Bərzaniylə əlaqəm

Bərzaniylə əlaqəm
12 yanvar 2015
# 12:33

Bizim gözəl Ayxan, gənc yazar Ayxan Ayvazı deyirəm, əsgərlikdən gəldi. Gələn kimi də başladı ona-buna söz atmağa, ilişməyə, cığallıq eləməyə.

Əsgərlik də ibrət olmadı Ayxana! Deyirdim, orda bir az döyüb hovunu alarlar. Bunda tərsinə oldu. Bir az da üstünə qoyub qayıtdı. Bir adam ki, kazarmada Əmir Kustiritsanın “Andeqraund” filminə baxa, ondan nə gözləyirsiz...

O gün axır ki, görüşdük, çay içdik, ordan-burdan xeyli söhbət elədik, maraqlı-gülməli xatirələr danışdıq. Necə oldusa söz gəlib çıxdı dəyərli qələm və fikir adamı Lətif Mustafanın üstünə... Açığı Ayxanın onu tanıdığını bilmirdim. Doğrudur, mərhum atası, yazıçı Eyvaz Əlləzoğlu bütün dostlarını tanıdıb Ayxana və təbii ki, Lətifdən də danışıb. Amma 10 ildən çoxdur ki, Lətif Azərbaycanda yoxdur, Ankarada yaşayır. Gənc nəslin onu tanıması, xofunu-xasiyyətini bilməsi mənə maraqlı gəldi.

Və birdən anladım ki, insan göz görə-görə, ağıl kəsə-kəsə elə sağlığında unudulub gedə bilər. Sizi bilmirəm, mən insanın başlı-bütünlü yaddan çıxmasını faciə hesab edirəm. Elə bu yazının da məqsədi köhnə dostum, istedadına, dünya duyumuna böyük sayğı bəslədiyim Lətif Mustafanı xatırlamaqdır.

M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Bizim dəyərli qələm dostlarımız Səfər Alışarlı, Murad Köhnəqla və Etimad Başkeçidlə orda da, burda da yaxın dost olub. Çox istedadlı adamdır. Onun bir “Çöl” şeirini oxumuşdum, inanın, heyran qalmışdım. Sonralar ədəbiyyatı atdı, siyasətlə, ideoloji-kulturoloji məsələlərlə uğraşdı. İndi bilmirəm, o vaxt mübahisəni sevirdi. Əslində sevirdi demək, azdır. Mübahisəsiz yaşaya bilmirdi. Adamı cırnatmaq həyat tərzinə çevrilmişdi artıq. Millətçi və dinçi idi! Bəli, mənə görə söz adamının millətçi və ya dinçi olması böyük qüsurdur. İkisi bir yerdə olsa, lap fəlakətdir. Bu düşüncələrlə yazmaq olmaz. Lətif də yazmadı.

Ara-sıra maraqlı şeirləri olurdu. Ancaq alıb çap etdirmək, hansısa məclisdə əzbərdən söyləmək təhlükəli idi: Lətif adama elə söz deyərdi ki, dəymişi dura-dura kalı tökülərdi. Hirslənəndə dili ilan ödünə dönürdü. Dediyi söz adamı qılınc kimi kəsir, ölümcül yaralar vurur, ruhunu zəhərləyirdi. Ona görə hamı çəkinirdi Lətifdən. Hirsli vaxtı cənginə keçdinsə, intihar həddinə çatdırardı səni. Amma kefinin yaxşı vaxtı nur kələfinə dönürdü. Ağzını büzüb istehzayla güləndə əlini ağzına tuturdu həmişə. Dişlərini göstərməkdən utanırdı.

Hərdən namaz qılırdı. Deyirdim, belə olmaz axı. Ya qıl, ya qılma. Gülümsəyirdi və bircə kəlmə deyirdi: “Vallahi doğru!”

Gəncliyində Moskva mühitinin nəticəsi olaraq içkidən ağır sinir sarsıntısı keçirmişdi. Ona görə içkiyə nifrət edirdi. Tanıyanlar onun bu iradəsinə heyran idilər. İpli eynək taxır, Bakı küçələrində xəyalat kimi yeriyirdi. Elə bil ayaqları yerə dəymirdi, uçurdu. Ruh adamı olduğu görünüşündən və yerişindən bəlli idi. Boynunun arxasında da gözləri vardı sanki. Hər şeyin içini, mahiyyətini görürdü. Adi bir “Salam-sağol”la adamdan roman yaza bilərdi. Bir dəfə mənə dedi: “Dağ adamları əsasən sadə, təvazökar olur. Bilirsən niyə?” Konkret fikrim olmadığı üçün suala sualla cavab verdim: “Niyə?” Cavabı qəribə oldu: “Adam dağın yanında balaca olduğunu dərk edir!”

