Mədəniyyətimizə AĞIR İTKİ

Mədəniyyətimizə <span style="color:red;">AĞIR İTKİ
21 dekabr 2014
# 10:51

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Kulis.az-ın AzərTAc-a istinadən məlumatına görə, müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də ömrünün 94-cü ilində vəfat edib.


Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri- yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib. 1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə qrafika ixtisası üzrə institutu bitirib.
Təhsilini başa vurduqdan sonra “Azərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Balzakın, Hüqonun, Turgenevin, Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.

Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq, qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnir. Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.

Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Moskva Dövlət Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilir, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Ölkəmizdə müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri vardır. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr etmişdir.

Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Görkəmli sənətkar, əsl ziyalı və qayğıkeş insan Oqtay Seyid Hüseyn oğlu Sadıqzadənin işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Fərhad Xəlilov
Tahir Salahov
Ömər Eldarov
Tokay Məmmədov
Altay Hacıyev

# 1769 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı rejissorun yeni layihəsi "Kann"da iştirak edəcək

Azərbaycanlı rejissorun yeni layihəsi "Kann"da iştirak edəcək

13:00 9 dekabr 2025
Rejissoru "Məhsəti" filmi ilə bağlı paylaşımını sildi - Səbəb

Rejissoru "Məhsəti" filmi ilə bağlı paylaşımını sildi - Səbəb

13:09 8 dekabr 2025
Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

12:00 8 dekabr 2025
Sevgi, xəyanət və qısqanclıq arasında qalan qadın - Qardaşı onu niyə dəlixanaya saldırdı?

Sevgi, xəyanət və qısqanclıq arasında qalan qadın - Qardaşı onu niyə dəlixanaya saldırdı?

11:00 8 dekabr 2025
“Boşluğa xütbə”  filminin Bakı premyerası oldu

“Boşluğa xütbə” filminin Bakı premyerası oldu

10:10 8 dekabr 2025
"Adile"  filminin qalası keçirildi

"Adile" filminin qalası keçirildi

17:30 3 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər