Gözləri yollarda qalan sevgilim

Gözləri yollarda qalan sevgilim
9 dekabr 2014
# 13:06

Gözləri yollarda qalan sevgilim

Gözləri yollarda qalan sevgilim,

Hər günün, göz yaşı, qüssə-kədərdir.

Üzür bu ayrılıq üzür qəlbini,

Gözünün yaşları dərya qədərdir.

Təkcə sən olmusan dərdimə yanan,

Gözlərin gözləyir yolumu hər an.

Mənsiz dar görünür sənə bu cahan,

Ayrılıq ölümdən gülüm, betərdir.

Bu əsrin leylisi sən olmusan sən,

Sənin bu eşqinə əhsən, min əhsən.

Sevgilim, əgər sən bir gün öl desən,

Ölərəm, bir sözün gülüm, yetərdi.

Yolumuza ayrılıqlar ələndi,

Gözlərimiz göz yaşına bələndi.

Biz neyləyək, hər şey tale deyəndi,

Ömür bir gün şirin, bir gün zəhərdir.

Bilirəm ki, bu ayrılıq bitəcək,

Gözümüzdən həsrət, hicran itəcək.

Könül öz yarına yenə yetəcək,

Zülmət bir gecənin sonu səhərdir.

Səadətdir məhəbbət

Bu sevgini oyun sayma əzizim,

Nə oyun, nə xəyanətdir məhəbbət.

Gülüm, xəbər alsan, nədir bu sevgi ?

Məndən sənə əmanətdir məhəbbət.

Kimi üçün gözə girən tirdi o,

Başdan-başa möcüzədir, sirdi o.

Əsl sevən üçün ocaq, pirdi o,

Aşiqlərə ziyarətdir məhəbbət.

Kiminin gözünü qəmdən yaş edir,

İnsanı nadan, qəlbləri daş edir.

Bir cavan ömrü köçəri quş edir,

Göz yaşıdı, cinayətdir məhəbbət.

Yaradanın qismətidir bu sevgi,

Gözəllərin ismətidir bu sevgi.

Soruşsalar əgər, nədir bu sevgi?

Anar de ki, səadətdir məhəbbət.

Məhəbbət budurmu?

Kirpiyin gözümdə ox oldu sənin,

Nədən məhəbbətin yox oldu sənin?

Həsrətin vüsaldan çox oldu sənin,

Budurmu məhəbbət, budurmu sevgin?

Gözlərim qəlbinə yollar çəkibdi,

Həsrətin qəlbimə dağlar çəkibdi.

Ürəyim hicrindən ahlar çəkibdi,

Budurmu məhəbbət, budurmu sevgin?

Daha o gözlərin gülməyəcəkdir,

Qəlbin sevgi nədir, bilməyəcəkdir.

Ürəyin sakitcə söyləyəcəkdir:

Budurmu məhəbbət, budurmu sevgin?

Sevib, sevilməkdən yorulmayaq biz

Vüsala yol verək, biz qapı açaq,

Vüsala sığınıb, hicrandan qaçaq.

Biz bu məhəbbətlə göylərə uçaq,

Hər an bir döyünsün qoşa qəlbimiz.

Sevib, sevilməkdən yorulmayaq biz.

Adını saxlaram ürəkdə sənin,

Hər zaman olacaq könüldə yerin.

Gərəyi düzlükdü tək sevənlərin,

Hər zaman düz olsun gülüm, əhdimiz.

Sevib, sevilməkdən yorulmayaq biz.

Sevgi könülləri təmizlər, gülüm,

Sevgi sevənləri əzizlər, gülüm.

Sevgiyə baş əyər dənizlər, gülüm.

Aləmə yayılsın bizim sevgimiz.

Sevib, sevilməkdən yorulmayaq biz.

Mən şeir yazıram, sən ilham pərim,

Sən mənim günəşim, nurlu səhərim.

Səninlə yox olur qəmim, kədərim,

Bir gülür, ağlayır bu gözlərimiz.

Sevib, sevilməkdən yorulmayaq biz.

Səninlə hər zaman əhvalı xoşam,

Sənsiz bu dünyada qanadsız quşam.

Xoşbəxtəm, gözünə mən vurulmuşam,

Heç zaman, heç vədə ayrılmayaq biz.

Sevib, sevilməkdən yorulmayaq biz.

Kəndimizin yolları

Mənə doğma, əzizdir,

Kəndimizin yolları.

Çiçək kimi təmizdir,

Kəndimizin yolları.

Neçə-neçə uğrumun,

Şahididi bu yollar.

Bu yollar xoşbəxtliyim,

Çin olubdu arzular.

Bu yollarda silinməz,

Əbədi bir izim var.

Mənə doğma yollara,

Söhbətim var, sözüm var.

Uzaq-uzaq ellərə,

Uzanıbdı qolları.

Dünənim, sabahımdı,

Kəndimizin yolları.

# 428 dəfə oxunub

Oxşar xəbərlər

# # #