İnanmayacaqsınız, məndən yaxşı bir yazı da yazmışdı. Bilirsiz niyə? O vaxt klassik üslubda qoşmalar yazırdım. Lətif belə şeirləri çox sevirdi... Dedi, fikirlərimi yazacam, inanmadım. Amma yazdı da, çap elədi də. Tanıyanlar bilir, Lətifdən tərifli söz eşitmək, üstəlik yazı oxumaq hardasa imkansız idi.

Onunla millətçilik üstündə həmişə tutaşırdıq. Sarsıntı illərindən qalma bir xasiyyəti vardı: hamıdan, ən yaxın dostundan belə şübhələnirdi. Məndən də həmçinin. İllah da kürd əsilli olduğum üçün. Ona elə gəlirdi ki, internetdə kimlərləsə əlaqəm var, yazışıram. Halbuki, kürd dilində yazıb-oxumağı bacarmadığımı və ən əsası, belə məsələlərdən tamamilə uzaq olduğumu bilirdi. İraq dağılanda Məsud Bərzaninin liderliyi ilə ordakı kürdlərin dövlət qurmaq söhbəti dünya mətbuatında hallanmağa başladı. Təbii ki, Azərbaycanda və daha çox Lətifin canından çox sevdiyi Türkiyədə bu prosesləri maraqla izləyirdilər. Lətif də izləyirdi. Rus, Azərbaycan və türk dillərində oxuyurdu, müzakirələr açırdı, hər dəfə də mənə bir söz soxurdu. Bayaq dedim axı, onun “ilişməsi” məhvedici idi.

Qaçırdım qabağından. Başqa əlac yox idi. Çünki, mübahisələr yaxalaşmağa, yumruqlaşmağa qədər gedə bilərdi. Təbii ki, istəmirdim bunu... Bəzən görüşməməyə, ondan uzaq gəzməyə qərar verirdim. Amma sabahı gün gülümsər çöhrəsini görəndə yumşalırdım.

Milli Kitabxananın çayxanasında üzbəüz oturmuşduq. Qaşlarını şeytani bir şövqlə oynadıb İraq hadisələrinə dəruni bir eyham vurdu: “Gəlirsiiiz!!!”

Bu sözün altında bir kitablıq fikir vardı. Təxminən belə: sən də onlardansan, hakimiyyətə gəlirsiz, ən böyük arzun həyata keçir, artıq həll olundu, sən də haqlı olaraq xoşbəxtsən və s. Bu bircə sözün altında, şübhəsiz ki, istehza, sarkazm, aşağılayığıcı, cırnatmağa hesablanmış ton vardı. Hətta, qəzəb də yox deyildi. Şübhəsiz ki, Türkiyəyə və Şimali İraqdakı türkmənlərə görə...

Heç nə demədim. Bilirdim ki, Lətiflə mübarizənin ən optimal yolu onun dediklərini təsdiq etməkdir. Mübahisəyə girişdinsə, eşşəyin öldü. Buna nə savadın çatar, nə istedadın. İşdi-şayəddi, savad və istedadın qənaətbəxş olsa, enerjin çatmaz. Səni əldən salar Lətif. Ananı ağlar qoyar. Nə qədər çox müqavimət göstərsən, o qədər dəhşətli məğlubiyyətə uğrayarsan.

Taktikam dəyişmədi. Susurdum. Buna görə Lətif hirslənir, daha sərt, daha öldürücü hücumlar edirdi: “Bilirəm, əlaqələrin var, kompüteri də yaxşı bilirsən, onlara yaz ki, o şalvarla dövlət qurmaq olmaz!” (Paçası sallanan milli geyimi nəzərdə tutur – Ş.A.)

Məni gic bir gülmək tutdu... Çay boğazıma uçdu...

Həmin gün axşam Şəhidlər xiyabanındakı məscidə namaz qılmağa getdik. O, sünni, mən şiə namazı qıldıq. Nədənsə, sünni-şiə söhbətinə aqressiv baxmırdı. Çölə çıxanda qoluma girdi, dedi, çayxanada dediklərimdən incimə, mənim anamın atası da kürd olub, çox ləyaqətli və gözəl kişi idi.

Onun gözlərinə baxdım və inanılmaz səmimiyyət gördüm.

...Dostları diri-diri unutmaq fəlakətdir.

# 1008 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #