Görkəmli şairin oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

Görkəmli şairin oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”
12 dekabr 2014
# 08:30

Kulis.az “Atamın xatirəsi” layihəsindən mərhum şair Eldar Baxışın oğlu, tamaşaçıların “Həyat sən nə qəribəsən” serialından yaxşı tanıdığı aktyor Tural Ağayevlə müsahibəni təqdim edir.

- Layihəmizin adını bilirsən...

- Səmimi deyim ki, o qədər də uzun olmayan həyatlımda xatırlamaq istəmədiyim məhz atamla bağlı xatirələrdir. O, dünyasını dəyişəndə 16 yaşım var idi. Bu elə bir yaşdır ki, nə başa düşürsən, nə laqeydsən, nə dözə bilirsən, nə dözə bilmirsən. Ortada girinc qalırsan. Necə deyərlər, gözünü açmamış həyat zərbəsini vurur sənə. Bu, tək mənə deyil, bütün ailəmizə, bütün yaxın qohumlara çox ağır təsir etdi. Atamın son günlərini daha çox xatırlayıram və ona görə xatırlamaq istəmirəm. Atalar uşaqlar üçün qəhrəmandır. Və sən uşaqlıqdan tam ayrılmadan bu qəhrəmanın ölümünün şahidi olursan. Mənim bir qızım var. Əslində atalığın nə olduğunu indi anlayıram. Özüm ata olandan sonra. O vaxt nə bilirdik ki?

- Çətin də olsa hərdən danışmağa məcburuq...

- Bilirəm. Layihənin məqsədini də başa düşürəm. İndi danışa bilərəm. Sadəcə ümumilikdə dedim ki, çox ağır olur onun haqqında danışmaq. Çünki ən çox yadımda qalan ən ağır vaxtlardır.

- Onun ən ağır anlarını videoya çəkiblər... Bəlkə də lazım deyildi...

- Xəstə olduğu o, 9-10 ay ərzində elə ağrılı günlər keçirdik ki, bilmirdik nə edək. Faciəmizin mənbəyini, səbəbini başa düşmürdük. Bəlkə, çəksək ölməz deyə bir hissimiz də vardı. Nə bilim? O hissləri ifadə etməyə söz tapmıram.

- Atana oxşayırsan?

- Yox, o, çox enerjili idi. Həddindən artıq. Mən çox sakitəm. O, deyən, gülən, insanlarla tez ünsiyyət quran adam idi. Xalq dilində şirin adam ifadəsi var eee... bax o cür. İstənilən adamla iki dəqiqənin içində dostlaşar, gedib süfrədə oturardı. Yaxud tanımadığı 10 nəfərin məclisinə düşsün, uzağı 10 dəqiqənin içində hamıyla dostlaşacaqdı. İnsanları dəhşətli dərəcədə çox sevirdi.

Atamın ölümü həm də maddi cəhətdən bizim üçün ağır oldu. Birdən-birə ehtiyac burulğanının içinə düşdük. Anamın təkidi ilə, yazıçı kimi dövlətdən aldığı evi satdıq. O pulla həm atamın qəbrinin üstünü götürdük, həm də gündəlik ehtiyaclarımızı qarşıladıq. Amma atam belə istəməzdi. Nə olur-olsun bizim evsiz qalmağımıza razı olmazdı. O vaxt uşaq idik. Anamın, qohumların qərarına təsir edə bilmirdik. Bir də ki, anam başını itirmişdi, nə edəcəyini bilmirdi. Bircə fikirləşirdi ki, atamın qəbri adına layiq olsun. Ona görə ev ala bilmədik. O vaxtdan kirayələrdə qaldıq.

- Bəlkə, Eldar Baxışın faciəvi şəkildə öldüyü evdə qalmaq istəməyib?

- Bu barədə heç nə deyə bilmərəm... Bəlkə də...

- Ananın təhsili var?

- Hə. Həkimdi. Terapevt.

- Eldar Baxışın ölümünün ildönümündə Yazıçılar Birliyinin Natəvan klubunda tədbir vardı. Anan da iştirak edirdi. Başında qara yaylıq... İki saata qədər çəkən tədbir boyu bir dəfə də başını qaldırıb kiminsə üzünə baxmadı. Ağlayırdı eləcə...

- ...

- Görmüşük ki, şöhrəti olan yazıçı-şairlərin ailəsi fəal olur, bəzən rəhmətlikdən sui-istifadə edir...

