə aparmaq olub...

- Çox arzuladı, amma imkan olmadı. Sonra yoldaşım apardı məni Səraba (Mirzə müəllim Sərab şəhərinin Evə kəndindədoğulub– red.). Dedi, Mirzə müəllim apara bilmədi, mən aparım heç olmasa. Getdik, ordan torpaq da gətirib atamın məzarına qoydum.

- Qohumlarınız var orda?

- Varsa da mən bilmirəm. Əlaqəmiz yoxdur.

- Atanız özü gedirdi axı cənuba.

- Gedirdi, ancaq, Səraba gedə bilmirdi. Dövlət xətti ilə gedirdi.

- Mirzə müəllimin cənubda hərbi formada fotosu var. Bu nə fotodur belə?

- Açığı, mən də bilmirəm.

- İndi sağ olan bəzi tanınmış yazıçılar Mirzə İbrahimova qarşı kampaniya aparıblar. Bunu bilirsiz, yəqin.

- Mən intriqalardan uzaq adamam. Belə tərbiyə almışam. Babamdan da, atamdan da...

- Üzdən atanıza çox bənzəyirsiniz...

- Hə, elə deyirlər...

- Mənə elə gəlir ki, siz bacınız Solmaz xanımdan daha çox sevmisiniz atanızı... Mirzə müəllimlə bağlı o, heç danışmır, demək olar ki... Sizi məsləhət görür...

- Görünür bu, yaradıcılıqla bağlıdır.

- Deyirlər, həm də zabitəli adam olub.

- Lazım gələndə evdə də olurdu. Bizim öz qayda-qanunumuz vardı. Anam da ağır qadın idi. Həmişə geyimimizə və rəftarımıza fikir vermişik. Mən özüm, heç istəmirəm yazasınız, namaz qılıram. Atam da Allaha inanan adam idi. Həmişə Quran oxuyurdu. Özü də ərəb dilində. 90-cı illərin əvvəllərində baş verən faciəvi hadisələrdən sonra daha çox sığındı Qurana.

- Musiqilərinizə qulaq asırdı?

- Bəs nə! Hətta bəzi əsərlərimin sözlərini o yazıb. Disklərdən verərəm sizə. Eyni zamanda, çox ciddi tövsiyələr verirdi mənə. Olduqca zövqlü və məlumatlı adam idi.

- İndi təsəvvür edirsinizmi ki, əlacsızlıqdan hardasa üzqoylu düşüb ağlayan yetim və kimsəsiz bir uşaq o qədər yüksələ bilər?

- Təsəvvür etmirəm. Açığı indiki istedadlı gənclərə yazığım gəlir. O vaxt mühit başqa idi.

15-01-2015

Oxşar xəbərlər

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020