- Yox... Bizdə belə deyil. Mən özüm neçə illərdir Bakı Bələdiyyə Teatrında işləyirəm, teatrın direktoru Amaliya Pənahova bu yaxınlarda bilib ki, Eldar Baxışın oğluyam.

- Neçənci övladsız?

- İkinci. Məndən böyük bacım var. Bir də balaca qardaşım Anday.

- Bir qardaşınızı da maşın vurub, mən bilən... Uşaq vaxtı... Bu barədə şeirləri də var.

- Həəə... Əslində Anday onun adı idi. Sonra atam bu biri qardaşıma qoydu. Anday məndən bir yaş balaca idi. Ölümü atama çox pis təsir elədi. Yadımdadır, faciədən sonra kənddə, həyətimizin ayağındakı ağacların altında atamı gördüm. Çox qüssəli idi. Daş kimi sakit, hərəkətsiz oturmuşdu. Yanına qaçdım, dedim, ata, nə olub sənə? Dedi, ölmüşəm, oğul, ölmüşəm! Halbuki Andayı vuran sürücünü bağışlamışdı. Qohumlar nə qədər desələr də ki, ortada adam ölüb, heç kimə qulaq asmadı. Anday 6 yaşında idi öləndə. Qubadlıda, kəndimiz Müskanlının yanındakı asfaltı keçəndə vurmuşdu maşın. Vuran oğlanın adı Azər idi. Qubadlıdan idi o da. Üç-dörd günə toyu olacaqdı... Atam bağışladı, tutmadılar. Atam Bakıda idi hadisə olanda. Andayı Qubadlıya xəstəxanaya gətirdilər. Atam da gəldi. Beş gün sonra öldü.

- Kəndə, qohumlara bağlı olub – deyirlər...

- Hə. Biz tətilləri həmişə Qubadlıda keçirirdik. Mən rayonun özündə qalırdım. Orda çoxlu dostlarım vardı. Həm də kəndə gedəndə nənəm bizi çayda çimməyə qoymurdu. Rayonda daha sərbəst idim. Bacım isə ana babam gilə - Mollu kəndinə gedirdi həmişə. Hərəmiz bir yerdə qalırdıq.

- Mollu Qaçaq Nəbinin kəndidir də?

- Hə. Anam Qaçaq Nəbinin kəndindəndir... Qardaşım rəhmətə gedəndən sonra biz uşaqları Molluya apardılar. Amma çox ağladıq deyə bizi təzədən yas yerinə, Müskanlıya gətirdilər. Atamı da dəfndən iki gün sonra gördüm o ağacların altında. Onun o vaxtkı görünüşü heç vaxt yadımdan çıxmayacaq.

- Andaya şeirləri də var...

- Hə... Atam övladlarına çox bağlı idi. Adama elə nəvaziş göstərirdi ki... İstəmirdik evdən getsin.

- Şeirlərini oxumağınızı istəyirdi?

- Şeirlərə yox, başqa kitablara görə bizi əməlli-başlı incidirdi. Oxumağa məcbur edirdi. Çox böyük kitabxanası vardı. Otaqlara sığmırdı. Hər yer kitab idi. Hətta mətbəx də! Bir dəfə evə iri bir yeşik gətirdi. Bacımla böyrünü qaldırıb baxdıq ki, kitabdır. Özü də dünya uşaq ədəbiyyatı kitabxanası seriyasından çıxan kitablar. Kimsə hədiyyə eləmişdi. Dilxor olduq (gülür). Bildik ki, bizi bu kitabların hamısını oxumağa məcbur edəcək. “Atanın balaları gəlsin! Hədiyyə var!” – rəfdə xüsusi yer ayırdı o kitablara. Üstəlik bizdən soruşurdu oxuduqlarımızı. Bir dəfə kitabın başından, ortasında və axırından oxuyub atamı aldatmaq istədim. Alınmadı (yenə gülür). O saat tutdu yalanımı.

- Bayaq dediyim anım mərasimində tribunaya bir uşaq qalxdı, “Eldar Baxışın oğludur, atasından şeir oxuyacaq” – deyə təqdim etdilər. Onu qəhər boğdu, sadəcə “Mənim atam... Mənim atam...” – deyə bildi. Sonra da ağladı... O sən idin, yoxa qardaşın?

- Mən idim. Ağlamağa heç vaxt pis baxmıram. Və pis baxanları başa düşmürəm. Adam atasına görə ağlaya bilər də. Bura nə var ki?

- Zal səni alqışladı.

- Dəqiq xatırlamıram açığı. Çox həyəcanlı idim.

- Hansı şeirini çox bəyənirsən?

- Məhəmməd Hadiyə yazdığı şeir. Çünki orda həm də öz taleyini yazıb.

- Orda belə misralar var: Bir şairi öldürdülər / Bir şəhərin ortasında / Ölkə bilmədi-bilmədi... Demək, bir çoxları kimi düşünürsən ki, Eldar Baxışı zəhərləyiblər.

- Bəlkə də...

- Çox içirdi... Öz-özünə zəhərləmə ehtimalı da var...

- Atam bircə dəfə zəhərləndi. 95-ci ildə. Və elə vəziyyətə düşdü ki, evdən çölə çıxa bilmədi. O, çox sağlam idi. Səhhətinə də fikir verirdi. Amma içirdi, hə... Məclislərdə içirdi adətən. Evdə içki içdiyini xatırlamıram. Bircə dəfə, rəhmətlik Qasım Qasımzadənin bağında stakanla araq içdiklərini gördüm. Özü də dayanmadan... Allahdan bizə keçmədi bu xasiyyəti. İçki çox adamı məhv eləyib. Atam əslində çox nizam-intizamlı idi. Yaradıcılığa da, işə də, ailəylə də vaxt keçirməyə vaxt ayıra bilirdi. Diqqətli idi həm də. Həm dərslərimizə, həm problemlərimizə. Anam deyir, evli olduğumuz müddətdə, heç vaxt elə olmayıb ki, gecə evə gəlməsin. Gecikən vaxtı olurdu, amma gəlirdi.

- Dostları bivəfa çıxdı...

- (Köks ötürür) Bir dəfə elə o cür dostları ilə məclisdə idilər. Atam bir əhvalat danışdı. Dedi, bir xanın nökəri ölür, bu biri xan böyük qəflə-qatırla, dəm-dəsgahla nökərin yasına gedir. Yolda xəbər gəlir ki, bəs, ölən xanın nökəri yox özüdür. Yasa gedən xan əmr eləyir ki, qəflə-qatırı geri qaytarın. Səbəbini soruşurlar. Deyir, ölən xandırsa, kimin üçün gedirik?

Bizdə də xanın özü öldü, ona görə tez unudulduq.

- Aydındır...

- Eldar Baxış kimi insanlar tək gəlir, tək yaşayır, tək də gedir dünyadan. Atam həmişə tələsirdi. Əlyazmalarını da elə tələsik yazıb ki, heç kim oxuya bilmir.

- Sözü üzə dedi, heç kimdən çəkinmədi...

- Elə faciələrimizin kökündə də bu fakt dayanırdı.

- Sənə acıqlandığı olub?

- Həəə... Adamı elə danlayırdı ki, deyirdin, kaş döyəydi, belə etməyəydi. Dəcəlliyə görə incitmirdi bizi. Əksinə, dəcəl uşaqları sevirdi. Amma yalan danışanda əsəbiləşirdi. Bir dəfə həftə boyu məktəb adına evdən çıxıb dərsə girməmişdim. Atamı məktəbə çağırdılar. Buna görə məni çox danladı. Bəlkə də üç-dörd saat. Nə qədər mehriban olsa da zəhmi güclü idi.

- Səncə Eldar Baxış nəyi etməsəydi yaxşı olardı?

- Məncə 20 yaşında ölməklə, 90 yaşında ölməyin fərqi yoxdur. Sadəcə, adam balası kimi yaşamaq lazımdır. Atam öz fikrini, öz düşüncəsini heç kimə qurban verməzdi. Və içində nə düşündürsə, yeri gəldi-gəlmədi deyirdi. Çünki onun üçün “yeri gəlmədi” söhbəti yox idi. Hər şeyin “yeri idi”. Sən pissənsə, pissən! Həmişə, hər yerdə, hər zaman! Heç kimi və heç nəyi yola vermirdi. Hər şeyi dolu-dolu yaşayırdı. Məncə, insanın ən böyük həqiqəti budur. Ona görə, düşünürəm ki, atam nə eləyibsə, düz eləyib. Əminəm, özü də bu gün o dünyadan gəlsə deyər ki, düz eləmişəm!

- Məncə, hamımız öləcəyik.

- Məncə də (gülür).

# 1034 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #